Məhkəmə qərarları › İş №1(007)-271/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-271/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-271/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, məhəllə 4/7-də qeydiyyatda olmaqla yaşamış, 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 17 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,303 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən 23-cü polis bölməsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş, təmiz çəkisi 0, 303 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,176 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamış, 17 mart 2022-ci il tarixdə saat 20:05 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən 23-cü polis bölməsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir, lakin 12 yanvar 2022-ci il və 17 mart 2022-ci il tarixlərdə polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamış, aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 14 yanvar 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxın müddət olar ki, “heroin” kimi bildiyi narkotik vasitəni qəbul edir. Narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar yaranır. 12 yanvar 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb əlində saxladığı kiçik həcmli ev zibilini atmaq üçün piyada gəzərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığına getmiş və orada yerləşən zibil qutularının yanına yaxınlaşmışdır. Həmin zibil qutularının yanında yerdə ağ sellofan bükümü görmüş, bükümü yerdən götürmüş və ağ rəngli bükümün üzərinə zahiri görünüşü və iyindən heroin kimi tanıdığı narkotik vasitəyə bənzər kütləni əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, gələcəkdə istifadə etsin. Bundan sonra gəzərək evə getmişdir. Həmin gün saat təxminən 13:00 radələrində evdən piyada gəzmək üçün çıxmış, bir müddət gəzişdikdən sonra ünvan 4 ünvanında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis olduqlarını, ondan şübhəli olduğunu və onlarla birlikdə Nizami RPİ-nin 23-cü polis bölməsinə getməyini xahiş etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsində ona bildirilmişdir ki, barəsində narkotik vasitənin qanunsuz əldə etməsi, saxlanılmasında və istifadə edilməsində şübhələr vardır. Bundan sonra onun ərizəsi əsasında polis əməkdaşlarının iştirakı ilə videoçəkilişə alaraq onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl onun hüquq və vəzifələri izah edilmiş, bu barədə qərarla tanış olmuşdur. Sonra ona təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik digər əşyalar və ya sənədlər varsa onları könüllü surətdə təqdim etsin. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ bükümü təqdim edərək həmin bükümün içindəkinin heroin olduğunu, onu saat 08 radələrində Keşlə qəsəbəsində məscidin yaxınlığında yerləşən zibil atdıqdan sonra qutuların yanından yerdən taparaq öz istifadəsi üçün götürdüyünü etiraf etmişdir. Sonra şalvarın sağ yan cibindən aşkar edilmiş bir ədəd bükümün içindəki kütlənin qəhvəyi rəngli, spesifik iyə malik olması müəyyən edilmiş və sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Həmin büküm zərfdə qablaşdırılıb möhürlənmiş, zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı onun üzərindən digər qanunsuz saxlanılan predmet aşkar edilməmişdir. Bundan başqa, 17 mart 2022-ci il tarixdə saat 20 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə 23-cü PB-nə getmiş, orada otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş, sonra polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş çəkərək üzərinə baxış keçirən zaman üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşduqda o, əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümdə narkotik maddə heroini və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd beş manatlıq və bir ədəd bir manatlıq əskinasları təqdim etmişdir. Narkotik maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Polis əməkdaşları tərəfindəm ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, lakin müdafiəçisinin iştirakı ilə verdiyi ifadənin sonunda həmin ifadənin onun sözləri ilə düz yazıldığı, əlavəsinin olmadığı barədə cümlələrin özü tərəfindən yazıldığını etiraf etmiş, o cümlədən son sözündə əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini bildirərək, himayəsində azyaşlı uşağının olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Vüqar” adlı şəxsin müəyyən edilərək yaxalanması ilə əlaqədar Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin rəhbərliyinə məlumat verilmiş və müvafiq icazə alındıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş qərar əsasında 23-cü polis bölməsinin baş əməliyyat müvəkili Namiq Ağalarovla birlikdə 12 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Vüqar” adlı şəxs, yəni Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərində şəxsi axtarış hərəkətləri aparılması üçün 23-cü polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra onun yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ilkin sənədlər bölmənin təhqiqatçısı Ömər Məmmədova təqdim edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə onun və əməliyyat tədbirinin digər iştirakçısı Namiq Ağalarovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Üzərində qanunsuz və qadağan olunmuş əşya, maddə olduğu halda təqdim etməsi barədə təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən ağ sellofana bükülmüş bir büküm təqdim edərək həmin bükümün içərisində qəhvə rəngli, heroin narkotik maddəsi olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin heroini səhər saat 08 radələrində Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığında olan zibil qutularına zibil atdığı zaman zibil qutularının yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün ordan götürərək üzərində daşıdığını səmimi etiraf etmişdir. Saxlanıldığı vaxt və sonradan polis bölməsində olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı qanunsuz hər hansı hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili zami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşı X1 Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 Mətləb oğlu ifadəsində göstərmişdir ki, 17 mart 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Vüqar” adlı şəxsin müəyyən edilərək yaxalanması ilə əlaqədar Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin rəhbərliyinə məlumat verməklə müvafiq icazə alındıqdan sonra, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş qərar əsasında 23-cü polis bölməsinin sahə inspektoru Şahid4 ilə birlikdə 17 mart 2022-ci il tarixdə saat 20:05 radələrində ünvan 3 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Vüqar” adlr şəxs, yəni Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, üzərində şəxsi axtarış aparılması üçün 23-cü polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra onun yaxalanması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair ilkin sənədlər bölmənin təhqiqatçısı Sürac Əhmədova təqdim edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun və əməliyyat tədbirinin digər iştirakçısı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz və qadağan olunmuş əşya, maddə olduğu halda təqdim etməsi tələb edilmiş, həmin vaxt o, əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin bir ədəd bükümdə şəxsi istifadəsi üçün əldə edib saxladığı narkotik vasitə kimi bildiyi maddə heroindir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs səmimi etiraf etmişdir ki, həmn maddəni Yaşamal rayonunda tanımadığı şəxsdən 10 manat pul müqabilində almışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hər hansı hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru Şahid4 Şahid3la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 17 mart 2022-ci il və 18 mart 2022-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində 17 mart 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümü təqdim etmiş və həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, heroini iki gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Qeyd olunan maddə müvafiq qaydada götürülməklə qablaşdırılmışdır. Təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə videogörüntüyə baxış zamanı həmin halın öz təsdiqini tapdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı etiraf etmişdir ki, videogörüntüdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir. (i.v. 30-31, 49) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli 6/1563 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,176 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,176 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,126 qram qalığı qalmışdır. (i.v. 41-44) - 12 yanvar 2022-ci il və 14 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində 12 yanvar 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ sellefona bükülmüş narkotik maddəni təqdim etmiş, sorğu zamanı bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və onu 12 yanvar 2022ci il tarixdə səhər saat 08 radələrinə Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığında yerləşən zibil qutularının yanında yerdən taparaq şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Qeyd olunan maddə müvafiq qaydada götürülməklə qablaşdırılmışdır. Təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə videogörüntüyə baxış zamanı həmin halın öz təsdiqini tapdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı etiraf etmişdir ki, videogörüntüdə olan şəxs özüdür, videogörüntü düzgün və obyektiv çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir. (i.v. 91-92, 129) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli 6/205 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,303 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,303 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,253 qram qalığı qalmışdır. (i.v. 98-101) - 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,303 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd DVD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,253 qram qalığı bir ədəd möhürlənmiş zərfdə Nizami RPİ-nin MSK-na təhvil verilmişdir. (i.v. 138) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 25 yanvar 2022-ci il tarixli 326 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 149-150) - 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd DVD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,126 qram qalığı bir ədəd möhürlənmiş zərfdə Nizami RPİ-nin MSK-na təhvil verilmişdir. (i.v. 178-179) - 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. (i.v. 186-194) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Baxmayaraq ki, məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirmişdir, məhkəmə Təqsirləndirilən şəxs ifadə verərkən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi məsələsinə qiymət verərək, bunu təqsirləndirilən şəxsin hüququ kimi qəbul edir və bu barədə dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü təqsirli bilməsə də və işin halları ilə bağlı ziddiyyətli ifadələr versə də, şəxsi axtarış və götürmələr zamanı üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir, həmin etirafları şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də davam etdirmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 83) - 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 132-133) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 134- 135) - 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 18) - 19 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 mart 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 173-177) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 143) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə 17 mart 2022-ci il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə heroinlər məhv edilməli, iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, qərar əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, iş materiallarına əsasən həmin müddət 44 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış müvafiq olaraq 0,126 qram narkotik vasitə heroin və 0,253 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsinlər, 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 202 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 44 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 264 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar