Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-276/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi nikahda olmayan, faktiki ailə münasibətlərindən iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qərarı ilə 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən sözügedən hökm üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif olunmuş, bir epizod üzrə “xeyli miqdarda” müddəası hökmdən xaric edilmiş, təyin olunmuş cəza dəyişdirilmədən saxlanılmış, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə 3500 manat cərimə məbləğinin ödənilməmiş qalan 3050 manat hissəsi qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli aylıq qazancından pul tutulmalarının aparıldığı vaxtdan hesablanmış, həmin cəzanı çəkməmiş, Yevlax şəhəri, Vaqif küçəsi, ev 46-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvansız evdə yaşamış, 10 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 mart 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan gizləndiyindən haqqında axtarış elan edilmiş, 08 iyun 2021-ci il tarixdə tutulmuş, 09 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib, üstündə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz halda çəkisi 0,337 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üstündə saxlamaqla daşımış, 10 mart 2021-ci il tarixdə saat 18 radələrində Nizami RPİ-in 23-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və bölmədə olan xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ümumi çəkisi 0,337 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildə ailə həyatı qurmuş, lakin rəsmi nikah bağlamamışdır, bu evlilikdən iki azyaşlı övladı var. 2020-ci ilin təxminən sonlarından narkotik vasitə istifadə etməyə başlamışdır. 10 mart 2021-ci il tarixdə saat 18:00 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. O, etiraz etmədən polis bölməsinə getmişdir. Orada polis əməkdaşları onun narkotik vasitələri üzərində saxlayaraq gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini bildirmişlər. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, etiraz etmədən əynində olan qara cins şalvarının sağ yan cibindəki bir ədəd qızılı siqaret kağızına bükülmüş içində “metamfetamin” adlı narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, bu narkotik vasitəni bir gün əvvəl, yəni 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən “Badu-Kübə” adlı restoranın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, bir daha belə cinayət əməli törətməyəcəkdir. Himayəsində iki azyaşlı uşağı olmasını, ailədə yeganə işləyən şəxs olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə Aqil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması barədə məlumat daxil olmuş, məlumat bölmə rəisinin adına raportla məruzə olunduqdan sonra həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində Aqil adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsində olması müəyyən edilərək əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana getmişlər. 5 saylı ünvanın qarşısında xarici əlamətləri Aqil adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsə özünü təqdim etməsini də təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra ona 23-cü PB-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara cins şalvarın sağ yan cibindən bir ədəd qızılı siqaret kağızına bükülmüş içində “metamfetamin” adlı narkotik vasitə olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bu narkotik vasitəni bir gün əvvəl, yəni 09 mart 2021-ci il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən “Badu-Kübə” adlı restoranın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 20 manata aldığını bildirmişdir. Psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və imzalanmış, ekspertizaya təqdim olunması üçün götürülmüş, həmçinin protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru X1, şahid V.A.Nəsibovun ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 10 mart 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərində, videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarış və götürmə aparılmışdır. Təklif əsasında Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngində olan kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitəni təqdim edərək bildirmişdir ki, onun təqdim etdiyi maddə “metamfetamin” kimi tanıdığı narkotik vasitədir və 09 mart 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Badu-Kübə” adlı restoranın yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. (i.v. 28-26, 73) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2021-ci il tarixli 6/994 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,337 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,287 qram qalığı qalmışdır. (i.v. 33-37) - 12 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,287 qram narkotik vasitə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış 0,287 qram metamfetamin RPİ-nin MSSK-na təhvil verilmişdir. (i.v. 61) - 12 mart 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 74) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 24 iyun 2021-ci il tarixli 2051 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 122-123) - 20 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasirə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə Nizami RPİ-nə göndərilmişdir. (i.v. 125-128) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 18) - 12 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 69-70) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 12 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 71) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qərarı ilə 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən sözügedən hökm üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif olunmuş, bir epizod üzrə “xeyli miqdarda” müddəası hökmdən xaric edilmiş, təyin olunmuş cəza dəyişdirilmədən saxlanılmış, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2019cu il tarixli qərarı ilə 3500 manat cərimə məbləğinin ödənilməmiş qalan 3050 manat hissəsi qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli aylıq qazancından pul tutulmalarının aparıldığı vaxtdan hesablanmışdır. (i.v. 78-79, 94) -Yevlax rayon icra və probasiya şöbəsinin 22 iyul 2021-ci il tarixli 49180 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə təyin edilmiş qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasını çəkməmişdir. (i.v. 134) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 22 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulması qərara alınmışdır. (i.v. 95) - 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 101) - 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay 18 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 115-119) Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur, ona görə hazırda ona cəza təyin edilərkən həmin məhkumluğu nəzərə alınmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının əvəz edilməsi yolu ilə, təyin edilmiş qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasının çəkilməmiş tam hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd gününün bərabər tutulması qaydasında hesablanmaqla, 04 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə tutulduğu 08 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,287 qram olan narkotik vasitə marixuana məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 80 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə təyin edilmiş qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasının çəkilməmiş tam hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd gününün bərabər tutulması qaydasında hesablanmaqla, 04 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,287 qram olan narkotik vasitə marixuana məhv edilsin. Məhkəmə məsrəfi olan 81,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h - AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-276/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-276/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver