Məhkəmə qərarları › İş №1(007)-289/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-289/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-289/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X4 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 14 oktyabr 2021-ci il tarixdə, saat 10:45-də, Bakı şəhərində, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə 2019-cu ilin dekabr ayının ortalarında saat 16 radələrində ünvan 1 ünvanın qarşısında olarkən sonuncu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəldən tanıdığı Şahid2 yaxınlaşaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək əli ilə Şahid2 sifətindən bir dəfə sillə vurduqdan sonra üzərində gəzdirdiyi silah qismində istifadə edilən bıçağı cibindən çıxarıb hücuma məruz qalmış Şahid2 nümayiş etdirərək həmin bıçaqla vuracağı ilə hədələyib sonuncudan içərisində 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 300 manat dəyərində **********31913 və **********31911 iki imey kodlu “Samsung” Galaxy” markalı “J2” modelli mobil telefon aparatını alıb ələ keçirərək zərərçəkmiş şəxs Şahid2 ümumilikdə 305 (üç yüz beş) manat məbləğində maddi ziyan vurmaqla Şahid1 tərəfindən ağır cinayət olan silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq törədilməsini hadisə yerində görüb bilərək həmin cinayət barəsində müvafiq dövlət orqanlarına məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Şahid2 və Şahid1 tanımışdır. 2019-cu ilin dekabr ayının ortalarında Şahid1 “Qara Qarayev” metrostansiyasının yaxınlığında təsadüfən onunla görüşdükdən sonra əsəbi olduğunu bildirmişdir. İslamdan nə baş verdiyini soruşduqda sonuncu İbrahimin yanında ara-sıra gəzən oğlanın harada olduğunu soruşmuş və onu tapsa döyəcəyini demişdir. İslamın kimin barəsində danışdığını əvvəlcə başa düşməmiş, daha sonra İslam həmin şəxsin İbrahimlə telefonda görüntülü danışarkən ona güldüyünü və onu ələ saldığını demişdir. Yenə İslamın kimin barəsində danışdığını dəqiq başa düşməmiş və Şahid1la yaşadığı evə doğru gedərkən, ünvan 2 ünvanın qarşısında Şahid2 təsadüfən onların qarşısına çıxmışdır. Bu zaman İslam Zakirə səslənib dayanmağını tələb etmiş və telefonda gülərək onu ələ salan şəxsin Zakir olduğunu və sonuncunu üzdən tanıdığını demişdir. Zakirin uşaq olduğunu və ona heçnə etməməyi İslama desə də, sonuncu onu eşitməmiş və cibindən bıçaq çıxararaq Zakirə göstərmiş, daha sonra bir illə vuraraq Zakirin “Samsung Galaxy” markalı “J2” modelli mobil telefonunu almışdır. İslamdan telefonu Zakirə qaytarmağı tələb etdikdə İslam telefonu qaytarmayacağını və onun bu işə qarışmamasını demişdir. Həmin hadisədən bir müddət sonra İslamı Nizami rayonu ərazisində görmüş və sonuncu Zakirin telefonunu satdığını bildirmişdir. İslamı əvvəllər tanıdığından və sonuncunun Zakirdən aldığı telefonu sonradan qaytaracağını zənn etdiyindən, həmin hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Törətdiyi əməldən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edib, təqsirləndirilən şəxsin və şahidin ifadələrini, habelə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 əvvəllər tanımamış, sonuncu ilə aralarında heç bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. İbrahim adlı dostu ilə mobil telefonla görüntülü danışarkən Zakir ona güldüyü üçün əsəbləşmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Nizami rayonu ərazisində ünvan 3 ünvanda yerləşən çörək sexinin qarşısında təsadüfən Zakirlə rastlaşmış, sonuncudan nə üçün ona güldüyünü soruşaraq sifət nahiyəsindən bir sillə vurmuş və cibindən bıçaq çıxararaq Zakiri hədələyib əlində olan “Samsung Galaxy” markalı “J2” modelli mobil telefonu almışdır. Mobil telefonda görüntülü danışan zaman Zakirin ona gülməsindən Kamranın əvvəlcədən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 19 fevral 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə ünvan 4 ünvanın qarşısında baş vermişdir. Şahid2 2019-cu ilin dekabr ayının ortalarında tanımadığı şəxsin onu hədələyərək ona məxsus mobil telefon aparatını əlindən aldığı yeri göstərmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 iyul 2021ci il tarixli 2404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin isterik tipli psixopatik cizgiləri aşkar olunur. Tibbi sənədlərə əsasən amnezində keçirilmiş “Üzvi şizofrenəbənzər pozuntu” qeyd olunsa da, hazırda bu pozuntuya xas əlamətlər aşkarlanmır. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, amnestik məlumatlar (RPX-da “Üzvi şizofrenəbənzər pozuntu” diaqnozu ilə müalicədə olması) sübut edir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır; onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir; barəsində məcburi xarakterli tibbi tədbirlərin tədbiq edilməsinə ehtiyac yoxdur; qeyd edilən əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur; buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir; qərarda qeyd edilən əməl törədilən zaman və hadisədən sonradan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur; psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər; hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(101)-712/20 nömrəli hökmündən görünür ki, Şahid1 Şahid2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan quldurluq edib əmlakını ələ keçirməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və İ77.2.4-cü maddələri ilə təqsirli bilinərək 2.500 manat cərimə cəzasına və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğu üçün tutulmuşdur. İşdə olan 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 24 iyul 2021-ci tarixdən 26 iyul 2021-ci il tarixədək tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək islah işləri növündə cəzanın müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 45 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 (iki yüz yetmiş) manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyul 2021-ci tarixdən 26 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla K.İ. Əhmədovun üzərində qəti olaraq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 (iki yüz yetmiş) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar