Məhkəmə qərarları › İş №1(007)-264/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-264/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-264/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1994-cü il tarixdə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.11, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3, 68.1 və 67.1-ci maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 12 noyabr 2014-cü il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu 12 fevral 2033-cü il tarixədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş soyuq silah hesab olunmayan deşici xassəyə malik biz formasında olan predmeti əldəqayırma üsulla hazırlayaraq özündə saxlamış, gəzdirmiş və istifadə etmişdir. Belə ki, o, qəsdən cinayət törətməsinə görə əvvəllər məhkum olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törədərək cəza çəkdiyi və saxlanıldığı Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya olan bir ədəd soyuq silah hesab olunmayan, soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış aləti naməlum mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və istifadə edərək, 04 may 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində qeydiyyatda olduğu dəstənin yataqxanasında qarnının sol nahiyyəsinə xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, cəza çəkdiyi 1 saylı cəzaçəkmə müəssisəsinin 7 saylı dəstəsində 04 may 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alətlə qarnının sol nahiyyəsinə xəsarət yetirmişdir. O, həmin aləti bir neçə müddət əvvəl müəssisənin ərazisində ağacın altından təsadüfən taparaq onu müəssisə ərazisində müxtəlif yerlərdə gizlətmişdir. Cəza çəkdiyi müəssisədə darıxdığı səbəbindən başqa bir çəzaçəkmə müəssisəsinə köçürüləcəyinin yeganə yolunu özünə xəsarət yetirməkdə gördüyündən belə bir səhv addım atmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) Şahid2 ifadəsində göstərmişdir ki, 1 saylı cəzaçəkmə müəssisəsinin 7 saylı dəstəsində qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində psixoloji gərginlik keçirərək, qeydiyyatda olduğu dəstənin yataqxanasında deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alətlə qarnının sol nahiyyəsinə xəsarət yetirmişdir. Müəssisə əməkdaşlarının köməyi ilə məhkum Təqsirləndirilən şəxs müəssisənin tibb-sanitar hissəsinə aparılaraq, orada ona ilkin tibbi yardım göstərilmiş, 05 may 2022-ci il tarixdə saat 00:15 radələrində Penitensiar Xidmətin Müalicə müəssisəsinə aparılmışdır. Şahidlərin, əməkdaşların və məhkumun özünün iştirakları ilə həmin biz formalı alət zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi biz formalı deşici aləti müəssisə ərazisindən tapıb gizlətdiyini, cəza çəkdiyi müəssisədə darıxdığı səbəbindən başqa müəssisəyə köçürülməsinin yeganə yolunu özünə xəsarət yetirməkdə gördüyünü və nəticədə psixoloji gərginlik keçirərək özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid1, Şahid3 və Şahid4, Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları ilə tərtib olunmuş 05 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 23:30 radələrində məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu dəstənin yataqxanasında kustar üsulla hazırlanmış “biz” ilə qarnının sol nahiyyəsinə xəsarət yetirmiş, həmin “biz” qablaşdırılaraq götürülmüşdür. (i.v. 6-7) -Müalicə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 05 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə təcili müşayiətlə 1 saylı cəzaçəkmə müəssisəsindən “Qarnın ön sol yan divarının deşilmiş yarası. Sağ saidin orta 1/3-nin kəsilmiş yarası” diaqnozu ilə daxil olmuş məhkum Təqsirləndirilən şəxs dərhal həkimlər tərəfindən müdaxilə edilmiş, qarnının sol tərəfinə yeritmiş olduğu tiyəsinin uzunluğu təxminən 9,5 sm olan ümumi uzunluğu təxminən 18,5 sm olan kustar üsulla bıçaq formasında hazırlanmış kəsici deşici alət xaric edilərək götürülmüşdür. (i.v. 12) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X2 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 43-44) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 27 may 2022-ci il tarixli 3/699 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. (i.v. 50-52) - 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda aparılan araşdırma zamanı məhkum Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 56-57) - 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik bir ədəd alət maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 99) - 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. (i.v. 100-102) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 08 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 12 noyabr 2014-cü il, cəzasının sonu 12 fevral 2033-cü il olan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymamışdır. (i.v. 18-19) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 27 may 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Osmanov X3 Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.11, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3, 68.1 və 67.1ci maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (i.v. 20-29, 49) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Osmanov X3 Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə təyin olunmuş 18 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 il 05 ay 17 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik bir ədəd alət istifadəyə yararsız olduğundan məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X1 tərəfindən müdafiə edilsə də, vəkilin həmin dövrdə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətin həcmi və əmək haqqının məbləği barədə müstəntiq tərəfindən arayış tərtib olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə hüquqi yardıma görə əmək haqqının ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Məhkəmə icraatı zamanı isə, təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən müdafiə edilmişdir. Təqdim edilmiş hesabat arayışını nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin vəkilin məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.9, 120.2.11, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 181.3.3-cü maddələri ilə qəti olaraq təyin edilmiş 18 (on səkkiz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) il 05 (beş) ay 17 (on yeddi) gün hissəsini hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik bir ədəd alət məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 60 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar