Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-263/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1996-cı il tarixdə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 noyabr 2024-cü il tarixdə saat 15:11-dən 16:35-dək olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 368/370/372 nömərli hündür mərtəbəli yaşayış binasına yaxınlaşaraq blokun kodla açılan giriş qapısının qarşısında durub gözləmiş, sakinlərdən biri giriş qapısının kodunu açdıqda o, binaya qanunsuz daxil olaraq 10, 11 və 12-ci mərtəbələrin dəhlizində, divara quraşdırılmış yanğın söndürən şitlərinin qıfılını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla orada saxlanılan hər birinin dəyəri 80 manat olmaqla 3 ədəd, ümumilikdə 240 manat dəyərində 50 mm diametrli, 20 metr uzunluğunda parça materialından olan yanğın söndürmə borularını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, “Nizami 15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə 240 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,773 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, 27 noyabr 2024-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şöbəsinin baş təhqiqatçısı Ramil Mehdiyevin 27 noyabr 2024-cü il tarixli əməliyyat tapşırığı ilə bağlı ünvan 4 hündür mərtəbəli yaşayış binasının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B nömrəli ünvanında yerləşən Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,773 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 il olar ki, arabir narkotik vasitələrdən istifadə edir. 26 noyabr 2024-cü il tarixdə, saat 14:30 radələrində ünvan 4 ünvanda yerləşən təzə tikilmiş hündür mərtəbəli yaşayış binasının blokunun qarşısına yaxınlaşmış, blokun qarşısında giriş qapının üzərində kod olduğu üçün gözləmiş, bir nəfər şəxs blokun qapısından çıxdığı üçün giriş açılmış və o, tez giriş qapıdan bloka daxil olmuş, binada 10, 11 və 12-ci mərtəbələrdə yanğın söndürən şitində olan yanğın söndürən şlanqları götürərək əlində olan göy rəngli sellofan torbaya qoymuş, daha sonra mərtəbələri pilləkanla düşüb giriş qapıdan çıxmışdır. O, 3 ədəd yanğın söndürən şlanqı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” və ya “Bit” bazarı kimi tanınan yerdə 3 ədəd yanğın söndürən şlanqını tanımadığı şəxsə 30 manata satmış və həmin pula psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetaminin bir hissəsini yaşadığı binanın blokunda qəbul etmiş, qalan bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibinə qoyub saxlamışdır. 27 noyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində o, yenə 1 ədəd yanğın söndürən şlanqı oğurlamaq üçün həmin binanın qarşısına gəlmiş, lakin həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşıb oğurluqda şübhəli bilindiyi üçün onu 24-cü Polis şöbəsinə dəvət etmiş, o da etiraz etmədən onlarla birlikdə 24-cü Polis şöbəsinə getmişdir. Polis şöbəainin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunduqdan və vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, üzərində axtarış aparmamışdan əvvəl qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o, əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində psixotrop maddə metamfetamin olduğunu və 26 noyabr 2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdə bina sakinlərindən biri 368 nömrəli yaşayış binasının 13-cü mərtəbəsində yanğın söndürmə şitinin qapısı açıq olduğunu və yanğın söndürən şlanqı yerində olmadığı barədə ona məlumat vermiş, dir. O, həmin binaya gəlmiş qeyd olunan şitə baxış keçirən zaman qeyd olunan əşyaların yerində olmadığın müəyyən etmişdir. Bundan sonra o 13-cü mərtəbədən pilləkanla 12-ci mərtəbəyə düşən zaman həmin mərtəbənin yanğın söndürən şitində də yanğın söndürən şlanqı yerində olmadığını, eyni hal 11 və 10-cü mərbədən də baş verdiyini görmüşdür. O, bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub oğurluq faktı barədə məlumat vermişdir. Bundan sonra təhlükəsizlik kameranın görüntülərinə baxış keçərən zaman, 26 noyabr 2024-cü il tarixdə, saat 15:11-də binanın giriş qapısından sakin çıxan zaman bir nəfər üzü nisbətən tüklü, əynində qara rəngli gödəkcə geyinmiş tanımadığı cavan oğlanın giriş qapıdan bloka daxil olduğunu görmüşdür. Binanın giriş qapılarında “domofon” olduğunu, sakinlər onlara verilmiş “çip” vasitəsi ilə giriş qapını açıb bloka daxil olduğunu əlavə olaraq qeyd etmişdir. Bundan sonra o 13 və 11-ci mərtəbədən olan video görüntülərə baxan zaman həmin şəxs 11 və 13-cü mərtəbədə olan yanğın söndürən şiti açdığını və yanğın sönüdrən şlanqı götürmüş, şlanqın uc tərəfinə bərkidilmiş su püskürdəni və barabanı açıb yerə qoymuş və şlanqın özünü götürüb apardığını müəyyən etmişdir. Bundan sonra o, həmin binanın 16-cı mərtəbəsindən 1-ci mərtəbəyə qədər olan yanğın söndürən şitlərə baxış keçirmiş və 2-ci mərtəbədən başqa qalan mərtəbələrdə yanğın söndürən şitdə yanğın söndürən şlanqların yerində olmadığını müəyyən etmişdir. O, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə dəvət edilmiş və o, ərizə ilə naməlum şəxsin yaşayış binasına daxil olması və 15 ədəd yanğın söndürən şlanqını oğurlaması barədə müraciət etmişdir. 27 noyabr 2024-cü ıl tarixdə saat 15 radələrı oturan zaman pəncərənin qarşısından yanğın söndürən şlanqları oğurlayan şəxsin yaşayış binasının həyətinə daxil olduğunu görmüşdür. Bundan sonra 24-cü Polis şöbəsinin polis işçiləri gəlib həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsi saxlayaraq 24-cü Polis şöbəsinə aparmışlar. O, 368 nömrəli yaşayış binasının 1 mərtəbəsindən 16-cı mərtəbəsinə kimi baxış keçirən zaman 2-ci mərtəbədən başqa qalan mərtəbələrdə 15 ədəd yanğın söndürən şlanqın oğurlandığını müəyyən etmiş, yanğın söndürən şlanqlara ayda bir dəfə baxış keçirmiş, sonuncu dəfə 2024-cü ilin oktyabr ayının axırı baxış keçirmiş, qeyd olunan şlanqlar yerində olmuşdur. 26 noyabr 2024-cü il tarixdən əvvəl yəni 01 noyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixə kimi video görüntü olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın ödənilmədiyini, dəymiş ziyan ödənilərsə, təqsirləndirilən şəxsdən şikayətçi olmayacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini , bu səbəbdən təqsirləndirlən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 368/370/372 saylı binanın bloklarında yanğınsöndürmə borularının oğurlanması barədə oğurluq faktını törədən şəxsin müəyyən edilməsi məqsədilə 27 noyabr 2024-cü il tarixdə verilmiş əməliyyat tapşırığı tapşırığının icrası ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə məlumat daxil olmuşdur. 27 noyabr 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 24-cü Poliş şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 368/370/372 binanın qarşısına yollanmış, həmin tarixdə həmin ünvanda saat 15:30-da Təqsirləndirilən şəxs saxlanılmış, aparılmış söhbətlər zamanı törətdiyi oğurluq faktını və üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Onu Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirərək xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən şəffaf selofana bükülmüş halda olan 01 ədəd bükümü təqdim edərək içərisindəki maddənin “patı” olduğunu, 26 noyabr 2024-cü il tarixdə Sabunçu rayonu ərazisində yerləşən “Bit” bazarı adlanan ərazidən təsadüfən tanış olduğu şəxsdən 20 manata aldığını, bir hissəsini istifadə etdikdən sonra qalıq psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/36 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 50 mm diametrli, 20 metr uzunluğunda parça materialından olan yanğın söndürmə borusunun yeni vəziyyətdə 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5320 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 0,773 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2024-cü il tarixli, 7528 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 1-ci videoda binanın blokunun giriş qapısının qarşısında, əynində qara rəngli şalvar, qara rəngli gödəkçə olan, arıq bədən quruluşlu, uzun boylu, kişi cinsli şəxs həmin bloka daxil olur, 2-ci videoda yaşayış binasının dəhlizində 1-ci görüntüdə olan şəxsin blokun divarına bərkidilmiş qutunu açaraq içərisində olan dairəvi əşyanı çıxardır və geri qayıdır. 3-cü videoda isə 1-ci görüntüdə olan ərazidə həmin görüntüdə olan şəxsin əlində göy rəngli, içərisi dolu vəziyyətdə olan selofan paketlə blokdan çıxıb ərazidən uzaqlaşır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha yüngül cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmanı qeyri-mümkün etmiş olacaqdır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənildiyi üçün ondan şikayətçi deyil. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, əməlini etiraf etməsini, əvvəllər məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, zərərçəkmiş hüquqi şəxsin şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-336/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay (altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabıər tutulmaqla 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 115 (bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,723 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-263/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-263/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver