Məhkəmə qərarları › İş №1(007)-290/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-290/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-290/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1979-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Nizami rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu" metrostansiyasınm yaxınlığından istintaqa məlum olmayan ‘Tural" adlı şəxsdən 40 manat pul müqabilində ümumi təmiz çəkisi 0,736 qram narkotik vasitə heroini, “Azər” adlı şəxsdən 40 manat pul müqabilində ümumi təmiz çəkisi 0,793 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə, qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün həmin tarixdə, saat 13:45 edələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 99 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev 71 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,371 qram və 0,365 qram ümumi təmiz çəkiləri 0,736 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 02 ədəd bükümdə avrıayrılıqda təmiz çəkiləri 0,401 qram və 0,392 qram, ümumi təmiz çəkiləri 0,793 qram ağ rəngli kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki qırmızı qara rəngli gödəkcəsinin sol iç cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz olaraq istifadəsinə görə məhkum olunmuşdur. Təxminən bir ilə yaxın müddətdir ki, narkotik vasitə heroin və metamfetamindən onları yandıraraq tüstüsünü iyləməklə istifadə edir. Narkotik vasitələri hal-hazırda həbsdə olan “Hikmət" adlı şəxsdən, son zamanlar isə Azər, Tural və Ruslan adlı şəxslərdən almışdır. Həmin şəxsləri də təsadüfən tanımışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında “İnstaqram" sosial şəbəkəsindən istifadə edib, Azər və Turalla danışıb, heroin və metamfetamin almaq barədə razılaşmış və həmin gün saat təxminən 11 radələrində Nizami rayonu, “Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında Tural adlı şəxsdən 40 manata iki büküm heroin, Azər adlı şəxsdən isə 40 manata iki büküm metamfetamin alaraq əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoymuş və münasib vaxt tapanda həmin narkotiklərdən istifadə etmək niyyətində olmuşdur. Tural və Azərdən narkotik alarkən üzərində olan elektron tərəzi ilə onların çəkisini çəkmiş və beləliklə həmin şəxslərin onu çəkidə aldatmamalarını dəqiqləşdirmişdir. Tural və Azərdən narkotik aldıqdan sonra məhəlləyə gəlmiş və saat 13:45 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 99 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan polis işçisi ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğunu izah edib onlarla birlikdə Nizami RPİ-nə getməyi təklif elmişlər. İdarədə ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və əynində olan qırmız-qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd elektron tərəzini çıxarıb masa üzərinə qoymuş və həmin dörd ədəd bükümdən iki bükümdə narkotik vasitə heroin, digər iki bükümdə isə metamfetamin olmasını bildirmişdir. Həmçinin həmin narkotik vasitələrdən heroini Tural adlı şəxsdən 40 manata, metamfetamini isə Azər adlı şəxsdən 40 manata aldığını qeyd etmişdir. Həmin bir ədəd elektron tərəzini isə həmin narkotik vasitələri alan zaman çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin 4 ədəd büküm və bir ədəd elektron tərəzi qablaşdırılmış və protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsi daşıyır. 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Rəhim" adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə həmin gün saat 13:45 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanının qarşısına gəldikdə, xarici əlamətləri “Rəhim" adlı şəxsin xarici əlamətləri ilə üstüstə düşən şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda o, özünü təqdim edərək, xx.xx.1979-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr saxlamasında şübhəli olmasını bildirib, sonuncunu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyərək onlarla Nizami RPİ-nə gəlmişdir. Müdafiəçinin iştirakı ilə ona hüquqları izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmışdır. Nizami RPinin TŞ-nin təhqiqatçısı Muxtar Muxtarov tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və əynində olan qırmızı-qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd üzərində “Pocket Scale” sözləri yazılmış elektron tərəzini çıxarıb masa üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin dörd ədəd bükümdən iki bükümdə narkotik vasitə heroin, digər iki bükümdə isə metamfetamin vardır. Həmçinin ondan aşkar olunan narkotik vasitələrdən heroini “Tural” adlı şəxsdən 40 manata, metamfetamini isə “Azər" adlı şəxsdən 40 manata almışdır. Həmin bir ədəd elektron tərəzini isə həmin narkotik vasitələri alan zaman çəkisini müəyyən etmək üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/264 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,371 qram və 0,365 qram; ümumi çəkisi 0,736 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qram və 0,392 qram; ümumi təmiz çəkiləri 0,793 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində “Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzi...” və s. yazılar, imzalar olan zərfdəki elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmiş, elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli 901 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli «Videoyörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görürür ki, Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Muxtar Muxtarov tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və əynində olan qırmız-qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd üzərində “Pocket Scale” sözləri yazılmış elektron tərəzini çıxarıb masa üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin dörd ədəd bükümdən iki bükümdə narkotik vasitə heroin, digər iki bükümdə isə “patı” yəni, metamfetamin vardır. Həmçinin ondan aşkar olunan narkotik vasitələrdən heroini,Tural adlı şəxsdən 40 manata, metamfetamini isə Azər adlı şəxsdən 40 manata almışdır. Həmin bir ədəd elektron tərəzini isə həmin narkotik vasitələri alan zaman çəkisini müəyyən etmək üçün saxlamışdır. Daha sonra onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR-sı DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR-sı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Suraxanı rayonu məhkəməsinin qərarı ilə 04 ay 9 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. AR-sı CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənilmiş və ya götürülmüş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs ilə bağlı aparılmış ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qalıq çəkisi 0,693 qram olan metamfetamin, qalıq çəkisi 0,636 qram olan heroin və maddi sübut kimi tanınmış 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar