Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-267/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Kürdəmir rayonunun Karrar kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş qalan 09 ay 24 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilib qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu 15 iyul 2031-ci il tarixədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş mobil telefon aparatı əldə edərək özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və daşımışdır. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan bir ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********94775, **********94773” imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və daxilində olan ***-***-**-** və ***-***- **-** nömrəli “Azercell” GSM danışıq kartları vasitəsi ilə anası Şahid5 istifadəsində olan ***-***-**-** saylı və bacısı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıq aparmaqla istifadə etmiş, sonradan həmin danışıq kartlarını məhv edərək telefon aparatını müəssənin Tibb-sanitar hissəsinin 5 saylı palatasında düzəltdiyi gizli saxlanc yerində gizlətmiş, 07 mart 2023-cü il tarixdə saat 12:30 radələrində müəssisənin əməkdaşları tərəfindən qabaqcadan alınmış əməliyyat məlumatına əsasən axtarış-baxış tədbirləri keçirilən zaman qeyd edilən yerdən ona məxsus həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər cəza çəkdiyi 1 saylı cəzaçəkmə müəssəsinin Tibb-sanitar hissəsinin 5 saylı palatasından aşkar edilərək götürülmüş daxilində danışıq kartı olmayan bir ədəd mobil telefon aparatı onun özünə məxsus olmuşdur, həmin mobil telefon aparatını daxilində danışıq kartları ilə birlikdə aşkar olunmamışdan təxminən iki ay əvvəl, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində cəza çəkdiyi müəssənin yaşayış sahəsində olan ağacların arasından sellofon torbaya bükülərək torpağa basdırılmış vəziyyətdə tapmışdır. Həmin mobil telefon aparatından daxilində olan danışıq kartları vasitəsi ilə bir neçə dəfə istifadə edərək anası Şahid5 istifadəsində olan ***-***-**-** saylı və bacısı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrini yığaraq əlaqə saxlayıb danışmışdır. Mobil telefon aparatı və danışıq kartları onda olan zaman onlardan başqa heç kimin istifadə etməmişdir. Mobil telefon aparatı aşkar olunmamışdan bir neçə gün əvvəl danışıq kartları yararsız hala düşdüyü üçün qıraraq sanitar qovşağa atmışdır. 07 mart 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən müəssənin Tibb-sanitar hissəsinin 5 saylı palatasında axtarış-baxış tədbirləri keçirilən zaman palatada xüsusi üsulla hazırladığı gizli saxlanc yerindən daxilində GSM danışıq kartı olmayan həmin bir ədəd “Samsung J4” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkili) vəzifəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatına əsasən 07 mart 2023-cü il tarixdə saat 12:30 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin Tibb-sanitar hissəsinin 5 saylı palatasında axtarış-baxış tədbirləri keçirilən zaman xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən məhkum Təqsirləndirilən şəxs məxsus “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan daxilində GSM danışıq kartı olmayan bir ədəd “Samsung J4” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilmiş, daxilində danışıq kartı olmayan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuşdur. Bütün iştirakçılar protokolla tanış olduqdan sonra onun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2 və Şahid4, Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş oğlu Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş qardaşı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq danışmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, müəssisənin əməliyyat aparatına daxil olmuş məlumat əsasında məhkum Təqsirləndirilən şəxs müəssənin Tibbsanitar hissəsinin 5 saylı palatasında düzəltdiyi gizli saxlanc yerində gizlətdiyi daxilində danışıq kartı olmayan işlək vəziyyətdə 01 ədəd “Samsung J4” markalı mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. (i.v. 6-7) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 20 aprel 2023-cü il tarixli 5/456 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********94775, **********94773” imei kodlu smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. (i.v. 41-45) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X1 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon aparatı məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 59- 60) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatı məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. (i.v. 59-60) -"xxxx" MMC-nin 12 iyun 2023-cü il tarixli 12940 nömrəli məktubundan, ona əlavə edilən CD diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********94775, **********94773” imei kodlu mobil telefon aparatından daxilində olan ***- ***-**-** və ***-***-**-** saylı “Azercell” GSM danışıq kartı vasitəsi ilə ***-***-**-** və ***-***- **-** saylı mobil telefon nömrələri ilə mütəmadi danışıqlar aparmışdır. (i.v. 89-90, 105-107) - 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, daxilində GSM danışıq kartı olmayan bir ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********947753, **********4773” imei kodlu mobil telefon aparatı, "xxxx" MMC-dən alınmış 12 iyun 2023-cü il tarixli 12940 nömrəli məktub və 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 108-109) - 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 142-145) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13 may 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş qalan 09 ay 24 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilib qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 26-37, 58) -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 15 yanvar 2022-ci il, cəzasının sonu 15 iyul 2031-ci il olan Təqsirləndirilən şəxs həmin müəssisədə cəza çəkdiyi 06 mart 2023-cü il tarixdən ötən müddətdə cəzanın icrası, X2nı pozduğuna görə barəsində 02 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur, o, islah yoluna qədəm qoymamışdır. (i.v. 139-140) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanan 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 il 03 ay 09 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 06 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış 01 ədəd mobil telefon aparatı sahibi olmadığından məhv edilməli, "xxxx" MMC-dən alınmış 12 iyun 2023-cü il tarixli 12940 nömrəli məktub və 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə (CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında) təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 06 aprel 2024-cü il tarixə çəkilməmiş 07 (yeddi) il 03 (üç) ay 09 (doqquz) gün hissəsini hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş daxilində GSM danışıq kartı olmayan 01 ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********947753, **********4773” imei kodlu mobil telefon aparatı məhv edilsin, "xxxx" MMC-dən alınmış 12 iyun 2023-cü il tarixli 12940 nömrəli məktub və 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan 53,65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 12 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 72 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-267/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-267/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver