Məhkəmə qərarları › İş №1(007)-285/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-285/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-285/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 və onun etibarnamə üzrə nümayəndəsi X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi - Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, 14 sentyabr 2023-cü ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi pedaqoji şurada, məktəbin ibtidai sinif müəllimi X10 xx.xx.2023-cü il tarixli əmrlə yaradılmış komissiyanın rəyini iclas iştirakçılarının nəzərinə çatdırarkən özünə aid olan sözləri də çıxışına əlavə edərək qəsdlə Svetlana Hüseynovanın ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan məlumatlar söyləmişdir. Belə ki, o, kütləvi çıxışında komissiyanın rəyində qeyd olunmuş “Svetlana Hüseynovanın məqsədi şəxsi mənafeyi və çirkin niyyətlərimi həyata keçirmək naminə vəzifə səlahiyyətlərini aşaraq, özünə yaxın olan müəllimləri öz tərəfmə çəkib, məktəb və məktəbin direktoru, rəhbər heyəti barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu söhbətlər apararaq məktəbin təhlükəsizliyinə xələl gətirmək, öz əməllərini örtmək üçün digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək,vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq olduğunu” göstərmiş, əlavə olaraq onun tərəfindən şantaj və təhdid edildiyini, korrupsiya idarəsinə verilməklə hədələndiyini qeyd etməklə yanaşı, özünün kiminsə qiymətini dəyişdirməkdən ötrü pul almadığını, əvəzində guya 5 il bundan qabaq onun ondan 11-ci sinifdə oxuyan qızının dərsə gəlməməsinə şərait yaratmaq üçün 200 manat rüşvət verdiyini, qarşılığında ona “sən get, uşağın arada gələr” dediyini göstərmişdir. İlahə Mehdiyeva məktəbin təhlükəsizliyinə xələl gətirməyini, heyət üzvlərinin şəxsiyyətinə zərər verməyini, onu şantaj və təhdid etməyini imzası ilə təsdiq etməklə və kütləvi çıxışda səsləndirməklə onu ən ağır cinayətlərdə ittiham etmişdir. İlahə Mehdiyevanın ona qarşı dediklərinə dair heç bir dəlil və sübutu yoxdur. Bunlar ona qarşı şər və böhtan xarakterli məlumatlar olmaqla, şərəf və ləyaqətini ləkələmək, ictimai və işgüzar nüfuzunu gözdən salmaq məqsədini güdür. Komissiyanın rəyini İlahə Mehdiyeva ilə bərabər doqquz nəfər imzalamışdır ki, bu da rəydə göstərilən nəticənin komissiyanın hər bir üzvünün fikri olduğunu təsdiq edir. Başqa sözlə rəylə razılaşmayan komissiya üzvü yoxdur və əgər olsaydı o imza etməməli və imza etməməsinin səbəbini göstərməli idi. Ancaq yekdilliklə imzalanmış rəydə belə hal mövcud deyildir. Bu fakt sübut edir ki, İlahə Mehdiyeva komissiya üzvü kimi imzaladığı rəyi oxuyarkən həm də öz fikirlərini ifadə etmişdir. Komissiyanın sədri və üzvləri (idman müəllimi, həmkarlar təşkilatının üzvü, kitabxanaçı və digər ibtidai sinif müəllimləri, o cümlədən məktəbin ibtidai sinif müəllimi İlahə Mehdiyeva və onunla bərabər həmin rəyi imzalamış və tərtib etmiş digər şəxslər) vəzifə baxımından ona tabe olduqları və əmək fəaliyyətini yoxlamaq səlahiyyətləri olmadıqları üçün apardıqları araşdırma və gəldikləri nəticə qanunsuzdur. Təhsil Qanununa və Müəllimlərin etik davranış Qaydalarının tələblərinə görə “müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin,dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən,çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir(maddə 2.1.4), “müəllim rəhbər tərəfindən ona verilən əmrin qanuna zidd olmasına əmindirsə, o, həmin əmri yerinə yetirməkdən imtina edə bilər” (maddə 4.3.2). Direktor müavinlərinin əmək fəaliyyətini yoxlayıb, müzakirə edərək qiymətləndirmək səlahiyyəti ancaq işəgötürən kimi BŞTİ-nə və Təhsil Nazirliyinə aiddir. İlahə Mehdiyeva isə ali savadı belə olmayan kollec təhsilli, vəzifəcə məktəb rəhbərlərinə (direktor və direktor müavinlərinə) tabe olan ibtidai sinif müəllimidir. Azərbaycan Respublikasına CM-nin 40.2-ci maddəsinə görə “Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur”. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə “Qanunsuz əmri və sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur”. İlahə Mehdiyeva komissiyanın üzvü kimi rəydə yazılanların məsuliyyətini öyrənmədən, bu barədə sübutların olub-olmamasını yoxlamadan direktora yarınmaq üçün həmin rəyi həm imzalamış, həm də özünə aid böhtanları da əlavə edərək kütlə içərisində səsləndirmişdir. Qanunsuz təşkil olunmuş həmin komissiyanın sədri və digər üzvlər də heç bir sübuta istinad etmədən barəmdə yalan və böhtan xarekterli rəy yazıb təsdiq etdiklərinə görə məsuliyyət daşıyırlar. Rəydə yazılan və ünvanına deyilən bütün sözlər ona qarşı qərəz və böhtandan başqa bir şey deyil. Məktəbin direktoru Afaq Əliyevanın pedoqoji şurada onun ünvanına dediyi şər və böhtan dolu məlumatlardır ki, komissiya həmin məlumatlara istinad edərək barəsində həqiqətə uyğun olmayan rəy tərtib etmişlər. İlahə Mehdiyeva komissiyanın rəyini üzündən oxuduqdan sonra rəydə yazılmayan öz sözləri ilə onun ünvanına uca səslə tərəfindən şantaj və təhdid edildiyini, korrupsiya idarəsinə verilməklə hədələndiyini qeyd etməklə yanaşı, kiminsə qiymətini dəyişdirməkdən ötrü pul almağını, guya 5 il bundan qabaq onun 11–ci sinifdə oxuyan qızının dərsə gəlməməsinə şərait yaratmaq üçün ondan 200 manat rüşvət aldığını, qarşılığında ona “sən get, uşağın arada gələr” dediyini göstərmişdir. X19 tərəfindən onun ünvanına söylədiyi əsassız və sübutsuz böhtandır. Bu sözlər rəydə öz əksini tapmır.İlahə Mehdiyeva ötüb keçən 5 il ərzində deyil,mən direktorun cinayət əməlləri haqqında Baş Prokurorluğa şikayət etdikdən sonra, direktora yararlanmaq məqsədilə böhtan ataraq kütlə içərisində ona rüşvət verdiyini bildirmişdir. İlahə Mehdiyevanın ünvanına söylədiyi böhtan dolu çıxışı ilə əlaqədar Pedaqoji Şuranın iclasından sonra öyrənmişdir ki, İlahə Mehdiyevanın adını hallandırdığı qızı təxminən 5 il bundan qabaq azərbaycan bölməsi üzrə 11-ci sinifdə təhsil alıb. 2013-cü ildən xx.xx.2024-cü il tarixədək o, məktəbdə rus bölməsinin direktor müavini işləmidir. Məktəbdə rus bölməsinə aid siniflər üzrə müəllimlərin dərs cədvəlini tərtib edərək, ancaq tədrisə aid məsələlərlə məşğul olmuşdur. Hətta rus bölməsi üzrə şagirdlərin dərslərə davamiyyətinə də cavabdehlik daşımamışdır. Bütün məktəb üzrə bu səlahiyyət təşkilatçı direktor müavini Elnurə Ramazanovanın səlahiyyətindədir. Azərbaycan bölməsində tədrisə cavabdeh direktor müavini Nəriman Vəliyevdir. Azərbaycan bölməsi üzrə İlahə Mehdiyevanın rəfiqəsi Rahilə Məmmədova ibtidai siniflər üzrə direktor müavinidir. İ.Mehdiyavanın özü də Azərbaycan bölməsində ibtidai sinif müəllimi işləyir. Özü müəllim işlədiyi halda öz təşəbbüsü ilə qızını məktəbdən yayındırması həm müəllim adına, həm də məktəb adına ləkədir. Məktəbə gəlməməsinə görə qızı üçün xahiş edibsə də, bunu niyə yaxından tanıdığı Azərbaycan bölməsinin direktor müavini Nəriman Vəliyevdən, təşkilatçı direktor müavini Elmira Ramazanovadan və ya rəfiqəsi Rahilə Məmmədovadan yox, heç bir yaxın münasibəti olmayan, bütün məktəbin tədrisinə deyil, yalnız rus bölməsində tədrisə cavabdeh olan direktor müavini Svetlana Hüseynovadan xahiş edirdi? Göründüyü kimi İlahə Mehdiyeva iclasda rüşvət almaqla onu ittiham edərək böhtan atmışdır. Onun göstərdiyi böhtan dolu ifadəsindən belə nəticəyə gəlinir ki, o, CM-nin 311-ci maddəsi ilə (rüşvət alma) cinayət törətmişdir. İlahə Mehdiyeva bütün məktəb kollektivinin iştirak etdiyi pedaqoji şurada müəllim kollektivinin qarşısında onu ağır cinayətdə ittiham etmişdir. O, 1985-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuş, onun 30 ilini Nizami rayonu 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Məktəbdə müəllim-şagird kollektivi, valideynlər və yaşadığı Keşlə qəsəbə sakinləri arasında müəyyən hörmətə və nüfuza malikdir. Hazırda Bakı şəhər Təhsil İdarəsinin müdiri olmuş Mehriban Vəliyeva barədə CM-nin 308, 309, 313 və 314-cü maddələri ilə cinayət işinin başlanılması üçün xx.xx.2023-cü il tarixdə prokurorluğa müraciət ünvanladığına görə qərəzçiliklə qanunsuz və əsassız olaraq onu ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarmışdır, hələlik heç bir əmək fəaliyyəti ilə məşğul deyil, yalnız pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəmələrdə özünü müdafiə edir. Əmək Müfəttişliyinə etdiyi şikayət müsbət nəticələnmiş, M.Vəliyeva barəsində inzibati protokol tərtib olunmuş, İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat cərimə olunmuş, onun vəzifəsinə bərpa edilməsi üçün 30 gün müddət tanınmışdır. İşə bərpa və vurulmuş maddi ziyanla əlaqədar mülki iddiası ilə bağlı iş Nəsimi Rayon Məhkəməsinin icraatındadır. CM-nin 147.1-ci maddəsində qeyd edilib ki, “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” deməkdir. Barəsində “şəxsi mənafeyi və çirkli niyyətlərini həyata keçirmək, əməllərini ört-basdır etmək naminə səlahiyyətlərini aşaraq, müəllimləri öz tərəfinə çəkərək məktəbin direktoru barəsində təhqiramiz ifadələr işlədərək, şər-böhtan dolu söhbətlər aparmaq, şaiyələr yaymaqla məktəbin təhlükəsizliyinə xələl gətirmək, digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq kimi yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlara imza etmiş və kütləvi çıxışında söyləmişdir. Göründüyü kimi X1 çıxışda həm onu təhqir etmiş, həm də onu ağır cinayətlər törətməkdə ittiham edən böhtanı kütlə içərisində yaymışdır. Bununla da İlahə Mehdiyeva CM-nin 147.1 və 147.2 maddələri ilə cəzalandırılmalıdır. İlahə Mehdiyevanın kütləvi çıxışda ona qarşı dediklərini təsdiq edən 2 şahidi var: Nizami rayonu, Keşlə qəsəbəsi, X18 küçəsi, ev 12 ünvanında yaşayan, 201 nömrəli məktəbdə coğrafiya müəllimi işləyən müəllim X11 və ünvan 2 ünvanında yaşayan, 201 nömrəli məktəbdə tarix müəllimi işləyən X8. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək həmin maddələr əsasında onun azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 və onun nümayəndəsi X12 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X7 çıxış edərək şikayətin cinayət prosessual qanunvericiliyinin müvafiq tələblərinə cavab vermədiyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində məlumatlar və əməlin məhz həmin şəxs tərəfindən törədilməsini təsdiq edən sübutlar materiala əlavə edilməmişdir. Eyni zamanda, əməlin baş verdiyi yerin müəyyən olunması üçün məkanın yerləşdiyi yer barədə məlumatlar müvafiq qaydada iş materiallarında öz əksini tapmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə həmçinin şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar