Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-287/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən “Oba” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs onun telefon zənglərinə cavab verməməsini bəhanə edərək ictimai yerdə Zərərçəkmiş şəxs ilə mübahisə etməklə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs qolundan tutub gəldiyi taksiyə əyləşib onunla getməsini tələb etmiş, sonuncu onunla razılaşmadıqda Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib qəsdən əli ilə baş və üz nahiyəsindən vuraraq sonuncuya sol gözətrafı nahiyənin hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, Cənnətlə təxminən 1 il əvvəl işlədiyi “Aylı gecə” restoranına gedib-gələrkən görüb tanış olmuş, sonradan Cənnətlə aralarında yaxın münasibət yaranmışdır. Lakin axır vaxtlar Cənnət məlum olmayan səbəbdən onunla münasibətlərini kəsmiş, hətta telefona cavab verməmiş, mobil nömrəsini “blok” etmişdir. 24 mart 2021-ci il tarixdə təxminən saat 23 radələrində işdən çıxıb taksi ilə evə gedən zaman Nizami rayonu, İ.Məmmədov küçəsi 21 saylı yaşayış binasının yaxınlığında Cənnəti görmüş, taksini saxlatdırıb ona yaxınlaşaraq nə səbəbə görə onun telefonunu “bloka” salmasını soruşmuş, lakin Cənnət ona cavab verməmişdir. Cənnətin mobil telefonunu alıb öz nömrəsini blokdan çıxarmaq məqsədilə əlini atıb onun telefonunu almaq istəyərkən, Cənnət müqavimət göstərərək telefonu verməmişdir. Cənnətin başı aşağı əyilmiş vəziyyətdə olduğu üçün ehtiyatsızlıqdan əli onun burnuna dəymiş və Cənnət xəsarət almışdır. Cənnəti döyüb xəsarət yetirmək niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Turalı işlədiyi “Aylı Gecə” restoranından tanımışdır. Bir müddət onunla mobil telefonda danışdıqdan sonra aralarında dostluq münasibətləri yaranmışdır. Son vaxtlar Turalla münasibəti kəsilmiş, Tural ona məxsus olan mobil telefona çoxsaylı zəng etsə də, mesajlar yazsa da ona cavab verməmiş, ona məxsus olan mobil telefon nömrəsini “bloka” atmışdır. 24.03.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Nizami rayonu, İ.Məmmədov küçəsi 21 saylı binanın blokundan çıxıb taksi gözləyərkən, Turalın taksi ilə gəldiyini görmüşdür. Tural taksidən düşərək ona yaxınlaşmış və qolundan tutaraq kobud formada gəlmiş olduğu taksiyə əyləşib onunla getməsini bildirmişdir. Onunla getmək istəmədiyini dedikdə Tural onun əlində olan mobil telefonları almaq istəmiş, lakin ona müqavimət göstərmiş, bu zaman Tural sillə ilə onun baş və üz nahiyəsindən vurmuşdur. Turalın əlindən qaçmaq məqsədi ilə onun qolunu dişləmiş, bu zaman Tural göz nahiyəsindən yumruqla vurmuşdur. Yaşadığı binanın sakinləri Elşən, Elməddin və Cavid adlı şəxslər səs-küyü eşidib onlara yaxınlaşaraq onları ayırmış, bundan sonra qonşular Turalı avtomobilə əyləşdirərək Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Elşən, Elməddin və Cavid adlı qonşularından başqa tanımadığı şəxslər də səs-küyü eşidib hadisə yerinə gəlmişlər. Məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. İş üzrə Şahid3 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və işi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi RPİ-nin DYP şöbəsində inspektor işləyir. Zərərçəkmiş şəxslə 5 ildir eyni binada qonşu yaşayır. Cənnətlə heç bir qohumluğu və ədavəti yoxdur, eşitdiyinə görə hansısa kafedə işləyir. 24 mart 2021ci il tarixdə təxminən saat 23 radələrində evdə istirahət etdiyi vaxt, küçədə səs-küy eşidib həyətə düşmüş, evin yaxınlığında Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 40 ünvanında “Oba” marketin qarşısında bir nəfər cavan oğlanın Cənnət adlı qonşusunu döydüyünü, taksi sürücüsü işləyən qardaşı Elməddinin, qonşusu Cavidin və tanımadığı bir neçə nəfərin ora toplaşdığını görmüşdür. Yaxınlaşıb özünü həmin oğlana təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş, onları aralayandan sonra adı ona sonradan məlum olan Tural adlı şəxsi qardaşı Elməddinə məxsus avtomobillə aparıb Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil vermişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və işi ilə əlaqədar rayonda olduğunu bildirmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs üzdən tanıyır. Belə ki, Cənnətin fotoqraf işlədiyi Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında “Siyaqut” şadlıq sarayının yaxınlığındakı binada yaşadığını bilir. Onunla heç bir qohumluğu və ədavəti yoxdur. 24 mart 2021-ci il tarixdə təxminən saat 23 radələrində fotoqraf işlədiyi ofisdə olarkən küçədə səs-küy eşidib çölə çıxmış, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 40 ünvanında “Oba” marketin qarşısında əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Tural adlı oğlanın Cənnətlə mübahisə edib dartışmalarını görmüşdür. Səs-küyə çoxlu adam toplaşmış, hadisə yerinə gələn tanımadığı şəxslər onları aralamışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş 27.03.2021-ci il tarixli, 240 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 24.03. 2021-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 22.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 07.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 24.07.2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə çoxsaylı zərbələr vurmuş və yoldan keçən şəxslər onlara yaxınlaşmışlar. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında mübahisə və münaqişə şəxsi münasibətlər zəminində başlanılsa da sonradan Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.08.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.09.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.06.2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanununa əsasən CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, 13.02.2017-ci ildə cəza müddəti qurtardığına görə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münsibətlər təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 45 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 (iki yüz yetmiş) manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda 20 saat, məhkəmədə 25 saat, cəmi 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 270 (iki yüz yetmiş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-287/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-287/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver