Məhkəmə qərarları › İş №1(007)-290/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-290/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-290/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Barəsində ittiham irəli sürülmüş Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 23 radələrndə ünvan 2 ünvanda bacısı X2 övladı Zərərçəkmiş şəxs ilə Səbinə Əhmədovanı söyüb təhqir etməsi səbəbindən aralarında ailə məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən döşəmə taxtası ilə Zərərçəkmiş şəxs başına və qoluna, daha sonra yumruqla ayaqlarına və sağ qoluna vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan, sağ təpə nahiyəsinin iri ölçülü şişkinlik halında əzilməsi, hər iki budun ön və bayır səthlərini əhatə edən qançırlar ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 25 ildir bacısı Səbinə Əhmədova, sonuncunun qızı Zərərçəkmiş şəxs və anası ilə birlikdə ünvan 3 ünvanda yaşayır. 24.07.2021-ci il tarixdə saat 23:00 radələrində bacısı Səbinə Əhmədova ilə anası Şahid1 arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış, bu zaman bacısı anasını təhqir etmiş, bacısına irad bildirdiyi üçün onların arasında mübahisə yaşanmışdır. Bacısı qızı Esmira onları ayırmaq istəyərkən, əsəbi olduğuna görə döşəmə taxtası ilə Esmiranın başına və qoluna bir dəfə vurmuşdur. Hadisə bacısının anasını təhqir etməsi səbəbindən baş vermiş və əsəbiləşdiyi üçün həmin əməli törətmişdir. Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edib, barəsində ittiham irəli sürülmüş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, habelə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Səbinə Əhmədova, dayısı Təqsirləndirilən şəxs və nənəsi Şahid1 ilə birlikdə ünvan 3 ünvanda yaşayır. 24.07.2021-ci il tarixdə saat 23:00 radələrində anası ilə nənəsi sözlə mübahisə edərkən, dayısı Təqsirləndirilən şəxs otaqdan çıxaraq anasını təhqir etmiş və anasının üzərinə getmək istəyərkən, dayısı ilə anasının arasına girmiş, bu zaman dayısı otaqda olan köhnə döşəmə taxtası ilə onun başına və qoluna vurmuş, daha sonra itələyərək yumruqla sağ qoluna və ayağına vurmuşdur. 25.07.2021-ci il tarixdə başının ağrısı keçmədiyi üçün təcili tibbi yardıma müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. 24.07.2021-ci il tarixdə saat 23 radələrində yaşadıqları mənzildə qızı Səbinə Əhmədova ilə aralarında mübahisə yaranmış, daha sonra qızı oğlu Təqsirləndirilən şəxs ilə mübahisə etmiş və səs-küyə nəvəsi Zərərçəkmiş şəxs otaqdan çıxaraq oğlu Əlinin qarşısına keçib irad bildirmiş, bu zaman Əli əsəbiləşərək taxta ilə Esmiranın qol və bədən nahiyəsinə vurmuş və Esmira başını tutaraq mətbəxə getmişdir. Esmiranın başı ağrıdığı üçün 25.07.2021-ci il tarixdə DİN 102 xidmətinə və təcili tibbi yardıma məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 25 iyul 2021-ci il tarixli “Baxış keçirilməsi haqqına” protokoldan görünür ki, hadisə yeri, ünvan 4 ünvana baxış keçirilmiş və hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02.08.2021-ci il tarixli 641 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beynin silkələnməsi ilə müşayiət olunan sağ təpə nahiyəsinin iri ölçülü şişkinlik halında əzilməsi, hər iki budun ön və bayır səthlərinin əhatə edən qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, 24.07.2021-ci il tarixdə yaranması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübur və məhkəmə xərcləri yoxdur. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar