Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-292/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, qanuni nümayəndə X3 və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Raketa” adlı düşərgədə yerləşən nömrəsiz binanın nömrəsiz mənzilində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2022-ci il tarixdə saat 22:10 radələrində ünvan 3 ünvanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 1000 manat dəyərində, 2020-ci il buraxılışlı, “Moon” markalı, qara rəngli mopedi və mopedin üzrəində olan 01 ədəd 50 manat dəyərində İran istehsalı “Radin" markalı XL ölçülü ağ rəngli dəbilqəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Dakar” dairəsi yaxınlığında bir ədəd Mopedin avtomobil yolunun kənarında dayanmış vəziyyətdə olduğunu və üzərində bir ədəd kaska (dəbilqə) olduğunu görmüşdür. Moped xoşuna gəlmiş və mopedin açarları üzərində olmuşdur. Ətrafda heç kimin olmadığını görüb, mopedin üzərinə qoyulmuş yaşıl rəngli çantanı kənarə qoyaraq mopedə əyləşmiş və dəbilqəni başına qoyaraq mopedin üzərində olan açar vasitəsi ilə mopedin mühərikini işə salıb hərəkətə başlamışdır. İzi itirmək üçün bir qədər həmin ətrafda binaların arasında gəzdikdən sonra Bakı-Mərdəkan şosesinə çıxıb Mərdəkan qəsəbəsində yerləşən yaşadığı düşərgənin həyətində saxlamışdır. Həmin mopedi həyətdə idarə edərkən yıxıldığı üçün moped bir qədər zədələnmişdir. Zədəni təmir etmək üçün Mopedi Mərdəkan qəsəbəsində Elnur adlı ustaya aparmış və mopedin özünə məxsus olduğunu demişdir. Moped 14-15 gün ərzində təmir edilməsi üçün Elnurun yanında qalmışdır. 30 aprel 2022-ci il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığında bölmə əməkdaşları onu saxlamış və 16 aprel 2022-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında moped oğurlamaqda şübhəli olduğu üçün 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində törətdiyi əməli səmimi etiraf etmiş və oğurladığı mopedin dəbilqə ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən təmir emalatxanasında olduğunu demişdir. Polis əməkdaşlarının iştirakı ilə həmin ünvana gedib mopedi və dəbilqəni təhvil vermişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, “Bolt Food” tətbiqi vasitəsi ilə özünə məxsus ‘‘Moon" markalı mühərriki 49 kub həcmində moped vasitəsi ilə kuryer fəaliyyəti ilə məşğul olmuşdur. Həmin mopedi təqribən 2021-ci ilin payız aylarında üzərində olan “Radin” markalı dəbilqə ilə birlikdə 1400 manata almışdır. Mopedin qiyməti 1350 manat dəbilqə isə 50 manat təşkil etmişdir. 16 aprel 2022-ci il tarixdə saat 22:10 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında “Döneretto” adlı restorandan sifariş qəbul etmək üçün mopedi “Xalqlar Dostluğu” metrostansiyası tərəfdən gəldikdə yolun sağ tərəfində “Doneretto” restoranı ilə üzbəüzdə saxlamış, dəbilqəni isə mopedin üzərində qoymuşdur. Sifarişi götürmək üçün restorana girmiş, lakin sifarişçi tərəfindən sifarişdən imtina edildiyi üçün təqribən 5 dəqiqə sonra geriyə qayıtdıqda mopedin və üzərində olan dəbilqənin yerində olmadığını, mopedin arxasına qoyduğu kuryer çantasının isə yerdə olduğunu görmüşdür. Mopedin və dəbilqənin oğurlandığını zənn etdiyi üçün DİN-nin 102 xidmətinə məlumat vermişdir. “Moon” markalı mopedin və “Radin" markalı dəbilqənin oğurlanması nəticəsində ona 1050 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, moped və bu tip digər nəqliyyat vasitələrinin mexanizmasını bilmiş, onların dəmir və plasmas işlərini bacarmış və bu sahədə bacarıqlı olduğunu Mərdəkan qəsəbəsində bilmişlər. Müraciətlər olduqda yaşadığı evin həyətində mopedləri təmir etmişdir. 2022-ci ilin aprel ayının ortalarında Mərdəkan qəsəbəsində tanıdığı Təqsirləndirilən şəxs onunla əlaqə yaradaraq, özünə məxsus moped ilə qəza törətdiyini və bu səbəbdən plasmas hissələrin təmirə ehtiyacı olduğunu bildirib kömək etməsini xahiş etmişdir. Razılaşdıqdan sonra Nurlan qara rəngdə “Moon’’ markalı mopedi onun yaşadığı evin həyətinə gətirmiş, mopedə baxdıqdan sonra 10 gün müddətinə mopedi təmir edə biləcəyini demişdir. 30 aprel 2022-ci il tarixdə Nurlan onun yaşadığı ünvana gələrək mopedi götürmək istədiyini bildirmiş və mopedi Nurlana təhvil vermişdir. Həmin mopedin oğurluq olduğunu bilməmiş, mopedi həyətində saxlamaqda məqsədi təmir etmək olmuşdur. Nurlan mopedi apardığı üçün heç bir təmr işləri görə bilməmişdir. İşdə olan 16 aprel 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə ünvan 3 ünvanın qarşısında baş vermişdir. İşdə olan 30 aprel 2022-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 ədəd mopedi və 01 ədəd dəbilqəni təqdim etmişdir. İşdə olan 01 may 2022-ci il tarixli “Təqdim edilən əşyaya baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd “Moon" markalı moped və 01 ədəd “Radin” markalı dəbilqəyə baxış keçirərək qeyd edilənlərin ona məxsus olduğnu və xx.xx.2022-ci il tarixdə oğurlanan əşyalar olduğunu bildirmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3227 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması və xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən - 01 ədəd 2020-ci il buraxılışlı “Moon" markalı qara rəngli moped - 1000 manat, 01 ədəd İran istehsalı “Radin” markalı XL ölçülü ağ rəngli dəbilqə - 50 manat müəyyən edilmişdir. İşdə olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1242 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həmçinin ona istinad edilən əməl dövründə hər-hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona istinad edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. X1 əqli-intellektual imkanları normaya uyğundur. Emosionaliradi sferasında hövsələsizlik, qıcğa qarşı həssaslıq emosional qeyri-sabitlik aşkar olunmaqla psixopatik cizgiləri müəyyən edilri. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə mey lilik müşahidə olunmadı. Cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüüruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. İşdə olan 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Moon" markalı moped və 01 ədəd “Radin” markalı dəbilqə iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi iş üzrə cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar - 01 ədəd “Moon" markalı moped və 01 ədəd “Radin” markalı dəbilqə Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 01 ədəd “Moon" markalı moped və 01 ədəd “Radin” markalı dəbilqə Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-292/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-292/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver