Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-268/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 09 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 91-də yaşayan, 23 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2024cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 noyabr 2024-cü il tarixdə saat 08:20 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 53 ünvanında Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi taxta konstruksiyalı piştaxtada saxlanc yeri hesab edilən dolabın qapısının üzərində olan xarici qıfıla fiziki zor tətbiq edib dolabın qapısını açıb qanunsuz daxil olaraq, həmin dolabın içində Zərərçəkmiş şəxs məxsus 30 qəpik dəyərində göy rəngli sellofan torbanı və həmin torbada bir ədədi 15 manat dəyərində ümumilikdə 975 manat dəyərində olan 65 ədəd kişi baş geyimini gizli yolla talayıb, Zərərçəkmiş şəxs 975 manat 30 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət olmamışdır. Bakı şəhərində küçələrdə metal və plastik qablarını yığıb satmaqla gəlir əldə etmişdir. Bu məqsədlə 17 noyabr 2024-cü il tarixdə saat 08:20 radələrində ünvan 2 ünvanın qarşısında tək piyada gəzərkən yolun kənarında divar boyu taxta konstruksiyadan yığılmış piştaxtanın olduğunu, həmin piştaxtada dolab olduğunu görmüşdür. Dolab diqqətini cəlb etdiyi üçün düşünmüşdür ki, içində nə isə dəyərli bir şey ola bilər. Həmin vaxt dolabın qapısının qıfıl ilə kilidli olmasını bir neçə dəfə təpiklə vurmaq yolu ilə qıfılı qırıb qapını açmış və dolabın içində bir ədəd göy rəngli sellofan torbada parça materialından tikilmiş kişi papaqlarının olduğunu görmüşdür. Həmin papaqları sonradan satıb gəlir əldə etmək üçün sellofan torba ilə birlikdə götürmüş və həmin yerdən uzaqlaşmışdır. Onun həmin yerdən qeyd etdiyi papaqları götürməyini heç kim görməmişdir. Buna baxmayaraq arxasınca gələn şəxsin olub-olmadığını yoxlamaq üçün bir qədər ətraf küçələrdə gəzişmişdir. Bir qədər gəzdikdən sonra əvvəlcə yolda dayanıb həmin göy rəngli torbanın ağzını bağlamış və yaxınlıqda olan “Neftçilər” metrostansiyasına düşmüşdür. Həmin stansiyadan “20 Yanvar” metrostansiyasına getmişdir. Həmin stansiyanın çıxışında dayanaraq bir qədər əvvəl oğurladığı papaqları saymış və məlum olmuşdur ki, ümumilikdə həmin yerdən 40 ədəd papaq oğurlamışdır. “20 Yanvar” metro stansiyasının çıxışında həmin gün təxminən bir saat ərzində papaqların 14 ədədini həmin vaxt küçədən keçən, tanımadığı ayrı-ayrı şəxslərə birini 6 manatdan olmaqla, ümumilikdə 84 manata satmışdır. Yerdə qalan 26 ədəd papaqdan 24 ədədini, birini 6 manatdan olmaqla ümumilikdə 144 manat qarşılığında onunla bir məhəllədə yaşayan, Nail adlı tanışına 17 noyabr 2024-cü il tarixdə Yasamal rayonu 2-ci Alatava yaşayış massivində satmışdır. Bundan sonra həmin papaqları oğurlayarkən həmin dolabdan götürdüyü göy rəngli sellofan torbanı isə yaşadığı məhəllədə zibil qabına tullamışdır. Yerdə qalan 2 ədəd papağa isə müştəri tapa bilmədiyi üçün özü ilə birlikdə aparmışdır. 23 noyabr 2024-cü il tarixdə günorta saatlarında əlində olan iki papağı da satmaq üçün həmin papaqları da götürərək, yaşadığı evdən çıxıb “20 Yanvar” metro stansiyasının yaxınlığına getmişdir. Həmin papaqları satmaq üçün metronun çıxışda gözləyərkən saat təxminən 15 radələrində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb onun oğurluq cinayətində şübhəli olduğunu demişlər və onu 25-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahat verərək, törətmiş olduğu əməli polislərə etiraf etmiş və əlində olan iki ədəd papağı da polis əməkdaşlarına təhvil vermişdir. Nail adlı tanışına satdığı 24 ədəd papağı verərkən ona papaqların oğurluq olması barədə heç nə deməmiş və Nail əvvəlcədən onun həmin papaqları oğurlayacağından xəbərsiz olmuşdur. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda, “Neftçilər” metrostansiyasının çıxışında taxta konstruksiyadan qurulmuş piştaxtanı aylıq 500 manat qarşılığında icarə əsasında işlədir. Orada təxminən 7 ildir ki, kişi papaqları və kişi əl çantalarının satışını həyata keçirir. Həmin ticarət məkanının sahibkarı özüdür. Xalası oğlu X1 isə təxminən 2 ildir ki, onun yanında günəmuzd 20 manat qarşılığında satıcı olaraq işləyir. Orada satışa çıxarılan məhsulların sahibi özüdür. O, həmin məhsulları Binə Ticarət Mərkəzində olan müxtəlif topdansatış məntəqələrindən alaraq həmin yerdə satdırır. Həmin piştaxta üçün Şamil adlı şəxsə ayda 500 manat icarə haqqı verir. İşlədiyi yer heç bir ticarət mərkəzinə bağlı deyildir. Küçədə piyadaların hərəkət etdiyi pilləkənlərin yan tərəfində divara bərkidilmək üsulu ilə həmin piştaxtanı qurmuşdur. Piştaxtada gün ərzində satışa çıxarılan məhsullar iş vaxtı bitdikdən sonra piştaxtanın üzərinə dəmir konstruksiyalı dəmir jalüzlə bağlanır. Bundan başqa piştaxtanın alt tərəfindən taxta konstruksiyadan hazırlanmış taxta qapılı, qapısını qıfıl ilə kilidlədiyi bir dolab vardır. Həmin dolabdan vitrinə sığmayan ehtiyat malları saxlamaq üçün anbar kimi istifadə edir. İstifadə olunmadığı müddətdə dolabın qapısı daim qıfıl ilə bağlı olur. 17 noyabr 2024-cü il tarixdə saat 09 radələrində işə başlayarkən aşkar etmişdir ki, işlədiyi piştaxtada olan, qapısı qıfıl ilə kilidlənmiş dolabın qapısında olan qıfıl naməlum şəxs tərəfindən sındırılmış, dolabda saxladığı göy rəngli sellofan paketin içində olan 65 ədəd kişi papağı sellofan torba ilə birlikdə oğurlanmışdır. Oğurlanan papaqlar iki çeşiddə, ümumi 65 ədəd olmuşdur. Onların 30 ədədi uzun dimdikli, qara rəngli, üzəri kaşmir materiallı papaq, 35 ədədi isə açıq göy rəngli, yun toxumalı, qısa dimdikli papaq olmuşdur. Həmin məhsulları o, 2024-cü ilin oktyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Binə Ticarət Mərkəzində topdansatış mağazasından hər birini 15 manata almışdır. Həmin papaqların içərisində olduğu göy sellofan torbanın dəyəri 30 qəpik təşkil etmişdir. Baş vermiş hadisə nəticəsində ona 975 manat 30 qəpik dəyərində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstəmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin polis sahə inspektoru vəzifəsində çalışır. Vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi piştaxtadan papaqların oğurlanması ilə bağlı 23 noyabr 2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci polis şöbəsinə etmiş olduğu müraciət ilə bağlı aparılan araşdırma ilə əlaqədar olaraq 25-ci polis şöbəsinin təhqiqatçısı Sadiq Həsənov tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilmiş, həmin gün Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, 25-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2la birlikdə 23 noyabr 2024-cü il tarixdə Nəsimi rayonu “20 Yanvar” metrostansiyası yaxınlığındakı “Velotrek” adlı ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Nizami RPİnin 25-ci polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirərkən onun əlində iki ədəd kişi papağı olmuşdur. Təqsirləndirilən şəxs ilə apardıqları söhbət zamanı, o, əlində olan iki ədəd kişi papağının 17 noyabr 2024-cü il tarixdə Q.Qarayev prospektində yerləşən taxta piştaxtadan oğurladığı papaqlardan olmasını demişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən həmin iki ədəd papaq Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxs yerdə qalan papaqları satmasından əlavə hər hansı məlumat verməmişdir. Saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onun Şahid1lə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus əmlakların oğurlanması ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 23 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pospekti, 53 ünvanında pilləkən meydançasının sağ tərəfində taxta materialdan hazırlanmış şkafdan qapısının kilidinin sındırılması yolu ilə 65 ədəd kişi papağının oğurlanması müəyyən edilmişdir. (i.v. 6-8) - 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 23 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi CD diskə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı diskdə xx.xx.2024-cü il tarixdə saat 08:20-dən saat 08:27-dək olan müddətdə hadisə yerindən götürülmüş videomüşahidə kameralarında xx.xx.2024-cü il tarixdə saat 08:20 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 53 ünvanının qarşısında pilləkənlərin sağ tərəfinə əynində qara rəngli şalvar, orta boylu, başında papaq, sellofan torbanı götürüb getməsi və hadisə yerində uzaqlaşması müşahidə edilmişdir. (i.v. 11) - 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi kişi üçün 02 ədəd papaq ondan götürülmüşdür. (i.v. 18) - 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə 17 noyabr 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edilmişdir ki, 17 noyabr 2024-cü il tarixdə saat 08:20 radələrində ünvan 5 ünvanın qarşısında pilləkənlərin sağ tərəfinə əynində qara rəngli şalvar, orta boylu, başında papaq, üzərində qara rəngli gödəkcə, arıq bədən quruluşlu şəxsin (kişi) çiyin nahiyəsinə göy rəngli sellofan torbanı götürüb getməsi və hadisə yerindən uzaqlaşması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş videogörüntüyə baxış keçirildikdən sonra 17 noyabr 2024-cü il tarixli görüntüdə saat 08:20 radələrində ünvan 5 ünvanın qarşısında pilləkənlərin sağ tərəfinə əynində qara rəngli şalvar, orta boylu, başında papaq, üzərində qara rəngli gödəkcə, arıq bədən quruluşlu şəxsin (kişi) çiyin nahiyyəsinə göy rəngli sellofan torbanı götürüb gedən şəxsin özü olmasını və həmin görüntünün həqiqətən də oğurluq hadisəsi zamanı qeydə alınmış görüntü olmasını bildirmişdir. (i.v. 41) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 yanvar 2025-ci il tarixli 9/10078 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -01 ədəd üzərində “Xınyuansheng” yazısı olan, qara rəngli papaq – 13,00 manat; -01 ədəd üzərində “Lömzn” yazısı olan, tünd göy rəngli papaq – 15,00 manat. (i.v. 100-102) - 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs və Nail adlı şəxsin barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Nail adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 1942.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs hadisə nəticəsində guya 65 ədəd deyil, 40 ədəd papaq oğurlaması kimi gətirmiş olduğu dəlil zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu və cinayət işinin materialları ilə təkzib edildiyindən, özünü müdafiə xarakteri daşıdığından rədd edilmiş, xx.xx.2024-cü il tarixli oğurluq hadisəsinin videogörüntülərini əks etdirən bir ədəd CD disk və 2 ədəd kişi papağı maddi sübut kimi tanınmış, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, 2 ədəd papaq Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 124-129) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 34-35) - 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 73-74) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 78-79) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməklə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 23 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazıra, yəni 03 iyun 2025-ci il tarixədək ümumilikdə 06 ay 11 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış oğurluq hadisəsinin videogörüntülərini əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 02 ədəd papağın məhkəməyədək icraat zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 16 saat 6 manatdan, 12 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 23 noyabr 2024-cü il tarixdən 03 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 11 (on bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 22 (iyirmi iki) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış 02 ədəd papağın məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, içərisində videogörüntülər olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 228 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-268/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-268/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver