Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-268/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 18, mənzil 37-də yaşamış, 06 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 fevral 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 15 sentyabr 2021-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, törətdiyi digər cinayət əməlinə görə 20 sentyabr 2021-ci il tarixdə tutulmuş, 22 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,182 qram psixotrop maddə metamfetamin əldə edib daşımaqla saxlamış, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 fevral 2021-ci il tarixdə saat 16:15 radələrində ünvan 1 ünvanda saxlanılaraq ünvan 2n Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş halda 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,110 qram və 0,072 qram, ümumi təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət əvvəldən müxtəlif növ narkotik vasitələrin istifadəsi ilə məşğul olmağa başlamışdır. 2021-ci ilin yanvar ayının ortalarında “Qara Qarayev” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən metamfetamin kimi tanıdığı narkotik vasitə almışdır. 06 fevral 2021-ci il tarixdə saat 16 radələrində Qara Qarayev prospekti, 108 ünvanında yerləşən yaşayış binasının qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib və polis əməkdaşı olduqlarını bildirərək onu 24-cü PŞ-nə aparmışlar. Polis şöbəsində hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Polislərin təklifi ilə o, üzərində olan gödəkcəsinin sol yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülü vəziyyətdə gəzdirdiyi metamfetamin kimi tanıdığı özünə məxsus narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Sorğu zamanı o, metamfetamini hansı tarixdə və qaydada əldə etdiyini polislərə etiraf etmişdir. Baxış zamanı tərtib olunmuş protokolu və narkotik vasitənin qoyulduğu zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə Mürsəl adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat raportla şöbə rəisinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq alındıqdan sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında xarici əlamətləri Mürsəl adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər, onların təklifi əsasında həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxs tərəflərindən 24-cü PŞ-nə dəvət olunmuşdur. PŞ-də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən, könüllü olaraq əynindəki geyim əşyalarına baxışın keçirilməsi üçün şərait yaratmış və əynindəki göy rəngli gödəkcənin sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş, içərisində gümüşü rəngli iki ədəd bükümdə ağ rəngli kristallik formada spesifik iyə malik olan maddə metamfetamin kimi tanıdığı psixotrop maddəni təqdim edərək, həmin maddəni bir ay əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd qutuda ”Kent 4” markalı siqaret, üç ədəd alışqan, bir manat pul, əynindəki şalvarın arxa sol cibindən bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra aşkar olunmuş maddə qablaşdırılmaqla keçirilmiş tədbir barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 06 fevral 2021-ci il və 11 may 2021-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 16:45-də Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əşya varsa təqdim etməsi təklifi edilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən, könüllü olaraq əynində olan geyim əşyalarına baxışın keçirilməsi üçün şərait yaratmış və əynində olan göy rəngli gödəkcənin sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş, içərisində gümüşü rəngli iki ədəd bükümdə ağ rəngli kristallik formada spesifik iyə malik olan maddə metamfetamin kimi tanıdığı psixotrop maddəni təqdim edərək, həmin maddəni bir ay əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd qutuda ”Kent 4” markalı siqaret və 03 ədəd alışqan, bir manat pul, əynində olan şalvarının arxa sol cibindən bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Videogörüntüyə baxış zamanı həmin halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 25-26, 72) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2021-ci il tarixli 6/551 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №164” dairəvi möhür əksləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qr., 0,072 qr., ümumi təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,182 qr, tədqiqata sərf edildi 0,100 qr, qalıq 0,082 qr. (i.v. 31-35) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 10 mart 2021-ci il tarixli 721 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85) - 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, ondan aşkar edilmiş 0,182 qram psixotrop maddə metamfetamin və bir ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,082 qram olan metamfetamin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, CD disk cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından cinayət işinin materiallarından həmin naməlum mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədilə Nizami RPİ-nə göndərilmişdir. (i.v. 86-89) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 16) -Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 56-57) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 08 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 58-59) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilmişdir. (i.v. 63-64) -Bakı şəhəri Nizami rayon icra şöbəsinin 22 may 2013-cü il tarixli məlumatının və həmin tarixli qərarının surətlərindən görünür ki, “Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.7 bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2013-cü il tarixli hökmü ilə təyin olunmuş 300 manat cərimə cəzasından azad edilmişdir. (i.v. 108-110) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu və üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməyərək gizləndiyindən barəsində axtarış elan edilmiş və həmin qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 4(007)- 294/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi 20 sentyabr 2021-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, 22 sentyabr 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokkurorun təqdimatı əsasında həbsetmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbinə uyğun olaraq, qeyd edir ki, Təqsirləndirilən şəxs onun barəsində çıxarılmış hökmə münasibətdə məhkumluğu olmayan şəxs hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 06 fevral 2021-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi ilə bağlı olmuşdur, məhkəmə icraatı dövründə hazırkı işlə bağlı onun barəsində həbs qətimkan tədbiri seçilsə də, təqsirləndirilən şəxsin tutulması həmin qərarın icrası ilə bağlı baş verməmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə 20 sentyabr 2021-ci il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək, hesab edir ki, hazırkı işlə bağlı onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o cümlədən təqsirləndirilən şəxs qismində cəlb edildiyi digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,082 qram psixotrop maddə-metamfetamin məhv edilməli, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 06 fevral 2021-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, o cümlədən təqsirləndirilən şəxs qismində cəlb edildiyi digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,082 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 81,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h - AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-268/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-268/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver