Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-27/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-“Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi3 Kərim oğlunun və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1991-ci il tarixdə Rusiya Federasiyası, Muravlenko şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ev 15, mənzil 99-da qeydiyyatda olmaqla yaşamış, 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, 17 aprel 2023-cü il tarixdə saat 15:45 radələrində ünvan 1 ünvanın yaxınlığında tanışı Şahid1 60 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq 0,447 qram çəkidə narkotik vasitə heroin və 0,403 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, həmin gün saat 16 radələrində eyni ünvanda Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,214 qram və 0,233 qram, ümumi təmiz çəkisi 0,447 qram qəhvəyi rəngli toz şəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,184 qram və 0,219 qram, ümumi təmiz çəkisi 0,403 qram ağ rəngli kristal şəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 17 aprel 2023-cü il tarixdə saat 16:00-da ünvan 5 ünvanında deyil, həmin tarixdə təxminən saat 13:00 radələrində yaşadığı ünvan 6 ünvanında yerləşən 99 saylı mənzilin yerləşdiyi blokdan çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Çingiz onun yanında olmamışdır. Saxlanılan kimi dərhal üzərinə baxış keçirilmiş, üzərində qanunla qadağan olunmuş heç bir vasitə olmamışdır, daha sonra polis idarəsinə aparılmış, idarəyə daxil olan kimi növbətçi hissədə də üzərinə baxış keçirilmiş, yenə də üzərində narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 27 iyul 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin aidiyyəti hissəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində özünü təqsirli bilməsə də göstərmişdir ki, ...təxminən 2-3 il olar ki, narkotik vasitə olan heroin və psixortop maddə olan metamfetamin qəbul edir. 17 aprel 2023-cü il tarixdə saat təxminən 15:45 radələrində o, narkotik vasitə olan heroin və pisixotrop maddə olan metamfetamin almaq üçün tanıdığı Çingiz adlı şəxslə Q.Qarayev metrostansiyasının yaxınlığında görüşmüş, Çingizə 60 manat pul vermiş və Çingiz ona həmin pulun müqabilində 02 ədəd bükümdə narkotik vasitə olan heroin və 02 ədəd bükümdə pisixotrop maddə olan metamfetamin vermişdir. Bundan sonra o, həmin narkotik vasitələri əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları onlara yaxınlaşaraq saxlamışlar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu və Çingizi Nizami rayon polis idarəsinə dəvət etmişlər. O və Çingiz buna etiraz etməyərək polis idarəsinə gəlmişlər. Polis idarəsində ona dövlət hesabına verilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmiş, o da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş metamfetamini və iki ədəd şəffaf sellofana bükülmüş heroini polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, bükümlərin ikisində olan maddə metamfetamin, digər ikisi isə heroindir. Sorğu əsasında bildirmişdir ki, təqdim etdiyi heroin və metamfetamini o, saxlanılmamışdan əvvəl Çingiz adlı şəxslə Q.Qarayev metrostasiyasının yaxınlığında Şərifli küçəsində görüşərək 60 manat pul verərək öz istifadəsi üçün almışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş metamfetamin və heroin bükümləri polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər də bir neçə dəfə yalnız öz istifadəsi üçün Çingizdən narkotik vasitə almış və narkotik satışı ilə məşğul olmur. Çingizin ona satdığı narkotik vasitəni haradan əldə etdiyini bilmirmiş, bu barədə söhbətləri olmayıb. O, heroin və metamfetaminin hər ikisindən istifadə edir, ona görə də xırda bükümlər halında əldə etmişdir ki, bir neçə dəfə istifadə edə bilsin... Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, hazırda məhkəməyə verdiyi ifadəni təsdiq edir, o, saxlanılan vaxt üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, onun narkomaniyadan əziyyət çəkdiyini, lakin narkotik vasitə satmadığını göstərmiş, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Keçirdikləri tədbirlər nəticəsində 17 aprel 2023-cü il tarixdə saat 16:00 radələrındə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 74 ünvanının yaxınlığında narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və yanında olan Şahid1 saxlanılmışdır. Onları Nizami rayon polis idarəsinə gətirmişlər və təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra inzibati otaqlardan birində onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümləri açdıqda onlardan ikisinin içərisində tünd qəhvəyi rəngli spesifik iyə məxsus toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, ikisinin içərisində də ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı bükümlərdəki maddələri haradan əldə etdiyini soruşanda Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümləri onunla birlikdə saxlanılan Çingizdən 17 aprel 2023-cü il tarixdə günorta saatlarında “Qara Qarayev” metrostansiyasının yaxınlığında öz istifadəsi üçün 60 manata alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Şahid2 sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs və yanında olan Şahid1 17 aprel 2023-cü il tarixdə saat 16:00 radələrındə Nizami rayonu, M.X.Şərifli küçəsi 74 ünvanının yaxınlığında narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanılmışlar. Polis idarəsində şəxsi axtarış zamanı Telman Çingizdən 60 manata narkotik vasitə və psixotrop maddə aldığını etiraf etmiş, həmin maddələri çıxarıb təqdim etmişdir. Həmçinin Çingiz 60 manat müqabilində Telmana narkotik maddə və psixotrop maddə satdığını etiraf etmiş, Telmandan bu məqsədlə aldığı 60 manatı çıxarıb təqdim etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, o, şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, Şahid2la eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə tanışı Telman zəng edərək bədəninin ağrıdığını demiş və ondan narkotik istəmişdir. Telmana narkotik vermək üçün həmin gün saat təxminən 15:45 radələrində onunla görüşməyə getmişdir. Q.Qarayev metrostansiyasının yaxınlığında Şərifli küçəsi 74 saylı ünvanın qarşısında olarkən polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar, həmin vaxt Telmanın polislərin avtomobilində olduğunu görmüşdür. Polis əməkdaşları onu saxlayarkən Telmana verməli olduğu bir büküm heroin, bir büküm metamfetamin üzərində olmuşdur. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun həmin dövrdə verdiyi ifadəsinin aidiyyəti hissəsi elan edilmişdir. O, sözügedən ifadəsində göstərmişdir ki, ...Bakı şəhərində təsadüfən Təqsirləndirilən şəxs tanımış və bir neçə dəfə Telmana pul müqabilində narkotik vasitə vermişdir. 17 aprel 2023-cü il tarixdə də Telman ondan narkotik istədiyi üçün o, həmin gün saat təxminən 15:45 radələrində onunla Q.Qarayev metrostansiyasının yaxınlığında Şərifli küçəsi 74 saylı ünvanın qarşısında görüşmüşdür. Telmana 60 manat müqabilində 02 bükümdə narkotik vasitə heroin və 02 bükümdə psixotrop maddə metamfetamin vermişdir. Bundan sonra o, Telmanla orada dayanaraq söhbət edən zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib onu və Telmanı Nizami rayon polis idarəsinə dəvət etmişlər. ... O, polis əməkdaşlarına bildirmişdir ki, onunla birlikdə saxlanılan Telman adlı şəxsə iki büküm heroin və iki büküm psixotrop maddə olan metamfetamin sataraq ondan 60 manat pulu alaraq şalvarının arxa sağ cibinə qoymuşdur. Hazırda təqdim etdiyi 60 manat pul da Telmandan aldığı puldur. Tərəzini isə üzərində ona görə saxlamışdır ki, Telman narkotikin çəkisinə inanmadığı üçün ona verdiyi bükümləri həmin tərəzidə çəkib vermişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin bükümləri və heroin bağlaması, eləcə də elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışlar... İfadəsinin elan olunmasından sonra Şahid1 elan olunan ifadəni oxumadan imzaladığını, hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 aprel 2023-cü il və 24 may 2023-cü il tarixli protokollardan görünür ki, Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı özünü və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 təqdim edir. Şəxsi axtarışa başlamazdan əvvəl videoçəkiliş aparıldığını elan edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 4 ədəd şəffaf sellofan bükümü təqdim edib masanın üzərinə qoyur. Təhqiqatçı bükümləri açdıqda onların ikisində ağ kristal şəkilli maddə, ikisində isə qəhvəyi rəngli maddə olduğu görünür. Təhqiqatçı həmin bükümlərdə nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs bildirir ki, bükümlərin ikisində olan ağ kristal şəkilli maddə metamfetamin, digər ikisi isə heroindir və həmin dörd bükümü 60 manat müqabilində Çingiz adlı şəxsdən öz istifadəsi üçün almışdır. Daha sonra polis əməkdaşı tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən başqa bir şey aşkar olunmur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr olan həmin 4 ədəd sellofan bükümü ağ zərfə qoyub möhürləyir və zərfin üzərinə iştirakçılar imza edirlər. Təhqiqatçı şəxsi axtarış və götürmənin başa çatdığını bildirir. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunur, protokol da bütün iştirakçılar tərəfindən imzalanır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 24 may 2023cü il tarixdə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 30-31, 197) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 aprel 2023-cü il tarixli 6/2284 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi, “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..”. yazısı və imzalar olan zərfdəki, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,214 qram və 0,233 qram, ümumi təmiz çəkisi 0,447 qram qəhvəyi rəngli toz şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,184 qram və 0,219 qram, ümumi təmiz çəkisi 0,403 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,447 qram olmuş, tədqiqata ümumi 0,1 qram sərf edilmiş, 0,347 qram qalıq qalmışdır, metamfetaminin ümumi təmiz çəkisi 0,403 qram olmuş, tədqiqata ümumi 0,1 qram sərf edilmiş, 0,303 qram qalıq qalmışdır. (i.v. 65-68) - 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 102) - 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Telman” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 aprel 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 184-185) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 09 iyun 2023-cü il tarixli 3621 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 233-234) - 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Şahid1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs və Şahid1 Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,214 qram və 0,233 qram, ümumi təmiz çəkisi 0,447 qram narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,184 qram və 0,219 qram, ümumi təmiz çəkisi 0,403 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,347 qram narkotik vasitə heroin və 0,303 qram psixotrop maddə metamfetamin, həmçinin Şahid1 üzərindən götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram və 0,270 qram ümumi təmiz çəkisi 0,450 qram narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram və 0,232 qram ümumi təmiz çəkisi 0,497 qram psixotrop maddə metamfetamin, 1 ədəd bağlamada təmiz çəkisi 1003,8 qram narkotik vasitə heroin və üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1003,6 qram və 0,350 qram narkotik vasitə heroin və 0,397 qram psixotrop maddə metamfetamin, eləcə də üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs və Şahid1 hər birinin ayrı- ayrılıqda üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış video çəkilişin 2 ədəd DVD diskləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Şahid1 üzərindən götürülmüş “Samsung A12” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aldığı narkotik vasitə və psixotrop maddənin müqabilində Şahid1 verdiyi 60 manat nağd pul (A24096424, A01141044 və A14287093 nömrəli cəmi 3 ədəd 20 manatlıq əskinas) iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər depozitə qoyulması üçün Bakı Şəhər BPİ-nin X4 təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində X2 narkotik vasitə satılması xüsusatı üzrə cinayət tərkibi olmadığından həmin fakta münasibətdə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadəsinin törətdiyi cinayət əməlini etiraf etməməsi barədə hissələri sübut kimi qəbul edilməmiş və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs və Şahid1 ayrı-ayrılıqda müstəqil cinayətlər törətdikləri üçün cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraata cinayət işinin ayrılması qərara alınmışdır. (i.v. 260-272) -Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətləri əsasında müvafiq olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** mobil telefon nömrələri arasında 01 yanvar 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək (həmin tarix daxil olmaqla) aparılmış (göndərilən və qəbul edilən) sms yazışmalarının siyahısının və yazılı mətnlərinin, Təqsirləndirilən şəxs və iş üzrə əməliyyataxtarış tədbirlərini həyata keçirmiş polis əməkdaşlarının istifadələrində mobil telefon nömrələrinin 17 aprel 2023-cü il tarixdə saat 08:00-dan saat 16:00-dək olan müddət üçün hərəkət marşurutlarına dair məlumatların "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsinə dair qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında müxtəlif vaxtlarda telefon danışıqları aparılmışdır, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:53-də ***-***-**-** mobil telefon nömrəsindən Şahid1 ***-***-**-** mobil telefon nömrəsinə “Emi Neci yari dash istiyirdi, alinar gelib gotursun ya atasan qiraga,pulu atsin karta”; xx.xx.2023-cü il tarixdə saat 21:43-də ***-***-**-** mobil telefon nömrəsindən ***- ***-**-** mobil telefon nömrəsinə “emi elsen yigmisdi diyir qonagim var,sabah axsama qeder yari das verer emi,100% verecey emi,bu ancag bizden goturur” məzmunlu smslər yazmış və göndərmişdir. Təqsirləndirilən şəxs və iş üzrə əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş polis əməkdaşlarının istifadələrində mobil telefon nömrələrinin 17 aprel 2023-cü il tarixdə saat 16:00 ərəfəsində olan müddət üçün hərəkət marşurutları isə eynilik təşkil etmişdir. -Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(101)-1978/2023cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Şahid1 satış məqsədi ilə psixotrop maddə və külli miqdarda narkotik vasitə heroin əldə etmək məqsədilə şəxsiyyəti istintaqa “Fərid” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Fərid” adlı şəxsə məxsus psixtrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 16 aprel 2023-cü il tarixdə saat 21 radələrində sonuncunun tapşırığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Fərid” adlı şəxsin istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsilə qoydurduğu 1004,697 qram (1 kq 4,697 qr) külli miqdarda narkotik vasitə heroin və 0,9 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib həmin narkotik vasitə və psixotrop maddəni digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədilə üzərində daşıyaraq saxlamış, 17 aprel 2023-cü il tarixdə saat 15:45 radələrində ünvan 1 ünvanın yaxınlığında həmin heroinin 0,447 qram və metamfetaminin 0,403 qram hissəsini 60 manat müqabilində Təqsirləndirilən şəxs satdıqdan sonra həmin gün saat 16 radələrində eyni ünvanda Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxsla birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilərək orada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən onun satdığı 2 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,214 qram və 0,233 qram, ümumi təmiz çəkisi 0,447 qram narkotik vasitə heroin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,184 qram və 0,219 qram, ümumi təmiz çəkisi 0,403 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs satdığı heroin və metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram və 0,270 qram, ümumi təmiz çəkisi 0,450 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram və 0,232 qram, ümumi təmiz çəkisi 0,497 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan qara rəngli gödəkçənin içərisindən qara rəngli selofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə bağlanılmış 1 ədəd bağlamada təmiz çəkisi 1003,8 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və gödəkçəsinin sağ yan cibindən üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı onun tanışı Şahid1 60 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq aldığı 0,447 qram çəkidə narkotik vasitə heroin və 0,403 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Şahid1 da həmin faktı etiraf edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq yuxarıda qeyd olunan narkotik vasitəni və psixotrop maddəni 60 manat müqabilində satdığını etiraf edərək həmin məbləğdə pulu polis əməkdaşlarına təqdim etmişdir. Hansı ki, həmin hal işdə tədqiq olunmuş digər sübutlarla yanaşı Şahid1 barəsində cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə də müəyyən edilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müvafiq operatordan götürülmüş, Təqsirləndirilən şəxs Şahid1 yazdığı “Emi Neci yari dash istiyirdi, alinar gelib gotursun ya atasan qiraga,pulu atsin karta” və “emi elsen yigmisdi diyir qonagim var,sabah axsama qeder yari das verer emi,100% verecey emi,bu ancag bizden goturur” məzmunlu smslərin özü də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs olması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir. Qeyd olunan bütün bu faktiki hallar belə qənaətə gəlməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə tanışı Şahid1 60 manat müqabilində 0,447 qram çəkidə narkotik vasitə heroini və 0,403 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq alaraq əldə etmişdir. Təqsirləndirilən şəxsə də məhz qanunsuz olaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamağa və daşımağa görə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərində narkotik vasitə və psixotrop maddə aşkar olunmaması və sair barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərlə, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, həmin maddələr şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü öz üzərindən çıxarıb təqdim etmişdir və bu zaman müdafiəçi də real olaraq şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan vəkillə təmsil olunmuşdur, istər özü fərdi qaydada, istərsə də müdafiəçisi vasitəsi ilə qeyd olunan məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət və ya məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Şahid1 məhkəmədə verdiyi ifadəyə gəldikdə, məlumdur ki, o, Təqsirləndirilən şəxs tanışıdır, o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdıqdan sonra tutulmuşdur, hər ikisi istintaq təcridxanasında həbsdə saxlanılırlar, Şahid1 ibtidai istintaq zamanı əməlini etiraf edərək qeyd olunan maddələri 60 manat pul müqabilində Təqsirləndirilən şəxs satdığını və bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Hazırkı halda isə qeyd olunan cinayət əməlinə görə Şahid1 məhkəmənin hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir, onun məhkəmədə verdiyi ifadəsi iş üzrə toplanaraq tədqiq olunan sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə Şahid1 ifadəsinə tənqidi yanaşaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmağa cəhd etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 aprel 2023cü il tarixdən hesablanmışdır. (i.v. 153-154) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 171) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin məhv edilməli, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntü olan 01 ədəd disk, habelə məhkəmə baxışı zamanı "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının həyata keçirilməsi üçün qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün həmçinin müqavilə əsasında vəkili iştirak etmişdir, həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,347 qram narkotik vasitə heroin və 0,303 qram psixotrop maddə metamfetamin məhv edilsinlər, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk, habelə məhkəmə baxışı zamanı "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-27/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-27/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver