Məhkəmə qərarları › İş №1(007)-29/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-29/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-29/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı - Zərərçəkmiş şəxs, onun nümayəndəsi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, M.Qaşqay küçəsi ev 19-da qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yaşayan, xx xxxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində bir günlük qaldığı, keçmiş arvadı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsindəki 19 nömrəli evin 20 nömrəli mənzilinin giriş otağındakı şkaf rəfinin üzərinə qoyulmuş qadın əl çantasının içərisindən Zərərçəkmiş şəxs məxsus 1600 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmış, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində bir günlük qaldığı evdən ona məxsus mənzilin giriş otağındakı şkaf rəfinin üzərinə qoyulmuş qadın əl çantasının içərisindən ona məxsus 1600 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Oğurluq nəticəsində ona 1600 manat zərər dəymişdir, bu günədək Təqsirləndirilən şəxs tərəfindən həmin zərər ödənilməmişdir. Cinayət nəticəsində o, sarsıntı keçirmiş və mənəvi əziyyət çəkmişdir. Cavabdehin hüquqazidd hərəkətlərinə görə uzun müddətdir ibtidai istintaqda və məhkəmələrdə vaxt sərf edir. Ona görə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə xx xxxxxx 2020-ci il tarixdə 210 manat dəyərində 330 nömrəli müqavilə bağlamışdır. Müqavilənin dəyəri tam şəkildə “Accessbank”a ödənilmişdir. Mülki cavabdeh ona dəymiş zərəri könüllü ödəmədiyi və o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldığı üçün hüquqi xidmətə və dövlət rüsumuna görə ödənilən 240 manat pulun da cavabdehdən tutulmalı olmasını hesab edir. Oğurluq nəticəsində dəymiş maddi zərər olan 1600 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 500 manat, hüquqi yardıma görə ödənilmiş 210 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 2340 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib və mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə rəsmi olaraq ailə qurmuşlar, iki övladları doğulmuşdur. Nigarla aralarında olan nikah 2018-ci ildə rəsmi olaraq pozulmuşdur. Nigarla boşandıqdan sonra hər gün gedib uşaqları ilə görüşmüşdür. Sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə “İçərişəhər” metrosunun yanında görüşmüşlər, Nigar onunla görüşə öz avtomobili ilə gəlmişdir. Onlar qərara gəlmişlər ki, bir yerdə əyləşib çörək yesinlər və Nigarın təklifi ilə Novxanı qəsəbəsinə dəniz kənarına getmişlər. Uşaqlarla oturub çörək yedikdən sonra Nigarın razılığı ilə onun atasının evində gecələmişlər. xx xxxx 2019-cu il tarixdə səhər saat 07 radələrində yuxudan qalxıb Nigarı oyatmadan evdən getmək qərarına gəlmişdir. O, evdən çıxarkən qonaq otağında masanın üzərində Nigarın əl çantasının yanında qoyduğu sonuncuya məxsus kağız zərfin içində olan 1300 manat pulu Nigara heç nə demədən götürüb evi tərk etmişdir. Ona görə ki, Nigar özünə avtomobil alarkən ona 1500 manat borc pul vermişdir. Hər hansı cinayət əməli törətmədiyindən ona bəraət verilməsini, mülki iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşlar, 2018-ci ildə aralarında qeydə alınmış nikah pozulmuşdur. Ayrılmalarına baxmayaraq o, birgə nikahdan olan övladlarının Təqsirləndirilən şəxslə görüşmələri üçün imkan yaratmışdır. Sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə Üzeyir onların evinə gəlmiş və o, Üzeyirə icazə vermişdir ki, axşamı onların evində qalsın. Həmin axşam Üzeyir və övladları ilə birlikdə Novxanıya getmiş, orada nahar etmişlər. Üzeyir həmin vaxt görmüşdür ki, o, hesabı çantasındakı zərfin içərisindən pul çıxararaq ödəmişdir. Onlar gecəni evə gəlmiş və yatmışlar, səhəri gün o, yuxudan ayılaraq ayaqyoluna keçdikdə Üzeyir yatmış olmuşdur. Lakin o, qayıtdıqda Üzeyirin yerində olmadığını və uşaqları aparmadığını görüb ona harada olmasını yazmışdır. Üzeyir ona artıq bu həyatdan bezdiyini və onu bir daha axtarmamasını demişdir. Bundan sonra o, şübhələnərək çantasına baxdıqda çantada içərisində 1600 manat pul olan zərfin yerində olmamasını görüb, pulu Üzeyirin götürdüyünü başa düşmüşdür. Üzeyirə nə üçün belə etdiyini dedikdə, Üzeyir əvvəlcə guya ona borcu olduğu üçün pulu götürdüyünü, guya maşın alan zaman ona borc verdiyini dedikdə, o, Üzeyirə xatırlatmışdır ki, maşının dəyəri 27.000 manat olmuş, 20.000 manat özündə olduğu üçün 7000 manat da dayısı Əhməddən almışdır. Bundan sonra Üzeyir ona mesaj yazaraq pulu qaytaracağını demişdir. Lakin sonradan pulunu qaytarmadığından o, məcbur qalaraq Üzeyirdən şikayət etmişdir. Zərərçəkmiş şəxs, mülki cavabdeh ifadəsinin sonunda Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini, mülki iddiasının isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid vəfat etdiyindən, onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən hadisənin baş verdiyi ünvan 1 ünvanına baxış keçirilmişdir. (i.v. 7-8) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “watsapp” yazışmalarında Zərərçəkmiş şəxs məxsus pulu götürməsini etiraf edir və pulu qaytaracağını vəd versə də, sonradan polisə şikayət etməsi bəhanəsi, guya əvvəl borcunun olması bəhanəsi ilə pulu qaytarmaqdan imtina edir. (i.v. 50-59) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin xx xxxx 2020-ci il tarixli 1346 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda Şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə yuxarıda göstərilən psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Qalıb oğlu hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Ekspertiza zamanı cinayət hadisəsi haqqında söylədikləri ilə istintaq zamanı ifadəsində hadisə ilə bağlı göstərdikləri arasında ziddiyyət müəyyən olunmadı. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman və törətdikdən sonra qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti keçirməmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 37) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 83) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törədərək məsuliyyətə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsnın barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır, məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci olmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili məhkəmə iclasına buraxılmışdır, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, 1600 manat məbləğində maddi ziyanın, bununla yanaşı mənəvi zərərin, hüquqi xidmət haqqına görə vəkilə ödənilmiş pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mənzildə qadın əl çantasının içərisindən 1600 manat pulu gizli olaraq talayıb oğurluq etməsi ilə Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurulmuşdur, ona görə bu maddi ziyan məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, mülki iddia həmin hissədə təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin müılki iddiaçı həmin iddia tələbinin əsaslılığına dair, yəni hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki iddia mənəvi zərərin tutulması ilə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iddiaçı pozulmuş hüquqlarının bərpası üçün vəkilə müraciət etməli olmuş, mülki iddia ərizəsinin tərtib edilməsi, müvafiq sənədlərin toplanması və məhkəmədə təmsil olunması üçün vəkil ilə hüquqi xidmət haqqında müqavilə bağlamış, göstərdiyi yardıma görə vəkilə pul ödəməli olmuşdur. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə tələb edilən 210 manat ağlabatan məbləğdir, habelə iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Ona görə həmin pul vəsaitlərinin əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Maddi ziyan qismində 1600 (bir min altı yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 210 (iki yüz on) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun əvəzi Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar