Məhkəmə qərarları › İş №1(007)-262/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-262/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-262/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1990-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad şəhəri Heydər Əliyev prospekti, ev 15, mənzil 9-da qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü naddəsinə əsasən qəti olaraq 02 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 il 24 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 27 aprel 2024-cü il tarixdən hesablanmış, cari iş üzrə məhkəmənin hazırlıq iclasının 14 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,340 qram psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, 27 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş xeyli miqdarda, təmiz çəkisi 0,340 qram olan ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, azadlıqda olarkən psixotrop maddələrdən “şüşə”, “patı” kimi tanıdığı növlərindən çəkmək yolu ilə istifadə etmişdir. Həmin maddələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 26 aprel 2024-cü il tarixdə axşam saatlarında internetdə sosial şəbəkə vasitəsilə tanış olduğu adını və istifadəsində olan mobil nömrəsini bilmədiyi şəxslə yazışaraq öz istifadəsi üçün “patı” olaraq tanıdığı maddəni sifariş vermiş, həmin şəxsin ona göndərdiyi kart hesabına 30 manat ödəmişdir. Həmin sifariş etdiyi maddəni Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində satıcı tərəfindən qoyulan yerdən götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonradan həmin şəxs ilə aralarında olan yazışmaları mobil telefonundan silmişdir. Bunun üçün də həmin şəxslə aralarında olan yazışmaları və həmin şəxsin ona göndərdiyi kart hesabını istintaqa təqdim edə bilməmişdir. 27 aprel 2024-cü il tarixdə təxminən saat 19 radələrində tanışları Murad, Sənan və Yusiflə Nizami rayonu ərazisində yerləşən “Maklerlər parkı” adlanan parkın yaxınlığında görüşüb bir qədər piyada getdikdən sonra sonradan ünvanını dəqiq öyrəndiyi ünvan 4man mülki geyimdə olan 4 nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqda şübhəli olduğunu bildirmişlər, həmin vaxt onun yanında olan Murad Yusif və Sənan da özlərini şübhəli apardıqları üçün polis əməkdaşları onu və yanında olan şəxsləri Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. O və yanında olan şəxslər polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməmişlər. Polis şöbəsinə getdikdən sonra şöbədə onların şəxsiyyəti dəqiqləşdirilmiş, xidməti otaqların birində ona hüquqları izah edilmiş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan bir qədər sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onun üzərində axtarış keçirilməsinin zəruri olmasını bildirərək bu barədə ona qərar təqdim etmişlər. O, buna etiraz etməmiş, xidməti otaqların birində üzərinə videoçəkilişlə axtarış keçirmişlər. Axtarış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual vermişlər, bu zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı, qızılı rəngli kağıza bükülmüş içərisində “patı” kimi tanıdığı maddəni və sol yan cibində olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş həmin maddə polis əməkdaşları tərəfindən götürülmüş, iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin protokol və qablaşdırılmış zərf onun və axtarışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25-ci polis şöbəsinə “Nicat” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı 25-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən “Nicat” adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Qəbul edilmiş qərara əsasən onunla birlikdə əməliyyat qrupunun üzvləri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və sahə inspektoru Şahid3 Maşalla oğlu təyin edilmişlər. Bundan sonra, 27 aprel 2024-cü il tarixdə saat 19:00-da ünvan 5 ünvanının qarşısında “Nicat” adlı şəxsə oxşayan bir nəfər kişini və onun yanında üç nəfər naməlum şəxsi müşahidə edib onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini onlara təqdim edib Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxslərdən özlərini təqdim etməsini istədikdə, həmin şəxslər özlərini Təqsirləndirilən şəxs, X2, X4 və X1 təqdim etmişlər. Bundan sonra həmin şəxslərə daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olmalarını, üzərlərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirib onlara Nizami RPİ-nin 25-ci PŞ-nə getməli olduqları deyilmişdir. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişlər, 25-ci PŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs, X2, X4 və X3 olduqları bir daha dəqiqləşdirildikdən sonra onların PŞ-nə gətirilməsi barədə raportla şöbə rəisinə məruzə olunmuş, bundan sonra həmin şəxslərin üzərində ayrılıqda şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd qızılı kağıza bükülmüş içərisində ağ rəngli kristallik maddə olan bükümü və sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şikfahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni internet vasitəsi ilə əlaqə saxladığı şəxsə 30 manat ödəməklə aldığını və Binəqədi rayonunun Biləcəri qəsəbəsindən götürdüyünü bildirmişdir. Həmin maddə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Saxlanılarkən, polis şöbəsinə aparılarkən və orada olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4, Şahid2la eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəru Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru Şahid3 Maşalla oğlunun və həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 iştirakları mümkün olmadığından, həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onların digər şahidlərlə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 3) - 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparılan cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi başqa icraata ayrılaraq istintaqı davam etdirilmişdir. (i.v. 1) - 27 aprel 2024-cü il və 29 aprel 2024-cü il tarixli protokollardan görünür ki, 27 aprel 2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman bu barədə qərarla tanış edildikdən sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 01 ədəd qızılı rəngli kağıza bükülmüş, içərisində ağ rəngli kristallik maddə olan bükümü və sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə “patı” kimi tanıdığı maddənin olduğunu, həmin maddəni internet vasitəsilə əlaqə saxladığı şəxsə 30 manat ödəməklə aldığını və Binəqədi rayonu Biləcəri qəsəbəsindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə 29 aprel 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan məlumatların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 32-33, 116) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2024-cü il tarixli 6/2341 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan respublikası DİN Zərflər üçün №165” möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,340 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,290 qram qalmışdır. (i.v. 65-68) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 28 dekabr 2024-cü il tarixli 8014 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 181-182) - 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin birinci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,05 qram olmaqla, qalıq 0,290 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınmış və cinayət işində saxlanılması nəzərə alınmış, xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş mobil telefonun özünə qaytarılması nəzər alınmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin əldə etdiyi mənbəyə görə cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. (i.v. 186-193) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, həmin məhkəmənin 16 may 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində, Bakı şəhər probasiya idarəsinin təqdimatı əsasında baxılan iş üzrə, axtarış elan olunmuş, onun tutulduqda həbsə alınması və tutulduqdan sonra 3 saylı istintaq təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. (i.v. 110-112) - 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 22) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmışdır. (i.v. 113-114) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü naddəsinə əsasən qəti olaraq 02 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 il 24 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. (i.v. 141-142, 155-160) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərarından görünür ki, hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 01 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 14 mart 2025-ci il tarixə (hazırlıq iclası zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinədək) çəkilməmiş 01 ay 25 gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində 27 aprel 2024-cü il tarixdə tutulsa da, hökmün icrası qaydasında işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi özünün 29 iyul 2024-cü il tarixli qərarında, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə tutularaq 30 aprel 2024-cü il tarixdə istintaq təcridxanasına gətirilməsi barədə 3 saylı istintaq təcridxanasının rəsmi məktubuna istinad etməklə, onun cəzaçəkmə müddətinin əvvəlini 27 aprel 2024-cü il tarixindən hesablamışdır. Məhkəmə bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olduğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək tutulduğu müddət təkrarən cəzaçəkmə müddətinə hesablana bilməz, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 14 mart 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsinədək azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində videogörüntü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 01 (bir) il 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 14 mart 2025-ci il tarixə çəkilməmiş 01 (bir) ay 25 (iyirmi beş) gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,290 qram psixotrop maddə metamfetamin məhv edilsin, videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 296 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar