Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-29/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 04 radələrində ictimai yer sayılan ünvan 3 ünvanında yerləşən binanın qarşısında gözətçi işləyən Zərərçəkmiş şəxs həmin gün saat 02 radələrində onun tanışı Şahid4 ilə birlikdə həmin ünvanda səs-küy salması barədə polisə məlumat verməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə etməklə özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək həmin ünvanda yaşayan sakinlərin narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlədərək gözətçi otağından götürdüyü, silah qismində istifadə olunan dəmir materialdan olan “Tefal” markalı çaydan ilə qəsdən Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə vurub sonuncuya sol gözətrafı nahiyənin hematoması, alnın sıyrıqları ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlamış, 07 avqust 2021-ci il tarixdə saat 23:50 radələrində Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq ünvan 5əşən Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 04 ədəd siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,174, 0,309, 0,033 və 0,018 qram, ümumi təmiz çəkisi 0,534 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək tərtib edilmiş protokol ilə götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla qismən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun yaşadığı binada mühafizəçi işləmiş, yaxşı münasibətləri olmuşdur. Axşam tanışı Elnurla spirtli içki qəbul etmişlər, sonra zərərçəkmiş şəxs Rzanın yanına getmişlər, Rza onları oturduğu otağa dəvət etmiş, orada oturub çay içib söhbət etmişlər. Bundan bir müddət əvvəl bir ay ərzində o, hər gün evə gedəndə onun arxasınca post patrul xidmətinin əməkdaşları gəlmişlər. Hər dəfə də eyni polis əməkdaşları olmuşdur. Bir dəfə üstünü yoxlamışlar, üzərindən heç nə aşkar edilməmişdir. O, daimi narkotik vasitə istifadə edən deyil, ayda ildə bir dəfə istifadə etmişdir. Bir gün Rzanın yanında oturan zaman həmin polis əməkdaşları yenə gəlmişlər. Zərərçəkmiş şəxs polisin yanına getmiş, Elnur da onların yanında olmuş, Rza polis əməkdaşlarına onların səs saldıqlarını, mahnıya qulaq asdıqlarını bildirmişdir. Rza bölmədə də ifadəsini elə vermişdir. Polis əməkdaşı onu yanına çağırmış, o, bugünə kimi telefonu olmadığını, necə mahnıya qulaq asdığını, necə səs-küy sala biləcəyini, zərərçəkmiş şəxsin özünün onu çağırdığını, oraya qanunsuz girmədiyini bildirmişdir. O, həmin vaxt içkili olduğundan əsəbləşmiş, Rzanın yanına getmişdir. Rzaya demişdir ki, “məni satan sən imişsən”, o isə cavabında “yaxşı edirəm” demişdir. O, Rzanı sillə ilə vurmuşdur. Rza ilə aralarında şikayət qarşılıqlı olmuş, o da zərərçəkəndir, Rza da zərərçəkmişdir. O, Rzaya bir dəfə sillə vurmuş, Rza söyüş söyəndən, üstünə bıçaq çıxarandan sonra o, bıçağı almaq istəyəndə ittiham aktında göstərilənlər baş vermişdir. O, Rzanı çayniklə vurmuş, Rza da onun başına açar vurmuşdur. O da ekspertizadan keçmiş, əlinin üstündə bıçaq izi olmuşdur, o da zərərçəkmiş şəxsdir. Ola bilər ki, Rza ondan bir az çox xəsarət almışdır. Bu əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmaq istəyir, bu əməli bilərək, istəyərək törətməmişdir. Əgər zərərçəkmiş şəxs onun üzərinə bıçaq çıxarmasaydı bu qədər xəsarət almazdı. Zərərçəkmiş şəxs orada mühafizəçidir, əgər ona ərazini tərk etməyini desəydi, o, getməsəydi onda qanunsuz olardı. Zərərçəkmiş şəxs ona ərazini tərk etməsini deməmiş, onu öz otağına çağırmış, ona çay təklif etmiş, onunla birlikdə çay içmiş, deyib-gülmüş, sonra da polis əməkdaşlarını çağırıb onun orada səs-küy saldığını demişdir. O, həyətdə səs-küy salmamış, zərərçəkmiş şəxslə dava edəndə səs-küy olmuşdur. Axşam vaxtı olmuş, ətrafda adamlar olmamışdır. O, istintaqda ifadəsini oxumamış, yazılanlara qol çəkmişdir. Baş verən hadisədən bir neçə ay sonra polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən 4 büküm narkotik vasitə aşkar edilmişdir. O, aşpaz işləmiş, 850 manat maaş almışdır. Uşaqlar pulundan istifadə edib ona arada bir narkotik vasitə təklif etmişlər, o da ayda ildə bir dəfə narkotik vasitə istifadə etmişdir. Tez-tez narkotik vasitə almaq təhlükəli olduğu üçün, o, şəxsi istifadəsi üçün birdəfəyə 4 büküm narkotik vasitə almışdır. Əməlindən peşmandır. Evlidir, himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,mühafizəçi kimi işləməyə başladıqdan 2 həftə sonra Təqsirləndirilən şəxs üzdən tanımış, heç adını da bilməmiş, onunla sadəcə salamı olmuşdur. Elşəngilin gecə vaxtı həyətdə oturduqlarını görüb onlara yaxınlaşaraq demişdir ki “yaxşı deyil, gecə vaxtı gəlib oturursunuz, buradan qadınlar keçir, ola bilər bərkdən gülərsiniz, kiməsə baxarsınız, nəsə bir söz deyərsiniz, bilməzsiniz ağzınızdan pis söz çıxar davaya çevrilər, gecə vaxtı burada oturmayın.” Əvvəl onunla razılaşmışlar, sakit oturacaqlarını bildirmişlər. Birinci gün sakit oturmuşlar. İkinci günü işə gələndə eşitmişdir ki, burda bloka girirlər, blokda onları vurublar. Onları görəndə yenə gecə həyətdə oturmamaqlarını bildirmiş, onunla razılaşmışlar. Yarım saat keçməmiş onun otağına gəlib onunla söhbətləri olduğunu bildirmişlər. O, onlara çay təklif etmiş, çay içmişlər. Sonra ona bildirmişlər ki, “biz burda doğulmuşuq, sən bizi çomaqla da döysən, sən bizi polisə xəbər də versən, biz buradan gedən deyilik, nə istəyirsən et, biz buradan getməyəcəyik”. Bir dəfə o, çöldə gəzib yoxlama edən zaman 30-40 yaşlarında bir nəfər cavan oğlan qışqıraraq bildirmişdir ki, “burada oturanlar restoranda musiqi qoyublar, mən onlara ürək etmədim yaxınlaşmağa, mən onlara yaxınlaşmaq üçün polisi şöbədən götürdüm apardım restorana, restoranda onları məcbur etdim ki, musiqini söndürüb çıxıb getsinlər, şəhidlərimiz var, ölənlərimiz var, şəhidlərə hörmət etsinlər, onlar da sözə baxıb çıxıb getdilər, buraya gəlsələr onlara başa sal ki, bura onların yeri deyil.” Sonra Elşəngil gəlmişlər, restoranda olduqlarını, restoranda yüksək səslə musiqi qoyub oxutduqlarını, onlara söz deməyə heç kəsin hünərinin çatmadığını, üzərlərinə polis gətirdiklərini, məcbur olub oradan çıxdıqlarını, indi burada öz bildiklərini edəcəklərini, musiqi qoyacaqlarını bildirmişlər. O, belə etməmələrini bildirib otağına getmişdir. Elşən musiqi qoymuş, maşının kapotunun üstünə çıxıb oturmuş, kapotun üstündə atlanaraq “hünərin var çıx, mən kişiyəm” demişdir. Elşən “heç kimin mənə hünəri çatmaz bir söz desin, qışqırıram da burada, kişidir gəlsin” demişdir. O, Elşənin bu sözündən sonra DİN-nin 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gələn zaman Elşəngil maşınların arasında gizlənmişlər. Polis əməkdaşları həyətdə heç kimin olmadığını görüb onları yalandan çağırdığı üçün irad bildirmişlər. Polis əməkdaşları gedən kimi Elşəngil maşınların arasından çıxıb ona yaxınlaşaraq mübahisə etmişlər. Elşən niyə polisə xəbər etdiyini bildirərək onu sillə ilə vurmuş, o, “əcəb etmişəm” dedikdə Elşən çayniklə onun sifət nahiyəsindən vurmuşdur. O, xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, lakin ona qarşı şikayəti də yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Elşəni qaldığı məhəllədən tanımışdır. Hadisə baş verən gün o, Elşənlə birlikdə zərərçəkmiş şəxsin mühafizəçi işlədiyi yerdə besedkada oturub söhbət etmişlər. Onlar yüksək səslə mahnıya qulaq asmamışlar, səs-küy salmamışlar. Gecə saat 1-2 radələrində o, Elşənlə həyətdə oturan zaman marketə getmiş, qayıdan zaman zərərçəkmiş şəxslə Elşənin mübahisə etdiklərini görmüşdür. Onları ayıran zaman zərərçəkmiş şəxs Elşənin üstünə bıçaq çəkmişdir. Zərərçəkmiş şəxs orada olan çayniki, süpürgə və xəkəndazı Elşənin başına vurmuş, başı yarılmışdır. Zərərçəkmiş şəxs Elşənin üstünə bıçaq çəkəndən sonra Elşən zərərçəkmiş şəxsi bir dəfə sillə ilə vurmuşdur. O, istintaqdakı ifadəsini oxumadan imzalamışdır. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, xidməti fəaliyyəti ilə əlaqədar proseslərdə iştirak edə bilməyəcəyini bildirərək məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, eləcə də qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 07 avqust 2021-ci il tarixdə əməliyyat qrupunun təşkil edilməsi barədə əmr qəbul edilmiş və ondan, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində 07 avqust 2021-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 2405 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan, ünvan 2yan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl həmin şəxsə təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq qutunun içərisindən bir ədəd siqaretin gümüşü kağızında olan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan “kokos" kimi tanıdığı heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildikdə hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Aşkar olunmuş siqaretin gümüşü kağızında olan bükümə baxış keçirilərkən bükümün içərisində 04 ədəd şəffaf sellofan kəsiyində, içərisində qəhvəyi rəngli spesifik iyə malik maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr olmasını və şəxsi istehlak üçün almasını və saxlamasını bildirmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, xidməti fəaliyyəti ilə əlaqədar proseslərdə iştirak edə bilməyəcəyini bildirərək məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, xidməti fəaliyyəti ilə əlaqədar proseslərdə iştirak edə bilməyəcəyini bildirərək məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahidlər Şahid1 və Şahid2 istintaq zamanı Şahid3 ilə oxşar məzmunda ifadə vermişlər. İş üzrə Şahid5 məhkəməyə ərizə ilə müraciət edərək işdə olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şahidi olduğu hadisəni izahatında qeyd etdiyini, doğru olduğunu təsdiq etdiyini bildirmişdir. Şahid5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, həmin ünvanda 5-6 aydır ki, yaşayır və onun yaşadığı ev binanın 5-ci mərtəbəsində yerləşir. O, 30 aprel 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı mənzilə gəlmiş və özünə məxsus olan “Ford Focus" markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı binanın həyətində saxlamış və evə qalxan zaman 2 nəfər şəxsin binanın qarşısında dayandığını görmüşdür. Həmin evdə yatan zaman saat təxminən 04 radələrində binanın həyətində səs-küy eşitmişdir. O, həmin səs-küyə yuxudan oyanmış və yaşadığı evin pəncərəsindən baxan zaman binanın həyətində dayanan tanımadığı həmin 2 nəfər şəxsdən biri sonradan adını bildiyi Təqsirləndirilən şəxs binanın gözətçisi sonradan adını bildiyi Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək döydüyünü görmüşdür. Belə ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs gözətçi otağının qarşısında binanın gözətçisi Zərərçəkmiş şəxs gözətçi otağında olan nə isə götürüb başına vurmuşdur. O, gözətçini pis döydüyünü gördüyü üçün narahat olmuş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Gözətçini döyən şəxsin yanındakı şəxs həmin şəxsi aralaşdırmış və həmin şəxsi dartıb binanın həyətindən aparmışdır. Ondan başqa binanın digər sakinləri də narahat olduqları üçün balkona çıxmışlar və qonşulardan kimsə qışqıraraq həmin şəxsə dalaşmamağı bildirsə də həmin şəxs əhəmiyyət verməyərək gözətçini döymüşdür. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs gözətçi otağının qarşısında binanın gözətçisi Zərərçəkmiş şəxs döyməsi təxminən 15-20 dəqiqə davam etmiş və Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək qışqırdığı üçün ondan başqa binanın digər sakinləri də narahat olaraq balkonlara çıxmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında 08.08.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - cinayət işi başlamaq və icraata götürmək haqqında 17.07.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması barədə 08.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 08.08.2021-ci il tarixli protokoldan görünür ki, 08.08.2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusunu çıxardıb təqdim edərək qutunun içərisində olan bir ədəd siqaretin gümüşü kağızında olan bükümdəkinin “kokos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar olunmuş siqaretin gümüşü kağızında olan bükümə baxış keçirilərkən bükümün içərisində 4 ədəd şəffaf sellofan kəsiyində içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddələr olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 08.08.2021-ci il tarixli, 6/3363 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,174 qram, 0,309 qram, 0,033 qram, 0,018 qram ümumi təmiz çəkisi 0,534 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Vüsal Rzayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 09.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanımaq haqqında 10.08.2021-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Növbətçi Hissəsinin rəisi V.Cəfərov tərəfindən verilmiş 03.09.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4 ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış, 1 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,494 qram qalığı saxlanılması üçün Nizami RPİ-nin MSK-na təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3- Narkoloji tibbi yoxlamanın 11.08.2021-ci il tarixli, 2800 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 21.08.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrə altında aparılmışdır. - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 30.04.2021-ci il tarixli, 2/5325 saylı protokoldan görünür ki, 30.04.2021-ci il tarixdə müayinə olunan Təqsirləndirilən şəxs orta dərəcə sərxoş olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 canlı şəxsin ekspertizasına dair 30.04.2021-ci il tarixli, 327 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin hematoması, alnın sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 30.04.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 19.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək və yenidən ittiham elan etmək haqqında 27.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19.03.2018-ci il təvəllüdlü Şxəliyev Renat adlı bir azyaşlı uşağı vardır. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuş, qutunun içərisindəki bükümlərdəkinin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün onlayn vasitəsi ilə 30 manata aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfatməişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir.Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 08.08.2021ci il tarixdən 09.08.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı 17.03.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,494 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X1 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.08.2021-ci il tarixdən 09.08.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,494 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-29/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-29/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver