Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-29/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro bono” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, 3-cü Mədən, 124-cü korpus, ev 96B-də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 46, mənzil 68-də yaşayan, 17 aprel 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 27 dekabr 2023-cü il tarixdə saat 16:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota” markalı “Prius” modelli **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında “Bona Dea” Hospitalından üzü “Planet” şadlıq sarayı istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini, yəni sürücü nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda həmin tələbləri pozaraq avtomobilli 60-70 km/saat sürətlə idarə edib həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək Nizami rayonu, Mehdi Abbasov küçəsi, 4 ünvanında yerləşən “Planet” şadlıq sarayının qarşısında yolu soldan sağa düzünə asta yerişlə 6,5 metr məsafə qət etmiş, “Toyota” markalı “Prius” modelli avtomobilin onun üzərinə gəldiyini görüb dayanmış, geri dönmədən arxaya doğru 1,5 metr məsafə qət etmiş piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin orta qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid travmatik şok, sağ bazunun yuxarı 1/3-nin, sağ budun orta 1/3-nin, sağ baldırın sümüklərinin orta 1/3-nin, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş mürəkkəb sınıqları və bədənin sıyrıqlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən bədənin çoxsaylı sınıqları, baş vermiş travmatik şok nəticəsində Zərərçəkmiş şəxs həmin tarixdə saat 18:20-də müalicə olunduğu X8 Reanimasiya şöbəsində ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust ayında “Toyota” markalı Prius modelli **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. 21 iyul 2023-cü il tarixdə avtomobil dostu Şahid adına sənədləşdirilsə də, maşın özünə məxsusdur. Avtomobili idarə etməyi üçün Valeh ona notariat qaydada təsdiq olunmuş etibarnamə vermişdir. 2023-cu ilin noyabr ayının əvvəllərində “Azərekspres” şirkətində idarə etdiyi avtomobillə avtokuryer kimi işlə başlamış və 27 dekabr 2023-cü il tarixə kimi həmin şirkətdə işləmişdir. 27 dekabr 2023-cü il tarixdə saat 16 radələrində anası Aynuru avtomobili ilə Bakı şəhəri Nizami rayonunda yerləşən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparmış və müayinə zamanı həkim demişdir ki, anasına ağrıkəsici alınmalıdır. Anası həmin xəstəxanada qalmış, o isə avtomobilinə əyləşmiş və Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan “Elit” aptekdən ağrıkəsici dərmanı almışdır. Bundan sonra avtomobili ilə Nizami rayonu Mehdi Abbasov küçəsi ilə üzü metronun “Neftçilər” stansiyası istiqamətində 60-70 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Hava açıq olmuş, yağış yağmamış, asfalt quru olmuşdur. Avtomobili ilə Nizami rayonu Mehdi Abbasov küçəsi ilə “Planet” şadlıq sarayının qarşısından üzü metronun “Neftçilər” stansiyası istiqamətində 60- 70 km/saat sürətlə soldan sağa birinci hərəkət zolağı ilə hərəkət etmişdir. Həmin vaxt hərəkət zolaqlarında avtomobil hərəkət etməmişdir. Eyni sürətlə hərəkət edib “Planet” şadlıq sarayının qarşısına çatan zaman hərəkət hissəsi enləndiyinə görə üç hərəkət zolağı olmuş və avtomobillə soldan sağa ikinci hərəkət zolağı ilə hərəkətdə olan zaman orta yaşlı kişinin yolun hərəkət hissəsini soldan sağa adi yerişlə birinci hərəkət zolağından ikinci hərəkət zolağına keçdiyini görmüşdür. Fikirləşmişdir ki, orta yaşlı kişi onu görüb hərəkətini davam etdirəcək. Həmin vaxt piyada onun avtomobilini görmüşdür. O, avtomobilin rulunu sol tərəfə çəkmişdir ki, piyada qabaq tərəfə hərəkət etsin. Bu zaman piyada ani olaraq dayanıb geri hərəkət etmək istəyən zaman o, tormozlamağa imkanı olmadığına görə avtomobilin qabaq orta hissəsi ilə həmin piyadanı vurmuşdur. Həmin vaxt o, rulu sol tərəfə çəkdiyi üçün avtomobilin sol qabaq hissəsi hərəkət hissəsinin sol kənarında olan bordürə dəymiş və dayanmışdır. Bundan sonra avtomobilin sol qabaq qapısından yerə düşmüş və görmüşdür ki, avtomobillə vurduğu piyada avtomobilin qabaq hissəsində yerdə uzanmış vəziyyətdədir. Bu zaman hadisə yerinə kənardan tanımadığı şəxslər gəlmişlər və orada olan şəxlərdən kimsə təcili tibbi yardım stansiyasına zəng vurub kömək istəmişdir. Bundan sonra özü də ***-***-**-** nömrəsindən təcili tibbi yardım stansiyasına zəng vurub kömək istəmişdir. Təxminən 5-7 dəqiqə sonra hadisə yerinə Bakı şəhəri Nizami rayon polis idarəsinin post patrul xidməti və yol patrul xidmətinin əməkdaşları gəlmişlər. Təxminən 10- 15 dəqiqə sonra təcili tibbi yardım avtomobli gəlmiş və avtomobillə vurduğu piyadanı təcili tibbi yardım avtomobilə qoymuşlar. Həkimdən soruşduqda xəsarət alan şəxsi Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən X9 apardıqlarını demişdir. O da əmisi Rizvan Rzayevə zəng vurub hadisə barədə demişdir. Bundan sonra spirtli içki və ya narkotik vasitə istifadə edib-etməməsi ilə bağlı müayinədən keçmiş və müayinə aktında ayıq olduğu qeyd olunmuşdur. O, hadisə zamanı avtomobili ilə 60-70 km/saat sürətlə hərəkətdə olan zaman soldan sağa birinci hərəkət zolağı ilə ikinci hərəkət zolağının üzərində olan piyadanı yolu soldan sağa keçən zaman görmüş və avtomobili ilə piyadaya yaxınlaşan zaman fikirləşmişdir ki, piyada öz hərəkətini davam etdirəcək, ancaq piyada avtomobilin ona çatdığını görəndə ani dayanmış, geri getmək istəyən zaman onu avtomobilin orta qabaq hissəsi ilə vurmuşdur. Mərhum Zərərçəkmiş şəxs ailə üzvləri ilə barışmış, dəfn, yas mərasimini və dəymiş ziyanı qarşılamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə peşmanlıq hissi keçirir, istəməzdi ki, belə bir hadisə baş versin. Amma o, özünü maddəyə münasibətdə qismən təqsirli bilir, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin onun əməlinə münasibətdə ağır maddə olduğunu hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilmir. O, hadisəyə görə peşmandır, amma özünü təqsirli bilmir. Hadisənin qarşısını almağa cəhd etmiş, maşını qaçırmaq istəmişdir. Məsafə az idi deyə piyada ölmüşdür. Piyada qarşısında yolu keçmiş, arada məsafə azalmışdır, dönüb onun avtomobili görmüş, arxaya qayıdanda hadisə olmuşdur. Hadisəyə səbəb zərərçəkmiş şəxsin arxaya qayıtması olmuşdur. Piyadanı avtomobili ilə o, vurmuşdur, amma piyada arxaya qayıtdığı üçün o, çaşmışdır. Ekspertiza rəyi ilə tanış olmuşdur. Hadisə yerində sürət həddi 60 km/saat olmuş, o, 67 km/saat sürətlə getmişdir. Sürət həddini aşmışdır və bunu qəbul edir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə mərhum piyadanın yolu keçdiyini gördüyünü, piyadanın dayanıb arxaya qayıtdığını, həmin vaxt da məsafənin az olduğunu, hadisənin qarşısını almağa cəhd etmiş, maşını sol tərəfə qaçırmışdır. Əməlindən peşmandır. Amma vəkilinin ona bəraət verilməli olması barədə çıxışını müdafiə edir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, xx xxxxxxx 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs mənim doğma qardaşı olmuşdur. Faiq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləmiş, şənbə və bazar günlərini çıxmaq şərti ilə hər gün səhər 07:30da evdən çıxıb işə getmişdir. 27 dekabr 2023-cü il tarixdə saat 16:40-da Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı yaşayış sahəsində bağ evində olan zaman 271 nömrəli orta məktəbin dərs hissə müdiri Azər müəllim mobil telefonuna zəng vurub ona demişdir ki, qardaşı Faiqi Nizami rayonunda yerləşən “Planet” şadlıq saryının qarşısında avomobil vurub və tez özünü çatdırsın. O, tez Faiqin arvadı Leylaya zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan sonra evdən çıxmış və Faiqin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuşdur. Mobil telefona bir nəfər tanımadığı kişi cinsli şəxs cavab vermiş, o, həmin şəxsdən qardaşının harada olduğunu soruşmuşdur. Həmin şəxs cavab vermişdir ki, qardaşını “Planet” şadlıq sarayının qarşısında avtomobil vurub, ayağı sınıb, təcili tibbi yarım çağrılıb. Öz avtomobilinə əyləşib üzü şəhər istiqamətində gəlmiş, Sabunşu rayonunda “Komsomol dairəsi” kimi tanınan yerə çatan zaman Faiqin mobil telefonuna zəng vurmuş, bu dəfə mobil telefona Leyla cavab vermiş, “Planet” şadlıq sarayının qarşısında olduğunu, Faiqi təcili tibbi yardım avtomobilinin X9 apardığını demişdir. Buna görə birbaşa X9 getmiş və qəbul şöbəsində Faiqin xərəkdə uzandığını, əlinin və ayaqlarının bintlə sarındığını, onun zarıdığını görmüşdür. Həmin vaxt Leyla qəbul şöbəsinə gəlmiş və Faiq Leylanı görüb tanımış, bədəninin yaman ağrıdığını demişdir. Bundan sonra Faiqi reanimasiya şöbəsinə qaldırmışlar. Ona məlum olmuşdur ki, Faiq “Planet” şadlıq sarayının əks tərəfindən üzü həmin şadlıq sarayına tərəf piyada gələn zaman üzü metronun “Neftçilər” stansiyası istiqamətində hərəkətdə edən “Toyota” markalı “Prius” modelli avtomobil vurmuşdur. Xəstəxanada olduğu vaxt, bir saat sonra Faiqin reanimasiya şöbəsində öldüyü barədə məlumat vermişlər. Faiqin nəşi müayinə olunmaq üçün meyitxanaya aparılmış və müayinə olunduqdan sonra onlara təhvil vermişlər, səhəri gün isə Faiqi Sabunçu rayonu Maştağa qəbiristanlığında dəfn etmişlər. Dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 27 dekabr 2023-cü il tarixdə qonşuda olmuş, hadisə barədə həmin vaxt bilmişdir. O, mərhum həyat yoldaşı Faiqlə həmişə danışmışdır, evlilikləri boyu həmişə bir-biriləri ilə teztez əlaqə saxlamışlar. Hadisədən əvvəl “WhatsApp”da yazımışlar, sonda o, Faiqə “sağ ol” yazmlş, o, heç mesaja baxmamışdır. 30 dəqiqə keçmiş qaynı Elçin zəng vurmuş və Faiqi maşın vurduğunu demişdir. Ailələrdən ailələrə fərq var, o, qaynını yoldaşım qədər çox istəyir, tam hüquqlarını qaynına vermişdir, onun zərərçəkmiş şəxsin hüquqi varisi olmasına razılıq vermişdir. Ailəlikcə də qərara gəlmişlər ki, barışıq olsun. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır və onunla normal münasibəti vardır. Pərviz 2021-ci ilin avqust ayında özünə Toyota markalı Prius modelli **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və onu mülki etibarnamə əsasında idarə etmişdir. Sonra Pərviz ona demişdir ki, avtomobili onun adına keçirmək istəyir. O, razılıq vermiş və 21 iyul 2023cü il tarixdə həmin avtomobil onun adına sənədləşdirilmişdir. Avtomobil Pərvizə məxsus olmuş, avtomobili idarə etmək üçün o, Pərvizə notariat qaydada etibarnamə əsasında səlahiyyət vermişdir. 27 dekabr 2023-cü il tarixdə saat 16:30 radələrində ona məlum olmuşdur ki, Pərviz həmin avtomobillə Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsində yerləşən “Planet2 şadlıq sarayının qarşısında piyadanı vurmuşdur. Bundan sonra o, hadisə yerinə tək getmiş və görmüşdür ki, Pərvizin idarə etdiyi Toyota markalı Prius modelli **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil “Planet” şadlıq sarayının qarşısında sağdan sola üçüncü hərəkət zolağında üzü metronun “Neftçilər” stansiyası istiqamətində 25 dərəcə bucaq altında dayanıb və Pərviz də təlaşlı vəziyyətdə avtomobilin yanında dayanıb. O, Pərvizə təsəlli vermiş və hadisə yerində olan polis işçilərinin göstərişi əsasında Pərvizi sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə aparmışdır. Pərviz müayinədən keçəndən sonra məlum olmuşdur ki, o, spirtli içki və ya narkotik vasitə qəbul etməyib, ayıq olduğuna dair protokol tərtib edilmişdir. Həmin gün saat 18:30-19:00 radələrində məlum olmudur ki, Pərvizin avtomobillə vurduğu piyada X8 reanimasiya şöbəsində ölmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 27 dekabr 2023-cü il tarixli 1/7749 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də keçirilən müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. (i.v. 13) -Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 19 yanvar 2024cü il tarixli 3-13-16/2-9424/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2016-cı il tarixdə (14 yanvar 2026-cı ilədək etibarlı olan) AD seriyalı, 061160 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 61) - 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİNin X3 Xidmətindən 19 yanvar 2024-cü il tarixli 3-13-3/2-1460/2024 nömrəli məktubla daxil olmuş 01 ədəd DVD diskə müstəntiq tərəfindən baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün iki tərəfli olub, “Planet” şadlıq sarayının qarşısında üç hərəkət zolağı, “Planet” şadlıq sarayından üzü “Bona Dea” Hospitalı istiqamətində iki hərəkət zolağı, əks istiqamətdə isə iki hərəkət zolağı var və əks istiqamətlərini beton piltə ayırır. Hər iki istiqamət üzrə avtomobillərin hərəkəti müşahidə olunur. Video görüntünün 00:08:04-cü saniyəsində orta yaşlı kişi cinsli şəxs hərəkət hissəsinin ortasında olan yaşıllıq zolağının yanından “Bona Dea” Hospitalından üzü “Planet” şadlıq sarayına olan hərəkət istiqamətini adi yerişlə “Planet” şadlıq sarayına tərəf keçməyə başlayır və adi yerişlə 09 addım atdıqdan sonra sağ tərəfdən avtomobilin onun üstünə gəldiyini görüb dayanır və geriyə dönmədən arxaya 03 addım atdıqdan sonra “Bona Dea” Hospitalından üzü “Planet” şadlıq sarayı istiqamətində hərəkət edən tormuzlama etmədən Toyota markalı Prius avtomobilin orta qabaq hissəsi orta yaşlı kişi cinsli şəxsə dəyir, orta yaşlı kişi cinsli şəxs nisbətən yuxarı qalxıb fırlanır, təxminən 10 metr qabaq hissəyə düşən zaman Toyota markalı Prius modelli avtomobil sol tərəf istiqamətlənib badura dəyərək istiqaməti düzəlir və həmin avtomobilin qabaq buferi asfaltın üzərində uzanmış əziyyətdə olan şəxsə dəyərək həmin şəxs təxminən 2 metr qabaq hissəyə sürüşür və Toyota markalı Prius modelli avtomobil Mehdi Abbasov küçəsində yerləşən “Planet” şadlıq sarayının qarşısında sağdan sola üçüncü hərəkət zolağında qabaq hissəsi 25 dərəcə bucaq altında, nisbətən “Planet” şadlıq sarayı istiqamətidə qəza işıq siqnalı yanmış vəziyyətdə dayanır və həmin avtomobildən qabaqda asfaltın üzərində bir nəfər şəxsin baş nahiyəsi sol tərəfdə olan bardura, ayaq nahiyəsi isə “Planet” şadlıq sarayı istiqamətində və hərəkətsiz arxası üstə uzanmış vəziyyətdə dayanır. (i.v. 67-69) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 23 yanvar 2024-cü il tarixli 249 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi müayinəsinə, tibbi sənəddə yazılanlara, laborator müayinənin nəticəsinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Vət. Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: travmatik şok, sağ bazunun yuxarı 1/3-nin, sağ budun orta 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş mürəkkəb sınıqları, bədənin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni xx.xx.2023-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə bədənin çoxsaylı sınıqları nəticəsində baş vermiş travmatik şok səbəb olmuşdur. X12 Mərkəzində xx.xx.2023-cü il tarixdə saat 18.20-də baş vermişdir, hansı ki, meyitin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 75-79) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 aprel 2024-cü il tarixli 8/748 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Toyota Prius” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Mirəli oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 87-90) - 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 143, 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, hadisənı özündə əks etdirən Təhlükəsiz Şəhər Kamerası vasitəsi ilə qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk və Toyota markalı Prius modelli **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cinayət işi üzrə maddi sübut hesab olunmuş, disk cinayət işinə əlavə edilmiş, avtomobili saxlanması üçün sahibi X2 təhvil verilmişdir. (i.v. 93- 101) -Məhkəmə baxışı zamanı Müdafiəçi vəsatəti əsasında cinayət işi üzrə kompleks məhkəmə video-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertlər qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş həmin ekspertizanın 06 yanvar 2025-ci il tarixli 8/2188-8/1231 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, obyektin sürücünün görünüş dairəsinə düşmə anının müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Piyadanın əks hərəkət istiqamətində yolu keçib qurtardıqdan “Toyata Prius” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmasına kimi hərəkətinin xronoloji ardıcıllığı rəyin tədqiqi hissəsində (şəkil 3-7) verilmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskə yazılmış “TŞ4-028 2-2023-12- 27_16h25min00s000ms ” adlı videoyazıya görə “Toyata Prius” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurmazdan əvvəlki 6 m məsafədə sürəti V=67,5 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskə yazılmış “TŞ4-028 2-2023-12-27_16h25min00s000ms” adlı videoyazıdakı görüntülərə görə “Tayota Pirus” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurmazdan əvvəl soldan birinci hərəkət zolağında olmuşdur. Məhkəmə tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən Toyota Prius markalı, 99XL469 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3,4 sualların cavabı rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərarda istintaq tərəfindən göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsini soldan sağa doğru keçməyə başladığı andan yaranmışdır. Yəni 8 aprel 2024-cü il tarixli 8/748 nömrəli ekspert rəyində təhlükənin yaranma anı istintaqın göstərdiyi məlumat əsasında qəbul edilmişdir. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla). Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunan mötəbər sübutlarla təkzib olunmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində verilmiş anlayışa görə, məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Hansı ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyi, eyni zamanda məhkəmə baxışı zamanı Müdafiəçi vəsatəti əsasında keçirilmiş kompleks məhkəmə video-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Mirəli oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Qeyd olunanlardan fərqli olaraq müdafiə tərəfinin irəli sürdüyü dəlillər hər hansı mötəbər sübutla müşayiət olunmamaqla şəxsi mülahizələrdən ibarətdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət əməlinə görə özünü təqsirli bilməyib, ona bəraət verilməsini xahiş etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, o, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları, ailə üzvləri ilə razılıq əldə edərək onlara maddi ziyan qismində ödəniş etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi, ailə üzvləri ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 28) - 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 118-119) -Bakı şəhəri Binəqədi rayon İHB-nın Binəqədi qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən 22 aprel 2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 159) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edərək ona maddi ziyan qismində ödəniş etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalı, içərisində hadisənı özündə əks etdirən Təhlükəsiz Şəhər Kamerası vasitəsi ilə qeydə alınmış videogörüntü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə icraatı dövründə müqavilə əsasında vəkil iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Toyota” markalı “Prius” modelli **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, içərisində hadisəni özündə əks etdirən Təhlükəsiz Şəhər Kamerası vasitəsi ilə qeydə alınmış videogörüntü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan cəmi 335 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-29/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-29/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver