Məhkəmə qərarları › İş №1(007)-27/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-27/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-27/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ci il tarixdə, saat 04:17 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanının girişində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2300 manat dəyərində “Suzuki Acces” markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2300 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvələr dəfələrlə oğlurluq etdiyinə və narkotik vasitələrdən istifadə etməsinə görə məhkum olunmuşdur. Sonuncu dəfə məhkum olunduqdan sonra 08 yanvar 2022-ci il tarixdə azadlığa buraxılmış və bundan sonra bir çox yerlərdə iş axtarsa da, tapa bilməmişdir. Fikirləşmişdir ki, oğurluq edib pul əldə edərək ehtiyaclarına xərcləsin. 08 fevral 2022-ci ildə, təxminən saat 04 radələrində yuxudan durmuşdur. Həmin vaxtı görmüşdür ki, həmin binanın girişində göy rəngli Moped vardır. Fikirləşmişdir ki, onu oğurlayıb sataraq pul əldə etsin. Bu məqsədlə onu oğurlayıb yaşadığı ünvanın yaxınlığındakı tikiliyə aparmış və sonradan onu özününkü kimi təqdim edib dəfələrlə müxtəlif qiymətlərə satmış və lakin sonradan alan şəxslər gətirib özünə qaytarmışdır. Sonuncu dəfə 2022-ci ilin may ayının əvvəllərində onu özünün olduğunu bildirib Zahid adlı tanışına vermişdir ki, satsın. O da, mopedi kiməsə satıb, ona 600 manat vermişdir. Lakin bir müddət sonra bilmişdir ki, polislər izinə düşüb və bundan sonra qaçıb gizlənmişdir. 10 iyul 2022-ci il tarixdə isə onu tutııb Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Həmin vaxtı bilmişdir ki, barəsində axtarış elan olunmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödədiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 02 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Bolt Food” şirkətində kuryer işləyir. O, kuryer kimi fəaliyyətini mopedlə həyata keçirmişdir. 2022-ci ilin yanvar ayının sonlarında tanışı Bəhruzun “Suzuki” markalı mopedini satmasını eşitmişdir. 28 yanvar 2022-ci ildə onunla görüşüb söhbətləşmiş və mopedi 2300 manata razılaşmışdır. 29 yanvar 2022-ci ildə onun pulunu ödəyib mopedi alaraq yaşadığı evə getmiş və kuryer kimi fəaliyyətini həmin mopedlə həyata keçirməyə başlamışdır. 07 fevral 2022-ci ildə, saat təxminən 22-də yaşadığı evə gələrək mopedi binanın girişində saxlayıb mənzilə qalxmışdır. 08 fevral 2022-ci ildə, saat təxminən 10-da mənzildən çıxmışdır ki, mopedə minib işə getsin. Lakin mopedin binanın girişində olmadığını görmüşdür. Həyətə çıxıb nəzər yetirsə də, mopedi tapa bilməmişdir. Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gedib bu barədə ərizə vermişdir. Onun mopedinin heç bir sənədinin olmadığını göstərmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına (o cümlədən istifadələrində olan mobil nömrələrinə sms bildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, daimi iş yeri olmasa da, ailəsini dolandırmaq üçün internetdən ucuz qiymətə sovet avtomobilləri və moped almış, təmir edərək üzərinə az miqdarda pul qoyaraq satmışdır. 2022-ci ilin may ayının təxminən 4-də “Turbo.az” saytına baxarkən ***-***-**-** saylı nömrə ilə qeydiyyat, aparılaraq Zahid adlı şəxsin göy rəngli «Suzuki Acces” markalı moped satmasına şahid olmuşdur. O həmin nömrəyə öz ***-***-**-** saylı nömrəsi ilə zəng etmiş və onunla Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Mirmövsüm Ağa pirinin yanında görüşmüşlər. Həmin şəxs mopedin özünə məxsus olduğunu və ehtiyacı olduğundan 800 manata satdığını bildirmişdir. Moped çox bərbad vəziyyətdə olduğundan onu 600 manata almağa razılaşmış və pulu verərək alıb evə aparmışdır. Evdə onu təmir edib 09 may 2022-ci il tarixdə “Turbo.az” saytında öz nömrəsini qoymaqla adını qeyd edib həmin mopedi 1150 manata satmağa qoymuşdur. Sayta yerləşdirdikdən bir neçə saat sonra Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-dən zəng edib aldığı mopedlə şöbəyə gəlməyini bildirmişlər. Şöbəyə gəldikdən sonra hər şeyi ifadəsində göstərdiyi kimi polis əməkdaşlarına izah etmişdir. Onlar ona bildirmişlər ki, həmin moped İslam adlı şəxsə məxsus olub və onu naməlum şəxs oğurlamışdır. Bundan sonra o, Zahid adlı şəxsin nömrəsini də onlara vermişdir. Həmin günü onu evə buraxmışlar və 10 may 2022-ci il tarixdə şöbəyə gəlməyini bildirmişlər. Deyilən vaxta şöbəyə gəldikdən sonra onu istintaqa gətirib təhvil vermişlər. Bir daha qeyd etmişdir ki, həmin mopedin oğurluq olmasını bilməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin may ayının 3 və ya 4-ü tarixlərində onunla qonşu qəsəbədə yaşayan tanışı Şəhriyar ona bildirmişdir ki, onun «Suzuki Acces» markalı mopedi var. Ondan mopedin satılması üçün köməklik etməsini istəmişdir. O, öz ***-***-**-** saylı mobil nömrəsi ilə həmin moped barədə məlumatları “Turbo.az” saytına yerləşdirmişdir. Elə həmin vaxtı ona ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir ki, həmin mopedi almaq istəyir. O, sonradan bildiyi Cəsarət adlı şəxslə yaşadığı Şüvəlan qəsəbəsində görüşmüş və razılaşıb mopedi ona 600 manata satmışdır. Sonradan həmin pulu Şəhriyara vermişdir. 10 may 2022-ci i tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları onu istintaqa dəvət etmiş və o da ifadə vermək üçün Nizami RPİ-nin İŞ-nə getmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 08 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79 A ünvanında yerləşən binaya baxış keçirilmişdir. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli könüllü təqdim etmə və götürmə aparılması barədə protokoldan görünür ki, Nizami rayonu, Babək prospekti 79A ünvanında quraşdırılmış Zərərçəkmiş şəxs məxsus kamera ilə qeydə alınmış və baş vermiş cinayət hadisəsini özündə əks etdirən 01 ədəd CD disk Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmişdir. İş materiallarında olan 24 mart 2022-ci il tarixli könüllü təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olmuş Mopedin 04 ədəd şəkilini istintaqa təqdim etmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Suzuki Acces” markalı mopedə baxış keçirilmiş və onun Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyun 2022-ci il tarixli, 9/3883 nömrəli rəyindən görünür ki, 01 ədəd 2020-ci il buraxılışlı “Suzuki Acces” markalı, göy rəngli mopedin istifadədə olması və xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 800 (səkkiz yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan 11 iyul 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd CD diskə baxış keçirilmiş, 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayonu, Babək prospekti 79A ünvanında binanın girişində bir nəfər şəxsin mopedi götürüb getməsi və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsini özündə əks etdirən 01 ədəd CD diskin və 01 ədəd “Suzuki Acces” markalı mopedin maddi sübut kimi tanınması qərara alınmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 yanvar 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 11 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan, 12 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə, MSYdən azad etmə və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2022ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 01 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün müddət, ümumilikdə isə 01 (bir) ay 17 (on yeddi) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyinə görə, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 (6x28) manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün müddət, ümumilikdə 01 (bir) ay 17 (on yeddi) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 168 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar