Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-279/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Hacıyeva İradə Ələskər qızının müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mürsəl qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanda yerləşən “Puledro” geyim mağazasında həmin mağazada işləyən Zərərçəkmiş şəxs ilə biri-birilərinə olan borclarını qaytarmaması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan, ənsə nahiyəsinin və sol təpə qabarının şişkinlik halında əzilməsi, boynun, döş qəfəsinin sıyrıqları, döş qəfəsinin qançırı ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirərək sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 il müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır. Fidan onun çalışdığı dükanın yaxınlığında yerləşən dükanda satıcı işləmişdir. Fidan dəfələrlə ondan borc pul almış və sonra qaytarmışdır. Sonuncu dəfə Fidan ondan 3000-4000 manat pul istəmiş, o, həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Fidan mağaza açmamışdan öncə onun çalışdığı dükana gələrək ondan çalışdığı dükana olan borcu istəmişdir. O, Fidana bildirmişdir ki, pulu dükanın sahibi Fikrət müəllimə verəcəkdir. Fidan ondan təkidlə pulu istəməsinə baxmayaraq o, Fidana pul verməmişdir. 25 mart 2021-ci il tarixdə günorta saatlarında o, Fidanın çalışdığı dükanın sahibi Fikrət müəllimə zəng vuraraq çalışdığı dükana dəvət etmişdir. Fikrət müəllimi dükana dəvət etməkdə məqsədi Fidan tərəfindən onun dükanından olan oğurluqlar barədə xəbərdar etmək, borcu ödəmək olmuşdur. Fikrət müəllim yarım saata gələcəyini bildirsə də dükana gəlməmişdir. Bundan sonra o, Fikrət müəllimin dükanına getmişdir. Dükanda Fikrət müəllim və Fidan olmuşlar. Sevda xanımda onun arxasınca ora gəlmişdir. O, Fikrət müəllimə yaxınlaşaraq Fidanın dükandan oğurluq etdiyini bildirmişdir. Həmin vaxt Fidan onu nalayiq küçə söyüşləri ilə söymüş, uşağına qarğış etmiş, o, Fidana cavab verməmişdir. Fidan içərisində uşaq çəkməsi olan qutunu onun üzərinə atmış, o, başını qırağa çəkmiş, qutu ona dəyməmişdir. Bundan sonra Fidan onun anasının ünvanına küçə söyüşü söymüşdür. O, sonuncuya yaxınlaşaraq “nə dedin” sualını verdikdə Fidan yenə həmin söyüşü təkrar edərək əli ilə onun hicabını başından çıxarmağa çalışmışdır. Bu zaman o, özünü müdafiə etmək üçün Fidanı özündən itələmişdir. Fidan onun yaxasından tutmuş, o da Fidanın yaxasından tutmuşdir. O, Fidanı vurmamışdır. Fikrət müəllim onlara yaxınlaşaraq ayırmışdır. Bundan sonra o və Sevda xanım oranı tərk edib öz çalışdıqları dükana getmişlər. Himayəsində körpə uşağı vardır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Puledro” uşaq geyimləri dükanında satıcı işləmişdir. Zəhra xanımla münasibətləri yaxşı olmuş, mübahisələri olmamışdır. İşlədiyi mağazanın aşağı hissəsində olan mağazaların birini özü icarəyə götürmüşdür. Onun həmin mağazanı icarəyə götürdüyünü biləndə Zəhra ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zəhra ona həmin mağazanı necə icarəyə götürdüyünü, özünün də mağaza axtardığını və bunu nə üçün ona demədiyini bildirmişdir. Bu zaman Sevda xanım da orada olmuş və ondan pulu haradan tapdığını soruşmuşdur. Bundan sonra Zəhra xanımla arasında narazılıq yaranmışdır. Zəhra bir neçə müddət bundan əvvəl onun işlədiyi mağazadan uşaq geyim paltarları götürmüş və pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. O, da Zəhranın işlədiyi mağazadan müəyyən məbləğ dəyərində geyim əşyası alıb, pulunu bir neçə müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan başqa o, Zəhranın işlədiyi mağazadan 150 manat dəyərində gödəkcə almışdır, lakin gödəkçənin ölçüsü böyük olduğu üçün həmin gödəkçəni Zəhraya qaytarıb, Zəhradan satmasını və pulunu geri qaytarmağını xahiş etmişdir. Bir qədər sonra Zəhranın rəfiqəsi Fatimə onun işlədiyi dükana gəlib Zəhraya olan borcunu verməsini bildirmişdir. O da Zəhranın pulu gətirib Fikrət müəllimə verməsini, ondan sonra borcunu qaytaracağını bildirmişdir. Bundan sonra onlarla münasibəti pisləşmişdir. Təxminən iki gün sonra o, mağazada olarkən Zəhra xanım müdiri Fikrət müəllimə zəng edib mağazasına çağırmış, Fikrət müəllim getməmiş, onların gəlməyini bildirmişdir. Bir qədər sonra Zəhra və Sevda xanım onun işlədiyi dükana gəlmişlər. Zəhra Fikrət müəllimə onun hər gün mağazadan oğurluq etdiyini, fırıldaqçı olduğunu bildirib, onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, çox pis olmuşdur. Zəhranın onu təhqir etməsindən əsəbləşib, qabağında olan ayaqqabı qutusunu yerə çırparaq “Zəhra bəsdir” demişdir. Bundan sonra Zəhra onun oturduğu yerə keçib, yumruqla başına zərbə vurub saçını yolmuş, başını dəfələrlə şkafın tininə vurmuşdur. Fikrət müəllim onları aralamışdır. Daha sonra Sevda və Zəhra mağazanı tərk etmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayəti vardır. Təqsirləndirilən şəxslə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi cəza ilə razıdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Puledro” uşaq geyimləri mağazasının sahibi olmuş, Zərərçəkmiş şəxs ona məxsus dükanda satıcı işləmişdir. 25 mart 2021-ci il tarixdə günorta saatlarında onun istifadəsində olan mobil telefona qonşu dükanda işləyən Zəhra xanım zəng edərək onunla vacib işi olduğunu deyib onu öz çalışdığı dükana dəvət etmişdir. O, Zəhra xanıma öz dükanında olduğunu bildirmiş və onu öz dükanına dəvət etmişdir. Həmin vaxt o, Fidanla birlikdə mağazada olmuşdur. Zəhra onların dükanına gəlmişdir. Zəhra xanım Fidanın ona məxsus dükandan axşamlar oğurluq etdiyini bildirmişdir. Zəhra xanımla Fidan xanım arasında sözlə mübahisə başlamışdır. Zəhra xanım Fidanın dayandığı daxılın arxasına keçib onu vurmuşdur. O, onları ayırmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zəhra bir neçə dəfə zərərçəkmiş şəxsin oğru olması barədə onun müdirinə xəbər vermək istəmişdir. O, qoymamış “müdir özü bilər, şəxsi işidir” demişdir. Hadisə olan gün Zəhra Fikrət müəllimə zəng edib işlədiyi mağazaya çağırmış, təxminən 10 dəqiqə gözləmiş Fikrət müəllim gəlmədiyindən Zəhra onun mağazasına getmişdir. O həmin vaxt da Zəhraya demişdir ki, “getmə, özləri bilər”. Bir müddət sonra Zəhranın gəlmədiyini görüb onun arxasınca getmişdir. Zəhra həmin vaxt Fikrət müəllimin yanına getmiş, zərərçəkmiş şəxsin yanına getməmişdir. O, mağazaya getdikdə görmüşdür ki, Zəhra Fikrət müəllimlə danışır, zərərçəkmiş şəxs də kənardan müdaxilə edir. Zərərçəkmiş şəxs Zəhraya söyüş söymüş, balasına qarğış etmiş, Zəhra cavab verməmişdir. Zərərçəkmiş şəxs Zəhranın anasına söyüş söydükdə Zəhra cavab vermiş, zərərçəkmiş şəxs qutunu Zəhraya atmışdır. Bundan sonra Zəhra zərərçəkmiş şəxs tərəfə keçmiş, savaşmışlar. Zəhra zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Mübahisə heç 1 dəqiqə çəkməmişdir. Zərərçəkmiş şəxs hər dəfə işçilər, Zəhra keçəndə qarşılarına tüpürmüş, onun qabağına çay tökmüş, söyüşlər söymüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 20.05.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasına dair 26.03.2021-ci il tarixli, 237 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin və sol təpə qabarının şişkinlik halında əzilməsi, boynun, döş qəfəsinin sıyrıqları, döş qəfəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 25.03.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 18.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 13.07.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxsə qismində cəlb etmə haqqında 14.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 14.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 12.08.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, 25 mart 2021-ci iİ tarixdə Zərərçəkmiş şəxs masa arxasında dayanaraq masa üzərində olan uşaq paltarlarını dəstələməsi, masadan qarşıda Təqsirləndirilən şəxs masadan sağda dayanmış Şahid1 ilə söhbət etmələri, həmin zaman Şahid3 mağazaya daxil olaraq Təqsirləndirilən şəxs yanına gəlib dayanması, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs biri-biriləri ilə sözlə mübahisə etmələri, Zərərçəkmiş şəxs masa üzərində olan ayaqqabı qutusunu Təqsirləndirilən şəxs üzərinə atması və bundan sonra Təqsirləndirilən şəxs masa arxasına keçərək Zərərçəkmiş şəxs baş nahiyəsindən vurması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özündən aralaşdırmağa çalışması, həmin zaman Şahid1 sonuncuları aralaşdırması, tərəflərin qarşılıqlı sözlə mübahisəyə davam etmələri və Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə getmək istəməsini, Şahid1 isə sonuncuya maneçilik yaratması müşahidə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Şahid3 ifadəsi Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 16 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 36 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 216 (iki yüz on altı) manat (36x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda 16 saat, məhkəmədə 20 saat, cəmi 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 216 (iki yüz on altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-279/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-279/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver