Məhkəmə qərarları › İş №1(007)-27/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-27/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-27/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mürsəl qızının, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu, Əbil kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 sentyabr 2019-cu il tarixdə səhər saat 06 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 51 saylı evin 1-ci mərtəbəsində yerləşən 2-ci mənzilin qarşısı əhatə olunmuş metal torun altından keçməklə saxlanc yeri olan bağçaya qanunsuz daxil olaraq, orada Zərərçəkmiş şəxs məxsus 519 manat dəyərində velosipedi dəmir boruya bağlanmış trosu kəsməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 sentyabr 2019-cu il tarixdə səhər saat 05 radələrində ünvan 1 ünvanında yerləşən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin uşaq bağçasının binasının plastik pəncərəsini açaraq qanunsuz olaraq həmin bağçanın binasına daxil olub oradan 80 manat dəyərində “Regular” markalı elektrik sobası və 70 manat dəyərində "Elektroluks” markalı elektrik ət çəkən maşınını gizli olaraq talayıb oğurluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 sentyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin uşaq bağçasının binasının plastik pəncərəsini açmaqla qanunsuz olaraq bağçanın binasına daxil olub oradan 200 manat dəyərində “LG’’ markalı televizoru gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin sentyabr ayının ortalarında səhər saat 06 radələrində “8-ci km” bazarının yaxınlığında binaların arası ilə gəzərkən binanın həyətində setka ilə əhatələnmiş bağçada balkonun altında dirəyə bağlanmış bir ədəd böyük velosiped olduğunu, ətrafda heç kimin olmadığını görüb divar əvəzi olan dəmir setkanın altını qaldırıb oradan həyətə keçmiş, velosipedin trosunu kəlbətinlə kəsib velosipedi götürüb gəldiyi yerdən çıxarıb sürərək oradan uzaqlaşmışdır. Həmin gün velosipedi “8-ci km” bazarında alver edən tanımadığı şəxsə 50 manata satmışdır. 28 sentyabr 2019-cu il tarixdə səhər saat 05 radələrində “Neftçilər” metrostansiyasına yaxın hündür binaların altında qarşısında uşaq bağçası yazılan binanın 1-ci mərtəbəsində plastik pəncərədə olan setkanı çıxarıb plastik pəncərəni açıb içəri daxil olmuş, mətbəx otağından 1 ədəd elektrik soba və 1 ədəd elektrik ətçəkən maşını götürmüşdür. Səhərisi gün Sabunçu qəsəbəsindəki bazarda tanmadığı şəxsə sobanı 60 manata, elektrik ət maşınını 30 manata satmışdır. 29 sentyabr 2019-cu il tarixdə gecə vaxtı saat 02 radələrində həmin uşaq bağçasına təkrar pəncərədən eyni yolla girib otaqda divara bərkidilmiş 1 ədəd “LG” markalı televizoru divardan çıxarmışdır. Səhərisi gün həmin televizoru Sabunçu qəsəbəsində bazarda tanımadığı şəxsə 80 manata satmışdır. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, “8-ci km” bazarının arxa tərəfində yerləşən məhəllədə, E.Süleymanov küçəsi, ev 51, mənzil 2-də, 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayır. Balkonunun qarşısında torpaq sahəsini metal setka ilə əhatə edib bağ salmışdır. 2019-cu ilin avqust ayında 399 manata velosiped almış, əlavə olaraq 120 manat dəyərində ön və arxa fanar, arxa yük yeri, su qabı, əyləc sistemi də əlavə etmiş, velosiped ona 519 manata başa gəlmişdir. 17 sentyabr 2019-cu il tarixdə velosipedi həyətdə balkonun dəmir boru dirəyinə trosla bağlayıb qıfıllamışdır. 18.09.2019-cu il tarixdə səhər saat 8 radələrində həyətə çıxdıqda velosipedi bağladığı dəmir trosun kəsildiyini, velosipedin oğurlandığını aşkar etmişdir. Ailəsi stres keçirmiş, qorxmuşlar. Uşağı həyətə buraxmağa çəkinirlər. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Zərərçəkmiş “X1” MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram vuraraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş “X1” MMC-nin nümayəndəsi Nümayəndə istintaqda bildirmişdir ki, Nizami rayonu, İ.ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən "xxxx" MTK-nın balansında olan obyekt sahəsini icarəyə götürüb orada “X1” MMC-nin təsisçisi olaraq uşaq bağçasının fəaliyyətinə hazırlıq tamamlama işləri aparmışdır. O, özünə məxsus təzə məişət elektrik əşyalarını ora aparmış və bağçanın fəaliyyət göstərməsi üçün hazırlıq işləri görmüş, obyektə görüntü kameraları quraşdırmışdır. 28 sentyabr 2019-cu il tarixdə səhər bağçada olan kameraya baxış zamanı müəyyən edilmişdir ki, gecə saat 05 radələrində naməlum kişi cinsli şəxs obyektə mətbəxin plastik pəncərəsini itələyib açaraq içəri daxil olub oğurluq etmişdir. Həmin şəxs oradan təzə elektrik sobası və təzə elektrik ət çəkən oğurlamışdır. Həmin vaxt polisə müraciət etmək imkanı olmadığı üçün kürəkəni polisə bu barədə ərizə ilə müraciət etmişdir. Oğurlanmış elektrik sobası “Regular” markalı təzə olub dəyəri 80 manat, ət çəkən maşın “Eurolux” markalı olub 70 manat dəyərində olmuşdur. Bundan sonra 29 sentyabr 2019-cu il tarixə keçən gecə saat 02 radələrində həmçinin kamera görüntüsünə baxarkən eyni şəxsin təkrar həmin obyektə girib oradan 80 sm. diaqonalı olan 200 manat dəyərində təzə “LG” markalı televizoru divardan sökərək oğurlamasını aşkar edib özünün xahişi ilə qızı Aytəkin bu barədə polisə ərizə ilə müraciət etmişdir. İş üzrə Şahid məhkəməyə teleqram vuraraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, anası Nümayəndə ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən "xxxx" MTK-nın balansında olan obyekt sahəsini icarəyə götürüb orada “X1” MMC təşkil edərək oranın təsisçisi olub orada uşaq bağçası fəaliyyətinə hazırlıq tamamlama işləri aparmış, anası özünə məxsus məişət elektrik əşyalarını ora aparmış və bağçanın fəaliyyət göstərməsi üçün hazırlıq işləri görmüş, lakin bağça işə başlamamışdır. Obyektə görüntü kameraları quraşdırılmışdır. 28 sentyabr 2019-cu il tarixdə səhər kameraya baxış zamanı müəyyən etmişlər ki, gecə saat 05 radələrində naməlum kişi cinsli şəxs obyektə mətbəxin plastik pəncərəsini itələyib açaraq içəri daxil olub oradan təzə elektrik sobası və təzə elektrik ət çəkən oğurlamışdır. Anasının həmin vaxt polisə müraciət etmək imkanı olmadığı üçün anasının xahişi ilə onun həyat yoldaşı polisə bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra 29 sentyabr 2019-cu il tarixə keçən gecə saat 02 radələrində həmçinin kamera görüntüsünə baxarkən eyni şəxsin təkrarən obyektə girib oradan 80 sm. diaqonalı olan təzə vəziyyətdə “LG” markalı televizoru divardan sökərək oğurlamasını aşkar edib bu barədə anasının xahişi ilə o, özü səhəri gün ərizə ilə polisə müraciət etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 19.10.2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - şübhəli şəxs qismində tutulma haqqında 19.10.2019-cu il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 20.10.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 21.10.2019-cu il tarixli qərardan görünür ki, “X1” MMC zərərçəkmiş şəxs qismində, Nümayəndə zərərçəkmişin nümayəndəsi qismində tanınmışdır. - cinayət işinin və əməlin tövsif edilməsi haqqında 21.10.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, həmin maddələrlə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21.10.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. - şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21.10.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Nizami RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmşdir. - təqsirləndirilən şəxs barəsində axtarış elan etmək haqqında və icraatın dayandırılması haqqında 01.01.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. - 26.01.2020-ci il tarixli tutma protokolundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 26.01.2020-ci il tarixdə tutulmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 27.01.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə trasoloji ekspertizasının 19.06.2020-ci il tarixli, 3/540 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, ”b” əl-barmaq izləri, 1 saylı daktilolentin səthindəki “c”, “d” papilyar naxış izləri və 2 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, həmin izlər toxunma nəticəsində qalmışdır, əl-barmaq izlərində çapıq, yarıq, kəsik əks olunmamışdır. 1 saylı daktilolentin səthindəki “c”, “d” papilyar naxış izlərinin əlin hansı hissəsindən qalması müqayisəli tədqiqat nəticəsində müəyyən etmək mümkündür. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki digər papilyar naxış izləri və 3,4,5,6,7,8,9 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağından və 1 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sol əlinin şəhadət barmağından qalmışdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “c”, “d” papilyar naxış izləri və 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. - sübutların qiymətləndirilməsi haqqında 25.06.2020-ci il tarixli qərardan görünür ki, “X1” MMC-dən götürülmüş Təqsirləndirilən şəxs məxsus 2 ədəd əl-barmaq izləri və görüntülərin əks olunduğu “CD” disk iş üzrə maddi sübut kmi tanınmış və Nizami RPİ-də saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs 519 manat məbləğində əmlakını və zərərçəkmiş “X1” MMC-nin 350 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.07.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-270/2021 nömrəli, 18.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-270/2021 nömrəli, 18.06.2021-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-270/2021 nömrəli, 18.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 18 fevral 2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan əl-barmaq izləri və “CD” disk Bakı şəhəri Nizami RPİ-də saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 161,11 (bir yüz altmış bir manat, on bir qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi Mürsəl qızına dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19.10.2019-cu il tarixdən 21.10.2019-cu il tarixədək və 26.01.2020-ci il tarixdən 27.01.2020-ci il tarixədək 3 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-270/2021 nömrəli, 18.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan əl-barmaq izləri və “CD” disk Bakı şəhəri Nizami RPİ-də saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 161,11 (bir yüz altmış bir manat, on bir qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 15 saat, məhkəmədə 35 saat, cəmi 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mürsəl qızına 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar