Məhkəmə qərarları › İş №1(007)-262/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-262/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-262/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə saat 13 radələrində əvvəlcədən sosial şəbəkədə Aysel adlı istifadəçinin 40 manat müqabilində masaj xidmətləri göstərməsi barədə elanına əsasən cinsi azlıq olan Zərərçəkmiş şəxs1 ilə aralarında yaradılmış telefon əlaqəsinə əsasən masaj xidməti üçün gəldiyi Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 78 saylı evin 13 saylı mənzilində Zərərçəkmiş şəxs1 və həmin evdə müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 cinsi azlıqlara mənsub olmalarını anladıqdan sonra, evdən çıxıb getmək istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 əlindən aldığı təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya. həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sifətin sol yarısının sol qulaqönü nahiyəsinin, çənənin sol yarısı, sağ bazunun ön səthi, sağ bazunun ön-bayır səthi, sol körpücüküstü nahiyə, sağ əlin arxa səthinin l-İİ barmaq arası nahiyəsi, sağ əlin İİİ barmağın arxa səthinin distal falanqa proeksiyasının kəsilmiş yaraları ilə nəticələnən, sağ qulaq seyvanının bayır səthinin, boynun yuxarı şöbəsinin sağ yan səthinin, boynun arxa səthinin orta şöbəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bazunun ön səthinin, sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid döş qəfəsinin ön səthinin sağ yarısı, qarının ön səthində sol qabırğaaltı nahiyəsi, sağ çiyin qurşağının arxa səthi və kürək nahiyələrinin ümumilikdə 7 ədəd səthi kəsilmiş yaraları ilə nəticələnən, Zərərçəkmiş şəxs1 isə bədəninin müxtəlif nahiyələrinə qəsdən həmin bıçaqla bir neçə dəfə vurmaqla sonuncuya həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid daxilə nüfuz etməyən döş qəfəsinin arxa səthinin sağ yarısının 5 ədəd və sol bazunun bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən hər iki gözaltı, burun belinin sağ yarısı, sağ yanaq, boynun aşağı şöbəsinin sol yan səthinin, döş qəfəsinin ön səthinin sol körpücük altı nahiyəsi və sağ əlin ovuc səthinin sıyrıqları ilə nəticələnən xəsarətlərə aid bədən xəsarətləri yetirərək qəsdən zərərçəkmiş şəxslərin sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 07 yanvar 2021-ci il tarixdə saat 12 radələrində mobil telefonunda “Xidmətlər.az” saytında Aysel adlı qızın 40 manata masaj xidməti göstərməsi barədə elanını görüb saytda qoyulmuş telefon nömrəsi ilə əlaqə saxlamışdır. Onunla danışan qız 40 manata masaj etdiyini, əlavə xidmətlər barədə evdə söhbət edə biləcəklərini bildirmişdir. O, saat 13 radələrində özünü Aysel kimi təqdim edən şəxsin evinə getmiş, qapıya yaxınlaşanda qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Qapıya yaxınlaşanda içəridən qız səsi ilə onu kimsə içəri çağıraraq evə girdikdən sonra evin qapısını arxadan bağlamasını bildirmişdir. O, evə daxil olduqdan sonra qapını arxadan bağlamışdır. Dəhlizdə ayaqqabısını çıxarıb otağa keçmək istəyərkən otaqdan oğlan çıxdığını görüb ondan kim olduğunu soruşmuşdur. Həmin şəxs onunla telefonda danışan şəxs olduğunu bildirmişdir. O, oğlanı görüb çox təəccüblənmiş və bildirmişdir ki, “ayıbdı şərəfin olsun, özünü nə üçün qız kimi qələmə verirsən”. Bu vaxt onunla danışan şəxs başqa şəxsi yanına çağırmışdır. Mətbəxdən arıq bədən quruluşlu şəxs ona yaxınlaşmış, o, həmin şəxsə bildirmişdir ki, gedir. Bu zaman onunla üzbəüz söhbət edən şəxs mətbəx tərəfə keçib geri qayıtmış, qayıdanda əlində bıçaq olduğunu görmüşdür. Özünü Aysel kimi təqdim edən şəxs əlində olan bıçağı açıb ona tərəf uzadaraq “üzərində nə qədər pul varsa çıxar ver” demişdir. O, həmin şəxsə “nə üçün sənə pul verməliyəm” dedikdə, həmin şəxs ona əmr formasında soyunmasını bildirmişdir. O, “sən kimsən ki, mənə bildirirsən ki, soyunum” dedikdə, mətbəx tərəfdə dayanmış şəxs “biz sənə indi göstərəcəyik ki, kimik” demiş, aralarında mübahisə baş vermişdir. Onlar bir qədər evdə əlbəyaxa olduqdan sonra bıçağı həmin şəxsin əlindən almışdır. O, iki nəfərin üzərinə hücum çəkərək onu döymək istədiklərini görüb özünü müdafiə etmək üçün bıçağı sonunculara tərəf uzadıb yaxın gəlməmələrini bildirmişdir. Bu vaxt əlində olan bıçaq həmin şəxslərin bədənlərinin müxtəlif nahiyələrinə dəymişdir. Arıq bədən quruluşlu şəxs mətbəx tərəfə qaçıb pəncərəyə çıxıb özünü aşağı atmaq istəyərkən o, həmin şəxsin dalınca gedib pəncərədən sonuncunu mətbəxə düşürmək istəmişdir ki, özünü pəncərədən aşağı atmasın. Bu vaxt həmin şəxs pəncərənin kənarında olan borudan tutaraq aşağıya doğru sürüşmüşdür. Bu vaxt Ələkbər evdən çıxaraq qaçmışdır. O, Ələkbərin dalınca evdən çıxaraq aşağı düşmüş, həyətə çıxanda Aqşinlə Ələkbər kənarda dayanıb ona hədə-qorxu gələrək tutduracaqları ilə hədələmişlər. O, evdən çıxıb gedərkən ola bilsin ki, bıçaq əlindən ya bloka ya da pəncərədən aşağı düşüb. O, Ələkbərin əlindən bıçağı almaq istəyərkən, hər iki əli ilə bıçağın tiyəsindən tutmuş, Ələkbər bıçağı irəli və geriyə doğru çəkən zaman onun hər iki əlinin ovuc hissəsi kəsilmiş, Ələkbər bıçaqla onun bədəninə xəsarət yetirmək istəsə də buna imkan verməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Cinayət işinə onun iştirakı olmadan baxıb yekunlaşdırılmasını və işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ağsu rayonunda qeydiyyatda olmasına baxmayaraq Nizami rayonu ərazisində kirayədə yaşayır. Kirayədə yaşadığı evdə, ayı 300 manata Aqşinlə birlikdə yaşamışdır. Aqşin onun otaq yoldaşıdır. Aqşin kirayədə yaşadığı evdə 40 manata masaj xidməti ilə məşğul olur. 07 yanvar 2021-ci il tarixdə saat 11 radələrində Aqşinin 055-958-14- 20 nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmişdir. Özünü Vüsal kimi təqdim edən şəxs masaj etdirmək istədiyini bildirmişdir. Vüsal adlı şəxsə Aqşinlə yaşadıqları evin ünvanını verib evə dəvət etmişdir. Vüsal adlı şəxs təxminən 1 saatdan sonra gəlib kirayədə yaşadıqları evə çıxmışdır. Vüsal kirayədə yaşadıqları evə gəlməmişdən öncə evdə tək olub-olmadığını soruşmuşdur. Aqşin Vüsala bildirmişdir ki, evdə təkdir. Vüsal həm də Aqşindən soruşmuşdur ki, 200 manata xırdası olacaqmı, Aqşin Vüsala bildirmişdir ki, 200 manata xırdası yoxdur. Vüsal yaşadıqları evə gəldikdən sonra Vüsalın qarşısına o, çıxmış, Aqşin isə mətbəxdə oturmuşdur. Aqşin Vüsalın telefonla danışığından şübhələndiyi üçün sonuncunu o, qarşılamışdır. Vüsalla dəhlizdə görüşdükdən sonra yataq otağına keçmişlər. Təxminən 30 dəqiqədə Vüsalla otaqda oturub onun boynunda şah damarının yerinin harda olmasını demişdir. Sonra o, ayağa qalxıb hamama getmişdir. O, hamamda yuyunmaq istəmişdir. Bu vaxt Vüsal da onun arxasınca gəlmiş və mətbəxə keçmək istəyəndə sonuncuya bildirmişdir ki, orada şəxsi əşyaları və pulları vardır. Vüsal geri qayıdıb yataq otağına keçmişdir. O, hamamın qapısını açıq vəziyyətdə qoymuşdur ki, Vüsal mətbəxə keçməsin. O, hamamda yuyunduqdan sonra yataq otağına qayıtmışdır. Yataq otağında olan zaman Vüsal onu çarpayının üzərinə yıxıb boğazına xəsarət yetirmişdir. O, geri dönüb Vüsalın əlinə baxan zaman Vüsalın əlində bıçaq görmüşdür. Vüsalın əlində balaca qatlanan bıçaq olmuşdur. Vüsala müqavimət göstərən zaman Vüsal əlində olan bıçaqla bədəninin müxtəlif yerlərinə boğazına, qulağına, sağ əlinə, sağ orta barmağına, sağ qolunun əzələsinə, sağ sinə nahiyəsinə və belinə, üzünə xəsarətlər yetirməyə başlamışdır. O, qışqırıb köməyə Aqşini çağırmış, Aqşin otağa daxil olan zaman otaqda qan görüb qışqıraraq köməyə adam çağırmışdır. Bu vaxtı Vüsal ondan əl çəkib Aqşinin dalınca qaçmışdır. O, Aqşinə kömək etmək üçün dəhlizə çıxan zaman Vüsalın əlində olan bıçaqla Aqşinin bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdiyini görmüşdür. O, Vüsalın boğazından tutub Aqşinə kömək etmək istəyən zaman Vüsal onun əlindən çıxaraq Aqşinin dalınca mətbəxə qaçmışdır. Aqşin mətbəxdə olan pəncərədən qışqıraraq köməyə adam çağıran zaman Vüsal Aqşini pəncərədən aşağı itələmişdir. O, Vüsaldan qorxub evdən bloka çıxaraq qapıları döyə-döyə aşağı qaçıb köməyə adam çağırmışdır. O, blokdan küçəyə çıxan zaman ətrafda çox sayda camaatın olduğunu görmüşdür. O, camaata bildirmişdir ki, kömək etsinlər. Həyətə yığılmış qonşular onlara heç bir köməklik etməmişlər. 1-2 dəqiqə sonra Vüsal blokdan çıxıb hadisə yerindən uzaqlaşmışdır. Həyətdə olan zaman Aqşinin 2-ci mərtəbədə balkonun damında dayanaraq qonşulardan kömək istədiyini, qonşuların isə ona kömək etmədiyini görmüşdür. Aqşin özü 2-ci mərtəbənin dam örtüyündən yerə düşdükdən 20 dəqiqə sonra yanlarına polis əməkdaşları və təcili yardım gəlmişdir. Təcili yardım onu və Aqşini xəstəxanaya aparmışdır. O, xəstəxanada olanda eşitmişdir ki, evdən 14000 manat pulunu və 10000 manat dəyərində olan qızıl-zinət əşyalarını götürüblər. O, şübhələnir ki, evdən oğurluq edən Vüsaldır. Aqşinin kirayədə yaşadığı evdə masaj xidmətini qanunsuz görübgörmədiyini bilmir. Aqşin Vüsala özünü Milan kimi təqdim edib gey olduğunu bildirmişdir. Vüsalın ona və Aqşinə qarşı yazdığı ifadə yalan və böhtandır, o, və Aqşin Vüsala heç vaxt hədə-qorxu gəlməmiş və sonuncudan pul tələb etməmişlər. Vüsalla telefonla danışan Aqşin olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlmədiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qərarı ilə onun məcburi gətirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs1 qeydiyyatda olduğu və sonuncu yaşadığı ünvanda olmadığından məcburi gətirilmə qərarı icra olunmamışdır. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonunda qeydiyyatda olmasına baxmayaraq Nizami rayonu ərazisində kirayədə yaşayır. Həmin evdə ayı 300 manata Ələkbərlə birlikdə yaşamışdır. Ələkbər onun yaşadığı oğlandır. O, iş olmadığından sosial şəbəkələrdə öz telefon nömrəsini qoyaraq 40 manata masaj xidməti göstərdiyini qeyd etmişdir. Müxtəlif şəxsləri kirayədə yaşadığı evdə qəbul edərək 40 manata masaj edib pul qazanmışdır. O, kirayədə yaşadığı evdə 20-30 nəfər qəbul edərək sonuncuları masaj edib hərəsindən 20-40 manat civarında pul alırmış. 07 yanvar 2021-ci il tarixdə ona məxsus ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş, özünü Vüsal kimi təqdim edən şəxs masaj etdirmək istədiyini bildirmişdir. Vüsal adlı şəxsə yaşadığı ünvanı demiş, evinə dəvət etmişdir. Vüsal adlı şəxs təxminən 1 saatdan sonra gəlib çıxmışdır. Vüsal yanına gəlməmişdən öncə evdə tək olub-olmadığını soruşmuşdur. O, Vüsala bildirmişdir ki, evdə təkdir. Vüsal həm də ondan soruşmuşdur ki, 200 manata xırdası olacaqmı, o, Vüsala bildirmişdir ki, 200 manata xırdası yoxdur. Vüsal yaşadığı evə gəldikdən sonra Vüsalın qarşısına Ələkbər çıxmışdır. O, isə mətbəxdə gözləmişdir. Ələkbər Vüsalla görüşdükdən sonra yataq otağına keçmişlər. Təxminən 30 dəqiqədən sonra Ələkbər yataq otağından çıxıb hamama daxil olmuşdur. Vüsal adlı şəxs isə mətbəxə keçmək istəyən zaman Ələkbər Vüsala bildirmişdir ki, mətbəxə keçməsin orada onun şəxsi əşyaları vardır. Ələkbər və Vüsal yenidən yataq otağına daxil olmuşlar. 5-10 dəqiqə otaqda sakitçilik olmuşdur. Bir qədər sonra Ələkbər qışqırıb köməyə onu çağırmışdır. O, yataq otağına daxil olan zaman otaqda qan görmüşdür. O, Vüsalın əlində bıçağı görüb qışqırmışdır ki, ona qonşular kömək etsin. Bu vaxt Vüsal bıçaqla onun üstünə gəlib onun kürək nahiyəsinə bıçaqla bir neçə zərbə vurmuşdur. O, mətbəxə tərəf qaçıb mətbəxdə olan pəncərədən qışqırıb köməyə adam çağıran zaman Vüsal onu pəncərədən aşağı itələmişdir. Bayırda olan kabellərdən yapışıb 2-ci mərtəbədə olan balkonun damına düşmüş, yerə düşdükdən sonra 102 xidmətinə zəng vurub şikayət etmişdir. Təxminən 5 dəqiqədən sonra Ələkbər küçəyə çıxmış, Ələkbər küçəyə çıxanda bədəninin müxtəlif yerlərində xəsarət olmuşdur. Vüsal onu pəncərədən aşağı itələyən zaman nalayiq söyüşlərlə onu təhqir etmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları və təcili yardım gəlib onu və Ələkbəri xəstəxanaya aparmışlar. Düşünür ki, Vüsal evdən çıxıb gedərkən mətbəxdə olan 14000 manat pulunu və 10000 manat dəyərində olan qızıl-zinət əşyalarını götürmüşdür. O, kirayədə yaşadığı evdə masaj xidmətini qanunsuz olaraq görüb həm də öz intim ehtiyaclarını yanına gələn müştərilərlə ödəmişdir. X3 kimi təqdim edib gey olduğunu bildirmiş, Vüsala özünü Aysel kimi təqdim etməmişdir. Hadisə zamanı onun əlində bıçaq olmamış, bıçaq Vüsalın əlində olmuş, o, və Ələkbər Vüsala hədə-qorxu gəlməmiş və sonuncudan pul tələb etməmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 07.01.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 07.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 07.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 15.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 15.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 08.01.2021-ci il tarixli, 21 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində daxilə nüfuz etməyən döş qəfəsinin arxa səthinin sağ yarısının 5 ədəd və sol bazunun bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, hər iki gözaltı, burun belinin sağ yarısı, sağ yanaq, boynun aşağı şöbəsinin sol yan səthinin, döş qəfəsinin ön səthinin sol körpücük altı nahiyəsi və sağ əlin ovuc səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) ola bilsin ki, bıçağın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.01.2021-ci il tarixdə alınmaları istisna edilmir, dərəcəsinə görə deşilmiş-kəsilmiş yaralar həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sıyrıqlar isə həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Lokalizasiyası və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranmaları inandırıcı deyil. Hər iki gözaltı, burun belinin sağ yarısı, sağ yanaq nahiyələrinin sıyrıqları cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac olmadığından və vaxt keçdikcə əhəmiyyətli dərəcədə bərpa olunaraq tədricən itəcəyinə görə onlar izi silinən hesab edilirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 08.01.2021-ci il tarixli, 22 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sifətin sol yarısının sol qulaqönü nahiyəsinin, çənənin sol yarısı, sağ bazunun ön səthi, sağ bazunun ön-bayır səthi, sol körpücüküstü nahiyə, sağ əlin arxa səthinin İ-İİ barmaq arası nahiyəsi, sağ əlin İİİ barmağın arxa səthinin distal falanqa proeksiyasının kəsilmiş yaraları, sağ qulaq seyvanının bayır səthinin, boynun yuxarı şöbəsinin sağ yan səthinin, boynun arxa səthinin orta şöbəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bazunun ön səthinin, sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin sağ yarısı, qarnın ön səthində sol qabırğaaltı nahiyəsi, sağ çiyin qurşağının arxa səthi və kürək nahiyələrinin ümumilikdə 7 ədəd səthi kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.01.2021-ci il tarixdə alınmaları istisna edilmir, dərəcəsinə görə deşilmiş-kəsilmiş və kəsilmiş yaralar həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, səthi kəsilmiş yaralar isə həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Lokalizasiyası və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranmaları inandırıcı deyil. Sifətin sol yarısının sol qulaqönü nahiyədə və alt çənənin sol yarısında olan yaralar mimika və çeynəmə prosesinə maneə törətmədiyindən, həmçinin sağ qulaq seyvanında deformasiya və asimmetriya aşkar edilmədiyindən, eləcə də bu yaraların cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac olmadığından və vaxt keçdikcə əhəmiyyətli dərəcədə bərpa olunaraq tədricən itəcəyinə görə onlar izi silinən hesab edilirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 19.07.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş və barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 10-cu və 11-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğunu, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaqda 20 saat, məhkəmədə 30 saat, cəmi 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar