Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-270/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəkərəliyev Amin Qəhrəman oğlunun, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs Elşən oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinib 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Elşən oğlunun Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi 1 saylı Cəzaçəkmə Müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya olan - bir ədəd “Nokia” markalı, “E63-1” modelli, “**********25065” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış və gəzdirmiş, 11 oktyabr 2019-cu il tarixdə saat 14:20 radələrində qabaqcadan əldə edilmiş əməliyyat məlumatına əsasən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən müəssisənin tibbi sanitar hissənin 1 saylı palatasında axtarış-baxış tədbiri keçirilən zaman onun əlində saxladığı daxilində 1 (bir) ədəd GSM danışıq kartı olan həmin mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, daxilində danışıq kartı olan “Nokia” markalı mobil telefonu təxminən 15 gün əvvəl müəssisənin ərazisində olan sanitar qovşağın yanında olan zibil vedrəsinin içərisindən tapmışdır. Mobil telefondan yalnız özü istifadə etmək istəmiş, lakin istifadə etməyə imkanı olmamışdır. 11 oktyabr 2019-cu il tarixdə saat 14:20 radələrində müəssisənin əməkdaşları onun saxlanıldığı müəssisənin tibbi sanitar hissəsinin 1 saylı palatasına daxil olaraq hal şahidləri ilə birlikdə baxış keçirmiş, axtarış zamanı əlində daxilində 1 ədəd "GSM" danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Aşkar olunmuş mobil telefon aparatı danışıq kartı ilə birlikdə qablaşdırılaraq müvafiq protokol tərtib edilmişdir. Mobil telefon aparatının saxlanması, daşınması, gəzdirilməsinin və istifadə edilməsinin cinayət məsuliyyətinə səbəb olması barədə məlumatı olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı X1 şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2019-cu il tarixdə saat 14:20 radələrində qabaqcadan əldə edilmiş əməliyyat məlumatına əsasən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən tibbi sanitar hissənin 1 saylı palatasında axtarış-baxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs əlində qadağan olunmuş daxilində 1 ədəd GSM danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra məhkum Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatı və daxilində olan bir ədəd GSM danışıq kartı onun və hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları ədliyyə giziri Şahid1 Firidun oğlu, ədliyyə kapitanı Şahid2, ədliyyə baş çavuşu Şahid3 Şahid4 ilə oxşar məzmunda ifadə vermişlər. İş üzrə Şahid6 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmişdir. Şahid6 istintaqda Şahid4 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 06 noyabr 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - 11.10.2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid4, Şahid2, Şahid1, Şahid3, hal şahidləri məhkum Şahid5 və Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs saxlandığı 1 saylı palatada üzərində axtarış aparılan zaman əlində saxladığı daxilində bir ədəd GSM danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İlkin söhbət zamanı məhkum Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu, həmin mobil telefon aparatını 15 gün bundan əvvəl daxilində “sim” kartla birlikdə müəssisənin yaşayış sahəsindən tapdığını və özü istifadə etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompüter texniki ekspertizasının 14 noyabr 2019-cu il tarixli, 27329 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş bir ədəd “Nokia” markalı, “E63-1” modelli, “**********25065 imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadəyə yararlıdır. - maddi sübut kimi tanımaq haqqında 22.06.2021-ci il tarixli qərardan görünür ki, aşkar edilmiş bir ədəd daxilində “Bakcell” danışıq kartı olan “Nokia” markalı, “E63-1” modelli, “**********25065 imei kodlu mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X2 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29.12.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 28.07.2021-ci il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)- 24/2016 saylı, 12.02.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinib 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2015-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi 04.08.2021-ci il tarixə 11 il 10 ay 6 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-24/2016 saylı, 12.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 11 il 10 ay 6 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-24/2016 saylı, 12.02.2016-cı il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 04.08.2021-ci il tarixdən hesablanmalı; iş üzrə maddi sübut olan bir ədəd “Nokia” markalı, “E-63-1” modelli mobil telefon və 1 ədəd GSM kartı dövlət nəfinə müsadirə edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Elşən oğlu Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-24/2016 saylı, 12.02.2016-cı il tarixli hökmü ilə təyin olunmuş 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 11 il 10 ay 6 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza - 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Elşən oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “Nokia” markalı, “E-63-1” modelli mobil telefon və 1 ədəd GSM kartı dövlət nəfinə müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Elşən oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-270/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-270/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver