Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-274/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, 17.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19.04.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,301 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 01 mart 2021-ci il tarixdə saat 21:50 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 6 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd siqaret kağızı bükümündə 0,301 qram olan ağ kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 18,633 qram olan narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 17 aprel 2021-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ sellofana bükülü halda 18,633 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 fevral 2021-ci il tarixdə günorta saatlarında “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Maşın bazarı” adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul verərək “şüşə” yəni, metamfetamin psixotrop maddə almışdır. 01 mart 2021-ci il tarixdə saat 21:50-də Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi 6 saylı yaşayış binasının yaxınlığında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları onu saxlayaraq Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparmışlar. Axtarışa başlamazdan əvvəl polis işçiləri ona üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər, o, əynində olan gödəkçənin sol iç cibində saxladığı 1 ədəd siqaret kağızı bükümdə olan “şüşə kimi tanıdığı psixotrop maddə metamfetamini çıxardıb könüllü olaraq təqdim etmişdir. Cinayət işi başlanmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 17 aprel 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 70 manata öz şəxsi istifadəsi üçün narkotik vasitə tiryək almış, həmin narkotik maddədən bir az istifadə etdikdən sonra qalan hissəsini cibinə qoyaraq saxlamışdır. 17.04.2021-ci il tarixdə yaşadığı binanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üstündə axtarış aparılarkən, ona üstündə qanunla qadağan edilmiş hər hansı əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, sellofan bükülüdə narkotik vasitə olan tiryəki şalvarının sol yan cibindən çıxararaq təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmədən yaşını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İstintaqda şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 01 mart 2021-ci il tarixdə narkotik vasitələrin əldə edib, istifadə edilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilərək yaxalanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak edən şəxslərdən biri olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında qanunsuz olaraq narkotik vasitələrin istehlakında şübhəli bilinən “Əli” adlı şəxsin müəyyən edilərək yaxalanması ilə bağlı 24-cü Polis Şöbəsinin rəhbərliyinə məlumat verməklə müvafiq icazə alındıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş müvafiq qərar əsasında həmkarları Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə 01 mart 2021-ci il tarixdə saat 21:50 radələrində ünvan 5 ünvanda yerləşən yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərində şəxsi axtarış aparılması üçün 24-cü Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilməsindən sonra sonuncunun müəyyən edilməsi, yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ilkin sənədlər 24-cü Polis Şöbəsinin təhqiqatçısı Ramil Mehdiyevə təqdim edilmişdir. X1 tərəfindən məhz həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs Zahid oğlunun üzərində şəxsi axtarış aparmazdan əvvəl hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə onun və əməliyyat tədbirinin digər iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz və qadağan olunmuş əşya, maddə olduğu halda təqdim edilməsi tələb edilmiş, o, əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol iç cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd büküm içərisində, ağ kristallik formalı, spesifik iyə malik maddəni təqdim etmiş və həmin maddənin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Üzərində axtarış aparılan Təqsirləndirilən şəxs həmin maddəni 26 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində metronun “Xalqlar Dostluğu" stansiyasının yaxınlığındakı maşın bazarı adlanan yerdə əvvəllər tanımadığı və hazırda da haqqında heç bir məlumata sahib olmadığı şəxsdən 20 manata aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə qablaşdırılmış və ona müvafiq ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 oğlu ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İstintaqda şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 aprel 2021-ci il tarixdə saat 12:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidməti ərazidə olarkən Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 16 saylı binanın qarşısında Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş oğurluq hadisələrində, həmçinin narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlamaqda şübhəli şəxs kimi saxlanılaraq PŞ-nə dəvət edilmiş, polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sol yan cibindən içərisində qara rəngdə maddə olan bir ədəd ağ sellofan bükümü təqdim edərək içərisindəki maddənin narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni təxminən 3- 4 gün əvvəl tanımadığı şəxsdən 70 manat pul verib özü istifadə etməsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ sellofanın içərisində qara rəngdə, spesifik iyə malik olan narkotik vasitəyə oxşar maddə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulub qablaşdırılmış və Nizami RPİ-nin 24-cü PŞ-nin 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İstintaqda şahid qismində dindirilmiş Şahid1 şahidlər Şahid2 və Şahid4 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18.04.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - şəxsi axtarış və götürmə aparılması haqqında 17.04.2021-ci il tarixli protokoldan görünür ki, 17.04.2021-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli şalvarının sol yan cibindən ağ sellofana bükülmüş qara rəngli tiryək kimi tanıdığı maddəni təqdim edərək həmin maddəni təxminən 3-4 gün əvvəl tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 17.04.2021-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 17.04.2021-ci il tarixli, 6/1503 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri qeyd olan zərfdəki bir bükümdə təmiz çəkisi 18,633 qr tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - videoçəkilişə baxış keçirilməsi haqqında 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən ağ sellofana bükülmüş qara rəngli maddəni təqdim edərək, həmin maddənin tiryək olduğunu və həmin tiryəki təxminən 3-4 gün əvvəl tanımadığı şəxsdən 70 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-87/2021 saylı, 19.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 02 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə birləşdirilnmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 01.03.2021-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 01.03.2021-ci il tarixli protokoldan görünür ki, 01.03.2021-ci il tarixdə saat 21:50-də şübhəli şəxs kimi saxlanaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülü, içərisində ağ kristal formalı spesifik iyə malik maddəni təqdim edərək, həmin maddənin “şüşə" kimi tanıdığı metamfetamin olduğunu, 26.02.2021-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Maşın bazarı” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 02.03.2021-ci il tarixli, 6/855 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 164 dairəvi möhür əksi olan”, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözlər, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,301 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”nin siyahısına (Siyahı İ) daxildir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - videoçəkilişə baxış keçirilməsi haqqında 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, 01 mart 2021-ci il tarixdə saat 21:50-də şübhəli şəxs kimi saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sol iç cibindən içərisində ağ kristallik halında spesifik iyə malik maddə olan bir ədəd qızılı rəngli siqaret kağızında olan bükümü təqdim edərək, bükümün içərisində “şüşə“ kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, həmin maddəni 26.02.2021-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Maşın bazarı” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verib özü istifadə etmək üçün aldığını bildirmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 03.03.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 10.06.2021-ci il tarixli, 1831 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. - sübutların qiymətləndirilməsi haqqında 03.07.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə aşkar edilib götürülmüş 0,301 qram olan psixotrop maddə-metamfetamin və 17 aprel 2021-ci il tarixdə aşkar edilərək götürülmüş 18,633 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,251 qram psixotrop maddə metamfetamin və 18,533 qram narkotik vasitə tiryək saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə 01 mart 2021-ci il və 17 aprel 2021-ci il tarixlərdə şəxsi axtarış aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 121 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi və dərman preparatı kimi beynəlxalq adı “Tiryək” olan maddə narkotik vasitəsidir, onun 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə -tiryək və psixotrop maddə metamfetamin edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdən 03.03.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 17.04.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 18,533 qram narkotik vasitə- tiryək və 0,251 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 179 (bir yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdən 03.03.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17.04.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 18,533 qram narkotik vasitə - tiryək və 0,251 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 179 (bir yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 40 saat, məhkəmədə 20 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-274/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-274/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver