Məhkəmə qərarları › İş №1(007)-270/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-270/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-270/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Ağdam şəhəri, 20 Yanvar küçəsi ev 177-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 50, mənzil 1-də yaşamış, məhkəmədən gizləndiyindən 07 iyun 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmiş, 16 iyun 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 22 fevral 2023-cü il tarixdə saat 20 radələrində ictimai yer olan ünvan 1 ünvanında yerləşən “Ev alqı-satqısı” ofisinin qarşısında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ondan ayrılmasını bahanə edərək heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzəli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs təhqir edib mübahisə edərək qəsdən yumruqla bir neçə dəfə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə vurmaqla Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazunun ön-bayır səthinin hematoması, sağ süd vəzisinin yuxarı bayır kvadratının, sol bazunun bayır və iç səthinin, sağ bazunun ön-iç səthinin, sol bazunun arxa-iç səthinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 7 ay müddətində sevgili münasibətində olmuşlar. 19 fevral 2023-cü il tarixdə Fəxrəndə ilə aralarında telefonda sözlü mübahisələri olmuş, Fəxrəndə ondan ayrılmışdır. 22 fevral 2023-cü il tarixdə saat 18 radələrində keçmiş sevgilisi Fəxrəndə ilə telefon əlaqəsi saxlayaraq onunla görüşüb söhbət etmək istədiyini bildirmiş, Fəxrəndə də onunla söhbət etmək üçün görüş təklifini qəbul etmişdir. Fəxrəndə ilə ünvan 1 ünvanında yerləşən ev alqı-satqısı ofisinin qarşısında görüş yeri təyin etmişlər. 22 fevral 2023-cü il tarixdə saat 20 radələrində həmin ünvanda yerləşən ev alqı-satqısı ofisinin qarşısında Fəxrəndə ilə görüşmüşlər. Görüş zamanı o, barışmaq istədiyini Fəxrəndəyə bildirmiş, lakin Fəxrəndə həyatında başqa şəxsin olduğunu ona bildirmişdir. Buna görə Fəxrəndəni söyüb təhqir etmiş, aralarında mübahisə baş vermişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, mübahisə zamanı o, sağ əlinin yumruğu ilə üç dəfə Fəxrəndənin sağ və sol qolundan, sağ süd vəzindən vurmuşdur. Hadisənin şahidi küçədən keçən tanımadığı şəxslər olmuş, həmin şəxslər onların mübahisələrinə müdaxilə etməmişlər. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar, əməlindən səmimi peşmandır. Həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs iş üzrə hazırlıq iclasında iştirak etmiş, məhkəmə baxışı iclasında iştirak etməmiş, ərizə yazıb məhkəməyə təqdim etməklə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur, himayəsində azyaşlı uşağı olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə təxminən 7 ay müddətinə kimi sevgili olmuşlar, 19 fevral 2023-cü il tarixdə aralarında telefonda sözlü mübahisələri olmuş, Təqsirləndirilən şəxs ayrılmış, bir daha onunla telefonda danışmamış və görüşməmişdir. 22 fevral 2023-cü il tarixdə saat 18 radələrində keçmiş sevgilisi Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaratmış, onu görmək və söhbət etmək istədiyini telefonda bildirmişdir. Fəridin onunla nə söhbət etmək istədiyini bilmək üçün görüş təklifini qəbul etmiş, bundan sonra Fəridə onunla ünvan 1 ünvanında yerləşən ev alqı-satqısı ofisinin qarşısında görüşməklərini bildirmişdir. 22 fevral 2023-cü il tarixdə saat 20 radələrində qeyd olunan ünvanda yerləşən ev alqı-satqısı ofisinin qarşısında keçmiş sevgilisi Fəridlə görüşmüşlər. Görüş zamanı Fərid ona barışmaq istədiyini bildirmiş, lakin Fəridlə barışmamaq üçün həyatında başqa şəxsin olduğunu ona demişdir. Bu zaman Fərid onu söyüb-təhqir etmiş və aralarında mübahisə baş vermiş, həmin mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, mübahisə zamanı Fərid sağ əlinin yumruğu ilə 3 dəfə onun sağ və sol qolundan, sağ süd vəzindən zərbə ilə vurmuşdur. Hadisənin şahidi küçədən keçən tanımadığı şəxslər olmuş, lakin həmin şəxslər onların mübahisələrinə müdaxilə etməmişlər. O, 23 fevral 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək keçmiş sevgilisi Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 2) - 23 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin ünvan 2 ünvanında yerləşən “Ev alqı-satqısı” ofisinin qarşısında baş verməsi müəyyən edilmişdir. (i.v. 14-16) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 26 fevral 2023-cü il tarixli 189 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun ön-bayır səthinin hematoması, sağ süd vəzisinin yuxarı bayır kvadratının, sol bazunun bayır və iç səthinin, sağ bazunun ön-iç səthinin, sol bazunun arxa-iç səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə gorə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 29-30) - 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. (i.v. 73-74) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 67-72) -DİN-nin DYP-nin Web Portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmənin başa çatma müddəti 06 sentyabr 2025-ci il kimi müəyyən edilmişdir. - 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyindən, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından, habelə, gələcəkdə hökmün icrasını təmin etmək məqsədilə, müvafiq əsaslar olduğundan Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 19 iyun 2023-cü il tarixli 090-3/2- 5543/23 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum olunmuşdur, həm də hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, ona görə qeyd olunan məhkumluq cinayətlərin residivini yaratmır. Belə olan halda, məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halı nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 16 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə olduğu 07 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır; 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamına əsasən Əfv olunaraq əsas cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, lakin bu əfv olunma əsas cəzaya münasibətdə şamil edilmiş, əlavə cəzadan isə azad olunmamışdır. Təqsirləndirilən şəxs cəzadan azad olunmasından sonra hökm həmin hissədə icraya yönəldilmiş və təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmənin başa çatma müddəti 06 sentyabr 2025-ci il kimi müəyyən edilmişdir, yəni o, həmin əlavə cəzanı tam çəkməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın, hökmün çıxarıldığı 23 iyun 2023-cü il tarixindən məhdudiyyətin başa çatdığı 06 sentyabr 2025-ci tarixinədək hesablanmaqla, çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək miqdarda cərimə cəzasına tamamilə birləşdirmək yolu ilə ona qəti müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müvafiq miqdarda cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslə barışdığına dair ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə olduğu 07 (yeddi) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində 1000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın 23 iyun 2023-cü il tarixə çəkilməmiş 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmlə əsas cəza kimi təyin edilmiş 1000 (bir min) manat miqdarında cərimə cəzasına tamamilə birləşdirmək yolu ilə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar