Məhkəmə qərarları › İş №1(007)-270/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-270/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-270/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş - Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Naxçıvan MR, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı X1 ünvan 1 ünvanda yerləşən anbarının qapısının kilidini özü ilə gətirdiyi dəmir alətlə sındıraraq qanunsuz olaraq anbara daxil olub oradan ümumi dəyəri 700 manat olan iki ədəd “Stil" markalı Almaniya istehsalı, mühərrikli dərgəz və bir ədəd dəyəri 700 manat olan, Ukrayna-Almaniya birgə istehsalı olan “Alko” markalı otbiçən maşını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 1400 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,040 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayıb daşımış, 28 aprel 2022-ci il tarixdə saat 21:45 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında rayon ərazisində oğurluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, ümumi çəkisi 1,040 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd içərisində heroin izləri olan 1 ml həcmli şpris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitə almaq üçün oğurluq etmişdir. Bakı şəhəri, R.Rüstəmov küçəsində yerləşən anbarın qapısının qıfılını açaraq oradan 3 ədəd otbiçən maşın götürmüşdür. Otbiçənlərdən 2 ədədini internetdə onlayn satışa qoyub satmış, birini isə otelin yaxınlığında gizlətmişdir. Polis əməkdaşları onu “8-ci km” bazarının yaxınlığında yerləşən “Kəpəz” adlı oteldə tutmuşlar. O, səhər oteldən çıxmış, yolda yadına düşmüşdür ki, narkotik vasitəni oteldə unutmuşdur. Narkotik vasitə maye halında şprisin içərisində olmuşdur. O, taksi ilə otelə qayıtmış, lakin otaqda narkotik vasitəni tapa bilməmişdir. Oteldə işləyən xadiməyə şprisdə dərman olduğunu, götürüb-götürmədiyini soruşmuşdur. Xadimə götürdüyünü, haraya qoyduğunu xatırlamadığını bildirmişdir. Birlikdə şprisi axtarmışlar, xadimə onu ləngitmişdir. Şprisi axtararkən qəflətən içəri 2 nəfər mülki geyimdə polis əməkdaşı daxil olmuşdur. Onun üzərinə baxış keçirmişlər, üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şprisi otelin əməkdaşları tapıb polisə məlumat vermişlər, şpris polis əməkdaşlarında olmuşdur. Sonra onu bölməyə aparmışlar. Bölmədə ona başqa şpris və narkotik vasitə vermişlər, cibinə qoymuş, videoçəkiliş zamanı üzərindən çıxmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə saat 08 radələrində Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ünvan 5 ünvanda yerləşən anbarından bir ədəd dəyəri 700 manat olan “Alko" markalı otbiçən aparat və iki ədəd hər birinin dəyəri 350 manat olan “Stil” markalı mühərrikli dərgəz oğurlanmışdır. Bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişlər. Bundan sonra oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ümumilikdə 1400 manat ziyan dəymişdir. Dəymiş ziyan qismən ödənilmiş, dəyəri 700 manat olan təkərli otbiçən maşın qaytarılmış, 700 manat ödənilməmiş ziyan qalmışdır. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məxsus anbardan otbiçən maşınların oğurlanması barədə əməliyyat məlumatı daxil olmuşdur. Hadisə yerində olan müşahidə kameralarına baxmışlar, hadisə yerinə avtomobil yaxınlaşdığını, alətlərin avtomobillə aparıldığını müəyyən etmişlər. Aparılmış əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi və otbiçən maşını “Kəpəz” adlı otelin yanında gizlətdiyi müəyyən edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid2 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli şprisi və bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmiş, həmin sellofanın içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, şprisi isə narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2477 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,040 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan 1 ədəd 1 ml həcmli şprisin içərisində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqat aparmaq mümkün deyildir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən verilmiş inventarların qiymət cədvəlindən görünür ki, Almaniya-Ukrayna birgə istehsalı olan 1 ədəd “Alko” markalı benzin təkərli otbiçən qiyməti 700 manat; Almaniya istehsalı olan “Stil” markalı 2 ədəd benzin mühərrikli dərgəzin qiyməti 700 manat, ümumi dəyəri 1400 manatdır. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi zərərçəkmiş şəxs, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. - maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan və Nizami rayon Yaşıllaşdırma Sahəsinin aqronomu X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Almaniya-Ukrayna birgə istehsalı olan 1 ədəd “Alko” markalı otbiçən maşın maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Nizami rayon Yaşıllaşdırma Sahəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2828 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd “CD” disk maddi sübut kimi tanınmışdır. - maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 1,040 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və həmin zərfdə olan 1 ədəd 1 ml həcmli şpris maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra xalis çəkisi 0,990 qram olan narkotik vasitə heroin və 1 ədəd 1 ml həcmli şpris qərarla birlikdə saxlanılması üçün Nizami RPİ-nin MSK-na təhvil verilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış “qohumluq məlumatları” barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü İsmayılova Günay adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli şprisi və bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmiş, sellofanın içərisində “kokos” olduğunu, şəxsi istifadəsi üçün “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlaması və anbara qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin 1400 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4, 29.178.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 29,178.2.2-ci maddələri ilə təqsirli bilinib təyin edilmiş cəzadan azad olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-34/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını xx.xx.2018-ci il tarixdən çəkməsi nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmiş və cəza çəkməkdən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilinib təyin edilmiş cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,990 qram narkotik vasitə - heroin və 1 ədəd 1 ml həcmli şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Almaniya-Ukrayna birgə istehsalı olan 1 ədəd “Alko” markalı otbiçən maşın zərərçəkmiş şəxs Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Nizami rayon Yaşıllaşdırma Sahəsinə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,990 qram narkotik vasitə - heroin və 1 ədəd 1 ml həcmli şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan Almaniya-Ukrayna birgə istehsalı olan 1 ədəd “Alko” markalı otbiçən maşın Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Nizami rayon Yaşıllaşdırma Sahəsinə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs 30 (otuz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar