Məhkəmə qərarları › İş №1(007)-291/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-291/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-291/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1958-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, Yataqxana, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurbanov küçəsi ev 25, mənzil 22-də yaşayan, 19 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət almasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 15 noyabr 2022-ci il tarixdə saat 11:50 radələrində AD 150331 seriya nömrəli “B C D” kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında 62 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo BS-090” markalı **-TH-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, Atletlər kəndi istiqamətindən üzü Nərimanov rayonu istiqamətində saatda 20 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli, konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının cəftələri, sistern boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, ilin mövsümi şəraitindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə nasazlıq aradan qaldırılmaqla hadisənin qarşısını almağa texiniki imkanı olduğu halda bu tələbləri pozub avtobusun sağ yan arxa hissəsində yerləşən akumulyator qoyulan yerin qapısının nasaz olduğu vəziyyətdə həmin avtobusu idarə edərək yolun Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 117 ünvanında yerləşən X1rşısından keçən hissəsində avtomobusun sağ yan arxa hissəsində yerləşən akmulyator qoyulan yerin qapısı açılaraq yolun hərəkət istiqamətində dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs dəyərək nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyyatsızlığı Zərərçəkmiş şəxs sağ körpücük və kürək sümüyünün, sağ tərəfli İİİ-İX qabırğaların, sol gicgah sümüyündən təpə sümüyünə, öndə sol orbitanın lateral(bayır), qismən yuxarı divarına uzanan xətti, sol almacıq qövsünün sınıqları, baş beyinin sol ön və gicgah paylarının subdural hematomaları, sağ gicgah payının hemorragik kontuziyası, sağ ağciyərin aşağı payının kontuziyası və pnevtoraksı, sol təpə gicgah sərhəddinin əzilmiş yarası, sol gözətrafı nahiyyənin hematoması ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma ilə nəticələnən xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş, hazırda Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı heç bir tələb, şikayət və iddiası olmadığını göstərmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını göstərmiş, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 26 noyabr 2022-ci il tarixli 1094 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ körpücük və kürək sümüyünün, sağ tərəfli İİİ-İX qabırğaların, sol gicgah sümüyündən təpə sümüyünə, öndə sol orbitanın lateral(bayır), qismən yuxarı divarına uzanan xətti, sol almacıq qövsünün sınıqları, baş beyinin sol ön və gicgah paylarının subdural hematomaları, sağ gicgah payının hemorragik kontuziyası, sağ ağciyərin aşağı payının kontuziyası və pnevtoraksı, sol təpə-gicgah sərhəddinin əzilmiş yarası,sol gözətrafı nahiyyənin hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə, yəni xx.xx.2022-ci tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (i.v. 25-27) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 8/3275 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Daewoo BS-090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. (i.v. 35-38) İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 sentyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 63-64) İşdə olan 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, “Daewoo BS-090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus iş üzrə maddi sübut kimi tanınmış və sahibi "xxxx" MMC-yə təhvil verilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüləri olan 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 112-120) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, ittiham aktının prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödədiyini və onunla barışdığını, özünü təqsirli bildiyini göstərmiş, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmənin hazırlıq iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, belə olan halda Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, yol-nəqliyyat hadisəsinin törədildiyi avtobusun sahibinə təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 07 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Daewoo BS-090” markalı **- TH-*** dövlət qeydiyyat nişanlı avtobusun məhkəməyədək icraat zamanı sahibi olan "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 07 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 42 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar