Məhkəmə qərarları › İş №1(007)-28/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-28/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-28/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs:Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslərin müdafiəçiləri Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 9, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 150-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs: xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, X9 küçəsi, döngə 1, ev 24-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 23 iyul 2023-cü il tarixdə saat 00:15 radələrində ünvan 1 ünvanında yerləşən “Səhər mehi” restoranının həyətində keçirilən ad günü məclisində yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qonaq qismində iştirak edərkən həmin məclisdə qonaq qismində iştirak etmiş Zərərçəkmiş şəxs onun yanında əyləşmiş Şahid4 “niyə qoca kişinin yanında oturmusan” sözlərini deməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə birlikdə bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs ilə mübahisə edərək ictimai yer olan restoranın həyətyanı sahəsində ictimai qaydanı kobud surətdə pozub, özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələri, əxlaq normalanını pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla və restoranın normal fəaliyyətini pozaraq əvvəlcə o, xuliqanlıq niyyətilə qəsdən yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsindən vurub sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi, burnun əzilmiş yarası və burun sümüyünün yerdəyişən sınığından ibarət xəsarətlər yetirmiş, daha sonra qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər də öz növbəsində Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə qəsdən əl və ayaq zərbələri ilə vurub yerə yıxaraq sonuncuya Təqsirləndirilən şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözətrafı nahiyənin qançırı, Təqsirləndirilən şəxs3 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözətrafı nahiyənin qançırı, sağ saidin və sağ dirsək oynağının sıyrıqlarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə dostluq münasibətində olduğu İlyas onu qeyri-rəsmi münasibətdə olduğu Aynurə adlı qızın «Səhər mehi» restoranında təşkil etdiyi ad günü məclisinə dəvət etmişdir. 23 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində qeyd olunan restorana getmiş, restoranın həyətində bir böyük stol arxasında əyləşmişdir. O, İlyasa görə tanıdığı Arzumanın da orda olduğunu görmüşdür. İlyasla Aynurə stolun baş tərəfində əyləşmiş, Aynurənin yanında Saşa adlı rəfiqəsi və Saşanın yanında Arzuman əyləşmişdir. Adlarını həmin zaman bildiyi, əvvəllər tanımadığı Ənvər və Nicat isə onlardan sonra əyləşmişlər. Ad günü məclisində spirtli içki qəbul etmişlər. Təxminən 2-3 saat sonra Ənvər içkili halda tez- tez sağlıq demiş, ortalığa pul səpmişdir. Təxminən 11-12 radələrində Eiçin, Elburus, Ənvərin söhbət etdiyini görmüş, mübahisəyə qoşulmamaq üçün onlara yaxınlaşmamış və kənardan dayanıb baxmışdır. Həmin vaxt Elburusun yumruqla Ənvərin sifətindən vurduğunu görmüşdür. Sonra o, ora yaxınlaşanda Ənvəri yerdə uzanılı vəziyyətdə görmüş, onları ayırmaq məqsədilə ayağı ilə Ənvərin ayağından itələyib «lazımdı sənə a qardaş bayaqdan içki məclisdə problem yaradırsan deyib» oradan uzaqlaşmışdır. Artıq məclis pozulmuş və bir qədər sonra o, restorandan çıxmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisənin yaranmasına səbəb Ənvərin Arzumanın qeyri-rəsmi münasibətdə olduğu Saşa adlı xanıma tez-tez xoş sözlər deməsi, əlində içki ilə ona yaxınlaşması olmuşdur. Həmçinin eşitdiyinə görə Ənvər xanıma “qoca kişilərlə niyə oturmusan, gəl, bziimlə otur” deməsi olmuşdur. Hadisənin arzu etmədiyi halda, gözlənilmədən baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etdiyini, ona dəymiş zərəri ödəməyə hazır olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində Aynurə adlı tanışının «Səhər mehi» restoranında təşkil etdiyi ad günü məclisində dostu Nicatla birgə iştirak etmiş, ad günü məclisində müğənni və digər xidmət göstərən şəxslərə bəxşiş verdiyindən ətrafdakıları qıcıqlandırmışdır. Bir müddət sonra saat 12 radələrində ad günü məclisində olan Elçin adlı şəxs ona yaxınlaşaraq yaxasından tutmuş, ayağa qaldırmış, sonradan adını bildiyi Arzuman adlı şəxs isə burnundan zərbə ilə vurmuşdur. Zərbənin təsirindən burnundan qan açılmış, yerə yıxılmışdır. Yerdə uzanıqlı vəziyyətdə olarkən Elçin, Arzuman və və Əlizamin onu təpikləyərək zərbələr endirmişdir. Digər qonaqlar onu həmin şəxslərin əlindən almış, o da öz növbəsində dərhal həkimə və polisə müraciət etmişdir. Restoranda olduğu müddətdə polisə müraciət edə bilməməsinin səbəbi ona məxsus telefonun təqsirləndirilən şəxslər tərəfindən alınması olmuşdur. Bir müddət sonra o polisə şikayət edəcəyini bildirdikdə, telefonu ona qaytarılmışdır. Həmçinin çıxışında bildirdi ki, baş vermiş hadisə nəticəsində qolunda olan qızıl saat zədələnmiş, ona 3000 manat zərər dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və onların ən sərt şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində “Saşa” adlı xanıma söz atması barədə deyilən fikirlər tamamilə böhtan xarakterlidir. Baş vermiş hadisənin yeganə səbəbi ad günündə iştirak edən digər şəxslərin onun da bu məclisdə iştirakından, müğənnilərə bəxşiş verməsindən qıcıqlanmaları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Nizami rayonu ərazisində yerləşən “Səhər Mehi”restoranında qeydri rəsmi münasibətdə olduğu Aynurə adlı xanıma ad günü məclisi təşkil etmiş, ad günündə onun və Aynurənin dost-tanışları iştirak etmişdir. Təxminən saat 12-yə kimi məclis çox şən keçmiş, təxminən 00:15 radələrində o yaxınlıqda yerləşən şərab mağazasına getmiş, geri qayıtdıqda məclisdə dava düşdüyünü, Ənvər adlı şəxsin döyüldüyünü bilmişdir. Verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, Ənvərin kim tərəfindən döyülməsinin şahidi olmamışdır. Həmçinin Ənvərin “Saşa” adlı xanıma nəsə deməsindən, bu səbəbdən də mübahisə yaranmasından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Nizami rayonu ərazisində yerləşən “Səhər Mehi”restoranına dostu Eminin dəvəti ilə gəlmişdir. Həmin gün başqa ad günü məclisinə dəvət olunduğundan məclisə gec gəlmiş, hamı ilə salamlaşdıqdan sonra əlini yumaq üçün uzaqlaşmış, geri döndükdə isə Ənvər adlı şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, məclisdə mübahisə yarandığı ona bəlli olmuşdur. Daha sonra məclis dağılmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, zərəçəkmiş şəxsin kimin vurduğunu görməmiş, deyilən sohbətlərdən onun Əlizamin, Elçin, Arzuman və Elbrus adlı şəxs tərəfindən vurulduğunu bilmişdir. Eyni zamanda Ənvərin dəfələrlə Saşa adlı xanıma yaxınlaşdığını, Arzumanın da ona irad bildirməsini, həmçinin xanıma “bu qoca kişi ilə niyə oturmusan”deməsindən sonra dava-dalaş başladığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Nizami rayonu ərazisində yerləşən “Səhər Mehi”restoranına dostu Aynurənin dəvəti ilə Ənvərlə birgə gəlmişdir. Məclisdə Aynurə və Fidan adlı xanımlardan başqa heç kimlə tanışlığı olmadığından heç kimə qanayıb qarışmamış, qəlyan sifariş edib, istirahət etmişlər. Dostu Ənvər mügənnilərə bəxşiş verdiyindən, xanımlar onların şərəfinə badə qaldırdığından məclisdə iştirak edən bir neçə kişi qonaq bundan qıcıqlanmış, ilk öncə ona yaxınlaşaraq dostu Ənvəri də götürüb məclisi tərk etmələrini bildirmişdir. Səbəb olaraq Ənvərin Arzumanın tanışı olan xanıma söz atması bildirilmişdir. Bu zaman Arzuman Ənvərin oturduğu masanın üzərinə yumruğunu vurub, ayağa qalxmasını tələb etmiş, Elçin onun yaxasından tutub yuxarı qaldırmış, hər üçü Ənvəri yumruqla vurmuşdur. Daha sonra Ənvər yerə yıxılmış, xanım qonaqlar və digər şəxslər onların arasına girmiş və onları aralamışdır. Verilmiş suallara cavab olaraq Ənvərin Aleksandra adlı xanıma heç nə demədiyini, onların sakit istirahət edən zaman hər üç şəxsin qəflətən Ənvərin üzərinə düşməsini və onu döyməsinin şahidi olduğunu bildirmişdir. Heç bir səbəb olmadığı halda, niyə məhz Ənvərin döyüldüyü ilə bağlı məsləyə aydınlıq gətirə bilməyəcəyini qeyd etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 23 iyul tarixində İlyas adlı tanışı onu ad günü məclisinə dəvət etmiş, məclisdə bir çox tanışları və qohumu Arzuman da olmuşdur. Məclisdə olarkən Nicat adlı şəxsin Əlizamin və Elçin tərəfindən kənara çəkildiyini və hər üçünün söhbət etdiyini görmüşdür. Daha sonra Elçin onunla üzbəüz oturmuş Ənvər adlı şəxsə yaxınlaşıb, yerindən qaldırmış, Arzuman isə yumruqla boyun nahiyyəsindən vurmuşdur. Masanı fırlanıb onlara yaxınlaşaraq Ənvəri onların əlindən almağa çalışanda, Ənvərin burnundan qan gəldiyini görmüş, bu zaman əynində olan köynək də qana bulaşdığından onu dəyişib təmiz köynək geyinmişdir ki, evdəkilərin narahatlığına səbəb olmasın. Verilmiş suallara cavab olaraq Ənvər adlı şəxsin Arzuman, Elçin və Əlizamin tərəfindən döyülməsinin şahidi olduğunu, Ənvərin Aleksandraya nəsə deməsini görmədiyini bildirmişdir. Lakin gedən söhbətlərdən Ənvərin qıza söz atdığını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Səhər mehi restoranında ad günü məclisi təşkil olunmuş, məclis ilk vaxtlar şən keçsə də,saat 12 radələrinə doğru qəflətən qonaqlar arasında dava düşdüyünü görmüş, konkret olaraq Ənvəri kimin vurduğunu görməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Ənvəri kimin vurduğunu görməsə də burnundan qan gəldiyinin şahidi olmuşdur. Həmçinin bildirdi ki, Ənvərin kiməsə söz atdığını eşitməmişdir, amma Aleksandraya kiminsə “nə var qoca kişi ilə oturmusan” dediyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təşkil olunmuş ad günü məclisinə dəvət olunmuş, o ad gününə Əlizaminlə birgə getmişdir. Arada gedən söhbətlərdən bəlli olmuşdur ki, Ənvər Arzumanla birgə gəlmiş Aleksandraya “niyə qoca kişik ilə oturmusan gəl biz tərəfə” demişdir. Daha sonra Ənvərlə birgə gəlmiş Nicat adlı şəxs onun yanıdakı stulda Arzumanın yerində əyləşmiş və söhbət etmişdir. Bu zaman Arzuman ona yaxınlaşıb, kənara çəkmişdir. Baş vermiş mübahisədə konkret kimin Ənvəri vurduğunu görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə rəfiqəsi Şahid2 ad günü münasibətilə təşkil etdiyi məclisə gəlmiş, ilk öncə məclis xoş abu havada davam etsə də, sonradan mübahisə yaranmış, qonaqlardan Ənvər adlı şəxsin döyüldüyünü və burnundan qan gəldiyini görmüşdür. Verilmiş suallara cavab olaraq bildirdi ki, Ənvərin kim tərəfindən döyüldüyünü görməmişdir. Mübahisə olan zaman o da digər qonaqlar kimi dav-dalaşa tərəf qaçmış, qonaqları ayırmağa çalışmışdır. Həmçinin qeyd etdi ki, Ənvər o rəqs edən zaman bir neçə dəfə ona yaxınlaşmış, bu da Arzuman və digər kişi qonaqların narahatlığına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Şahid2 ad günü münasibətilə təşkil etdiyi məclisə gəlmiş, məclisin ortalarına doğru stolun aşağı hissəsində qarışıqlıq düşdüyünü görmüş, ora yaxınlaşarkən Ənvər adlı şəxsin burnunun qan içində olduğunu görmüşdür. Lakin Ənvəri konkret kimin döydüyünü görə bilməmişdir. Daha sonra isə Ənvərin baş vermiş hadisə ilə bağlı polisə şikayət etdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Şahid2 ad günü məclisinə tanışı Aleksandra ilə birgə getmişdir. Məclis ilk öncə şən abu-havada davam etsə də, sonradan qonaqlardan Ənvər adlı şəxs gərginlik yaratmış, onun yanındakı Aleksandra adlı xanımla yaxınlıq etməyə çalışmışdır. Belə ki, o bildirdi ki, Aleksandra ilə rəqs edərkən Ənvər onların ortasına girib Aleksandra ilə rəqs etməyə çalışmışdır. Daha sonra əlində içki Aleksandranın yanında dayanmış, bu zaman onun badəsində içki Aleksandranın paltarına töküldüyündən bununla bağlı ona irad bildirmişdir. Bir müddət sonra Ənvər Aleksandraya yaxınlaşaraq”nə var qoca kişi ilə oturmusan, gəl mənilə otur” deya ifadə işlətmişdir. Bu sözlər onu qıcıqlandırsa da, bununla bağlı ona heç bir cavab verməmişdir. Məclis boyunva Ənvər daim Aleksandranı narahat etmiş, hətta onlar rəqs edərkən Ənvər onların arasına girərək Aleksandra ilə rəqs etməyə çalışmışdır. Daha sonra Ənvərin dostu Nicat Aleksandranın tanışı olan Fidan adlı xanımın yanında əyləşib söhbət etdiyindən, Elbrus və Elçin ona yaxınlaşaraq düzgün hərəkət etmədiyini qeyd edib, dostu Ənvəri də götürüb məclisi tərk etmələrini bildirmiş, Nicat da bununla razılaşaraq yerinə əyləşmişdir. Daha sonra Elçin Ənvər və Elbrusun mübahisə etdiklərini görmüş. onlara yaxınlaşıb Ənvərin boynunun arxa hissəsindən yapışıb özünə tərəf çevirmiş, bu zaman Ənvərin burnundan qan gəldiyini və Ənvərin yerə yıxıldığıını görmüşdür. Verilmiş suallara cavab olaraq Ənvəri Elbrusun vurduğunu, bunu Elbrusun özünün etiraf etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Ənvərə nə o, nə də ki Elçin və Əlizamin tərəfindən xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Şahid2 ad günü məclisinə getmiş, məclis ilk öncə şən abu-havada davam etsə də, sonradan qonaqlardan Ənvər və Nicat adlı şəxslər gərginlik yaratmış, nəticədə dava-dalaş baş vermişdir. Belə ki, qonaqlardan Ənvər adlı şəxs Arzumanın tanışı olan Aleksandra adlı xanıma yaxınlaşaraq “nə var qoca kişi ilə oturmusan, gəl mənilə otur” deyə bildirmiş, bunu şəxsən özünün eşitdiyini, lakin mübahisə düşməsin deyə Arzumana bu barədə heç nə demədiyini bildirmişdir. Lakin, bu barədə Əlizaminə dedikdən sonra, sonradan ona bəlli olmuşdur ki, Əlizamin onun dediklərini Arzumana çatdırmışdır. Daha sonra Ənvərlə birgə gəlmiş Nicat adlı şəxs Fidan adlı xanımın yanında oturmuş, söhbət etmiş hətta aralarında mübahisə belə yaranmışdır. Olanları gördükdən sonra Nicata yaxınlaşıb ona irad bildirmiş, Fidanın Əlizaminlə birgə məclisə gəldiklərini və hərəkətlərinə son qoymasını bildirmişdir. Nicat deyilənləri qəbul edib, yerinə əyləşmiş, bu zaman Ənvər qəlyan sifariş edib tüstüsünü hirslə onların üzərinə buraxmışdır. Daha sonra Arzuman Ənvərə yaxınlaşmış, onlar arasında sözlə mübahisə yaranmışdır. Arzumanı oradan uzaqlaşdırmış, Ənvərə isə məclisi tərk etməsini bildirdikdə, Ənvər söyüşlə cavab vermiş, o da əlinin içi ilə Ənvəri vurmuşdur. Daha sonra Elbrus yaxınlaşıb yumruqla Ənvərin burnundan vurmuş və Ənvərin burnu qanamışdır. Arzuman ona yaxınlaşıb köynəyinin arxasından tutan zaman Ənvər Elbrusun vurduğu zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra məclis dağılmışdır. Sonradan söhbət əsnasında Elbrus Ənvəri vurduğunu etiraf etmişdir. İş materiallarında olan 701 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burunun şişkinlik halında əzilməsi və burun sümüyünün yerdəyişən sınığı, burunun əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırı, sağ saidin, sağ dirsək oynağının sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan 02/701 saylı xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burunun şişkinlik halında əzilməsi və burun sümüyünün yerdəyişən sınığı, burunun əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırı, sağ saidin, sağ dirsək oynağının sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) ən azı beş zərbənin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Dərəcələrinə görə hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burunun şişkinlik halında əzilməsi, burunun əzilmiş yarası və burun sümüyünün yerdəyişən sınığı ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya: hər iki gözaltı nahiyənin qançırları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sağ saidin, sağ dirsək oynağının sıyrıqları həm ayrı-ayrılıqda, həm də ki, ümumiyyətlə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdə ölüm faktı qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən və oğlu X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək hüquqi varis qismində tanınmaq istəmədiyini qeyd edərək cinayət işinə müdafiəçinin iştirakı ilə baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən ölmüş Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin əvvəlki məhkəmə iclasında vermiş olduğu ifadəsinə əlavə və vəsatətinin olmadığını, təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə özünü təqsirli bilmədiyini və qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 44-cü bəndində göstərilmişdir ki, CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olubolmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 21 noyabr 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona ölməsinə görə cəza təyin edilməməlidir. Məhkəmə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri seçilmişdir. Beləliklə o, iki gün müddətinə şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri seçilmişdir. Beləliklə o, iki gün müddətinə şübhəli şəxs qismində saxlanılmışdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: 21 noyabr 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ölməsinə görə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 462 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 462 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 oğluna ödənilmək üçün 462 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar