Məhkəmə qərarları › İş №1(007)-267/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-267/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-267/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,165 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 14 mart 2024-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2024-cü il, saat 15 radələrində “İnstagram” sosial şəbəkəsindən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Məhəmmədəli adlı şəxsdən 15 manat müqabilində “kakos” kimi tanıdığı narkotik vasitə almış, belə ki həmin şəxs narkotik vasitənin qoyulduğu yerin şəklini ona göndərmiş, o da həmin yerdən narkotik vasitəni götürərək 15 manat pul qoymuşdur. O, narkotk vasitəni əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoymuş, piyada üzü Nizami rayonu, C.Naxçıvanski küçəsi, 147 ünvanına gələrkən uşaqlıq dostu Şahid1 ilə rastlaşmışdır. Həmin gün saat 15:30 radələrində 4 nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Nizami rayon Polis İdarəsinə dəvət etmiş, onlar etiraz etməyib Polis İdarəsinə gəlmişlər. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan və müdafiəçi ilə təmin olunduqdan sonra üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı bildirilmiş və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan kakos kimi tanıdığı narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. O, üzərindən aşkar edilən həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 15 manat pul müqabilində əldə etmiş, Şahid1 narkotik vasitə istifadəçisi olduğunu bilmiş, lakin həmin vaxt onun da üzərində narkotik vasitə olmasından məlumatsız olmuşdur. Həmçinin o, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Törətdiyi əməldən çox peşmandır. Ailəyə yeganə qazanc gətirın şəxs odur. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur, əvvəllər qonşu olmuşlar, daha sonra Eltac başqa ünvana köçmüşdür. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, 15 manat pul müqabilində narkotik vasitə əldə etmiş, üzərində saxlamış, daha sonra piyada üzü Nizami rayonu, C. Naxçıvanski küçəsi 147 ünvanına gələrkən təsadüfən uşaqlıq dostu Təqsirləndirilən şəxs ilə rastlaşaraq salamlaşmışdır. Təxminən saat 15:30 radələrində dörd nəfər mülki geyimli polis əməkdaş onları saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə gəlmişlər. Orada otaqların birində ona hüquq və vəzifələrim izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamağında şübhəli olduğu bildirilib dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmış, üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməsi təklif olunmuş, o da əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan kakos kimi tanıdığı narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Lakin Eltacın onun narkotik vasitə əldə etməyindən xəbəri olmamışdır. Çünki narkotik vasitəni götürdükdən sonra sözügedən ərazidə onlar təsadüfən üz-üzə gəlmişlər. Onun da Eltacın narkotik vasitəni əldə etməyindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 14 mart 2024-cü il tarixdə xidmətdə olarkən Samir adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq həmin şəxsin olduğu yer müəyyən edilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində ünvan 5 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Samir adlı şəxs və yanında bir nəfər Eltac adlı şəxs saxlanılaraq hər ikisi Nizami rayon Polis İdarəsinə gətirilmişdir. İnzibati binada xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyini bildirib, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu-sual edilərkən Təqsirləndirilən şəxs bu maddə kütləsinin kakos kimi tanıdığı narkotik vasitə olduğunu, 15 manat pul müqabilində şəxsi istifadəsi üçün tanımadığı İranlıdan əldə etdiyini bildirmişdir.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/1530 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksləri olan iki ədəd zərfdə olan; -üzərində “Şahid1 üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,144 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli, 2159 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha yüngül cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmanı qeyri-mümkün etmiş olacaqdır. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 29.177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2- 26949/2025 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının təsiri altına düşdüyü üçün cərimə cəzasından azad edilmişdir. AR CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 ay (dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 ay 28 gün (üç ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 03 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat məbləğin ½ hissəsi, yəni 32 (otuz iki) manat 50 (əlli) qəpik hissəsi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə 0,115 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar