Məhkəmə qərarları › İş №1(007)-286/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-286/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-286/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Cəlilabad rayonunun Kazımabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 sentyabr 2020-ci il tarixdə saat 07 radələrində ünvan 3 ünvanda yerləşən “Xan qızı” restoranının qarşısında idarə etdiyi “Fiat Doblo” markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda hərəkət edən “Honda CR-V” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı birbirilərinin ünvanına nalayiq sözlər söyləmələri səbəbindən qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki dəfə yumruqla vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid üst çənədə sağdan V dişin natamam sınması xəsarətini yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07.09.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Fiat Doblo” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, B.Çobanzadə küçəsi ilə hərəkətdə olarkən “Honda CR-V” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qarşısı ilə getmiş və o, işıqları yandırıb söndürərək ondan yol istəmişdir. Həmin avtomobil ona yol vermişdir. Bundan sonra “Honda CR-V” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs arxa tərəfdən ona işıq siqnalı verərək yol istəmişdir. O, Elşənə yol vermiş, Elşən avtomobilini onun avtomobilinin yanına yaxınlaşdıraraq açıq pəncərəsindən onun ünvanına nalayiq söyüş söymüş və avtomobilini sürüb getmişdir. O, Elşənə avtomobili saxlaması üçün işıq siqnalı vermiş, Elşən avtomobili saxlamamışdır. Onun avtomobilində iş yoldaşı Mehparə xanım olmuşdur. Elşən işıqforda dayanarkən o, avtomobilini onun avtomobilinin yanına yaxınlaşdırmış və avtomobilindən enib Elşənin avtomobilinin sağ qabaq qapısını açmışdır. Elşən ona “bağışla” demiş, o isə cavabında əli ilə onun sağ çiynindən vuraraq “nəyi bağışlayım” demişdir. Sonra Elşən “sifətimə vurmusan” demiş, o isə əsəbindən “vurmuşam, yaxşı etmişəm” demişdir. O, öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bundan sonra Elşən yenidən onun arxa tərəfində avtomobili ilə hərəkətdə ola-ola işıq və səs siqnalı verib onu saxlatdırmaq istəmişdir. O bir qədər irəlilədikdən sonra Elşənin ondan əl çəkmədiyini görüb Çobanzadə küçəsində “Bona Dea” klinikasının qarşısında avtomobilini saxlamışdır. Elşən öz avtomobilinin şüşəsini açaraq ondan mobil nömrəsini istəmiş və o da mobil nömrəsini demişdir. Bundan sonra hərəsi öz yoluna davam etmişdir. Həmin gün gecə saat 21:43-də tanımadığı nömrədən ona zəng gəlmişdir. Telefonu açarkən Elşən onu nalayiq ifadələrlə söyməyə başlamışdır. O, telefonu yerə qoymuş, aşağı düşmüşdür. Elşən ona bir də zəng etmiş, o, “adboy” vermişdir. Sonra Elşən yenə ona zəng etmiş o, telefona cavab verdikdə Elşən ondan 34-cü Polis Bölməsinə şikayət etdiyini bildirmişdir. O, 34-cü PB-nin yanında olarkən dostu İntiqamı görmüş, İntiqam onun əsəbi olduğunu görüb nə baş verdiyini soruşduqda hadisəni ona danışmışdır. İntiqamla həyətdə gəzərkən Elşənin avtomobilini görmüşlər. O, avtomobilin qapısını açmaq istəyərkən Elşən maşını sürərək çıxıb getmişdir. Sonra o, 24-cü PŞ-nə gedib Elşən zəng edib onu söydüyü üçün şikayət etmişdir. Polis əməkdaşı buna görə onun 50 manat cərimə ödəyib çıxacağını bildirmişdir. 15 gün sonra ona zəng gəlmiş, onu 24-cü PŞ-nə dəvət etmişlər, Ramil adlı polis əməkdaşı onları barışdıracağını, onun avtomobilinin sol güzgüsünü almağını bildirmiş, o, razılaşmışdır. Sonra onu 34-cü PB-dən çağırmışlar, ona üzr istəməsini demişlər, o, üzr istəmişdir. Zərərçəkmiş şəxs barışıq ərizəsi verməsi üçün ondan 600 manat pul istəmiş, o, o qədər pulu olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsin 15 gündən sonra ekspertizadan keçməsi də buna sübutdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07.09.2020-ci il tarixdə idarə etdiyi “Honda CR-V” markalı, **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Babək prospektindən Çobanzadə küçəsinə dönərkən arxa tərəfdən “Fiat” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqlarını yandırıb söndürərək ondan yol istəmişdir. O, gec yol verdiyi üçün həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onu ötüb keçərkən avtomobilinin açıq şüşəsindən ünvanına nalayiq ifadələr işlətmiş, o da Elnurun ünvanına söyüş işlətmişdir. O, avtomobilini idarə edib Çobanzadə küçəsi 2405 ünvanında, yəni “Xan qızı” restoranının qarşısındakı işıqforda dayanarkən Elnur avtomobili ilə onun avtomobilinin yanına yaxınlaşmış və avtomobilindən enib onun avtomobilinin sağ qabaq qapısını açaraq 2 dəfə yumruq zərbəsi ilə sifətinin sağ nahiyəsindən vurmuşdur. O, polisə şikayət edəcəyini dedikdə Elnur ona nömrəsini verib çıxıb getmişdir. Sonra o, “Sarı Gəlin” restoranının qarşısına getmiş, yolda DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin gün saat 22 radələrində Elnurun ona verdiyi nömrəyə zəng edib onu vurmasının səbəbini soruşmuşdur. Bu zaman onlar telefonda mübahisə edib, bir-birlərini söyüb təhqir etmişlər. O, Elnurla telefonda danışarkən öz yaşadığı məhəllədə avtomobilində əyləşmişdir. Bu zaman Elnur yanında bir nəfər şəxslə onun avtomobilinə yaxınlaşmışlar. Elnur yumruğu ilə onun oturduğu sükan tərəfdəki qapının şüşəsini vurmuş, dostu da avtomobilinin qabaq sol tərəf şüşəsini yumruqlamışdır. O, özünü müdafiə etmək məqsədi ilə avtomobili sürüb oradan uzaqlaşmışdır. Elnurun ona xəsarət yetirməsi nəticəsində dişi düşmüşdür. Onun ekspertizaya gec getməsinin səbəbi aidiyyət məsələsini dəqiq məyyən edə bilməmələri olmuşdur. Belə ki, o, 25-ci PŞ-nə müraciət etmiş, oradan onu 34-cü PB-nə yönəltmişlər, 34-cü PB-dən isə onu yenidən 25-cü PŞ-nə göndərmişlər. Ona ümumilikdə 1500 manata yaxın ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayəti vardır. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi cəza ilə razıdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07.09.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı məhəllədə həyətdə gəzərkən tanışı Elnuru görmüşdür. Elnurun narahat olduğunu görüb nə baş verdiyini soruşmuş, Elnur baş vermiş hadisəni ona danışmışdır. Elnurla birlikdə həyətdə gəzərkən zərərçəkmiş şəxsin avtomobilini görmüşlər. Elnur yaxınlaşıb avtomobilin qapısını açmaq istəyərkən Elşən avtomobili sürüb getmişdir. O, Elşənin avtomobilinin şüşəsini döyməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 15.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 canlı şəxsin ekspertizasına dair 22.09.2020-ci il tarixli, 761 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs üst çənədə sağdan V dişin natamam sınması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.09.2020-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 canlı şəxsin ekspertizasına dair 21.12.2020-ci il tarixli, T 05/2021 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarət – üst çənədə sağdan V dişin natamam sınması ilə müşayiət olunan diş ətrafı yumşaq toxumanın qızartısı – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07.09.2020-ci il tarixdə sifət nahiyəsinə vurulmuş zərbənin təsirindən törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyası və xüsusiyyətləri həmin xəsarətin şəxsin özünün-özünə yetirməsini və yıxılma nəticəsində yaranmasını inkar edir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 01.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 10.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən bir ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 26.04.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 20.01.2012-ci il təvəllüdlü Ağazadə Zəhra və 23.02.2017-ci il təvəlüdlü Ağazadə Məhəmməd adlı iki azyaşlı uşağı vardır. - Cəlilabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, görüntünün 18-ci saniyəsində qapının açılması səsi, Zərərçəkmiş şəxs “bağışla” deməsi və Təqsirləndirilən şəxs isə “ayə nə bağışla” deyərkən 2 dəfə zərbə və ya digər səsin gəlməsi, Təqsirləndirilən şəxs “oğraş” deməsi, sonradan Elnurun “görmürsən maşında qadın var, budur kişiliyin sənin?” deməsi, Elşənin “yaxşı, yaxşı polisə verəcəm, görərsən baxarsan” deyərkən Elnurun “get polisə ver, oğraşın biri oğraş” deməsi daha sonra qapının bağlanması səsi müəyyən olunmuşdur. Videogörüntünün 1 dəqiqə 13-cü saniyəsində Elşənin “sən mənim sifətimi dağıtdın, görərsən” deyərkən Elnurun “yaxşı elədim, ağzını cıracam hələ” deməsi, Elşənin “cıracaqsan, söz verirsən?” deməsi, Elnurun “hə, a kişi sür get” deməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, evli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda 40 saat, məhkəmədə 20 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar