Məhkəmə qərarları › İş №1(007)-281/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-281/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-281/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu Horadiz şəhəri, Azadlıq küçəsi, ev 34-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, D.Pişəvəri küçəsi, ev 15-də yaşayan, 29 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 16 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 18 iyul 2024-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 20 iyul 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd sellofan torbada təmiz çəkisi 10,27 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotok vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 29 mart 2024-cü il tarixdə saat 03:30 dəqiqədə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ilə üzbəüz olan “Dalğa” mehmanxanasının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparılıb orada şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,27 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotok vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə 18 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs (talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirmək məqsədilə 13 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində işlədiyi ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsinə Zərərçəkmiş şəxs tərəfindən yuyulması üçün açarı ilə birlikdə verilmiş sonuncuya məxsus “Nissan Tiida” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin gün saat 13:00 radələrində açarı ilə qapısını açıb mühərriki işə salaraq qeyd edilən ünvandan talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırması ittihamı üzrə) zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitələrdən, əsasən də qurudulmuş marixuanadan istifadə edir. 28 mart 2024-cü il tarixdə axşam radələrində istifadəsində olan mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə özünü Baba kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və ona narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə biləcəyini bildirmişdir. Bu təklifdən imtina etməyərək həmin şəxsdən narkotik vasitə almaq istədiyini bildirmişdir. Baba isə 50 manat müqabilində ona narkotik vasitə olan marixuana sata biləcəyini demişdir. Bundan sonra yaşadığı ünvanın yaxınlığında yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Babanın ona “WhatsApp” ilə göndərdiyi hazırda xatırlamadığı kart hesabına 50 manat pul göndərmiş, həmin pulun qəbzini özünü Baba kimi təqdim edən İranlıya göndərmiş, o da ona narkotik vasitəni götürməli olduğu yerin “məkan” məlumatını “WhatsApp” vasitəsi ilə ona göndərmişdir. 29 mart 2024-cü il tarixdə gecə radələrində motosikleti olan dostu Şahid1 ilə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi ərazisində görüşmüşdür. Rəşada Sumqayıt şəhəri ərazisində tanışından borc alacağını deyib onu Sumqayıt şəhərinə aparmasını xahiş etmiş, Rəşad isə heç bir problem olmadığını demişdir. Birlikdə təxminən saat 03:30 radələrində “Baba”nın atdığı “məkan”a uyğun olaraq Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ilə üzbəüz hissədə “Dalğa” mehmanxanasının yaxınlığında getmişlər. Rəşada həmin yerdən narkotik vasitə olan qurudulmuş marixuana götürəcəyini deyib ondan uzaqlaşmışdır. Təxminən 100 metr kənarda “məkana” uyğun olaraq Babanın dediyi yerdən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü götürmüşdür. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar birbaşa Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində hansı səbəbdən saxlanıldığı ona bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Həmin vaxt videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış, ona hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı şübhəli şəxs qismində tutulmağı barədə tərtib edilmiş protokol, hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün onun özünün seçdiyi vəkil təqdim olunmuş və ondan üzərində qanunla qadağan olunmuş hər hansı cinayət xarakterli maddi sübutun olub-olmaması soruşalan zaman özü əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşının özü üzərinə şəxsi axtarış keçirən zaman onun üzərindən əhəmiyyət kəsb edən hər hansı dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. O, suallara cavab olaraq bükümün içərisindəki narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı yuxarıda qeyd etdiyi formada şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin marixuana elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 10,49 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixunanın çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olmamışdır. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. İran İslam Respublikası vətəndaşı olan Baba adlı şəxs barədə hər hansı məlumata malik deyildir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, ailə vəziyyətini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməliyvat müvəkkili vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə Fizuli rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 4-cü PB-nin əməliyyat müvəkkilləri X3 və Şahid3, 4-cü PB-nin təhqiqatçısı X4 və Sumqayıt ŞPİnin KTB-nin inspektor-kriminalisti X5 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 03:30-da əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ilə üzbəüz olan “Dalğa” mehmanxanasının arasında piyada olarkən müşahidəyə götürülmüş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İsmayıl nə üçün saxlanıldığını soruşmuş, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmiş, bundan sonra birlikdə 4-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Rasim Paşayev “Panasonik” marrkalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş, o, həmin vəkilə etiraz etməmişidir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan torbanın içərisində nə olduğu soruşulduqda, o, bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində yaşıl rəngi, spesifik iyə malik olan narkotik vasitə olan “marixuana”ya bənzər qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni 29 mart 2024-cü il tarixdə İran vətəndaşı kimi bildiyi, adını Baba kimi bildiyi şəxsdən 50 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,49 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra marixiuanaya bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3, Şahid2la eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, motosiklet ilə kuryerliklə məşğul olaraq özünü dolandırır. 29 mart .2024-cü il tarixdə gecə saatlarında dostu Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi ərazisində görüşmüş, İsmayıl ona Sumqayıt şəhəri ərazisində olan tanışından borc pul alacağını, onu Sumqayıt şəhərinə aparmağını bildirmişdir. Heç bir problem olmadığını, onu apara biləcəyini demişdir. Birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ilə üzbəüz hissədə “Dalğa” mehmanxanasının yaxınlığında getmişlər. İsmayıl motosikletdən düşmüşdür. Motosikletdən düşdükdən sonra İsmayıl ona İranlı adlanan, Baba adlı şəxsdən “nəşə” deyilən maddə almasını, həmin maddəni gotürmək uçun Sumqayıta gəldiyini demişdir. Həmin vaxt İsmayılın əməlindən məlumatlı olmuşdur. Sadəcə İsmayılı gətirmişdir. Həmin narkotik vasitə ilə bağlı hər hansı məlumatı yoxdur. Həmin ərazidə olan polis əməkdaşları onlara yaxınlaşmışlar. Onlara adiyyəti üzrə polis bölməsinə getməyi təklif etmişlər. Heç bir etiraz etməmişdir. Hər hansı narkotik vasitə götürməmişdir. İsmayılın narkotik vasitə ilə bağlı gəldiyini Sumqayıtda bilmişdir. İsmayılın narkotik vasitə ilə bağlı gəldiyini bildiyi vaxtdan bir neçə dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşıb onu polis bölməsinə dəvət etmişlər. Həmin vaxt həyəcanlı olduğu üçün polisə məlumat vermək ağlından belə keçməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 13 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə məxsus avtomobilin qaçırıldığı hadisə yerinə, ünvan 4 ünvanında yerləşən avtoyuma məntəqəsinə baxış keçirilmişdir. (i.v. 7-8) - 13 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Nissan Tiida” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsinin “Dostluq” kafesinin yaxınlığında aşkar olunaraq baxış keçirilmiş, baxış zamanı avtomobilin xarici görünüşündə hər hansı bir cızıq, zədə aşkar olunmamış, avtomobil işə salınmış, mühərrik normal işləmiş, istismara yararlı olduğu müəyyən edilmişdir. (i.v. 10-11) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 24 iyul 2024-cü il tarixli 5033 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 75-76) - 29 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 90) - 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq ********* nömrəsi altında aparılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 234.1 və 185.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 83-84) - 29 mart 2024-cü il tarixli və 29 iyul 2024-cü il tarixli protokollardan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 29 mart 2024cü il tarixdə saat 03:30-da Sumqayıt şəhəri 7-8-12-ci məhəlləsi ilə üzbəüz olan “Dalğa” mehmanxasının arasında saxlanılaraq PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt regional vəkil bürosunun vəkili X1 təqdim olunmış, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu şəffaf rəngli sellofanı təqdim etmiş, həmin sellafanın içərisində spesifik iyə malik yaşıl rəngli qurudulmuş narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bitki kütləsi maddənin “nəşə” olduğunu, həmin maddəni 29 mart 2024-cü il tarixdə İran vətəndaşı kimi bildiyi, adını Baba kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 10,27 qram olduğu müəyyən edilmiş, daha sonra aşkar olunmuş bəmin maddə xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikası DİN-nın 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuş və videoçəkilişin müddəti saat 05:00-dan saat 05:10-dək davam etmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamış, protokol iştiraklçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təstiq olunmuşdur. Qeydə alınmış videogörüntüyə 29 iyul 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı protokolda göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 115-116, 101) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 29 mart 2024-cü il tarixli 7/501 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 10,27 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 10,27 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 10,25 qram qalıq qalmışdır. (i.v. 130-133) - 30 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 10,25 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videoçəkilişi özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 163) - 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 185.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci hissəsi Təqsirləndirilən şəxs şamil edilməmiş və o, məsuliyyətdən azad olunmamış, Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış Zərərçəkmiş şəxs məxsus “Nissan Tida” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Nissan Tida” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törətməsini sübuta yetirən dəlillər aşkar edilmədiyindən həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması, cinayət tərkibi olmadığına görə rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi şəxsin yerinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmış və əməliyyataxtarış tədbirlərinin davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir. (i.v. 224-233) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 108) -Sumqayıt ŞPİ-nin istintaq şöbəsinin müstəntiqinin 30 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. (i.v. 159-160) - 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 29) - 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tərdbiri seçilməsi və Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 61-63) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 64-65) - 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə saat 20:00-da tutulmuşdur. (i.v. 184) -Sumqayıt ŞPİ-nin istintaq şöbəsinin müstəntiqinin 20 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış və MSY-dən azad edilmişdir. (i.v. 191-192) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 05 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. (i.v. 217-219) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il və 19 may 2025-ci il tarixli tələbnamələrdən, qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinib, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 03 aya endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış; 28 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Qaradağ RPİ-nin icraatındadır. (i.v. 78-79) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcələnin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuş, barəsində digər növdə qətimkan tədbiri seçildikdən sonra 30 mart 2025-ci il tarixdə saat 20:55-də tutmadan azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdən 18 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2024-cü il tarixdə saat 15:50-dən saat 16:45-dək təqsirləndirilən şəxs qismində dindirilmiş və qətimkan tədbiri ilə bağlı məsələ həll olunaraq azad edildikdən sonra, eyni tarixdə saat 20:00-da, barəsində elan edilmiş axtarışla bağlı tutulmuş və 20 iyul 2024-cü il tarixədək tutmada qalmışdır. Bununla da, onun tutulduğu müddət ümumilikdə 06 gün təşkil etmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə yekun məhkəmə aktının çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 18 saat 6 manatdan, 9 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək, 16 iyul 2024-cü il tarixdən 18 iyul 2024-cü il tarixədək və həmin tarixdən 20 iyul 2024-cü il tarixədək tutulduğu cəmi 06 (altı) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 10,25 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 207 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar