Məhkəmə qərarları › İş №1(007)-268/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-268/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-268/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs İsmayıl qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi, ev 20-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, 11 yanvar 2023-cü il tarixdə tutulmuş, 14 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə 10 yanvar 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “Bazar Store” adlı mağazaya müştəri qismində gələrək, orada olan digər müştəri Zərərçəkmiş şəxs İsmayıl qızının alışveriş etmək üçün istifadə etdiyi təkərli səbətə qoyduğu içərisində 6805 manat nağd pul, bir ədəd 10 manat dəyərindəki dəri materialdan hazırlanmış qara rəngli pul qabı, hər biri 10 manat dəyərindəki özünə və əri X1 məxsus şəxsiyyət vəsiqələri olan 20 manat dəyərindəki dəri materialdan hazırlanmış tünd qırmızı rəngli əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilkdə 6855 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə saat təxminən 09 radələrində Xətai rayonu ərazisində yerləşən fərdi qaydada işlədiyi iş yerinə getmək üçün evdən çıxmışdır. Yolda olarkən “Bir Kart” kredit kartı əldə etmək qərarına gəlib bu məqsədlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən “Kapital Bank”a daxil olmuşdur. Növbədə insanlar çox olduğundan pul verilən kassaya tərəf yaxınlaşaraq orada dayanmışdır. Həmin vaxt kassanın qarşısında açıq rəngli palto geyinmiş, təxminən 50-60 yaş arası yaşı olan qadının və narıncı rəngili gödəkcə geyinmiş təxminən 20-25 yaşlarında oğlanın dayandığını görmüşdür. Qadın kassadan pul almış və sayaraq əl çantasına qoymuşdur. Onun pula ehtiyacı olduğundan və borcları da çox olduğundan qadının çantasındakı pulları oğurlamaq qərarına gəlmişdir. Qadın və yanındakı oğlan bankdan çıxaraq getməyə başlamışlar, o da həmin şəxslərlə ara məsafəsi saxlayaraq arxalarınca getmişdir. Həmin şəxslər bankdan təxminən 5-6 dəqiqəlik məsafədə ünvan 1 ünvanında yerləşən “Bazar Store” adlı mağazaya daxil olmuşlar. O da həmin şəxslərin arxasınca mağazaya daxil olmuşdur. Qadın mağazanın giriş hissəsində alış-veriş etmək üçün qoyulmuş olan təkərli səbəti götürərək mağazada alış-veriş etməyə başlamışdır. O da həmin zaman həmin şəxslərin arxasınca qadının əl çantasını oğurlamaq məqsədi ilə gəzməyə başlamışdır. Mağazanın içərisində təxminən 5-10 dəqiqə həmin şəxslərin arxasınca gəzdikdən sonra qadın və oğlan vitrinlərin birində dayanaraq vitrində olan mallara baxmışlar. Həmin zaman qadının əl çantasının alış-veriş səbətinin içərisində olmasını görüb dərhal çantanı götürmək üçün həmin şəxslərin arxa hissəsinə yaxınlaşmış və sol əlini uzadıb onların arxa hissəsində olan səbətlərinin içərisindəki tünd qırmızı rəngli qadın çantasını səbətin içərisindən oğurlayaraq dərhal mağazadan çıxmışdır. Mağazanın arxa hissəsinə keçərək əl çantasını açmış, çantada olan 6805 manat pulu götürmüşdür. Oğurladığı əl çantasını isə mağazanın arxasında yerə atmışdır. Oradan yola çıxaraq yoldan keçən taksiyə minib əvvəlcədən özünə məxsus “Samsung” markalı mobil telefonunu girov qoyduğu Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında yerləşən lombarda getmiş, oğurladığı puldan 156 manatını lombarda verərək mobil telefonunu götürmüşdür. Sonra isə taksi ilə yaşadığı evə getmişdir. Oğurluq edən zaman onun fikri yalnız pul əldə etmək olmuş, digər əşyalar onun üçün əhəmiyyətli olmadığı üçün götürməmiş, əl çantasının içərisində mağaza yaxınlığında yolun kənar hissəsinə atmışdır. Oğurladığı puldan 156 manatını lombarda ödəyərək mobil telefonunu almış, qalan hissəsini isə əl borcu olduğu şəxslərə vermiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Səhəri gün, yəni 11 yanvar 2023-cü il tarixdə 25-ci polis şöbəsinin əməkdaşları onu yaşadığı ünvanda saxlayaraq özləri ilə aparmışlar, həmin vaxtdan 25-ci polis şöbəsində və Nizami rayon polis idarəsində saxlanılmış, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilənədək azad edilməmişdir. Saxlanılarkən üzərində olan, oğurladığı pullardan qalmış 3000 manat pulu polislərə təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, himayəsində bir azyaşlı uşağı olduğunu göstərmiş, həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İsmayıl qızı ifadəsində göstərmişdir ki, əri İlqar Əliyev 09 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. O, oğlu Eldarla birlikdə ərinin yas mərasimini vermək məqsədi ilə kreditə pul götürmək üçün 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən “Kapital Bank”a getmişdir. Pensiya aldığı üçün bankda ona kreditlə 6742 manat pul vermişlər, o, götürdüyü pulu kassanın qarşısında sayaraq əl çantasına qoymuşdur. Sonra Eldarla birlikdə bankdan çıxaraq bazarlıq etmək məqsədi ilə saat təxminən 14 radələrində bankın yaxınlığında ünvan 1 ünvanında yerləşən “Bazar Store” adlı mağazaya getmişlər. Mağazanın giriş hissəsində alış-veriş etmək üçün olan təkərli səbət götürmüşlər və mağazada ərzaq seçmək üçün gəzərək bazarlıq etmişlər. Bazarlıq edən zaman özünə məxsus əl çantasını alış-veriş səbətinin içərisinə qoymuşdur. Mağazada alış-veriş edib çıxan zaman kassanın qarşısına gəldikdə əvvəlcədən alış-veriş səbətinə qoyduğu əl çantasının olmadığını aşkar etmişdir. Eldar dərhal zəng edərək bu barədə polisə məlumat vermişdir. Çantasında 6805 manat pul, özünə və vəfat etmiş ərinə məxsus şəxsiyyət vəsiqələri və evin açarları olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 6855 manat ziyan dəymişdir. Belə ki, 6805 manat nağd pul olmuş, hər bir 10 manata əldə etdikləri şəxsiyyət vəsiqələri, bir ədəd 10 manat dəyərində dəri materialdan hazırlanmış qara rəngli pul qabı, bir ədəd 20 manat dəyərində dəri materialdan hazırlanmış tünd qırmızı rəngli əl çantası oğurlanmışdır. Hazırda ona vurulmuş maddi ziyanın əvəzi tam olaraq ödənilmişdir, ona görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, məhkəməyə bu barədə ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs (anası) Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 156 ünvanında yerləşən özünə məxsus “Emil Telekom” adlı lombardı işlədir. Lombardın fəaliyyəti mobil telefonların satışı və digər əşyaları girov götürməklə faizə pul verməkdən ibarətdir. Təqsirləndirilən şəxs adlı şəxs 20 dekabr 2022-ci il tarixdə lombarda gələrək özünə məxsus “Samsung A13” markalı mobil telefonunu girov qoyub 130 manat pul götürmək istədiyini bildirmişdir. O, həmin telefona baxıb telefonu 170 manat məbləğində qiymətləndirmiş və Təqsirləndirilən şəxs həmin telefona görə bir ayı 26 manat ödəmək şərti ilə 130 manata girov götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşıb özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini və “Samsung A13” markalı mobil telefonunu girov qoyaraq 130 manat pul götürmüşdür. 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin lombarda gələrək 156 manat pul ödəyib girov qoyduğu “Samsung” markalı mobil telefonunu götürüb çıxıb getmişdir. 12 yanvar 2023-cü il tarixdə lombarda 25-ci polis şöbəsinin əməkdaşları gələrək ona bildirmişlər ki, Təqsirləndirilən şəxs cinayət yoİu ilə əldə olunmuş pulla lombarda girov qoyduğu “Samsung” markalı mobil telefonunu lombarddan götürmüşdür. O da polis əməkdaşlarına Təqsirləndirilən şəxs bir neçə gün əvvəl özünə məxsus “Samsung” markalı mobil telefonunu lombarda girov qoyaraq pul götürdüyünü, 10 yanvar 2023-cü il tarixdə lombarda gələrək 156 manat pul ödəyib girov qoyduğu “Samsung” markalı mobil telefonunu götürüb çıxıb getdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ona verdiyi 156 manat pulun cinayət yolu ilə əldə olunmuş pul olmasını bilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə işdə növbədə olduğu zaman sonradan adının Zərərçəkmiş şəxs İsmayıl qızı olduğunu bildiyi bir nəfər şəxs Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə gəlib ərizə ilə müraciət edərək 10 yanvar 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “Bazar Store” adlı mağazada bazarlıq edən zaman təkərli səbətə qoymuş olduğu içərisində 6800 manat pulu, şəxsiyyət vəsiqələri, mənzil açarları olan əl çantasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Şöbə rəhbərliyi onlara göstəriş vermişdir ki, oğurluq edən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “Bazar Store” adlı mağazada təkərli səbətə qoyulmuş Zərərçəkmiş şəxs İsmayıl qızına məxsus içərisində 6800 manat pulu, şəxsiyyət vəsiqələri və mənzil açarları olan əl çantasını oğurlayan şəxsin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olmuş və həmin şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində saxlanılaraq 25-ci polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 10 yanvar 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “Bazar Store” mağazasına gələrək, mağazada işləyən satıcıların digər müştərilərlə məşğul olmasından istifadə edib mağazada alış-veriş etmək üçün olan təkərli səbətə qoyulmuş Zərərçəkmiş şəxs İsmayıl qızına məxsus içərisində 6800 manat pulu, şəxsiyyət vəsiqələri, mənzil açarları olan əl çantasını oğurlamış, çantada olan 6800 manat pulu götürüb çantanı naməlum istiqamətdə tullamış, əldə etdiyi 6800 manat pulun 156 manatını Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən lombarda girov qoyduğu “Samsung” markalı mobil telefonunu götürmək üçün vermiş, həmin puldan bir qismini borclarını ödəyərək öz şəxsi ehtiyaclarına xərcləmiş və qalan 3000 manat pulu isə özündə saxlamışdır. Bununla bağlı şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Həmin 3000 manat təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs götürülüb materiala əlavə edilərək Təqsirləndirilən şəxs ilə bir yerdə Nizami rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs İsmayıl qızının və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin ünvan 1 ünvanında yerləşən “Bazar Store” adlı mağazanın olduğu müəyyən edilmişdir. (i.v. 12-14) - 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs 30 ədəd 100 manatlıq əskinas olmaqla 3000 manat məbləğində pul aşkar edilərək götürülmüşdür. (i.v. 21) - 12 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, oğurluq etdiyi yeri əyani olaraq göstərib, oğurluq əməlini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 43-45) - 14 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ünvan 1 ünvanında yerləşən “Bazar Store” adlı mağazada quraşdırılmış video kameralardan götürülmüş Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs İsmayıl qızına məxsus içərisində 6800 manat nağd pul, şəxsiyyət vəsiqələri, mənzil açarları olan əl çantasının oğurlanmasını əks etdirən videogörüntü olan DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, video görüntü 04 hissədən ibarətdir. 1-ci video görüntü: 00:00:22 dəqiqə davamlıdır, video görüntüdə, mağazada yerləşən vitrinin qarşısında dörd nəfər şəxsin dayanması qeyd olunmuş və bir nəfər qara geyimdə, vitrindən sol hissədə dayanmış olan vitrinə baxan şəxsin dayanmış olan şəxslərin arxa hissəsində olan alış-veriş səbətinə tərəf gələrək sol əli ilə alış-veriş səbətinin içərisindən çanta götürməsi və çantanı əynində olan gödəkcənin içərisinə qoyması qeyd olunmuşdur; 2-ci video görüntü: 00:00:21 dəqiqə davamlıdır, videodan mağazanın çıxış qapısından qara rəngli geyimdə başında qara rəngli papaq olan bir nəfər şəxsin çıxması görünür. 3-cü video görüntü: 00:00:13 dəqiqə davamlıdır, videoda mağazanın giriş hissəsinə iki nəfər boz rəngli gödəkcə və tünd kök rəngli qadın və oğlanın girməsi və arxalarınca bir nəfər qara gödəkcəli qara papaq qoymuş şəxsin daxil olması görünür; 4-cü video görüntü: 00:00:25 dəqiqə davamlıdır, videoda mağazanın içəri giriş hissəsinə iki nəfər boz rəngli gödəkcə və tünd kök rəngli qadın və oğlanın girməsi və arxalarınca bir nəfər qara gödəkcəli qara papaq qoymuş şəxsin daxil olması görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs video görüntüdə olan qara rəngli gödəkcə və başında qara rəngli papaq qoyan şəxsin özü olmasını bildirərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən “Kapital Bank”a “Bir kart” kredit kartı əldə etmək üçün daxil olmuşdur. Növbədə insanların çox olması səbəbindən pul verilən kassaya tərəf yaxınlaşaraq orada dayanmışdır. Həmin zaman kassanın qarşısında təxminən 50-60 yaş arası açıq rəngli palto geyinmiş və yanında təxminən 20- 25 yaşlarında narıncı rəngili gödəkcə geyinmiş oğlan dayandığını, qeyd edilən qadının kassadan pul aldığını və sayaraq əl çantasına qoymasını görmüşdür. Pula ehtiyacı olduğundan və borclarının çox olması səbəbindən qadının çantasındakı pulları oğurlamaq qərarına gəlmişdir. Həmin zaman qadın və yanındakı oğlan bankdan çıxaraq getməyə başlamışlar. O, həmin şəxslərlə ara məsafəsi saxlayaraq arxalarınca getmişdir. Hər ikisi bankdan təxminən 5-6 dəqiqəlik məsafədə yerləşən ünvan 1 ünvanında olan “Bazar Store” adlı mağazaya daxil olmuşlar. O da həmin şəxslərin arxasınca mağazaya daxil olmuşdur. Yaşlı qadın mağazada giriş hissədə alış-veriş etmək üçün qoyulmuş təkərli səbəti götürərək mağazada alış-veriş etməyə başlamışdır. O da həmin zaman həmin şəxslərin arxasınca qadının əl çantasını oğurlamaq məqsədi ilə gəzməyə başlamışdır. Təxminən mağazanın içərisində 5-10 dəqiqə həmin şəxslərin arxasınca gəzdikdən sonra qadın və oğlan vitrinlərin birində dayanaraq vitrində olan mallara baxmışlar. Həmin zaman qadının əl çantasını mağazadan əvvəlcədən götürmüş olduğu alış-veriş səbətinin içərisində olmasını görüb, dərhal bu fürsətdən istifadə edərək çantanı götürmək üçün həmin şəxslərin arxa hissəsinə gəlmiş və onların arxa hissəsində qoymuş olduqları səbətin içərisində olan tünd qırmızı rəngli qadın çantasını sol əlini uzadıb səbətin içərisindən oğurlayaraq dərhal mağazadan çıxmışdır. (i.v. 88) - 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 326.2, 180.1, 177.2.1 və 177.2.5-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 Allahverdı oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3000 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs İsmayıl qızına təhvil verilmiş, 25-ci polis şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ünvan 6 ünvanında yerləşən “Bazar Store” adlı mağazada quraşdırılmış video kameralardan götürülmüş Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs İsmayıl qızına məxsus içərisində 6800 manat nağd pul, şəxsiyyət vəsiqələri, mənzil açarları olan əl çantasının oğurlanmasını əks etdirən video görüntü olan DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs ailə üzvlərinin onun oğurluq etməsindən xəbərləri olmağından onların barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 115-124) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 65) - 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 96-98) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 25 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti tətbiq edilməklə cəzası şərti hesab edilmişdir. (i.v. 103-104) -Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs İsmayıl qızının 03 may 2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə köməklik olunmasını xahiş edir. -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2015-ci il təvəllüdlü Davud adlı oğlu qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməklə onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum edilmə üçün hüquqi əsasların mövcud olması haqqında tələb azadlıqdan məhrum etmənin bütün müddətinə şamil olunur. Bir sıra hallarda bu şərtin pozulduğu müəyyən edilmişdir. Belə ki, azadlıqdan məhrum etmənin hüquqi əsasları öncə qanuni olsa da, müəyyən müddət keçdikdən sonra həmin əsaslar öz qanuniliyini itirmiş olur. Məsələn, Kuin Fransaya qarşı məhkəmə işində (Kuin Fransaya qarşı iş üzrə 22 mart 1995-ci il tarixli qərar) daxili məhkəmə Fransa qanunları əsasında həbsə alınmış şəxsin azad edilməsi haqqında qərar çıxarmışdır. Azad edilmə haqqında qərar qəbul olunduqdan sonra ərizəçi daha 11 saat həbsdə saxlanmış və qərarın icrası üçün heç bir hərəkət edilməmişdir. Görünür həmin müddət prokurorluğa ərizəçinin təhvil verilməsi barədə məhkəmə icraatına başlaya bilməsi üçün lazım idi. Bu halda həmin icraat azad edilmə haqqında məhkəmə qərarını qabaqlayaraq onun icrasını dayandırmış olurdu. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, bu halda müddətin süni surətlə uzadılması Konvensiyanın 5-ci maddəsinin (Maddə 5. Azadlıq və şəxsi toxunulmazlıq hüququ) tələblərinə cavab vermir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən 11 yanvar 2023-cü il tarixdə saxlanılmış, 25-ci polis şöbəsinə aparılaraq təhvil verilmiş, barəsində tutma protokolu 12 yanvar 2023-cü il tarixdə tərtib edilsə də, faktiki olaraq 11 yanvar 2023-cü il tarixdən etibarən 14 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsinədək tutmada saxlanılmış, azad edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 11 yanvar 2023-cü il tarixdə saxlanıldıqdan sonrakı müddət azadlığının faktiki məhdudlaşdırıldığı müddət hesab olunmaqla onun həbsdə saxlanılma müddətinə daxil edilməli, onun həmin vaxtdan hazırkı 11 may 2023-cü il tarixinədək həbsdə olduğu ümumilikdə 04 ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 08 aya bərabər sayılmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 3000 manat nağd pul vəsaitinin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs İsmayıl qızına təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 11 yanvar 2023-cü il tarixdən 11 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 08 (səkkiz) aya bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış 3000 manat nağd pul vəsaitinin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs İsmayıl qızına təhvil verilməsi nəzərə alınsın, 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar