Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-271/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1971-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Kilit kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 7D, ev 62-də qeydiyyatda olmaqla yaşayan, 19 yanvar 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 19 sentyabr 2023-cü il tarixdə saat 09:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 5-ci hissəsinin 1-ci bəndin tələblərini pozub nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıldığı halda idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan LF-7132/2-320 markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyasından “Babək” prospekti istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124A ünvanının yaxınlığında idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub sonuncunun ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid lll-İV dərəcəli travmatik şokla, ağciyərlərin kontuziyası və iki tərəfli hemopnevmotoraksla və qarın divarının əzilməsi ilə müşayiət olunan sol İİİ,İV,V,Vİ,Vİİ qabırğaların, sol almacıq sümüyü temporal qövsünün, nazal sümüklərin, üst çənənin Le Fort-2 (piramida sınığı), sağ qasıq sümüyü medial yarası və sağ oturaq sümüyü şaxəsi orta 1/3-dən keçən sınıqları, burun belinin, sol gözaltı nahiyənin, sol qaş ortasının, sol üst göz qapağının, alt dodaq girəcəyialtının və çənəaltı nahiyələrin əzilmiş yaralarından ibarət xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 19 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində idarə etdiyi, qardaşı X3 məxsus olan **-VB-*** qeydiyyat nişanlı, el arasında “Naz Lifan” adlandırılan, “LF 7132/2 320” markalı avtomobillə “8-ci km” bazarından Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə təqribən 50 km/saat sürətlə hərəkət etmişdir. “Laçın” ticarət mərkəzinin yaxınlığında üzü “Sərhədçi” idman kompleksi istiqamətində olan hərəkət yolunun soldan birinci zolağı ilə hərəkətdə olarkən yolu sağdan sola keçmək istəyən piyadanı hərəkət etdiyi zolaqda, yəni hərəkət etdiyi istiqamətə münasibətdə soldan birinci zolaqda vurmuşdur. Piyadanı ilk gördüyü anda avtomobilin ön hissəsi ilə onun arasında 5 metr məsafə olmuşdur. Piyadaya ilk zərbə avtomobilin sağ hissəsi ilə olmuş və piyada avtomobilin altına yıxılmışdır. Həmin an o, şokda olduğundan yenə də avtomobili saxlaya biliməmiş və piyadanın üzərindən keçmişdir. Bundan bir neçə saniyə sonra hadisənin şokundan ayıldıqda avtomobildən enib piyadaya yardın göstərmək istəmişdir. Daha sonra xəsarət almış piyadanı, sonradan tanıdığı Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili vasitəsi ilə xəstəxanaya aparmışlar. O, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmasına əmin olduqdan sonra Nizami rayon polis idarəsinə getmiş, orada hadisənin onun tərəfindən törədilməsi ilə bağlı məlumat vermişdir. Daha sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə zamanı zərərçəkmiş piyadanı görəndə piyada artıq yolun hərəkət istiqamətində olmuşdur. Zərərçəkmiş şəxsi hadisədən əvvəl tanımamışdır, hadisə onun ehtiyatsızlığından baş vermişdir. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyib onunla barışıq əldə etdiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Q.Qarayev prospektində yerləşən "xxxx" MMC adlı Lombardda əmtəəşünas xəzinədar kimi işləyir. 19 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakıxanov qəsəbəsində avtobusa minib “Xalqlar Dostluğu” metrostansiyasının girişinin yaxınlığında avtobusdan düşmüşdür. Onun avtobusdan düşdüyü yer “Laçın” ticarət mərkəzinə, həmçinin onun işlədiyi Lombarda münasibətdə yolun, yəni Q.Qarayev prospektinin əks tərəfində olmuşdur. Bu səbəbdən işə getmək üçün yolu əks tərəfə keçməli olmuşdur. O, yolun hərəkət hissəsinə çıxıb sağdan birinci və ikinci zolağı keçdikdən sonra üçüncü zolağın başlanğıcında bir avtomobil onu vurmuşdur. Bir də xəstəxanada gözünü açmış və avtomobilin onu vurması nəticəsində müxtəlif bədən xəsarətləri aldığını bilmişdir. Daha sonra ona məlum olmuşdur ki, onu vuran şəxs Təqsirləndirilən şəxs olnuşdur. O, yolun hərəkət istiqamətinə çıxarkən həmin istiqamət üzrə hərəkət edən avtobillərin onu görməsinə hər hansı maneə olmamışdır. Hazırda ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - AB seriyalı, 740346 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş, etibarlılıq müddəti 14 iyul 2022-ci il tarixədək olmuşdur. (i.v. 5) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 19 sentyabr 2023-cü il tarixli 2/33957 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:41-də tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 8) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 29 sentyabr 2023-cü il tarixli 3-13-16/2-132343/2023 nömrəli məktubundan və ona əlavə olunan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə 22 sentyabr 2033-cü il tarixədək etibarlı olan BB519254 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “LF 7132/2 320” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21 yanvar 2013-cü il tarixdən X2 adına qeydiyyatdadır. (i.v. 27-28) - 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin X4 Xidməti tərəfindən göndərilmiş 01 ədəd diskə baxış keçirilmişdir, diskdə 02 ədəd video fayl vardır. “TŞ4-012 2- 2023-09-19...” adlı fayladakı görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin videomüşahidə kamerası Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” Ticarət mərkəzinin qarşı hissəsində yolun hərəkət hissəsini qeydə almışdır. Həmin diskə baxış zamanı yuxarı sağ küncdə xx-xx-2023 və vaxt qeyd edilmişdir. Həmir görüntüdə sağ yuxarı küncdə saat 09:26:04-ü göstərəndə **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil Q.Qarayev prospekti ilə digər küçənin kəsişməsini keçərək Q.Qarayev prospekti ilə avtomobilin sol çiynində “Laçın” Ticarət mərkəzi olmaqla üzü Əhmədli metrostansiyası istiqamətində hərəkət edir. Daha sonra həmin kameranın görüş bucağından çıxır. Həmin diskdə olan digər “TŞ4-020 3-2023-19-09” adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, bu kamera vasitəsi ilə hadisə yerinin yaxınlığında hadisənin iştirakçısı olan **-VB-*** nömrəli avtomobilin hərəkət istiqamətinə münasibətdə yolun sağ tərəfindən yerləşən “Körpü mebel evi” və yaxınlığdakı avtobus dayanacağı qismən, həmin avtombilin hərəkət istqimətində münasibətdə yolun sol tərəfində olan əks istiqamətli yol və “Kontakt Home” adlı mağaza görüş bucağına düşmüşdür. Həmin kamera hadisə yerindən bir qədər uzaqda olduğundan hadisənin baş vermə anını görmək mümkün olmamışdır. Daxili İşlər Nazirliyinin X1 Mərkəzinin istintaqa təqdim etdiyi 01 ədəd diskə baxış zamanı diskdə 03 ədəd videofaylın olduğu müəyyən edilmişdir. Birinci sırada yerləşən “İPCS_0029- Nizami ray_Qara_Qarayev _PR_Xalqlar_Dostluğu_M_ST_Yani-2023-09- 19...” adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntüləri qeydə alan kamera fırlanan kameradır. Həmin görüntülərdə sağ üst küncdə xx.xx.2023 yazısı və vaxt, aşağı sol küncdə Qara Qarayev pr, Xalqlar Dostluğu m/st, aşağı sağ küncdə isə İP0029 yazıları qeyd edilmişdir. Həmin görüntülərdə yuxarı sağ hissədə olan vaxt saat 09:26:30-u göstərdikdə Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında Q.Qarayev prospekti ilə üzü Əhmədli istiqamətində olan yolun soldan birinci zolağı ilə hərəkətdə olan **-VB-*** nömrəli avtombilin piyadanı vurması və üstündən keçməsi əks olunmuşdur. Videonun irəliləyən dəqiqlərində həmin avtomobilin sükanı arxasından Təqsirləndirilən şəxs düşdüyü görünmüşdür. (i.v. 40) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 21 noyabr 2023-cü il tarixli 1064 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş - lll-İV dərəcəli travmatik şokla, ağciyərlərin kontuziyası və iki tərəfli hemopnevmotoraksla və qarın divarının əzilməsi ilə müşayiət olunan sol İİİ,İV,V,Vİ,Vİİ qabırğaların; sol almacıq sümüyü temporal qövsünün; nazal sümüklərin; üst çənənin Le Fort-2 (piramida sınığı); sağ qasıq sümüyü medial yarası və sağ oturaq sümüyü şaxəsi orta 1/3-dən keçən sınıqları, burun belinin, sol gözaltı nahiyənin, sol qaş ortasının, sol üst göz qapağının, alt dodaq girəcəyialtının və çənəaltı nahiyələrin əzilmiş yaraları – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində olduğu baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (i.v. 52-56) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 dekabr 2023-cü il tarixli 8/3676 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən LF-7132/2-320 markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 66-68) - 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 71) - 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 185 və 264-cü maddələri ilə cinayət təqibi rədd edilmiş, hadisəni əks etdirən görüntülərin olduğu 02 ədəd disk sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 74-78) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 65) - 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 100-103) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, hadisənin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1, 59.1.11, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; içərisində videogörüntülərin əks olunduğu 02 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İçərisində videogörüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-271/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-271/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver