Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-280/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçiləri - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, X4 və X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X4 və X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, o, özü İİ qrup, həyat yoldaşı isə İ qrup əlildir. Uzun müddətdir ki, bu halı ilə xəstə yoldaşına baxır. Onun üçün olduqca çətindir. Lakin yenə də öhdəsindən gəlməyə çalışır. Yaşadığı mənzilin divar qonşusu Məxluqə Haqverdiyeva və onun oğlu Elmir mütəmadi olaraq ona qarşı kobud rəftarlar etmiş və təhqir etmişlər. 02 fevral 2021-ci il tarixdə Məxluqə Haqverdiyeva bulanıq mayeni onun yaşadığı eyvanın pəncərələrinə səpmişdir. Ondan bunun səbəbini soruşduqda onu təhqir etmiş və ona qarşı nalayiq sözlər işlətmişdir. Bundan başqa oğlu Elmir onu öldürməklə hədələmişdir. Həmin mayeni pəncərənin şüşəsindən silməyə çalışsa da maye silinməmişdir. O, bu barədə sahə müvəkkilinə şikayət etmişdir. Lakin sahə müvəkkili Elçin onun şikayətlərinə heç bir əhəmiyyət verməmişdir. Əksinə onu borclu çıxarmışdır. Mütəmadi olaraq Məxluqə və oğlu onun yaşadığı evin divarlarını bərk alətlərlə döymüşlər, səs-küy yaradaraq onun dincliyinə və rahat yaşamağına mane olmuşlar. Onların ona qarşı bu cür hərəkətləri barədə sahə müvəkkili Elçinə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamışdır. Ona məlum olmayan səbəbdən sahə müvəkkili Elçin kimə arxalanaraq Məxluqə Haqverdiyevanı və onun oğlunu müdafiə edir. Bununla bağlı etdiyi müraciətlərin heç bir nəticəsi olmamışdır. Onun ərizəsini ötür-ötürə salırlar. Sahə müvəkkili onun ərizəsinə baxmır, heç bir tədbir görmək istəmir. Hətta ona qarşı sahə müvəkkili Elçin, Məxluqə və oğlu Elmir tərəfindən edilən bu haqsızlıq barədə Azərbaycan Respublikası Daxili X12 Eyvazova, Azərbaycan Respublikasının Baş Prokuroruna və Pərviz müəllimə yazılı ərizələr yazmağına baxmayaraq onun şikayətinə baxılmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. Dəfələrlə etdiyi şikayətlərin nəticəsi olmadığından Nizami rayon prokuroru cənab Pərviz İbayevin qəbuluna yazılmışdır. Bundan sonra sahə müvəkkili axır ki, iş materiallarını tamamlamış və cinayət işinin başlanmasının rədd edilməsi barədə 15.05.2021-ci il tarixdə qərar qəbul etmişdir. Qərarın təsviri hissəsində ona məlum olmuşdur ki, M.Haqverdiyeva və onun oğlu onun barəsində polisə izahatında bildirmişdir ki, guya o, ruhi xəstədir və dispanserdə qeydiyyatdadır. Hələ bu azmış kimi qonşuların da yanında onun haqqında artıq söz-söhbət danışırlar. Onu elə bir həddə çatdırmışlar ki, o, bir neçə dəfə intihar etmək istəmiş, lakin oğlu buna imkan verməmişdir. Belə davam etsə o, Polis İdarəsinin qarşısında özünə qəsd edəcəkdir. Onların ona qarşı etdikləri bu zorakılıq və təhriqamiz hərəkətləri nəticəsində onun səhhəti pisləşmiş və o, ciddi müalicələr almışdır. 2021-ci ilin iyun ayının 11, 12 və 13-də onun səhhətinin pisləşməsi ilə bağlı təcili-tibbi yardım çağırılmış və o, həmin tarixdən hal-hazıra kimi ciddi müalicələr alır. Onun müalicə və müayinələrinə 1400 manat pul xərclənmişdir. Onların onun səhhətinə vurduqları ziyanı da onlardan tələb edir. Onların bu hərəkətləri onun nüfuzuna xələl gətirir. Qonum-qonşu içərisində onu rüsvay edirlər. M.Haqverdiyevanın və onun oğlu E.Haqverdiyevin Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cəlb edilmələri xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X7 şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi Müdafiəçi1 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi2 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, X7 tərəfindən verilmiş şikayətdə şikayət vermiş şəxsin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi); cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Bundan başqa X7 şikayətində X8 və X5 tərəfindən onun barəsində artıq söz-söhbət danışıldığına ümumiləşdirilmiş formada istinad etmiş, məhz hansı fikir və ifadələri böhtan hesab etdiyini əsaslandırmamışdır. X7, X4 və X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsə də, CM-nin 147-ci maddəsinin konkret olaraq hansı hissəsi (147.1 və ya 147.2) ilə cinayət məsuliyyətinə cəlb edilmələrini göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 və X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin işlə tanış olduğu və məhkəmədə iştirak etdikləri müddət 6 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 36 (otuz altı) manat (6x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X4 və X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X6 və X2 hər birinə məhkəmədə 6 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 36 (otuz altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-280/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-280/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver