Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-290/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 7, mənzil 39-da qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 42, mənzil 40-da yaşayan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 10 mart 2023-cü il tarixdə Bakı probasiya idarəsində qeydiyyata alınmaqla 08 may 2025-ci il tarixinə cəzasının 02 il 01 ay 28 gün hissəsini çəkmiş, hazırkı işlə bağlı 26 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,476 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 26 sentyabr 2024-cü il tarixdə saat 15:10-da Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,476 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olduğu üçün 14 sentyabr 2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda ünvan 4 ünvanında yerləşən obyektdə meyvə-tərəvəz satışı ilə məşğul olur. 26 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində onun işlədiyi dükana müştəri qismində gələn, üzdən tanıdığı, lakin adını, soyadını, yaşadığı ünvanı bilmədiyi bir nəfər yaşlı kişidən “patı” kimi tanıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün 9 manata almış, sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 15:10 radələrində o, iş yerinin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olmalarını bildirmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə şübhəli olduğunu deyib onu 24-cü polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 24-cü polis şöbəsinə getmişdir. Polis şöbəsində anket məlumatları dəqiqləşdirildikdən sonra şöbədə olan otaqların birinə aparılmış, hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə üzərində axtarış aparılacağı ilə bağlı ona qərar təqdim edilmişdir. O, videoçəkiliş aparılmaqla üzərinə axtarış aparılmasına etirazı olmadığını dedikdən sonra polis əməkdaşları ona üzəridə narkotik maddə varsa təqdim etməyini təklif etmişlər. Bundan sonra o, artıq hər şeyin polis əməkdaşlarına aydın olmasını, başqa çıxış yolunun olmadığını başa düşdüyündən əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı, özünə məxsus “Xiomi” markalı mobil telefonu, üzərində olan elektron nəzarət cihazını, həmin şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə olan “patı” kimi tanıdığı narkotik maddəni təqdim etmiş və polis əməkdaşlarına həmin maddəni nə vaxt və necə əldə etməsi barədə məlumat vermişdir. Saxlanılarkən və ya polis orqanına aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı qanuna zidd olan davranışa, kobud rəftara yol verilməmişdir. O, həbs olunacağından ehtiyat etdiyi üçün, cəzadən yaxa qurtarmaq məqsədi ilə 28 sentyabr 2024-cü il tarixdə istintaqa vermiş olduğu ifadədə üzərindən aşkar edilən maddənin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq çəkdiyini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 sentyabr 2024-cü il tarixdə 24-cü PŞ-nə “Kamal” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı 24-cü PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərara əsasən “Kamal” adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun üzvü kimi o və 24-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 təyin edilmişlər. Bundan sonra, 26 sentyabr 2024-cü il tarixdə saat 15:10-da ünvan 4 ünvanında “Kamal” adlı şəxsə oxşayan bir nəfər kişini müşahidə edib ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim etmiş, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması, üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğu bildirilmiş və onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞnə getməli olduğu deyilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getməyə razılaşmışdır. Polis şöbəsində növbətçi hissədə onun anket məlumatları bir daha dəqiqləşdirilərək, onun PŞ-nə gətirilməsi barədə raportla PŞ-nin rəisinə məruzə olunmuşdur. Daha sonra polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə edilməsindən ötrü özünün maddi imkanının olmadığını bildirdiyindən dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra vəkilinin iştirakı ilə videoçəkilişlə şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şübhəli şəxs buna etirazı olmadığını bildirmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və narkotik varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd Xiaomi Redmi markalı qara rəngli mobil telefonu, qara rəngli elektron qolbağı və sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümdə ağ rəngli kristal şəklində maddə olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əyşa və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs üzərində aşkar olunmuş maddənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, onu 26 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanının qarşısında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 9 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən bir ədəd bükümdə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri və tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Saxlanılan və polis şöbəsinə aparılan zaman, o cümlədən polis şöbəsində olarkən şübhəli şəxsə qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid2la eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 26 sentyabr 2024-cü il və 05 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində 24-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bu haqda qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən Xiaomi Redmi markalı qara rəngli mobil telefonu, 01 ədəd qara rəngli elektron nəzarət cihazının pultunu, sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini və məhkum olunduğunu, bir müddətdir ki, istifadə etmədiyini, 26 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 9 manata narkotik vasitə aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Bundan başqa baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədədə qara rəngli elektron nəzarət cihazının pultu iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 05 dekabr 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 107) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 6/47275 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 164” möhür əksi, “Şübhəli şəxs....Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,476 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,476 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,426 qram qalıq qalmışdır. (i.v. 41-44) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 27 sentyabr 2024-cü il tarixli 6516 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85) - 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası CM-in 234-cü maddənin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,476 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,05 qram olmaqla, qalıq 0,426 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntünü özündə əks etdirən bir ədəd CD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə metamfetamini əldə etdiyi şəxsə və mənbəyə görə cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. (i.v. 120-127) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 73-75) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 28 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə cəzasının 03 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 110-111, 113-119) -Bakı probasiya idarəsinin 07 may 2025-ci il tarixli 3-16-21-1/2-26600/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə idarədə qeydiyyata alınmışdır. Məhkum 07 may 2025-ci il tarixə ona təyin olunmuş cəzanın 02 il 01 ay 27 gününü çəkmiş, 09 ay 29 gün çəkilməmiş cəzası qalmışdır. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 09 may 2020-ci il tarixdə doğulmuşdur. (i.v. 112) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 may 2025-ci il tarixə çəkilməmiş hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər sayılmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında, xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 may 2025-ci il tarixə çəkilməmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,426 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 135 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-290/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-290/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver