Məhkəmə qərarları › İş №1(007)-264/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-264/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-264/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 27 avqust 1992-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, Natəvan küçəsi ev 41-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 6, mənzil 13-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 20 iyun 2021-ci il tarixdə saat 22:45 radələrində Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsindəki 37A nömrəli evin 38 nömrəli mənzilində kürəkəni Zərərçəkmiş şəxs ilə, sonuncunun bacısı Şahid4 həkimə aparmaması səbəbindən, aralarında baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki dəfə yumruqla vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid üst dodağın iç səthinin əzilmiş yarası və qansızmaları, sifətin asimmetriyası ilə müşayiət olunan alnın sol yarısının ön səthi, sol yanaq nahiyəsi və burun belinin şişkinlik halında əzilmələri, alnın ön səthi, sol yanaq, sol qulaqönü, sol gözaltı nahiyələri və boynun sol yan səthinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirərək, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Nigarın həyat yoldaşıdır, onlar 2019-cu ildə ailə həyatı qurmuşlar, həmçinin onların digər qohumluqları da vardır. Ailə həyatı qurduqdan sonra Səbuhi Nigarı yola vermədiyindən dəfələrlə ailədə söz-söhbət olmuşdur. 2021-ci ilin iyun ayının təxminən ortalarında bacısı Nigar ona bildirmişdir ki, Səbuhi onun və öz anası Sevdanın evdə olan qızıllarını aparıb satmışdır, Nigar bundan xəbər tutdudan sonra qaynanasına məlumat vermiş, buna görə evdə söz-söhbət olduğundan Səbuhi Nigarı döymüşdür. 19 iyun 2021-ci il tarixdə bacısına zəng edərək hal-əhval tutduqda o, halı olmadığını, zəhərləndiyini, Səbuhinin isə onu həkimə aparmadığını demişdir. O, atası Racuya və anası Səadətə bacısının əşyalarını yığıb gətirmək lazım olduğunu, onlardan ailə olmadığını demişdir. Bu məqsədlə o, atası və anası ilə birlikdə 21 iyun 2021-ci il tarixdə saat 21:40 radələrində Səbuhigilin yaşadığı ünvana getmişdir. Qardaşı Ramizə, bibisi oğlu Azərə və Ruslana bildirmişdir ki, iki yük maşını tutub əşyaları götürəcəklər. Səbuhigil yaşayan ünvana çatıb mənzilin qapısını döydükdə bacısı Nigar qapını açmışdır. Onlar evə daxil olanda Səbuhi və anası evdə olmuşlar və qonaq otağına keçmişlər. Səbuhi divanda əyləşmişdir. O, Səbuhiyə demişdir ki, bura gəlmələrinin səbəbini bilir, artıq bıçaq sümüyə dirənib, onun dərdi nədir, bacısı zəhərlənib, həkimə aparmır, qızıllarını girova qoyub. Səbuhi onu başa düşmədiyini demişdir. Bununla bağlı aralarında mübahisə düşmüş, o, bacısının qolundan tutub “Nigar, bu nə məsələdir” deyə bildirmişdir. Səbuhi ayağa qalxmış və onun qolundan tutub bayıra çıxmasını demişdir. Həmin vaxt o, əsəbini cilovlaya bilməyib Səbuhinin sifət nahiyəsinə iki dəfə sillə ilə zərbə endirmişdir. Səbuhinin burun nahiyəsindən qan axmağa başlamış, atası Racu araya girib onları aralamışdır. O, bacısının azyaşlı qızını götürüb həyətə düşmüşdür. Həmin vaxt qardaşı və bibisi uşaqları yük maşını ilə həyətə gəlmişlər. O, onlara yuxarı qalxmamalarını, Səbuhini döydüyünü demişdir. Bu vaxt anası həyətə düşmüş və uşağı mənzilə aparmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək onları 25-ci polis şöbəsinə aparmışlar. Hadisə mənzilin daxilində baş verdiyindən səs-küyə kənar şəxslər gəlməmişlər, hadisənin başqa şahidi olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Əməlindən səmimi peşmandır, əməlinə görə ona cərimə cəzaı təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə Şahid4 ilə ailə həyatı qurmuş və birlikdə yaşamışlar, bu evlilikdən bir övladları vardır. 20 iyun 2021-ci il tarixdə saat 22:45 radələrində yaşadığı ünvan 1-də olarkən qapı döyülmüş, qapını açan zaman qaynatası Racu, qaynanası Səadət və qaynı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Onları qarşılamış və birlikdə qonaq otağına keçmişlər. Anası Sevda mətbəxə çay gətirməyə getmişdir. Qonaq otağında olduqları vaxt qaynı İbrahim ona bacısını hədələdiyini demişdir. O da bunu başa düşmədiyini, elə bir hadisə baş vermədiyini demiş, onun evində belə danışdığına görə ona irad tutmuşdur. Həmin vaxt o, divanda əyləşmişdir. İbrahim oturduğu stoldan duraraq ona tərəf gəlib qəfil yumruqla onun sifət nahiyəsinə iki dəfə zərbə endirmişdir. O, nə baş verdiyini anlamamış, həmin an qaynatası Racu araya girmişdir. Zərbədən onun burun nahiyəsindən qan axmışdır. Səs-küyə anası mətbəxdən gəlmiş və onun burun nahiyəsindən qan axdığını görüb qışqırmağa başlamışdır. Bunu görən İbrahim azyaşlı qızı Elifnuru götürüb evdən çıxmışdır. O, qaynatası Racuya bu dəqiqə uşağını evə gətirməsələr polis çağıracağını demişdir. Bundan sonra qaynanası düşüb həyətdən qızını evə gətirmişdir. Həmin vaxt qapı döyülmüş, qapının arxasında kiçik qaynı Ramiz və Ruslanin içəri girmək istədiklərini görmüşdür. Anası dayısına məlumat vermiş, aradan 10 dəqiqə keçmiş evə polis əməkdaşları gəlmişlər. Hadisə mənzildə baş vermiş, təxminən 5 dəqiqə davam etmiş, hadisə mənzildə baş verdiyindən səs-küyə gələn olmamış və başqa şahidlər olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində ciddi tədbir görülməsini istəyir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birlikdə yaşamışlar. 17 iyun 2021ci il tarixdə gecə evdə olarkən özünü pis hiss etmiş və zəhərləndiyini bilmişdir. Səbuhiyə bu barədə demiş, səhəri gün tezdən Səbuhi anası Sevdaya bildirmişdir ki, onu həkimə aparacaqdır. Qaynanası Sevda həkimə ehtiyac olmadığını, heç bir zəhərlənmə olmadığını demişdir. Səbuhi acıq edib evdən getmişdir. 19 iyun 2021-ci il tarixdə qardaşı İbrahim ona zəng etdikdə, zəhərlənməyi barədə ona məlumat vermiş, həm də Səbuhinin onun qızıllarını girova qoyduğunu demişdir. Bundan başqa o, Səbuhiyə sms yazmışdır ki, artıq belə olmaz, ya boşanmalıdırlar, ya da ki, normal ailə olmalıdırlar. 20 iyun 2021-ci il tarixdə İbrahim ona sms yazmışdır ki, axşam evə gələcəklər, o, nə olub Səbuhinin üzünə desin, onun yanındadır. Həmin gün saat 22:40 radələrində qapı döyülmüş, qapını açan zaman anası, atası və qardaşı İbrahim olduğunu görmüşdür. Səbuhi onları qarşılamış və qonaq otağına keçmişlər. Qaynanası Sevda isə mətbəxə çay gətirməyə getmişdir. İbrahim Səbuhidən soruşmuşdur ki, bu nə məsələdir, bacısını, yəni onu niyə həkimə aparmır, belə ailə olmaz, istəmirsə boşansın, qərarını desin. Səbuhi onunla bu tonda danışmamasını deyib İbrahimin üstünə qışqırmış və qolundan tutmuşdur ki, bu nə məsələdir. İbrahim əsəbləşərək ayağa durub Səbuhinin sifətinə iki sillə vurmuş, Səbuhinin burnundan qan açılmışdır. Qaynanası Sevda mətbəxdən gəlib hay-küy salmağa başlayanda İbrahim azyaşlı qızı Elifnuru qucağına alaraq həyətə düşmüş və bu zaman demişdir ki, artıq bunlardan ailə olmaz. Səbuhi qışqırmışdır ki, bu dəqiqə uşaq evə gəlməlidir, anası həyətə düşüb uşağı evə gətirmişdir. Aradan 5 dəqiqə keçməmiş polis əməkdaşları gələrək Səbuhini evdən, İbrahimi isə həyətdən polis şöbəsinə aparmışlar. Bundan sonra o, azyaşlı qızı ilə birlikdə valideyinlərinin yaşadığı ünvana getmişdir. Hadisə mənzilin daxilində olmuş, başqa kənar şəxslər səs-küyə görə mənzilə daxil olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şibulla qızı, Şahid4 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-ci ildə oğlu Zərərçəkmiş şəxs qohumu Şahid4 ilə ailə həyatı qurmuşdur və onun yanında yaşayırlar. Onların nikahlarından bir uşaqları vardır. 20 iyun 2021-ci il tarixdə saat 22:45 radələrində evdə olarkən qapı döyülmüş, oğlu Səbuhi qapını açdıqda Səbuhinin qaynatası Racu, qaynanası Səadət və qaynı Təqsirləndirilən şəxs evə daxil olmuşlar. Onlar qonaq otağına keçib əyləşmişlər. O, mətbəxdə çay hazırlayan zaman səs-küy eşidib qonaq otağına gələndə Səbuhinin burun nahiyəsindən qan axdığını görmüş, tez ona yardım edərək nə baş verdiyini soruşanda, İbrahim azyaşlı nəvəsini götürərək evdən qaçıb getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, İbrahim heç bir səbəb olmadan Səbuhini vuraraq xəsarət yetirmişdir. Qardaşı Maarifin vasitəsilə polis çağırmış, təxminən 15 dəqiqə sonra Maarif və polislər birlikdə gəlmişlər. Ona məlum olmuşdur ki, İbrahim Səbuhiyə irad tutmuşdur ki, nə üçün Nigarı həkimə aparmamışdır, buna görə aralarında mübahisə olmuş, mübahisə zamanı İbrahim Səbuhini vuraraq ona xəsarət yetirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs əməlində böyük ictimai təhlükə törətməyən aşkar cinayətin əlamətləri olduğundan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır. (i.v. 1) - 21 iyun 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 1 ünvanında hadisə yerinə baxış keçirilmişdir. (i.v. 11-12) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 22 iyun 2021-ci il tarixli 518 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın iç səthinin əzilmiş yarası və qansızmaları, sifətin asimmetriyası ilə müşaiyət olunan alnın sol yarısının ön səthi, sol yanaq nahiyəsi və burun belinin şişkinlik halında əzilmələri, alnın ön səthi, sol yanaq, sol qulaqönü, sol gözaltı nahiyələri və boynun sol yan səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 20.06.2021-ci il tarixdə və şəxsin bildirdiyi şəraitdə yaranması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v. 18- 19) -Sübutların qiymətləndirilməsi haqqında 04 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 62-66) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.1-346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat olmadığını nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 346.1.13-346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar