Məhkəmə qərarları › İş №1(007)-264/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-264/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-264/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx xxxxx 2005-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində “Azəriqaz” İstehsalat Birliyinin ünvan 5 ünvanda yerləşən X4 məxsus anbarın qarşısına gəlib Təqsirləndirilən şəxs2 anbarın dəmir qapısının qıfılını yerdən götürdüyü daş parçası ilə vurub sındırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq anbara daxil olub, oradan diametri 76 mm olan 153 metr uzunluğunda ümumi dəyəri 855 manat 27 qəpik olan dəmir qaz borularını birlikdə gizli olaraq talayıb həmin boruları metal qəbuletmə məntəqəsinə satmaqla əldə etdikləri gəliri öz aralarında bölərək zərərçəkmiş hüquqi şəxs “Azəriqaz” İstehsalat Birliyinə 855 manat 27 qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, dostu və qonşusu olan Təqsirləndirilən şəxs2 ilə maddi imkanları olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, Cavadla metal borular və dəmir oğurlayıb sataraq pul əldə etmək istəmişlər. 11 fevral 2022-ci il tarixdə dostu Cavadla Nizami rayonu, Naxçıvanski küçəsi ilə piyada hərəkət edərək ətrafa baxan vaxtı təsadüfən Naxçıvanski küçəsi 76\78 ünvanda yerləşən Nizami rayon üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsi diqqətlərini çəkmiş, qaz tənzimləyici məntəqəsinə yaxınlaşaraq pəncərəsindən içəriyə baxdıqda içəridə paslanmış metal borularının olduğunu görmüş və boruları oğurlamaq qərarına gəlmişlər, lakin ətrafda adamlar çox olduğundan niyyətlərini həyata keçirə bilməmiş, növbəti gün 12 fevral 2022-ci il tarixdə saat 19 radələrində dostu Cavadla birlikdə sözügedən məntəqəyə gəlmişlər. Ətrafa baxdıqda heçkəsin olmadığına əmin olduqdan sonra məntəqənin dəmir qapılarına yaxınlaşmış və dəmir qapıların kilidli olduğunu görmüşlər. Cavad yerdən götürdüyü daş parçası ilə kilidə zərbə ilə vurduqda kilid sınmış və birlikdə içəriyə daxil olaraq saat 17 radələrindən 20 radələrinədək olan müddət ərzində birlikdə içəridən diametri az olan dəmir borudan 51 ədədini gizli yolla talamışlar. Oğurladıqları dəmir boruları Nizami rayonu, Naxçıvanski küçəsi 80 ünvanda yerləşən metal qəbul etmə məntəqəsində işləyən İran İslam Respublikası vətəndaşı X11 adlı şəxsə 10 manata sataraq həmin pulu öz aralarında bölmüşlər, beləliklə hər birinə 5 manat pul qalmış və pulu da kafedə xərcləmişdir. Qeyd edilən ölçülərdə olan metal boruları çox olduğu və boruları satacaqları məntəqə yaxınlıqda olduğu üçün əlləri ilə hissə-hissə daşıyaraq gətirib metal qəbuletmə məntəqəsinin yaxınlığına yığmış, sonradan da həmin boruları metal qəbuletmə məntəqəsinə satmış, boruları satan zaman oğurluq olmasını bildirməmişlər. xx.xx.2022-ci il tarixdə Nizami rayonu, ünvan 7 ünvanda olan zaman Nizami RPİ-nin 24-cü PŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq oğurluq törətdiyinə görə onu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onlarla barışıq əldə etmişdir. Həmçinin hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayının hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçir. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsini, törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini, hazırda müddətli həqiqi hərbi xidmətdə olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, dostu və qonşusu olan Təqsirləndirilən şəxs1 ilə maddi imkanları yaxşı olmadığı üçün oğurluq etmək, metal borular və dəmir oğurlayıb sataraq pul qazanmaq qərarına gəlmişlər. Bu məqsədlə 11 fevral 2022-ci il tarixdə dostu Aminlə Nizami rayonu, Naxçıvanski küçəsi piyada hərəkət edərək ətrafa baxdıqda təsadüfən Naxçıvanski küçəsi 76/78 ünvanda yerləşən Nizami rayon üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsi diqqətlərini çəkmiş, həmin məntəqəyə yaxınlaşaraq pəncərəsindən içəriyə baxmış və içəridə paslanmış metal boruları görmüşlər. Boruları oğurlamaq qərarına gəlmişlər, lakin ətrafda adamlar çox olduğundan bu niyyəti həyata keçirə bilməmişlər. Növbəti gün, yəni 12 fevral 2022-ci il tarixdə, saat 19 radələrində dostu Aminlə birlikdə sözügedən məntəqəyə gəlmiş, ətrafa baxdıqda heç kəsin olmadığına əmin olduqdan sonra məntəqənin dəmir qapılarına yaxınlaşmışlar. Həmin vaxtı dəmir qapılar kilidli olduğundan yerdən götürdüyü daş parçası ilə kilidə zərbə ilə vurub kilidi sındırmış və onlar birlikdə içəriyə daxil olmuşlar. Onlar həmin günü saat 17 radələrindən 20 radələrinədək olan müddət ərzində birlikdə içəridən diametri az olan dəmir borudan 51 ədədini gizli yolla talamış və oğurladıqları dəmir boruları Nizami rayonu, Naxçıvanski küçəsi 80 ünvanda yerləşən metal qəbul etmə məntəqəsində işləyən İran İslam Respublikası vətəndaşı X11 adlı şəxsə 10 manata satmışlar. Həmin 10 manatı öz aralarında bölmüşlər. Hər birinə 5 manat pul düşmüş, həmin pulu da kafedə çay içmək üçün xərcləmişlər. Qeyd edilən ölçülərdə olan metal boruları çox olduğu və boruları satacaqları məntəqə yaxınlıqda olduğu üçün əlləri ilə hissə-hissə daşıyaraq gətirib metal qəbuletmə məntəqəsinin yaxınlığına yığmış, sonradan da həmin boruları metal qəbuletmə məntəqəsinə satmış, boruları satan zaman oğurluq olmasını bildirməmişlər. xx.xx.2022-ci il tarixdə Nizami rayonu, ünvan 7 ünvanda olan zaman Nizami RPİ-nin 24-cü PŞ-nın əməkdaşları onu oğurluq törətdiyinə görə Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmiş, polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onlarla barışıq əldə etmişdir. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsini, törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini, hazırda ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin hüquq şöbəsinin rəis müavini vəzifəsində işləyir. Bakı Regional Qaz İstismarı Departamentinin ünvan 10 ünvanda Nizami rayonu üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsi yerləşir. Qeyd olunan məntəqədə qaz tənzimləyiciləri və metal boruları saxlanılır. Məntəqənin qapısı mütəmadi kilidli vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində texniki sahədə işləyən çilingər X2 rayonu üzrə Texniki İstismar Xidmətinin rəis müavini Şahid2 ilə telefon əlaqəsi yaradaraq qeyd olunan ünvanda qaz paylama məntəqəsinin qapısının üzərində olan kilidin qırıldığını və içərisindən müxtəlif diametrli çox sayda boruların yerində olmadığını bildirmiş, bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı Şahid2 DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Bir qədər keçmiş hadisə yerinə Nizami RPİ-nin əməkdaşları gəlmişdir. Diametri 76 mm olan borudan 255 metr, diametri 108 mm olan borudan 230 metr, diametri 159 mm olan borudan 26 metr, diametri 89 mm olan borunun ümumi uzunluğu 50 metr olmuşdur. Həmin ölçülərdə olan dəmir borular istifadə olunaraq sonradan xəttlərdən sökülmüş borular olduğundan onların təqribi ölçüləri 1-3 metr aralığında olmuşdur. ünvan 12 ünvanda yerləşən Nizami rayonu üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsindən oğurlanan metal borular Bakı Regional Qaz İstismarı Departamentinə məxsusdur. Cədvəldən göründüyü kimi D76 mm 255 metr uzunluğunda metal qaz boruların ümumi dəyəri 1425 manat 45 qəpik təşkil edir.Odur ki, D76 mm borunun 1 metrinin qiyməti (1425,45:255=) 5 manat 59 qəpik təşkil edir. Hər biri 3 metr olmaqla 51 ədəd metal qaz borularının ümumi uzunluğu 153 metr təşkil edir.Onun da dəyəri ümumilikdə 5,59 manatdan 855 manat 27 qəpikdir. Hazırda dəymiş ziyan tam ödənildiyini qeyd edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Nizami rayon üzrə Texniki istismar Xidmətinin rəis müavini işləyir. ünvan 12 ünvanda yerləşən Nizami rayonu üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsində qaz tənzimləyiciləri və metal boruları yığılmış, məntəqənin qapısı mütəmadi kilidli vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində texniki çilingər işləyən X10 telefon əlaqəsi yaradaraq qeyd olunan ünvanda qaz paylama məntəqəsinin qapısının üzərində olan kilidin sındırıldığını və içərisindən müxtəlif diametrli çox sayda boruların yerində olmadığını bildirmişdir. Dərhal bununla əlaqədar qeyd edilən məntəqəyə yollanmış, məntəqəyə çatdıqda qapısının üzərində olan kilidin qırıldığını və içəri baxış keçirdikdə demontaj olunmuş çox sayda oraya yığılmış metal boruların orada olmadığını gördükdə naməlum şəxs və ya şəxslər tərəfindən qapının kilidinin qırılaraq içəridən boruların oğurlanması məlum olmuşdur. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. ünvan 10 ünvanda yerləşən Nizami rayonu üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsindən oğurlanan metal borular Bakı Regional Qaz İstismarı Departamentinə məxsusdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Nizami rayon üzrə Texniki İstismar Xidmətində çilingər işləyir. ünvan 15 ünvanında yerləşən Nizami rayonu üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsində qaz tənzimləyiciləri və metal boruları yığılmış və məntəqənin qapısı mütəmadi kilidli vəziyyətdə olmuşdur. Çilingər işlədiyi üçün 2021-ci ilin oktyabr ayının əvvələrində işlə əlaqədar oraya getmiş, 2021-ci ilin oktyabr ayından bu günə kimi qeyd olunan məntəqəyə işlə əlaqədar getməmişdir. Lakin qaz tənzimləyicisi orada olduğu üçün müəyyən iş yoldaşları oraya gedib təzyiqə nəzarət etmişlər. Son vaxtlar iş yoldaşları tərəfindən məntəqəyə kimin getməsi barədə heç bir məlumatı yoxdur. ünvan 12 ünvanda yerləşən Nizami rayonu üzrə Texniki İstismar Xidmətinin Qaz Tənzimləyici məntəqəsindən oğurlanan metal borular Bakı Regional Qaz İstismarı Departamentinə məxsusdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikası vətəndaşı olsamda,milliyyətcə azərbaycanlıdır və üç ildir Azərbaycanda yaşayır. Təxminən bir ildir ki, ünvan 16 ünvanda yerləşən yaşayış binasının zirzəmisində plastmast və metal məmulatlarının qəbulu ilə məşğul olur.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən üç aydır tanıyır. Belə ki, onların hər ikisi onun işlədiyi Nizami rayonu C.Naxçıvanski küçəsi 80 saylı ünvanda yerləşən yaşayış binasına qonşu olan məhəllələrdə yaşayırlar. Onları daim bir yerdə gəzən görmüşdür.Onlarla aralarında əvvəllər heç bir ədavət olmamışdır.Onlar azyaşlı olduqlarına görə onlara həmişə bacardığı qədər hörmətlə yanaşmışdır.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir dəfə onun iş yerinə turbalar gətirib təhvil vermişlər. Həmin plastmas turbaya görə onlara nə qədər pul verməsini isə xatırlamır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bundan başqa bir neçə dəfə onun iş yerinə dəmir turbalar və dəmir krantlar da gətirmişlər. 12 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi işlədiyi Nizami rayonu C.Naxçıvanski küçəsi 80 saylı ünvanda yerləşən metal qəbuletmə məntəqəsinə gəlmişlər.Həmin vaxtı o, işdə olmuşdur.Amin və Cavad bir xeyli köhnə paslanmış vəziyyətdə dəmir borular gətirib satmaq istədiklərini bildirmişlər.O, da həmin borulara baxdıqda 10 manat pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılaşmışlar. Bundan sonra Amin və Cavaddan şəxsiyyət vəsiqələrini surətini tələb edərək onlardan almışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onların islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları da nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxslərə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslət tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayı tərəfindən verilmiş 081 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və ona “əsgər” hərbi rütbəsi verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməldən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, ilk dəfə cinayət törətmələrini və cinayət törədərkən yetkinlik yaşına çatmadıqlarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2n oğluna cəza təyin edərkən cəzanı yüngülləşdirən halların məcmusunu, habelə əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ilə onun islah və yenidən tərbiyə olunacağı, cəzanın məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəza növləri nəzərdə tutulmuşdur. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 hazırda müddətli həqiqi hərbi xidmət keçir, hərbi qulluqçudur və CM-nin 52-1.6-cı maddəsi azadlığın məhdudlaşdırılması cəzasının hərbi qulluqçulara təyin edilməsini qadağan edir. Həmçinin, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməklə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini və cinayət törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq, habelə humanizm və ədalət prinsipləri baxımından məhkəmə onun azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid olunmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Həmin Qərarın 8-ci bəndinə əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-nin 62ci maddəsini tətbiq etməklə, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü qismində cərimə cəzasının təyin olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışlar. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqələrinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü qismində 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqələrinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2n məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar