Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-276/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsi, ev 33A/3-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi, ev 80-də yaşayan, 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 mart 2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən 4 saylı X5 birinci mərtəbəsindəki 1 nömrəli otağın qapısının qıfılını özü ilə gətirdiyi açarla açmaqla qanunsuz otağa daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 2000 manat təşkil edən bir ədəd Çin istehsalı olan “Packard bell” markalı, “one two S3380” modelli, intel inside xüsusiyyətli monoblok və onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 mart 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən 4 saylı X5 dördüncü mərtəbəsindəki 4 nömrəli otağın qapısının qıfılını özü ilə gətirdiyi açarla açmaqla qanunsuz otağa daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs3 məxsus dəyəri 300 manat təşkil edən bir ədəd Çin istehsalı olan “Samsung” markalı, “NP300E5Z” modelli, intel pentium xüsusiyyətli noutbuk, onun komplektləşdirilməsinə daxil olan dəyəri 18 manat təşkil edən 01 ədəd cərəyan qidalandırıcısı və dəyəri 20 manat təşkil edən 01 ədəd çantanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 338 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 mart 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən 4 saylı X5 dördüncü mərtəbəsindəki 2 nömrəli otağın qapısının qıfılını özü ilə gətirdiyi açarla açmaqla qanunsuz otağa daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 1000 manat təşkil edən bir ədəd Çin istehsalı olan “Asus” markalı, “X550V” (Sonic Master) modelli, core i5 xüsusiyyətli noutbuk, onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısı və 01 ədəd siçan qurğusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nənəsi Nehsət Nəsiri uzun müddət 4 saylı X6 baş tibb bacısı işləmiş, təxminən 2021-ci ildə təqaüdə çıxmışdır. Nənəsi həmin Dispanserdə işlədiyi dövrdə onun yanına tez-tez gedib-gəlmiş, ona görə oradakı iş rejiminə, qapıdan buraxılış qaydalarına bələd olmuşdur. Belə ki, qapıdan keçərkən qapıda olan şəxslər çox vaxt orada olmamışlar, ya da ki, qapıdan keçən şəxsin hara getməsi ilə maraqlanmamışlar. Odur ki, pula ehtiyacı yarandığından və oradakı otaqlarda noutbukların olması barədə məlumatı olduğundan, günorta saatlarında dəhlizdə adam az olduğu vaxtlar oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 06 mart 2022-ci il tarixdə saat 12 radələrində ümumi qapıdan keçib birinci mərtəbədə qapısı bağlı olan otaqlardan birinə yaxınlaşmış, dəhlizdə adam olmadığından həmin otağın taxta materialdan olan qapısının daxili qıfılla bağlandığını görüb üzərində olan açarlarla onun qapısını açmış, otağa daxil olub orada pəncərənin qarşısında yerləşən və yanında bir stul olan masanın üzərindəki “Pockord bell” markalı kompyuteri götürüb orada otaqda olan sellofan torbaya qoyub giriş qapısını örtərək oradan uzaqlaşmışdır. Otaqdan çıxarkən dəhlizdə hər hansı bir şəxsə rast gəlməmiş, həmin kompyuteri eyni tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən lombarda dostu Vasim Əzimovdan xahiş etməklə onun vəsiqəsinin surətini təqdim edib 110 manat pul müqabilində təhvil vermişdir. Vasim həmin kompyuterin özünə məxsus olmasını hesab etmiş, kompyuterin oğurluq olması barədə Vasimə deməmişdir. Əldə etdiyi pul vəsaitini öz şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa, 13 mart 2022-ci il tarixdə yenidən 4 saylı X1rluq etmək qərarına gəlmiş, bu məqsədlə saat 14 radələrində ümumi giriş qapısından daxil olub dördüncü mərtəbədə qapısı bağlı olan otaqlardan birinə yaxınlaşmış, dəhlizdə adam olmadığından həmin otağın taxta materialdan olan qapısının daxili qıfılla bağlandığını görüb üzərində olan açarlarla onun qapısını açmış və otağa daxil olub orada pəncərənin yaxınlığında yerləşən masanın baş tərəfində yerləşən noutbuk çantasının içində olan “Samsung” markalı noutbuku götürüb giriş qapısını örtərək oradan uzaqlaşmışdır. O, otaqdan çıxarkən dəhlizdə hər hansı bir şəxsə rast gəlməmiş, odur ki, növbəti otağın qapısını üzərində olan açarlarla açmış və otağa daxil olub orada pəncərənin yaxınlığında yerləşən masanın baş tərəfində yerləşən “Asus” markalı noutbuku orada olan sellofan torbaya qoyub giriş qapısını örtərək oradan uzaqlaşmışdır. Otaqdan çıxarkən dəhlizdə hər hansı bir şəxsə rast gəlməmişdir. Oradan götürdüyü “Samsung” markalı noutbuku yaşadığı ünvanda qoymuş, digər “Asus” markalı noutbuku isə tanışı olan Şahid1 hədiyyə etmişdir. Sonradan Suraxanı rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında olarkən Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, 25-ci PŞ-də olarkən Nəzakətdən ona hədiyyə etmiş olduğu noutbuku polis şöbəsinə gətirməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə məxsus olan əşyalar özlərinə qaytarılmışdır, bir daha belə əməllərə yol verməyəcəkdir. Ata-anasının yaşlı və xəstə olduqlarını, ailədə yeganə işləyib qazanc gətirən şəxs olduğunu göstərərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Ələkbərzadə Aidə-Xanım Əvəz qızı ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən Şərifli küçəsi, 25/14 ünvanında yerləşən 4 saylı X6 yerləşən Ağciyər xəstəlikləri kafedrasında müəllim-asistent kimi fəaliyyət göstərir və tibb elmləri namizədidir. 11 mart 2022-ci il tarixdə saat 16 radələrində işlərini yekunlaşdırıb özünə məxsus “Asus” markalı noutbukunu Dispanserin 4-cü mərtəbəsində yerləşən 2 saylı otaqda yerləşən masanın üzərinə qoymuş və taxta materialdan olan qapını üzərində olan qıfılla bağlayaraq getmişdir. 14 mart 2022-ci il tarixdə saat 08 radələrində işə gəldikdə otağının qapısının qıfılını açarla açmış, içəri keçdikdə masanın üzərində olan “Asus” markalı noutbukunun oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal kafedra müdirinə məlumat vermiş, həmçinin Nizami RPİ-nin 25-ci polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Həmin müraciətdən sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının verdiyi rəylə razı deyil, belə ki, ona dəymiş ziyan 1000 manat dəyərində olsa da, ekspertiza rəyi ilə aşağı qiymət müəyyən edilmişdir. Sonradan oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, bir ədəd noutbuk, bir ədəd cərəyan qidalandırıcısı və bir ədəd siçan ona geri qaytarılmış, ziyanın əvəzi ödənilmişdir. Lakin kompyuterin yaddaşında olan fotoşəkillər silindiyinə görə ona mənəvi ziyan dəymişdir, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, Şərifli küçəsi, 25/14 ünvanında yerləşən 4 saylı X6 yerləşən Ağciyər xəstəlikləri kafedrasında müəllim-asistent kimi fəaliyyət göstərir və tibb elmləri namizədidir. Həmin iş yerindən öncə Hərbi hospitalda həkim vəzifəsində işləmiş, tibb xidməti polkovnik-leytenantı olmuş, sonradan təqaüdə çıxmışdır. 12 mart 2022-ci il tarixdə saat 15 radələrində işlərini yekunlaşdırıb özünə məxsus “Samsung” markalı noutbukunu həmin noutbuka məxsus çantanın içində Dispanserin 4-cü mərtəbəsində yerləşən 4 saylı otaqda yerləşən masanın üzərinə qoymuş və taxta materialdan olan qapını üzərindəki qıfılla bağlayaraq getmişdir. 14 mart 2022-ci il tarixdə saat 08 radələrində işə gəldikdə otağının qapısının qıfılını açarla açmış, içəri keçdikdə çantanın içində olan “Samsung” markalı noutbukunun oğurlandığını aşkar etmiş, bu barədə dərhal kafedra müdirinə məlumat vermiş, həmçinin Nizami RPİ-nin 25-ci polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, belə ki, ona dəymiş ziyan 338 manat dəyərində olsa da, ekspertiza rəyi ilə aşağı qiymət müəyyən edilmişdir. Sonradan oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, bir ədəd noutbuk və bir ədəd siçan ona geri qaytarılmış, ziyanın əvəzi ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətı yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır, o, ərizə ilə müraciət edərək ona dəymiş zərər ödənildiyi, kompyuter qaytarıldığı üçün Təqsirləndirilən şəxs şikayətçi olmadığını göstərmişdir. Bununla əlqədar, onun iştirakı olmadan işə baxılmış və ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən Şərifli küçəsi, 25/14 ünvanında yerləşən 4 saylı X6 dispanser heyətinin şöbə müdiri vəzifəsində işləyir. 05 mart 2022-ci il tarixdə saat 15 radələrində işlərini yekunlaşdırıb özünə məxsus “Packard bell” markalı kompyuterini Dispanserin 1-ci mərtəbəsində yerləşən 1 saylı otağındakı masanın üzərinə qoymuş və taxta materialdan olan qapını üzərində olan qıfılla bağlayaraq getmişdir. 14 mart 2022-ci il tarixdə saat 08 radələrində işə gəlib otağının qapısının qıfılını açarla açmaq istədikdə qapının açıq saxlanılaraq örtüldüyünü, içəri keçdikdə isə masanın üzərində olan “Packard bell” markalı kompyuterin oğurlandığını aşkar etmiş, bu barədə dərhal Dispanserin baş həkiminə məlumat vermiş, həmçinin sonradan Nizami RPİ-nin 25-ci polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Həmin müraciətdən sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının verdiyi rəylə razı deyil, ona dəymiş ziyan əvvəllər də qeyd etdiyi kimi ümumilikdə 2000 manat dəyərindədir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, iki ilə yaxındır ki, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri normal olmuşdur, heç bir düşmənçilik və ədavəti yoxdur. 13 mart 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvanda tək olarkən tanışı Əli həmin ünvana gəlmiş və əlində bir ədəd sellofan torbada “Asus” markalı noutbuk gətirmişdir. O, həmin şəxsə əlində nə olmasını maraqlandıqda Əli noutbuk olduğunu və ona hədiyyə olaraq vermək istədiyini bildirmişdir. O, həmin şəxsdən belə əziyyət çəkməməsini, ona hədiyyəyə ehtiyac olmadığını bildirmiş və hədiyyəni Əlidən qəbul etmişdir. Lakin sonradan bayram ərəfələri olduğundan həmin noutbukdan istifadə edə bilməmişdir. Sonradan Əlinin polis əməkdaşları tərəfindən saxlanılmasını eşitmiş və Əli telefonda ondan həmin noutbuku gətirib ona təhvil verməyini xahiş etmişdir. Odur ki, o da həmin noutbuku Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirərək orada olan Əliyə təhvil vermiş və şöbədə olarkən Əlinin həmin noutbuku oğurlaması ona məlum olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Lombard”da mal qəbul edən vəzifəsində işləyir. 06 mart 2022-ci il tarixdə işlədiyi lombarda sonradan adı ona Vasif kimi məlum olan şəxs yanında bir nəfər şəxs olmaqla yaxınlaşaraq bir müddət öncə monoblok aldığını, lakin sonradan yaxın qohumunun xəstəliyi ilə bağlı pula ehtiyacı yarandığından lombarda qoymaqla pul vəsaiti götürmək istədiyini bildirmişdir. Odur ki, o, həmin şəxsdən həmin “Packard bell” markalı monoblokun özünə məxsus olub-olmadığını, oğurluq olmasını bir daha maraqlandıqda həmin avadanlığın özünə məxsus olduğunu bildirmiş və əlində olan sellofan paketdən həmin avadanlığı çıxararaq ona təqdim etmiş, o, həmin şəxsə baxıb 110 manat dəyərləndirmiş, həmin şəxs də onunla razılaşaraq şəxsiyyət vəsiqəsindən anket məlumatlarını dəqiqləşdirməklə girov bileti tərtib etmiş və hər ikisi orada imzalarını etmişlər. Sonra həmin şəxs 110 manat pulu götürməklə oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin şəxsi bir daha görməmiş, almış olduğu monobloku isə satmamışdır, sonradan polis əməkdaşlarının çağırışı ilə 25-ci PŞ-nə yaxınlaşmış və ona Vasif adlı şəxsin girov qoymuş olduğu avadanlığın oğurluq olması barədə məlumat verilmişdir. Odur ki, həmin şəxsin ona girov qoymuş olduğu avadanlığı 25-ci PŞ-də protokolla təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 15 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən baxış keçirilərkən ünvan 5 ünvanda yerləşən 4 saylı X5 dördüncü mərtəbəsindəki 2 nömrəli otağın qapısının qıfılının açar seçmə üsulu ilə açılaraq masanın üzərindən bir ədəd noutbukun oğurlanması müəyyən edilmişdir. (i.v. 7-10) - 31 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən baxış keçirilərkən ünvan 5 ünvanda yerləşən 4 saylı X5 dördüncü mərtəbəsindəki 4 nömrəli otağın qapısının qıfılının açar seçmə üsulu ilə açılaraq masanın üzərindən bir ədəd noutbukun oğurlanması müəyyən edilmişdir. (i.v. 22-25) - 31 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən baxış keçirilərkən ünvan 5 ünvanda yerləşən 4 saylı X5 birinci mərtəbəsindəki 1 nömrəli otağın qapısının qıfılının açar seçmə üsulu ilə açılaraq masanın üzərindən bir ədəd kompüterin oğurlanması müəyyən edilmişdir. (i.v. 26-29) - 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd “Asus” markalı noutbuk Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən götürülmüşdür. (i.v. 33) - 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd “Samsung” markalı noutbuk Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən götürülmüşdür. (i.v. 34) - 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 könüllü təqdim etdiyi bir ədəd “Packard bell” markalı monoblok Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən götürülmüş, həmin monoblokun ünvan 6 ünvanında yerləşən lombarda Təqsirləndirilən şəxs tərəfindən qoyularaq 110 manat götürüldüyü müəyyən edilmişdir. (i.v. 35) - 01 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 ona tanınmaya təqdim edilmiş 01 ədəd noutbuku, 01 ədəd cərəyan qidalandırıcısını və çantanı tanıyaraq ona məxsus olduğunu, həmin əşyaları markasından, üzərində olan yazısından və s. əlamətlərindən tanıdığını bildirmişdir. (i.v. 86-87) - 01 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş 01 ədəd monobloku və 01 ədəd cərəyan qidalandırıcısını tanıyaraq ona məxsus olduğunu, həmin əşyaları markasından, üzərində olan yazısından və s. əlamətlərindən tanıdığını bildirmişdir. (i.v. 88-89) - 01 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaya təqdim edilmiş 01 ədəd noutbuku, 01 ədəd cərəyan qidalandırıcısını və 01 ədəd siçanı tanıyaraq ona məxsus olduğunu, həmin əşyaları markasından, üzərində olan yazısından və s. əlamətlərindən tanıdığını bildirmişdir. (i.v. 90-91) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 2022-ci il tarixli 9/2324 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Packard Bell” markalı monoblok bir ədəd cərəyan qidalandırıcısı ilə birlikdə 300 manat, “Samsung” markalı noutbuk bir ədəd cərəyan qidalandırıcısı və bir ədəd çantası ilə birlikdə 180 manat, “Asus” markalı noutbuk cərəyan qidalandırıcısı və bir ədəd siçanla birlikdə 350 manat olmaqla ümumilikdə 809 manat müəyən edilir (həmin malların istifadədə olması nəzərə alınmaqla və orta bazar qiymətləri ilə). (i.v. 134-137) - 07 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs bir daha istintaq zamanı verdiyi ifadəsini əyani olaraq təsdiq edib 06 mart 2022-ci il tarixdə saat 12 radələrində, 13 mart 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən 4 saylı X2 birnci və dördüncü mərtəbələrində yerləşən otaqların qapılarını açar seçmə üsulu ilə açaraq binaya qanunsuz daxil olub, masanın üzərində olan monoblok və noutbukları gizli talamaqla cinayət törətdiyi yeri göstərmişdir. (i.v. 139-140) - 17 may 2022-ci il tarixli protokoldan və girov biletinin surətindən görünür ki, şahid qismində dindirilmiş Şahid2 X4 “Packard bell” markalı monobloqu lombarda girov qoyarkən tərtib edilmiş girov biletinin surəti götürülmüşdür. (i.v. 152-153) - 28 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə nəzərdə tutulan ittihamın elan edilməsi haqqında 02 aprel 2022-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 157, 180 və 186-cı maddələrinin tərkibi olmadığından həmin faktla bağlı barəsində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, Şahid2, X7 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 177 və 194cü maddələrinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, bir ədəd üzərində qeydlər aparılmış, X4 imzalamış olduğu girov biletinin surəti, bir ədəd Çin istehsalı olan “Packard bell” markalı, “one two S3380” modelli, intel inside xüsusiyyətli monoblok, onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısı, bir ədəd Çin istehsalı olan “Samsung” markalı, “NP300E5Z” modelli, intel pentium xüsusiyyətli noutbuk, onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısı və 01 ədəd çanta, bir ədəd Çin istehsalı olan “Asus” markalı, “X550V” (Sonic Master) modelli, core i5 xüsusiyyətli noutbuk, onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısı və 01 ədəd siçan qurğusu sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş, həmin əşyalar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü müvafiq olaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təhvil verilmiş, bir ədəd girov biletinin surəti cinayət işinə əlavə edilmişdir. (i.v. 156-164) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 45) - 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 111-112) - 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 113) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 132) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslərə məxsus əmlakların aşkar olunmaqla onlara geri qaytarılmasını, zərərçəkmiş şəxslərdən ikisinin Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin müddəalarına müvafiq qaydada hesablanmaqla təyin olunacaq cəza müddətindən çıxılmalı, onun üzərində qəti müddətə cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə məxsus əmlaklar naturada geri qaytarılmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış girov biletinin surəti saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, müvafiq əşyaların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulub, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd üzərində qeydlər aparılmış, X4 imzalamış olduğu girov biletinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, bir ədəd Çin istehsalı olan “Packard bell” markalı, “one two S3380” modelli, intel inside xüsusiyyətli monoblok, onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısı, bir ədəd Çin istehsalı olan “Samsung” markalı, “NP300E5Z” modelli, intel pentium xüsusiyyətli noutbuk, onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısı və 01 ədəd çanta, bir ədəd Çin istehsalı olan “Asus” markalı, “X550V” (Sonic Master) modelli, core i5 xüsusiyyətli noutbuk, onun komplektləşdirilməsinə daxil olan 01 ədəd cərəyan qidalandırıcısı və 01 ədəd siçan qurğusunun məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-276/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-276/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver