Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-266/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun nümayəndəsi 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1968-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz C200” markalı, **-RG-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 67 ünvanında yerləşən “Picnic” restoranının qarşısında avtomobil yolunun birinci zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda həmin tələbləri pozaraq piyadalar üçün nəzərdə tutulmuş zolaqda hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sağ qabaq təkəri ilə vuraraq sonuncunun sol İİİ ayaq daraq sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində idarə etdiyi **-RG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 200” minik markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti “Picnic” adlanan restoranın qarşısında olan piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən sürüb getdikdən sonra qadın səsini eşitmiş, yan güzgüyə baxdıqda qadının ağsaya-ağsaya getdiyini görmüşdür. Avtomobili yolun sağ hissəsində saxlayıb, geri piyadanın yanına qayıtmışdır. Yolda olan şəxslər piyadaya köməklik etmişlər. Zərərçəkmiş şəxsə həkimə getmək lazım olduğunu bildirdikdə, yoldaşı işdə olduğuna görə tək getmək istəmədiyini demişdir. Bundan sonra onlar yaxınlıqda olan taksi ilə zərərçəkmiş şəxsin yaşadığı binanın qarşısına gəlmişlər. Binanın həyətində bir müddət gözlədikdən sonra Elmira xanımın uşaqları və həyat yoldaşı gəlmişlər. O, da qohumu Şahid və dostu Tamerlanı olduqları yerə çağırmışdır. Pərvizdən Elmira xanımı həkimə aparmasını xahiş etmişdir. Pərviz və Tamerlan öz idarə etdiyi avtomobil ilə Elmira xanımı yaxınlıqda olan "X4“ xəstəxanasına aparmışlar. Onlarla birlikdə Elmira xanımın oğlu və əri də xəstəxanaya getmişlər. Avtomobildə yer olmadığı, həm də özünü narahat hiss etdiyi üçün o, Elmira xanımın yaşadığı binanın qarşısında oturmuşdur. "X4“ xəstəxanasında Elmira xanımın ayağında sınıq olduğu üçün gipsə qoymuşlar. Bütün xərcləri xəstəxanada Pərviz ödəmişdir. Bundan sonra Elmira xanımın beli ağrıdığına görə MRT-dən keçirmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti “Picnic" adlanan restoranın qarşısında olan piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən keçən zaman bütün avtomobillər dayanıb yol vermişdir. O, yolun sonuncu zolağına çatan zaman anidən avtomobil onu vurub sol ayağının üstündən keçmişdir. O, zərbədən yerə yıxılmışdır. Həmin avtomobil isə 20-30 metr qarşıya sürüb dayanmışdır. Bundan sonra onu vuran avtomobilin sürücüsü və digər tanımadığı avtomobil sürücüləri ona yaxınlaşaraq kömək etmişlər. Onu markası yadında qalmayan avtomobilə əyləşdirərək yaşadığı binanın qarşısına gətirmişlər. Yaşadığı binanın qarşısında bir müddət gözlədikdən sonra sürücünün qohumları gəlib onu avtomobil ilə "X4“ xəstəxanasına aparmışlar. Həkimlər ayağında sınıq olduğu üçün ayağını gipsə qoymuşlar. Xəstəxana xərclərini onlar ödəmişlər. Sonra onu yaşadığı evə gətirmişlər. Bundan sonra Mübariz onunla əlaqə saxlamamışdır. Bu səbəbdən, o, xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edib şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Şahid məhkəməyə teleqram göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid istintaqda Təqsirləndirilən şəxs ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 975 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş – sol İİİ ayaq daraq sümüyünün sınığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3107 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes-Benz” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs və nümayəndə qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs qismində, Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-4661/2023 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AC 147791 nömrəli, “ABC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisənin görüntülərinin qeydə alındığı 01 ədəd "DVD-R" disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə Zərərçəkmiş şəxs ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 57 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 342 (üç yüz qırx iki ) manat (57x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 57 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 342 (üç yüz qırx iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-266/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-266/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver