Məhkəmə qərarları › İş №1(007)-264/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-264/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-264/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,742 qram narkotik vasitə heroin əldə edib, saxlamaqla daşımış, 16 iyul 2024-cü il tarixdə saat 20:00-da Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, həmin gün ünvan 4əşən Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,742 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,209 qram narkotik vasitə olan heroini əldə edib, saxlamaqla daşımış, 30 iyul 2024-cü il tarixdə saat 00:10 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 6 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq həmin gün ünvan 7 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli kətan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,209 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 5 ildir ki, ara-sıra narkotik vasitə heroin istifadə edir. Narkotik vasitə heroini tanımadığı müxtəlif şəxslərdən əldə edir. 29 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində tanımadığı şəxsdən 01 bükümdə, narkotik vasitə heroini 15 manata alıb, əynində olan şalvarın sağ yan cibində qoyaraq xəlvəti bir yerdə qəbul etmək üçün gizlətmiş, 30 iyul 2024-cü il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində piyada tək gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu, Bakı şəhər, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etmiş, polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli olması, hüquq və vəzifələri izah edildikdən və müdafiəçi ilə təmin edildikdən sonra üzərində axtarış aparılması prosesinə başlanılmış, ilk olaraq üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, bundan sonra o, könüllü olaraq əynində olan mavi rəngli kətan şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin kağızına bükülmüş narkotik maddə olan “kakos”-u polis əməkdaşlarına təqdim edərək bükümün içində olan maddənin “kakos” adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, tanımadığı şəxsdən 15 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa 16 iyul 2024-cü il tarixdə, saat 14 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata bir ədəd şəffaf sellofan bükümdə «kokos» kimi tanıdığı narkotik vasitə heroin alaraq əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuş, 16 iyul 2024cü il tarixdə, saat 20:00 dəqiqədə Xətai rayonu, Xudu Məmmədov 18 ünvanın qarşısında dayandığı zaman mülki geyimdə olan iki şəxs ona yaxınlaşıb özlərini təqdim edərək 36-cı PŞ-nin əməkdaşları olduqlarını və onun Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PŞ-nə aparmış, orada hüquq və vəzifələrim izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılacağı bildirilmiş, şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar, narkotik vasitələr və ya sənədlər olduğu halda təqdim etmək təklif olunmuş, o da əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olmasını və həmin bükümü metronun “Neftçilər” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Üzərindən həm 16 iyul 2024-cü il tarixdə, həm də 30 iyul 2024-cü il tarixdə aşkar edilən narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Həm 16 iyul 2024-cü il tarixdə həm də, 30 iyul 2024-cü il tarixdə saxlanılarkən və polis orqanlarına aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xətai RPİ-nin 36-cı PŞnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 16 iyul 2024-cü il tarixdə, saat 20:00-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı ünvan 10 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini ona təqdim edib, saxlanma səbəbini izah edib Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək gətirmişlər. Polis Şöbəsində xidməti otaqda onların və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, həmin narkotik vasitəni metronun “Neftçilər” stansiyası yaxınlığında anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, şöbəyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı psixi və fiziki təsir edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-nə “İzzət” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı Nizami RPİnin 25-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən “İzzət” adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuş, xx.xx.2024- cü il tarixdə, saat 00:10-da ünvan 11 ünvanının qarşısında İzzət adlı şəxsə oxşayan bir nəfər kişiyə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması, üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğu bildirilmiş və Nizami RPİ-nin 25ci PŞ-nə dəvət olunmuş, orada xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən və dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa, təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli kətan şalvarın sağ yan cibində olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb stolun üzərinə qoyub təqdim etmiş, həmin büküm açılanda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq narkotik vasitə aludəçisi olduğunu, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri Nizami rayonu ərazisində tanımadığı şəxsdən 15 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını demişdir. Saxlanılarkən və ya PŞ-nə gətirilərkən onun tərəfindən və ya başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaqa Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 25ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibtidai istintaqa Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/3658 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,742 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/3886 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,209 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli, 5187 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlmətlərinin olması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin barəsində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqın davam etdiyi müddətdə yenidən narkotik vasitələrin istifadəsi ilə bağlı cinayət törətməsi və şübhəli şəxs qismində tutulması, yəni qeyd edilən əməli təkrarçılıqla törətməsi halı təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Belə ki, daha yüngül cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmasını qeyri-mümkün etmiş olacaqdır. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 20:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 00:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 04 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərclər təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 07 ay 26 gün (yeddi ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc, cəmi 179 (bir yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,159 qram və 0,692 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 156 (bir yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar