Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-28/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində çəkdiyi və 14 yanvar 2025-ci il tarixdə başa çatmalı olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 11 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Masallı rayon icra və probasiya şöbəsinin qeydiyyatında olan, hazırkı işlə bağlı 26 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməyə cəhd etmişdir. Belə ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.5, 29,181.2.2 və 181.2.5-ci maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində saxlanılarkən 2022-ci ilin dekabr ayının əvvəllərində istintaqa məlum olmayan nömrəli telefon vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə zəng edib satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 bükümdə olmaqla 1 qramdan çox miqdarda narkotik vasitə heroini onun üçün gətiriləcək sovqatda xüsusi üsulla gizlədilməklə gətirilməsini sifariş verib, bunun müqabilində istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsi ilə 100 manat məbləğində pulu narkotik vasitə əldə edəcəyi şəxsə göndərdikdən sonra onunla birlikdə həmin müəssisədə saxlanılan məhkum Şahid5 yaxın qohumları tərəfindən sovqat gətiriləcəyini bilib sonuncudan onun üçün gələcək sovqatın da gətirilməsini xahiş edərək Şahid5 razılığını aldıqdan sonra onun tapşırığı əsasında istintaqa şəxsiyyəti məlum olmayan şəxs qara rəngli, üzərində “Emporio Armani” yazısı olan ayaqqabının sağ tayının dabanında 02 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,799 qram narkotik vasitə heroini xüsusi üsulla gizlədərək ona göndəriləcək sovqatın içərisinə yerləşdirməklə onun cinayətkar niyyətindən xəbərsiz olan taksi sürücüsü Şahid3 həmin sovqatı verdikdən sonra o, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 zəng edərək sonuncuya içərisində narkotik vasitə heroin olan sovqatı taksi sürücüsü Şahid3 götürüb onunla bir yerdə cəza çəkən Şahid5 sovqat gətirəcək sonuncunun tanışı, onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 çatdırmasını xahiş etmiş, Şahid2 da öz növbəsində onun xahişi əsasında içərisində narkotik vasitə olduğunu bilmədiyi sovqat bağlamasını 10 dekabr 2022-ci il tarixdə taksi sürücüsü Şahid3 götürüb 17 dekabr 2022-ci il tarixdə Şahid1 verdikdən sonra sonuncu həmin bağlamanı 20 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinə ona verilməsi üçün gətirdikdə müəssisənin nəzarət buraxılış məntəqəsində həmin gün saat 15 radələrində onun adına gətirilmiş qeyd edilən bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli, “Emporio Armani” yazısı olan ayaqqabının sağ tayının dabanında xüsusi üsulla gizlədilmiş 02 ədəd şəffaf sellofan bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda çəkiləri 0,807 qram və 0,992 qram, ümumi çəkisi 1,799 qram olan qəhvəyi rəngli toz şəklində, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən o, öz iradəsindən asılı olmayan səbəblərə görə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək ümumi çəkisi 1,799 qram olan həmin narkotik vasitə heroini qanunsuz olaraq əldə etməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin ilkin iclaslarında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə quldurluq cinayəti etdiyi üçün həbs edilmiş və azadlıqdan məhrum etmə cəzasını 10 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Orada kəndliləri Vüsal Abuşov və onun atası Mircəfər Abuşov da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəza çəkmişlər və onun həmin şəxslərlə münasibəti yarandıqdan sonra yerliləri olduqları üçün onlarla dost olmuşdur. Vüsal və atası Mircəfərin yanına onların oğlu Mirəli gedib-gələrkən və ya sovqat gətirərkən Mirəli ilə də “salam-sağolları” olmuşdur. 2022-ci ilin dekabr ayının əvvəllərində Vüsalla Penitensiar Xidmətin “Koroğlu” metrosuna yaxın yerləşən Müalicə müəssisəsinə gətirilmişlər və bu barədə Mirəlinin məlumatı olmuşdur. 2022-ci ilin dekabr ayının təxminən 10-da saat təxminən 17 radələrində o, Mirəliyə zəng eləmiş və mobil nömrəsini qardaşından aldığını deyib ondan bir xahiş edəcəyini bildirmişdir. Mirəli də nə istəyirəsə, deməyini bildirmişdir. O, Mirəliyə Bakı şəhərində yaşayan az qohum-əqrəbasının olduğunu və ona sovqat gətirən adamın olmadığını bildirib bir nəfər şəxslə görüşüb onda olan bir cüt qara rəngli ayaqqabını həmin şəxsdən alıb ona gətirməyini istəmişdir. O, hazırda xatırlamadığı şəxsə əvvəldən, yəni təxminən 2022-ci ilin dekabr ayının 8 və ya 9-da onun üçün bir cüt qara rəngli, “makasin” adlanan markalı, 44 ölçülü ayaqqabı almasını və onun daban hissəsinə bir qramdan artıq 2 büküm “heroin” alıb axtarış zamanı tapılmasın deyə xüsusi yolla gizlətməsini xahiş etmiş və həmin şəxsə həbsdə olmayan başqa tanışı vasitəsi ilə 100 manat pul vermişdir. Həmin tanışı da dediyini etmiş, bundan sonra həmin tanışına gözləməsini, özü xəbər edəndə həmin ayaqqabını qutusunda bir nəfər taksi sürücüsünə verməsini, həmin sürücünün isə nömrəsini ona deməsini tapşırmışdır. Beləliklə xatırlamadığı həmin tanışı onun dediyini etdikdən sonra Binəqədi rayonunda taksi fəaliyyəti ilə məşğul olan, adını həmin vaxt bilmədiyi, sonradan adının Əziz olduğunu bildiyi bir nəfər taksi sürücüsünün ***-***-**-** mobil telefon nömrəsini ona verib nə zaman xəbər edərsə həmin nömrəni işlədən taksi sürücüsünə içərisində narkotik olan həmin ayaqqabını qutusunda ona verəcəyini bildirmişdir. O da Mirəliyə 2022-ci ilin dekabr ayının təxminən 10-da saat təxminən 17 radələrində ***-***-**-** mobil nömrəsini verib onun sahibi ilə görüşərək onda olan ayaqqabını götürməyini və vaxt edib onun yanına gələrək həmin ayaqqabını ona verməyini istəmişdir. Həmin gün artıq xatırlamadığı həmin tanışına içərisində narkotik olan dediyi ayaqqabını qutusu ilə birlikdə adı çəkilən taksi sürücüsünə verməsini bildirmişdir. O, iz itirmək üçün Mirəliyə həmin nömrə ilə danışarkən həmin şəxsin mobil nömrəsini onun verdiyini deyil, həbsdə məhkum olan “Sahib” adlı şəxsin verməsini deməyini tapşırmışdır. Lakin Mirəliyə həmin ayaqqabıda narkotik olması barədə heç nə deməmişdir. Bundan 1-2 gün sonra o, yenidən Mirəliyə zəng edib bir nəfər xatırlamadığı qadın tanışının mobil nömrəsini ona vermiş və həmin qadının da məlumatının olmasını, onunla danışıb ondan pul alaraq, bir blok siqaret almağını və həmin ayaqqabının yanına qoyub Müalicə müəssisəsinə ona gətirməyini xahiş etmişdir. Mirəliyə bildiyi qədərlə 60 manat göndərilmişdi və Mirəli də onun 20 manat puluna bir blok siqaret almış, qalan pulu özünə saxlamışdı. O, özü bir blok siqaretin pulundan artıq pul göndərilməsini demişdi ki, Mirəlinin ona şəxsi istifadəsi üçün ayaqqabıda narkotik gətirməsinin xidmət haqqı kimi qalan pul Mirəliyə qalsın. Bundan təxminən 1-2 gün sonra Mirəliyə yenə zəng edib siqaret alıb ayaqqabı ilə birlikdə yanına gəlməsini, lakin Müalicə müəssisəsinə gəlib sovqatı, yəni içərisində narkotik olan həmin ayaqqabını və bir blok siqareti ona gətirməsini deməməsini bildirmiş və ona Müalicə müəssisəsinə gələndə hansı məhkuma sovqat gətirməsini deməyini ona bildirəcəyini demişdir. Bundan təxminən bir-iki gün sonra yenidən Mirəliyə zəng edib nə üçün adı çəkilən sovqatı gətirməməsini soruşmuşdur. Mirəli isə gündüz vaxtı işdən çıxa bilmədiyini demişdir. O, Mirəlinin nədənsə şübhələnməsini, qorxmasını hiss etdiyi üçün problem olmayacağını desə də, Mirəlinin yenə də həmin sovqatı gətirməkdə çətinlik çəkdiyini görmüşdür. Həmçinin Mirəli sonda həmin sovqatı ona gətirə bilməyəcəyini demişdir. O, sonuncu dəfə Mirəli ilə danışmamışdan əvvəl yanına gəlməməsinə görə, sovqatı gətirə bilməyəcəyi halında nə edə biləcəyini düşünüb sonda qərar vermişdir ki, Müalicə müəssisəsində olan başqa məhkum tapsın və ona öz qohumları tərəfindən sovqat gətirilən zaman onun da sovqatını öz adına gətirtməsini xahiş etsin. Buna görə münasibəti olduğu Masallı rayonundan olan Daşqın adlı məhkumla söhbət zamanı ona, onsuz da onun yanına qohumlarının, ailə üzvlərinin gəldiklərini və ona sovqat gətirdiklərini, onun isə ailəsinin rayonda yaşadığını, bir nəfər tanışında bir cüt ayaqqabı və bir blok siqaret olduğunu, lakin onun yanına gələ bilmədiyini demiş, onun hər hansı bir tanışının nömrəsini ona verməsini xahiş etmiş, özünün də həmin sovqat olan tanışının nömrəsini ona verəcəyini, onların danışıb görüşmələrini və həmin məhkumun tanışının onun tanışındakı sovqatı da götürməsini, onun yanına gələndə həmin sovqatı da ona gətirməsini, onun müəssisədə sovqatı ondan götürməsini demiş və ona kömək etməsini xahiş etmişdir. Daşqın yerli olduqlarını və problem olmayacağını, sovqatı öz ailəsinin gətirəcəyini, gələndə onun da sovqatını gətirə biləcəklərini bildirmişdir. Buna görə o Mirəli ilə 2022-ci ilin dekabr ayının 15 və ya 16-sı tarixlərində sonuncu danışıqları zamanı Mirəlinin sovqatı ona gətirməyəcəyini gördüyü üçün artıq əvvəldən Daşqından aldığı, onun tanışı olan adını bilmədiyi bir nəfər şəxsin hazırda xatırlamadığı mobil nömrəsini verib onunla görüşüb həmin sovqatı ona verməsini demişdir. Daşqın da öz tanışına onun tanışı Mirəlinin mobil nömrəsini vermişdir. Bundan yenə 1-2 gün sonra Mirəli ilə danışan zaman o, sovqatı həmin şəxsə verdiyini demişdir. Təxminən 20 dekabr 2022-ci il tarixdə Daşqına sovqat gətirən, sonradan adının Şahid1 olmasını bildiyi şəxs yoxlanış yerində saxlanılmış və həmin ayaqqabının içində narkotik olduğundan xəbərsiz olduğunu demişdir. Bundan sonra Daşqın Müalicə müəssisəsində həmin sovqatın özünə deyil, əslində ona gəlməsini desə də, o, müəssisənin əməkdaşlarının şifahi sorğusu zamanı həmin sovqatın ona gəlmədiyini demişdir. Faktiki həmin ayaqqabıdan aşkar edilən 2 ədəd büküm narkotik vasitə heroini o, özünə, öz şəxsi istifadəsi üçün sifariş etmişdir və həmin sovqatı da əvvəldən başqa adamların adına Müalicə müəssisəsinə keçirtmək istəmişdir. Ayaqqabının içərisində narkotik olmasını Şahid2, Şahid5, Şahid1, taksi sürücüsü Əziz bilməmişlər. Təqsirləndirilən şəxs məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, bu hadisə içəridəkilərin (cəzaçəkmə müəsissəsindəkilərin) ucbatından olmuşdur, belə ki, o, narkotik vasitə istifadəçisi, narkotik vasitənin düşkünü deyildir. İçəridən nömrə vermişlər, o da Mirəliyə zəng etmiş, demişdir ki, çöldən bağlama verəcəklər. O, həmin adamla müəssisədə tanış olmuşdur, Sübhanı tanımır. Ondan ancaq xahiş etmişlər ki, çöldə bağlama var, onu içəri keçirmək lazımdır. Amma o, özü həmin bağlamanın içərisində narkotik vasitə olduğunu bilmişdir. Bu hadisə ilə bağlı ona hər hansı təzyiq olmamışdır, əməlini etiraf edir, peşmandır. Müqavilə əsasında vəkili ilə təmsil olunduqdan sonra, müdafiəçisinin vəsatəti əsasında məhkəmə iclasında təkrar dindiriləkən Təqsirləndirilən şəxs göstərmişdir ki, ona ittihamda elan olunmuş əməllə onun əlaqəsi yoxdur, özünü təqsirli bilmir. İbtidai istintaq zamanı onu aldadıblar, imza çəkdiriblər. İstintaq zamanı imzaladığı sənədlərin nə olduğunu bilmədən onları imzalamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində o, Penitensiar Xidmətin “Koroğlu” metrosuna yaxın yerləşən Müalicə müəssisəsinə gətirilmiş, orada Masallı rayonundan olan Daşqın adlı şəxslə münasibəti yaranmışdır. Müəssisədə olarkən Daşqın ona evdən sovqat gələcəyini deyib köməklik etməsini xahiş etmişdir. Daşqının dediyi şəxsdən sovqatı alıb, yenə Daşqının dediyi başqa şəxsə çatdırmaq lazım olmuşdur. O da dostu Mirəli ilə əlaqə saxlamış, Daşqının ona verdiyi iki ayrı şəxsin iki ayrı mobil nömrəsini Mirəliyə vermişdir. Mirəliyə verdiyi nömrələrin məxsus olduğu şəxsləri nə o, nə də Mirəli tanımamışlar. Onun ayağının altı düz olduğu üçün Müalicə müəssisəsində müalicə almışdır. Məhkumluqda belə hallar çox olur, bir məhkum digər məhkuma köməklik edir. Daşqın da yerlisi olduğu üçün, həmin Müalicə müəssisəsində 10 gün qaldığı müddətdə münasibətləri yaranmış və o, Daşqının xahişini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə əlavə sualları cavablandırarkən göstərmişdir ki, o, əvvəlki məhkəmə iclaslarında verdiyi ifadədə ittiham üzrə özünü təqsirli bilmişdi və belə ifadə verərkən məhkəmədə heç kəs ona təzyiq göstərməmişdi. Həmçinin, o, indiki ifadəsində istintaqda ona təzyiq göstəriblər deməmiş, onu aldadıblar demişdir. Onun nəyi, hansı sənədi imzaladığından xəbəri olmamışdır, iş üzrə məhkəmənin gedişatında görmüşdür ki, artıq məsələ elə yerə çatır ki, o, əldə etmədiyi və istifadə etmədiyi narkotik vasitəyə görə tutula bilər, bu səbəbdən gedib özünə vəkil tutmuşdur. Daşqın ona iki nömrə vermiş, o da həmin nömrələri dostu Mirəliyə vermişdir. Onun özü narkotik vasitə istifadəçisi deyildir. Daşqının ona niyə iki şəxsin nömrəsini verdiyini, niyə həmin sovqatı onun dostu Mirəlinin götürüb, Daşqının dediyi ikinci şəxsə apardığını bilmir. O, Daşqına köməklik etmək üçün, nə deyibsə onu etmişdir. Onun barəsində əvvəllər cinayət işi olub, ibtidai istintaq mərhələsi barədə məlumatlı olsa da, bu işin bu yerə çatacağını bilməmiş, ona görə də müstəntiq nəyi imzala deyibsə, onu imzalamışdır. Hazırda görür ki, vəziyyət pisdir, düşünmüşdür ki, o, niyə başqasının istifadə etdiyi narkotik vasitə üçün cəza çəkməlidir. Daşqın əməlin onun tərəfindən etiraf edilməsi üçün ona təzyiq göstərməmişdir, o, Daşqının həyat yoldaşına da demişdir ki, narkotik məsələsindən xəbəri olmamışdır. Onun bura gəlib çıxmağının səbəbkarı Daşqındır. Daşqın ona demişdir ki, bir çanta var, çantanı onun yanına gətirtsin. O da Mirəliyə demişdir ki, burada uşaqlar ona nömrə verəcəklər, onda sumka var, alıb gətir. Daşqın ona demişdir ki, elə desin. Hazırda isə Daşqın bunları boynundan atır. O, Mirəliyə sumkada siqaret, ya nə olduğunu deməmişdir. Onu ayağı 44 ölçülüdür. Yəqin ki, Daşqın ayaqqabını özünə yox, başqa şəxs üçün sifariş vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şahid5 təxminən 5 ildan artıqdır, yaşadığı məhəllədən tanıyır. Yaşadığı binanın yaxınlığındakı digər binada Daşqın yaşamışdır və o, həmin vaxtlar məhəllədəki “Elmir” marketdə kassir satıcı işləyərkən Daşqını tanımış və onunla münasibəti normal olmuşdur. Daha sonra o, hazırda da işlədiyi “8-ci km” bazarında fəhlə kimi çalışmağa başlamışdır. Həmin vaxtlar Daşqının narkotik vasitələr satmağa görə tutulmasını öyrənmişdir. Daşqın həbs edildikdən təxminən 1 il sonra cəzaçəkmə müəssisəsindən zəng edib ona kömək üçün ərzaq, siqaret və s. bu kimi şeylərlə onu ziyarət etməyini istəmişdir, o da Daşqının çarəsiz olmasına görə onun xahişini yerə salmamış, ona Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə ərzaq malları aparmışdır. Bundan sonra 3-4 ayda bir dəfə Daşqın ona zəng edib ərzaq istəmiş, o da Daşqının qohumlarından, yəni hazırda da məhəllələrində yaşayan qardaşından, digər ailə üzvlərindən ərzaq və ona lazım olan digər malları alıb, özü də maddi imkanı çatan ərzaq və ya siqaret alıb Daşqının yanına getmişdir. Sonuncu dəfə Daşqın ona təxminən 16 dekabr 2022-ci il tarixdə səhər saatlarında xatırlamadığı şəhər nömrəsi ilə zəng edib, Müalicə müəssisəsində olduğunu bildirmiş, ***-***-**-** nömrəsini verib, onunla danışmağını və kart hesabına pul göndərəcəyini, həmin pulla ona 20 manatlıq qoyun əti, saç şampunu, qalan pula da şirniyyatlar almağını istəmişdir. Bundan başqa Daşqın 17 dekabr 2022-ci il tarixdə səhər saatlarında yenə də xatırlamadığı şəhər nömrəsi ilə zəng edib, bir nəfər şəxsin onunla görüşəcəyini, həmin şəxsdə ona çatmalı olan sovqat olmasını, lakin həmin şəxsin özünün gələ bilməməsini və onun qeyd olunan şəxslə görüşüb həmin sovqatı ondan alıb, özünün ailə üzvlərindən birinə verməyini xahiş etmiş və ***-***-**-** mobil telefon nömrəsini verərək həmin adını çəkmədiyi şəxsin nömrəsi olmasını demişdir. O da Daşqının xahişinə görə həmin gün səhər saatlarında ***-***-**-** nömrəsinin “vatsapp” tətbiqi vasitəsi ilə danışıb həmin şəxsin ona Daşqının tapşırığı əsasında pul göndərəcəyini demiş və hesab kartını ona göndərmişdir. Həmin şəxs isə kartına 51 manat pul göndərmişdir. Həmin pulla o, mağazadan 21 manatlıq qoyun əti, saç şampunu və qalan pula da şirniyyatlar almışdır. Daha sonra günorta satlarında ***-***-**-** mobil nömrəsinə zəng etsə də telefona cavab verən olmadığı üçün ona “vatsapp” mobil tətbiqi ilə səs göndərib, Daşqının xahişi ilə onunla görüşməli olduğunu və ondan sovqat götürməli olduğunu demişdir. Həmin şəxs isə məlumatlı olmasını, özünün “8 Noyabr”da qalmasını bildirmişdir. O, həmin yerə gedə bilməyəcəyini deyib, onun “8-ci km” bazarı tərəfə gəlməsini xahiş etmişdir. Həmin gün saat təxminən 19 radələrində “8-ci km” bazarındakı “Lotos” ticarət mərkəzinin qarşısında adını bilmədiyi həmin şəxslə görüşmüş və həmin şəxs ona bir çanta vermişdir. Çantaya baxarkən orada bir “blok” “Prima” adlı siqaret və bir cüt təzə qara ayaqqabı olmasını görmüşdür. Sağollaşıb ayrıldıqdan sonra taksi ilə məhəllələrindəki “Elmir” marketə getmiş, Daşqının tapşırığına əsasən “Elmir” marketə daxil olmuş, həmin sovqatı və özünün aldığı 21 manatlıq qoyun ətini, saç şampununu və şirniyyatları saat təxminən 20 radələrində mağazanın müdiri Elvarın ofisində otağının sol küncünə qoyaraq ondan həmin səbətləri oraya qoymasını xahiş etmiş və Daşqının ailə üzvlərinin götürəcəyini bildirmişdir. Elvar isə Daşqının ailə üzvlərini tanıdığı üçün etiraz etməmişdir. Bundan sonra o, çıxıb evlərinə getmişdir. 20 dekabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Daşqın yenə ona zəng edib, ona çatası olan, onun Elvarın ofisinə qoyduğu sovqatı ailə üzvlərinin götürməsini demiş, lakin sovqatı gətirəcək şəxsə zəng çatmadığı üçün onun işdən icazə alıb həmin sovqatı evlərindən götürüb Müalicə müəssisəsinə gətirməyini xahiş etmişdir. O isə Daşqının yenə də çarəsiz qalmasını bilib, qızlarının azyaşlı olmasını və arvadı Gülnarənin də işdə olmasını düşünüb onun xahişini yerinə yetirmişdir. Həmin gün saat təxminən 13:45 radələrində Daşqının ailə üzvlərinin yaşadığı evə gedib qapını döymüş, qapını Daşqının kiçik qızı açmış və o, evin dəhlizindəki həmin səbətləri və əlavə olaraq kartof, soğan səbətlərini götürüb, taksi ilə Daşqının yanına getmişdir. Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində həmin sovqatı Daşqının yanına keçirərkən hal şahidlərinin iştirakı ilə yoxlama zamanı sovqatda olan, həmin qara rəngli ayaqqabının sağ tayının daban hissəsindən xüsusi yolla gizlədilmiş narkotik vasitəyə bənzər sellofana bükülmüş iki büküm aşkar olunmuşdur. Şahid1 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, Daşqın ona telefonda ancaq demişdir ki, müəssisədə yanında yoldaş var, həmin sovqat ona çatasıdır. Bundan əvvəl o, bir neçə dəfə müəssisəyə Daşqın üçün sovqat aparmışdır. Müəssisəyə apardığı bağlamanın içində narkotik vasitə olduğunu bilməmişdir. Ayaqqabı və siqareti götürdüyü adamın adını da bilməmişdir. Həmin adamla telefonda danışıb, görüşüb bağlamanı götürmüş, lakin ondan adını soruşmamışdır. Həmin adamla “vatsapp” mobil tətbiqi vasitəsi ilə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası və qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuşlar və hazırda cəzaçəkmə müəssisəsindədilər. Qardaşı 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt onun yanına gedərkən həmkəndliləri, Çaxırlı kəndindən olan, quldurluq əməlinə görə həbs olunmuş Təqsirləndirilən şəxs da orada həbsdə olduğunu bilmiş, qardaşının onunla münasibəti olduğundan onun da Cəlalla “salam-sağolu” yaranmışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində qardaşı Vüsal və Cəlal Penitensiar Xidmətin “Koroğlu” metrosuna yaxın yerləşən Müalicə müəssisəsinə aparılmışlar. Dekabr ayının təxminən 10-da saat təxminən 17 radələrində Cəlal ona zəng etmiş və mobil nömrəsini Vüsaldan aldığını deyib, ondan bir xahiş edəcəyini bildirmişdir. O, nə istəyirsə deməyini Cəlala demişdir. Cəlal Bakı şəhərində yaşayan az qohum-əqrəbasının olmasını və ona sovqat gətirən adamın olmamasını bildirib, bir nəfər şəxslə görüşüb onda olan bir cüt qara rəngli ayaqqabını ona gətirməyini istəmişdir. O, Cəlalın xahişini yerə salmaq istəməmiş və razılaşmışdır. Cəlal ona ***-***-**-** saylı mobil nömrəni verib, onunla görüşərək həmin şəxsdə olan ayaqqabını götürməyini və vaxt edib onun yanına gələrək həmin ayaqqabını ona verməyini istəmişdir. Lakin Cəlal həmin nömrənin sahibi ilə danışarkən onun mobil nömrəsini özünün verdiyini deyil, həbsdə məhkum olan Sahib adlı şəxsin verməsini deməyini tapşırmışdır. O da problem olmayacağını fikirləşib Cəlalın dediyi kimi etmiş və həmin gün saat təxminən 18 radələrində ***-***-**-** saylı mobil nömrəyə zəng edib danışmış və həmin adama Sahibin onun nömrəsini verdiyini və onda olan ayaqqabını götürmək istədiyini demişdir. Həmin nömrənin istifadəçisi olan, sonradan adını Əziz kimi xatırladığı şəxslə razılaşmışlar, Əziz 9-cu mikrorayonda olmasını, həmin yerdə “Leyla” şadlıq sarayının yaxınlığında görüşə biləcəklərini demişdir. O da razılaşmış və işdən çıxıb təxminən saat 19 radələrində 9-cu mikrorayonda “Leyla” şadlıq sarayının yaxınlığında Əzizlə görüşmüşdür. Əzizdən sellofan paketdə bir cüt qara rəngli ayaqqabını götürmüş və evinə getmişdir. 1-2 gün sonra Cəlal ona zəng edib, bir nəfər qadının mobil nömrəsini ona vermiş və həmin qadının da məlumatının olmasını, qadınla danışıb ondan pul alaraq, bir blok siqaret almağını və həmin ayaqqabının yanına qoyub Müalicə müəssisəsinə gətirməyini xahiş etmişdir. O da hazırda xatırlamadığı Cəlalın verdiyi həmin mobil nömrə ilə əlaqə saxlamış və qarşı tərəfdə bir nəfər adını bilmədiyi qadın ondan kartının nömrəsini istəmişdir. O da elə telefonda danışa-danışa həmin qadına özünə məxsus “AzərTürkBank” adlı bank kartının nömrələrini demişdir. Təxminən 2 gün sonra hesabına 60 manat pul gəlmişdir. Həmin gün Cəlal yenə ona zəng edib, siqaret alıb onun yanına gəlməyini, lakin Müalicə müəssisəsinə gələrkən onun adını verməməyini, özünün ona kimin yanına gəldiyini deyəcəyini bildirmişdir. Bu zaman o, bir az qorxmuş və işdən gec çıxdığından münasib vaxt olarsa Cəlalın yanına getməyi düşünmüşdür. Pul kartına gəldiyi gün gedib bir “blok” “Prima” adlı siqaret almış və ayaqqabının yanına qoyub, sovqatı evdə saxlamışdır. Təxminən 1-2 gün sonra Cəlal yenə ona zəng edib, sovqatı gətirməyini xahiş edəndə o, gündüz vaxtı işdən çıxa bilmədiyini demişdir. Həmçinin, o, Cəlalın onun yanına sovqatı apardığı vaxt Müalicə müəssisəsinə daxil olarkən Cəlalın yanına deyil, Cəlalın ona deyəcəyi kiminsə tanımadığı adamın yanına gəlməyini deməyini istədiyi üçün həmin sovqatı özü aparmaq istəməmişdir. Lakin Cəlal sovqatın problem olmayacağını demişdir. Buna baxmayaraq o, işdən gündüz çıxa bilmədiyindən Cəlalın sovqatını ona apara bilməyəcəyini demişdir. O, ayaqqabının içinə baxmamış, onun içində nə olduğunu bilməmişdir. Bu zaman Cəlal ona başqa adamın, sonradan adının Sübhan olduğunu bildiyi şəxsin mobil telefon nömrəsini vermiş və həmin adamın da onun mobil nömrəsini bildiyini, onunla danışacağını və həmin ayaqqabı ilə siqareti ona verməyini istəmiş, o da razılaşmışdır. Təxminən 17 dekabr 2022-ci il tarixdə dəqiq xatırlamadığı mobil telefon nömrəsindən Sübhan ona “vatsapp” proqramı ilə səs göndərib, onda olan sovqatı götürəcək adam olduğunu bildirmişdir. Onlar “vatsapp”da danışmışlar və o, Sübhana “20 Yanvar” metrosu yaxınlığına gəlməsini desə də, o da işdən çıxa bilmədiyini “Neftçilər” və ya “Xalqlar Dostluğu” metrosu yaxınlığına gəlməyini demişdir. O, razılaşmış və həmin gün saat təxminən 19 radələrində “8-ci km” bazarındakı “Lotos” ticarət mərkəzinin qarşısında Sübhanla görüşmüşdür. Orada ayaqqabının və siqaretin olduğu sellofan paketi Sübhana verərək çıxıb getmişdir. O, həmin ayaqqabının içində nə olmasını bilməmişdir. Ona bu barədə Cəlalın özü bir söz deməmiş, onun özü də ayaqqabının içinə baxmamışdır. Şahid2 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, ona əlaqə nömrəsini Cəlal vermişdir, amma Cəlalın nömrəsini verdiyi şəxsin adını bilmir. Adını bilmədiyi şəxslə görüşmüş, bağlamanı ona vermişdir. Cəlala tez-tez sovqat aparmış, lakin bu dəfə işdən çıxa bilmədiyi üçün özü aparmamış, işdən icazə ala bilməmişdir. Yalnız həmin şəxslə işdən sonra görüşüb, bağlamanı vermişdir. O, heç bir saatlıq da işdən icazə ala bilməzdi. Sübhanın adını həmin vaxt o, heç bilməmiş, Sübhana çatdırdığı çantanın içərisində ancaq ayaqqabı olduğunu bilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid2 təkrar dindirilərkən məhkəmədə ilkin verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, o, işdən gündüz çıxa bilmədiyinə görə sumkanı aparıb müəssisəyə verə bilməmiş, onda qalmışdır. Amma onda qaldığı müddətdə sumkada olan ayaqqabının dabanına narkotik vasitə qoymamışdır. Orada narkotik vasitə olmasından da xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. Hazırda “Daewoo Gentra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyətini davam etdirir. ***-***-**-** saylı mobil nömrəni özü istifadə edir və öz adınadır. Taksi fəaliyyəti ilə məşğul olduğuna görə ona haradansa və ya kimdənsə, hansısa əşyanı götürüb harayasa aparmağı və ya kiməsə verməyi tapşırılır və bunun ödənişini də alır. 10 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində “Leyla” şadlıq sarayının qarşısında kiminləsə görüşməyini və ya ona ayaqqabı qutusu verməyini xatırlamır. Çünki həm 10 dekabr 2022-ci il tarixdən artıq xeyli müddət keçmişdir, həm də onun gündəlik iş fəaliyyəti elə insanları və ya onların əşyalarını harasa aparmaq və ya vermək olduğundan adı çəkilən hadisə olmuş olsa belə bu, onun üçün adi iş fəaliyyətinin bir hissəsi olduğundan, yəni xüsusi bir hadisə olmadığından onu xatırlamır. 10 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində “Leyla” şadlıq sarayının qarşısında kiminləsə görüşməyi və ona nə isə verilməsini xatırlamasa da, bildirdiyi kimi, həmin nömrəni o, işlətdiyindən düşünür ki, ola bilər Mirəli ilə orada görüşmüşdür və ona qutuda ayaqqabı vermişdir. Qutuda nə olmasından xəbəri olmamışdır. Ola bilər ki, kimsə həmin qutunu ona vermiş, ödənişini də vermiş və həmin qutunu kiminsə götürəcəyini demiş, o da həmin qutunu adı çəkilən Mirəli adlı şəxsə vermişdir. Bu dedikləri onun ehtimalıdır və yenə bildirilən Mirəli adlı şəxsi və hadisəni xatırlamır. Həmçinin Sahib adlı məhkum tanışı yoxdur və Mirəli adlı şəxsi də görməmişdir və tanımır. Bundan başqa Mirəli adlı şəxsin ona “Sahibin dediyi şəxsəm” deməsini də xatırlamır. Polisdə ondan soruşulmuşdur ki, ona çanta veriblər, aparıb vermişdirmi, o da demişdir ki, xatırlamır, gün ərzində bir çox sərnişin daşıyır, bir çox çantanı aparıb ona deyilən ünvana çatdırır. O, narkotik vasitədən istifadə etmir, narkotik vasitənin satışı ilə məşğul olmur. Ona gələn zənglərin haradan gəldiyini bilmir, bunları araşdırmır. Ona verilən əşyaları da açıb baxmır. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid3 təkrar dindirilərkən məhkəmədə ilkin verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şahid5 ilə 2006-cı il tarixdən evlidir. Daşqın 2020-ci ilin əvvəllərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan həbs edilmişdir. Həmin vaxtdan o, kirayə qaldıqları evi dəyişməmiş və 3 azyaşlı qızı ilə birlikdə orada qalmağa davam etmişdir. Yaşadıqları ünvanda Daşqının da, onun da qonşuları ilə araları yaxşı olmuş, Sübhanı da məhəllədən tanımışdır. Daşqın həbs olunduqdan sonra onun yanına təxminən ayda 2 dəfə, daha çox və ya daha az getmiş və ona sovqat aparmışdır. Daşqın rayonda yaşayan atasıgillə əlaqə saxlayır və ona lazım olan şeyləri atasıgil rayondan ona göndərir və o da övladları ilə həmin sovqatı Daşqına cəzaçəkmə müəssisəsinə aparır. Sonuncu dəfə Daşqın 17 dekabr 2022-ci il tarixdə günorta saatlarında onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Müalicə müəsisəsində bir nəfər qazi dustağın olmasını, ona sovqat alınması üçün məhəllədən tanışları Sübhana həmin qazinin pul göndərdiyini, Sübhanın həmin pulla lazımlı əşyalar və ərzaqlar aldığını, onları məhəllədə “Elmir” marketə qoyduğunu, həmin sovqatı gətirəcək adam olmadığı üçün sovqatdakı ətin xarab ola biləcəyini demiş, buna görə də həmin sovqatları marketdən götürüb evə aparmağını, əti soyuducuya qoymağını və həmin sovqatı onun yanına gətirəcəklərini, o, xəbər edəndə həmin sovqatı yenidən həmin mağazaya qoymağını tapşırmışdır. O da Daşqının dediyi kimi etmiş və 17 dekabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində “Elmir” marketə gedib orada kassirdən oraya verilmiş sovqatı soruşmuşdur. Kassir məlumatlı olmadığını deyərkən o, mağazanı işlədən Elvar adlı şəxsdən Sübhanın oraya sovqat qoyubqoymadığını soruşmuşdur. Elvar bunu təsdiq etmiş, sonra soyuducudan əti və mağazadakı otağın giriş qapısının yanında olan görünən sellofanda 2 böyük şirniyyat və görünməyən tünd rəngli sellofanda isə bir cüt qara ayaqqabı və siqaret paketi (bloku) sellofanları ona vermişdir. Həmin əşyaları evinə aparmış, əti soyuducuya, şirniyyat, ayaqqabı və siqaret sellofanlarını isə evin girişində dəhlizə qoymuşdur. Ayaqqabı ilə siqaret olan sellofan açıq olmuş, ona ilk dəfə baxarkən ayaqqabının təzə olmasını görmüş, ayaqqabıya əl dəymədən şirniyyat sellofanları ilə birlikdə dəhlizdəki xırda dolabın üzərinə qoymuşdur. Həmin sellofanlar evdə qalmış, sonrakı 1-2 gün ərzində də Daşqınla danışarkən Daşqın sovqatı onun yanına aparacaq şəxsin gələcəyini və o, xəbər edəndə həmin sovqatı yenidən “Elmir” marketə qoymağını, həmin şəxsin də marketdən sovqatı götürüb ona aparacağını demişdir. 20 dekabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Daşqın ona zəng edib həmin sovqatı Sübhanın gəlib aparacağını deyərkən o, evdə deyil, işdə olduğunu demişdir. Sübhan isə o zaman evdə olan qızlarından birinin həmin sovqatı binanın girişinə düşürməsini demişdir. O, qızlarının həmin əşyaları düşürə bilməyəcəyini, Sübhanın gedib evdən götürməsini demişdir. Daşqın da bununla razılaşmışdır və o, evə zəng edib qızı Əsmaya əti soyuducudan götürüb digər sovqatların yanına qoymasını, evdən bir qədər soğan və kartof da yığıb həmin sovqatın yanına qoymasını, Sübhanın gəlib onları götürəcəyini bildirmişdir. Bir qədər sonra qızı ona zəng edib həmin sellofanları Sübhana verməsini demişdir. Bundan sonra həmin gün saat 20:30 radələrində o, işdən evə getmiş, təxminən yarım saat sonra Sübhanın anası evlərinə gələrək Sübhanın saxlanılmasını bildirmişdir. Şahid4 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, ayaqqabı aparılmamışdan bir-iki gün əvvəl o, Daşqının yanında olmuş, onu görmək üçün getmiş və sovqat aparmışdır. Daşqın ona zəng vurmuş, “burda bir tanış oğlan var, ona sovqat gətirə bilərsənmi” deyə soruşmuş, o da Daşqına 3 uşağı olduğunu, hər gün müəssisəyə sovqat apara biməyəcəyini demişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla Daşqının əlaqəsinin nə olduğunu bilməmişdir. O, müəssisəyə gedəcək bağlamanın içərisində nə olduğunu bilməmişdir, tək əti və ayaqqabı qutusunu görmüşdür, qutunun içində ayaqqabı olduğunu bilmiş, lakin açıb içərisinə baxmamışdır. Onun bağlamanın içərisində, ayaqqabının dabanında narkotik vasitə olmasından xəbəri olmamışdır. Onun 3 uşağı var, əgər həmin sovqatı müəssisəyə aparsaydı nə olacaqdı, təbii ki, onun üçün problem olacaqdı və buna istinad edərək bildirir ki, həmin bağlamada narkotik vasitə olduğunu o, bilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Müalicə müəssisəsində müalicə aldığı vaxt, təxminən 2022-ci ilin dekabr ayının ortalarında sadəcə adının Cəlal olduğunu bildiyi məhkumla tanış olmuşdur. Orada Cəlal ondan yanına kiminsə gəlib-gəlməyəcəyini soruşmuş, o da arvadının uşaqlarını onun yanına gətirəcəyini demişdir. Bu zaman Cəlal ona nömrə verib yanına gələn adamın həmin nömrə ilə əlaqə saxlamasını və onun üçün bir ayaqqabı və siqaret verəcəklərini demiş, onu gətirməsini xahiş etmişdir. O da dostu Sübhanla danışmış, həmin nömrəni ona vermiş, ayaqqabı və siqareti götürüb onun ailə üzvlərinin yaşadığı evə aparmasını xahiş etmişdir. Həmçinin Müalicə müəssisəsində olan başqa dostu Nicat da ona demişdir ki, kart hesabı desin, həmin kart hesabına pul göndərsin və onun üçün qoyun əti, şirniyyat və sabun alıb gətirsinlər. O da həmin pulu Sübhana göndərmiş, Sübhan dediklərini alıb hazırlamışdır. Bundan sonra ailə üzvləri ilə danışanda onu görməyə gələ bilməyəcəklərini bildirmişlər. O da Sübhana zəng vurub həmin sovqatın ona gətirilməsini xahiş etmişdir. Sübhan da vəziyyətini başa düşüb sovqatı ona gətirəcəyini demişdir. Həmin gün öyrənmişdir ki, Sübhan müəssisə əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid5 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, o, Cəlalın xahişi ilə ayaqqabını gətirtmişdir, ayaqqabının daban hissəsində narkotik vasitə olmasından isə xəbərsiz olmuşdur. Ayaqqabını gətirən Sübhan ibadət əhlidir, buna görə o, Sübhana cəzaçəkmə müəssisəsinə belə qanunsuz əşya gətirməsini, belə şey etməsini heç vaxt deməzdi. Ayaqqabını o, sifariş etməmişdir. Həmin ayaqqabı onun ayağına olmaz, onun ayaqqabıya ehtiyacı da yox idi, siqaret də ona məxsus deyildi. Heç elə bir şey olmayıb ki, o, kiminsə kartına pul vurulmasını desin. Bu işdə pul söhbəti olmamışdır, o, məcbur qalmışdır ki, narkotik vasitənin ona gəldiyini desin. Belə ki, Sübhan onun yanına sovqat gətirərkən Müalicə müəssisəsində yoxlama keçirilib, ayaqqabının içindən 2 büküm narkotik vasifə aşkar edildikdən sonra, o, həmin ayaqqabının Cəlala gəlməsini bildirdikdə, Cəlal bunu yalandan inkar etmişdir. O, ayaqqabının 42-43 ölçülü olmasını, öz ayağının isə 39 ölçülü olmasını bildirsə də, ona inanmamışlar və Mülaicə müəssisəsinin əməkdaşları əgər inkar edərsə Sübhanın həbs olunacağını bildirdiklərindən və onun buraxılması üçün o, ilkin izahatında narkotik vasitənin onun özü üçün gətirildiyini göstərmişdir. Sovqatı onun adamı gətirsə də, amma sovqat ona gəlməmişdir. Həm də o, Sübhandan başqa heç kimə zəng etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid5 təkrar dindirilərkən məhkəmədə ilkin verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 20 dekabr 2022-ci il tarixdə saat 15 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində hal şahidlərinin iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı müəssisədə saxlanılan məhkum Şahid5 vətəndaş Şahid1 gətirdiyi sovqatın içərisində olan qara rəngli “Emporio Armani” markalı ayaqqabının sağ tayının daban hissəsində xüsusi üsulla gizlədilmiş 02 ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli toz şəklində narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, iştirakçıların və hal şahidlərinin iştirakları ilə qablaşdırılaraq üzəri möhürlənmişdir. (i.v. 8) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli 6/7105 nömrəli ekspert arayışının nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,807 qram və 0,992 qram, ümumi təmiz çəkisi 1,799 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,799 qram olmuş, tədqiqata ümumi 0,1 qram sərf edilmiş, 1,699 qram qalıq qalmışdır. (i.v. 21-23) - 25 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan etmək üçün kifayət qədər əsas olmadığından şübhəli şəxs vəziyyətindən çıxarılmışdır. (i.v. 57-58) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 dekabr 2022-ci il tarixli 6/7140 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat obyekti №59” dairəvi möhür əksi olan paketdə üzərində “Məhkum Şahid5 vət. Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın içərisində olan qara rəngli “Emporio Armani” markalı ayaqqabının sağ tayının daban hissəsindən...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,757 qram, 0,942 qram, ümumi təmiz çəkisi 1,699 qram qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,699 qram olmuş, tədqiqata ümumi 0,1 qram sərf edilmiş, 1,599 qram qalıq qalmışdır. (i.v. 69-71) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin 27 mart 2023-cü il tarixli 3-16-17/36/2-641/2023 nömrəli məktubundan görünür ki, 10 dekabr 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək Müalicə müəssisəsində 1 nəfər Cəlal adlı məhkum, 10 sayı CM-dən daxil olmuş, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müalicə almışdır. (i.v. 112) - 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan etmək üçün kifayət qədər əsas olmadığından şübhəli şəxs vəziyyətindən çıxarılmışdır. (i.v. 133-135) - 23 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair əsaslar kifayət qədər olmadığından şübhəli şəxs vəziyyətindən çıxarılmışdır. (i.v. 170-172) - 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 29,234.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 192-193) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 02 may 2023-cü il tarixli 2579 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 241-242) - 27 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 29,317-2-ci maddələri cinayət işinin başlanılması rədd edilmiş, Şahid3, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 234.4.1-ci maddələr ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə Nizami RPİ-nə göndərilmiş, 20 dekabr 2022-ci il tarixdə sovqatdan aşkar edilmiş 02 ədəd bükümdə 20 dekabr 2022-ci il tarixli 6/7105 arayışla təmiz çəkisi 1,799 qram müəyyən edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitənin tədqiqatdan sonrakı 1,599 qram çəkidə qalığı maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 244-257) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin məhkəmənin sorğusuna verdiyi 27 fevral 2024-cü il tarixli 3-16-17/35/2- 406/2024 nömrəli cavab məktubundan görünür ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan məhkum və həbs edilmiş şəxslərin telefon danışıqlarının qeydiyyatı, onların hər birinin telefon danışıqlarının qeydiyyatı vərəqəsində danışıq tarixi, zəng etdiyi və zəng olunan nömrələr, danışıq müddəti qeyd olunur. Penitensiar Xidmətin Müalicə müəssisəsində məhkum və həbs edilmiş şəxslər digər cəzaçəkmə müəssisələrindən müalicə məqsədi ilə daxil olaraq müəyyən müddət sonra etap edildiklərinə görə, telefon danışıqlarının qeydiyyatı vərəqələri də şəxsi işləri ilə birlikdə öz müəssisələrinə göndərilir. Hal-hazırda Müalicə müəssisəsində saxlanılan məhkum və həbs edilmiş şəxslərin telefon danışıqlarının qeydiyyat vərəqələrinə tərəflərindən baxış keçirilmiş, onların heç birinin qeyd edilən tarixlərdə (01 noyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək) və saatlarda danışdıqları aşkar olunmamışdır. Əvvəllər bu müəssisədə müalicə olunmuş, yenidən daxil olan məhkum və həbs edilmiş şəxslərin telefon danışıqlarının qeydiyyatı vərəqələrinə baxış keçiriləcəkdir, gələcəkdə bu istiqamətdə hər hansı bir məlumat əldə olunarsa, dərhal məlumat veriləcəkdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etməyə cəhd etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatının ilkin mərhələsində Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilərək işin faktiki hallarına uyğun ifadə verməsindən fərqli olaraq, məhkəmə icraatının sonrakı mərhələsində özünü həmin ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs ilkin ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir, hansı ki, həmin ifadələr müvafiq şahidlərin ifadələri ilə də təsdiq olunmaqla hadisənin baş vermə mexanizmini, ardıcıllığını özündə dəqiq əks etdirmişdir. Məhkəmə tədqiqi nəticəsində təkzibolunmaz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Müalicə müəssisəsində saxlanılarkən 2022-ci ilin dekabr ayının əvvəllərində telefon vasitəsi ilə zəng edib narkotik vasitə heroini onun üçün gətiriləcək sovqatda xüsusi üsulla gizlədilməklə gətirilməsini sifariş vermiş, bunun müqabilində 100 manat məbləğində pulu narkotik vasitə əldə edəcəyi şəxsə göndərmiş, onunla birlikdə həmin müəssisədə saxlanılan Şahid5 yaxın qohumları tərəfindən sovqat gətiriləcəyini bilib sonuncudan onun üçün gələcək sovqatın da gətirilməsini xahiş edərək Şahid5 razılığını aldıqdan sonra onun tapşığı əsasında ayaqqabının sağ tayının dabanında 02 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,799 qram narkotik vasitə heroin xüsusi üsulla gizlədilərək ona göndəriləcək sovqatın içərisinə yerləşdirilməklə taksi sürücüsü Şahid3 həmin sovqat verildikdən sonra o, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 zəng edərək sonuncuya içərisində narkotik vasitə heroin olan sovqatı taksi sürücüsü Şahid3 götürüb onunla bir yerdə cəza çəkən Şahid5 sovqat gətirəcək sonuncunun tanışı, onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 çatdırmasını xahiş etmiş, Şahid2 da öz növbəsində onun xahişi əsasında içərisində narkotik vasitə olduğunu bilmədiyi sovqat bağlamasını 10 dekabr 2022-ci il tarixdə taksi sürücüsü Şahid3 götürüb 17 dekabr 2022-ci il tarixdə Şahid1 verdikdən sonra sonuncu həmin bağlamanı 20 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Müalicə müəssisəsinə ona verilməsi üçün gətirdikdə müəssisənin nəzarət buraxılış məntəqəsində həmin gün saat 15 radələrində onun adına gətirilmiş qeyd edilən bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli, “Emporio Armani” yazısı olan ayaqqabının sağ tayının dabanına xüsusi üsulla gizlədilmiş həmin 02 ədəd şəffaf sellofan bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda çəkiləri 0,807 qram və 0,992 qram, ümumi çəkisi 1,799 qram olan qəhvəyi rəngli toz şəklində, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən o, öz iradəsindən asılı olmayan səbəblərə görə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək ümumi çəkisi 1,799 qram olan həmin narkotik vasitə heroini qanunsuz olaraq əldə etməyə cəhd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarı ilə belə hüquqi nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 126.1 və 126.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun; 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Bununla da, məhkəmə qanunvericiliyin istinad olunan normalarının tələblərinə uyğun qaydada toplanmış sübutları qiymətləndirməklə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tan olaraq sübuta yetirilmişdir, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr mövcud deyildir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən birini, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməyə cəhd etmiş, narkotik vasitə heroin müvafiq qablaşdırmada, onun sifarişi əsasında Müalicə müəssisəsinə ona verilməsi üçün gətirildikdə müəssisənin nəzarət buraxılış məntəqəsində həmin bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində narkotik vasitə aşkar olunub götürülmüş, beləlliklə öz iradəsindən asılı olmayan səbəblərə görə o, narkotik vasitə heroini əldə etməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək ümumi çəkisi 1,799 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə etməyə cəhd etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə təqsirləndirilən şəxsin və müdafiəçisinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdiyi çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 29,234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 175) - 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 211-213) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 27 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 214) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində çəkdiyi və 14 yanvar 2025-ci il tarixdə başa çatmalı olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 11 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 220-221, 231-240) -Masallı rayon icra və probasiya şöbəsinin 25 sentyabr 2023-cü il tarixli 2-747/23- 62-16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 il 11 ay 07 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı 14 fevral 2023-cü il tarixdən qeydiyyata götürülmüşdür, məhkumun cəzası 14 yanvar 2025-ci il tarixdə başa çatacaqdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətməyə cəhd etdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin residivinin müəyyən edildiyini nəzərə alaraq, həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, cinayət etməyə cəhdə görə cəzanın müddətini və həcmini tənzimləyən Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbləri qaydasında, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini 2022-ci ilin dekabr ayında törədərkən o, cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkmişdir, onun cinayətin törədilməsinə aidiyyəti və təqsiri müəyyən edilmədiyi dövrdə, yəni 07 fevral 2023-cü il tarixdə o, məhkəmə qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, yalnız ibtidai istintaq zamanı qanuni əsaslar müəyyən edildiyindən 27 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Ona görə Təqsirləndirilən şəxs az ağır hesab olunan həmin cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində törətmədiyindən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilə və ona hökmlərin məcmusu üzrə cəza təyin edilə bilmir. Bu hal, Cinayət Məcəlləsinin 76.6.3-cü və 67.1-ci maddələrinin təsiri altına düşmür, digər qaydada da tənzimlənmir, ona görə həmin hal təqsirləndirilən şəxsin mənafeyinə həll olunmaqla vaxtından əvvəl şərti azad olunduğu cəzası müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcələnin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində elan olunan axtarışla bağlı 26 aprel 2023-cü il tarixdə saat 00:30-da tutulmuş, 27 aprel 2023-cü il tarixdə saat 12:15-dən saat 13:11-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılması məqsədi ilə vəsatət tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuş, prokuror tərəfindən vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra müstəntiq onun barəsində digər növdə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə yekun məhkəmə aktının çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə heroin məhv olunmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üzrə üçün qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 məhkəmə icraatının müvafiq dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün həmçinin müqavilə əsasında vəkili iştirak etmişdir, həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 1,599 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan cəmi 179 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatının müvafiq dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-28/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-28/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver