Məhkəmə qərarları › İş №1(007)-292/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-292/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-292/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 09 avqust 1985-ci il tarixdə Ağdam rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Ağdam rayonunun Poladlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, N.Tusi adına 15 nömrəli yataqxana, otaq 711-də yaşamış, 24 fevral 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 25 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək heç bir səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinə xilasedici vəzifəsinə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69A nömrəli ünvanda yerləşən kafedə qrup üzvü Şahid5lə birlikdə 5150 manat. 24 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69A nömrəli ünvanda yerləşən kafedə o, 3000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 8150 manat pul vəsaitini alıb ələ keçirirək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə səhər vaxtı yaşadığı evdə olan zaman qardaşı Təbriz ona zəng vurub metronun “Neftçilər” stansiyasının yaxınlığına getmələrini demiş, o da razılaşmışdır. Həmin gün saat 10:30 radələrində Təbriz taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsinə onun yaşadığı evin yaxınlığına gəlmiş, birlikdə həmin taksi ilə “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Onlar taksidən düşəndən sonra o, Təbrizdən ora nə üçün gəldiklərini soruşmuş, Təbriz demişdir ki, Həsən adlı şəxsə yalandan söz vermişdir ki, onu Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinə yanğın söndürən kimi işə qəbul etdirəcək və həmin şəxsdən bu işə görə 8000 manat pul istəmişdir. Sonra Təbriz bu işdə ona köməklik etməsini xahiş etmiş, hörmət edəcəyini demişdir. O, razı olmuşdur, çünki bilmişdir ki, Təbrizin elə imkanı yoxdur ki, kimisə Fövqəladə Hallar Nazirliyinə işə düzəltsin. Həmin vaxt Təbriz kiminləsə mobil telefonda danışmış və ona demişdir ki, onları kafedə gözləyirlər. Təbrizlə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı kafeyə getmişlər və həmin kafedə sonradan tanıdığı Zərərçəkmiş şəxs, Həsənin atası Ələddin və dayısı Ağabəylə görüşmüşlər. Birinci Təbriz demişdir ki, dayıları generaldır, onlar Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinə yanğın söndürən kimi işə düzələdə bilərlər. O da Təbrizin sözünə qüvvət verib demişdir ki, onlar ayda 3-4 belə iş görürlər, hər işə görə onlara 1000 manat qazanc qalır, arxayın olsunlar, Həsəni 2 aya işə düzəldəcəklər. Təbriz əlavə etmişdir ki, Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəldə bilərlər, həmin işin maaşı Yanğından mühafizə şöbəsinin maaşından çoxdur. Həsənin atası və dayısı buna razılıq vermişlər. Bu zaman Həsən 5000 manat pulu sayıb sənədlərlə birlikdə dayısına vermiş, dayısı pulu sayıb ona vermiş, o da pulu sayıb sənədlərlə birlikdə Təbrizə vermişdir. Həmin vaxt o, Həsənə demişdir ki, işə qəbulla bağlı müxtəlif sənədlər lazım olacaq və onları yığmalıdır, istəyirsə 150 manata həmin sənədləri o, yığdırar. Həsən razılıq vermiş və həmin vaxt ona 150 manat vermişdir ki, işə qəbulla bağlı sənədləri yığıb hazırlayar. Bundan sonra Təbrizlə birlikdə Həsəngildən ayrılmışlar, yolda olan zaman Təbriz ona 400 manat verib demişdir ki, 150 manat özünədir, 400 manatla birlikdə 550 manat edir. 3000 manatı alanda ona əlavə olaraq 100 manat da verəcəkdir. O, etiraz etməmiş və ayrılıb evə getmiş, 550 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 24 fevral 2022-ci il tarixdə saat 13 radələrində Təbriz ona zəng vurub demişdir ki, həmin kafeyə getsin, Zərərçəkmiş şəxs ona həmin işlə bağlı qalan 3000 manatı verəcəkdir, həmin pulu alsın, ona 100 manat hörmət edəcəkdir. O, Təbrizə razılıq vermiş və tanımadığı taksi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan kafeyə getmiş və görmüşdür ki, Zərərçəkmiş şəxs kafedə yoxdur. O, Təbrizə zəng vurub demişdir ki, Həsən kafedə yoxdur. Təbriz ona demişdir ki, gözləsin, zəng vurur. Bir necə dəqiqə sonra Təbriz ona zəng vurub demişdir ki, gözləsin, Həsən çatır. O, həmin kafenin qarşısında gözləyən zaman, 2-3 dəqiqə sonra Həsən dayısı Ağabəylə kafenin qarşısına gəlmiş və onlar görüşmüşlər. Onlar təklif etmişlər ki, bir çay içsinlər, lakin o, Həsəngilə demişdir ki, tələsir. Həsən 3000 manat pulu orada dayısına vermiş, dayısı da 3000 manat pulu sayıb ona vermişdir. O, 3000 manat pulu almış, Ağabəy ondan soruşmuşdur ki, Həsən nə vaxt işə çıxacaq, o da Ağabəyə yalandan demişdir ki, tez bir zamanda Həsən işə çıxacaqdır. Bundan sonra o, Həsəngildən ayrılmış və gəldiyi taksiyə əyləşib Binəqədi rayonu, Atatürk prospektində olan “Ayna Sultanova” heykəlinin yanına sürdürmüşdür. Bundan sonra o, Təbrizə zəng vurub demişdir ki, 3000 manat pulu Həsəndən almışdır, gəlib onunla görüşsün. Sonra Təbrizlə görüşmüş, 2890 manat pulu ona vermiş, demişdir ki, 100 manat ona kömək etməyinə görə, 10 manat da taksi puluna görə götürmüşdür. Təbriz ondan 2890 manat pulu almış və onlar ayrılmışlar. O, 100 manat pulu şəxsi ehtiyacına xərcləmişdir. 2022-ci ilin mart-aprel ayında Təbriz ona Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini və hərbi bileti vermiş və demişdir ki, Zərərçəkmiş şəxs metronun “Gənclik” stansiyasının yaxınlığına gələcək, sənədləri ona versin. O, Təbrizdən soruşmuşdur ki, Zərərçəkmiş şəxs ondan işlə bağlı soruşsa, nə desin, Təbriz demişdir ki, belə hal olsa zəng vurub onu işə çağıracaqlarını deməsini tapşırmışdır. Həmin gün o, Həsənlə metronun “Gənclik” stansiyasının yaxınlığında görüşüb ona şəxsiyyət vəsiqəsini və hərbi biletini vermişdir. Həsən ondan işlə bağlı soruşmuş, o da Həsənə Təbrizin dediklərini demişdir. 2022-ci ilin yay aylarında Tərbiz ona demişdir ki, Zərərçəkmiş şəxs onlardan polisə şikayət etmişdir. O, Təbrizə demişdir ki, Həsənin pulunu qaytarmaq lazımdır. Bunun üstündə Təbrizlə dalaşmış və onlar küsüşmüşlər. Onunla Təbriz fərdi əməklə məşğul olmuşlar, dövlət orqanında işləməmişlər, qohumlarından və ya tanışlarından vəzifədə işləyən olmamışdır. Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə 8150 manat pulu alarkən həmin pulu kiməsə verməyə dair heç bir söz deməmişlər, əldə etdikləri pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olarkən Xızı rayonu, Giləzi kəndində yaşayan və onunla birlikdə hərbi xidmət edən Şahid4 ilə tanış olmuş, münasibətləri yaranmışdır. Hərbi xidmətdən sonra Alimlə əlaqələri davam etmişdir. X9 Nazirliyinin Yanğından mühafizə şöbəsində işə düzəlmişdir. 2022-ci ilin yanvar ayının axırları o, Alimlə mobil telefona danışan zaman işlədiyi sahədə onu işə düzəltməyə köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Alim ona demişdir ki, onun bibisi qızı Nərminin tanışları vardır. O, Alimə demişdir ki, birdən iş alınmaz, pulu batar. Alim demişdir ki, Nərmin bir-iki adama işlə bağlı köməklik edib, ancaq işini etibarlı tutsun ki, o, arada qalmasın. O, Alimə demişdir ki, bibisı qızı Nərmindən tanışının mobil telefon nömrəsini alıb ona versin ki, özü əlaqə saxlasın. Bundan sonra Alim bibisi qızı Nərminin tanışının ***-***- **-** nömrəsini alıb ona vermiş və demişdir ki, Təbriz adlı şəxsin mobil telefon nömrəsidir, onunla əlaqə saxlasın. Bundan sonra o, Təbrizə zəng vurub onunla əlaqə saxlamış və demişdir ki, mobil telefon nömrəni Nərmin verib, Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinə işə düzəlməkdə ona köməklik edə bilər? Təbriz ona demişdir ki, onun dayısı generaldı, onu Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinə işə düzəldə bilər. O, Təbrizdən bu işin qiymətinin nə qədər olduğunu soruşmuş, Təbriz ona demişdir ki, 8000 manata onu Fövqəladə Hallar Nazirliyinin Yanğından mühahizə şöbəsinə işə düzəldə bilər. 5000 manat ilkin olaraq verər, qalan 3000 manatı isə iş düzələndən sonra verər. Bundan sonra o, bu haqda atası Ələddinə və dayısı Şahid2 demişdir. Atası və dayısı ona demişlər ki, pulu düzəltsin, Təbrizlə üzbəüz görüşüb danışar və pulu verərlər. O, özünə məxsus torpaq sahəsini satıb 5000 manat düzəltmiş, 14 fevral 2022-ci il tarixdə atası Ələddin və dayısı Şahid2 bu barədə bildirdikdən sonra onlar demişlər ki, Təbrizə zəng vurub görüş təyin etsin. Təbrizə zəng vurmuş, Təbriz ona demişdir ki, sabah, yəni 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Q.Qarayev prospektində yerləşən Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan kafeyə gəlsin, orada görüşərlər. 15 fevral 2022-ci il tarixdə o və atası, dayısı Ağabəyin idarə etdiyi “Hyundai Tucson” markalı avtomobillə həmin kafeyə getmişlər və kafedə əyləşib Təbrizi gözləmişlər. Həmin gün saat 11:00 radələrində o, Təbrizə zəng vurub demişdir ki, onu gözləyirlər, təxminin 20 dəqiqə sonra iki nəfər kişi kafeyə gəlmişlər. Onlardan biri özünü Təbriz, digəri isə Pərviz kimi təqdim edib onlarla görüşərək stulda əyləşmişlər. Dayısı Ağabəy, Pərviz və Təbrizdən soruşmuşdur ki, onu Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinə işə düzəldə biləcəklərmi, o zaman Təbriz və Pərviz hər ikisi bildirmişlər ki, onlar birinci iş deyil görürlər, bir ayda 3-4 belə iş görürlər, hər iş görəndə onlara 1000 manat qazanc qalır, arxayın olsunlar, onun işi 2 aya düzələcəkdir. Həmin vaxtı Təbriz demişdir ki, istəyirlərsə onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəltsinlər, həmin işin maaşı Yanğından mühafizə şöbəsinin maaşından çoxdur. Onlar Təbrizin təklifinə razılıq vermişlər. Həmin vaxt o, 5000 manat pulu, şəxsiyyət vəsiqəsini, hərbi biletini və yaşayış yerindən arayışı vermiş, dayısı Ağabəy ondan aldığı 5000 manat pulu və sənədləri Təbrizə vermişdir. Təbriz pulu və sənədləri almış, pulu sayıb Pərvizə vermişdir. Təbriz bildirmişdir ki, Pərviz onun qardaşıdır. Həmin vaxt Pərviz bir neçə sənəd adı çəkmiş və demişdir ki, həmin sənədləri hazırlayıb vermək lazımdır, istəyirlərsə 150 manat versinlər, o, həmin sənədləri özü hazırlatdırsın. O, həmin vaxt 150 manat çıxarıb Pərvizə vermiş və demişdir ki, sənədləri özü hazırlatsın. Bundan sonra onlar Təbriz və Pərvizdən ayrılaraq Hovsan qəsəbəsinə getmişlər. Təxminən 3-4 gün sonra o, Təbrizə zəng vurub işin nə yerdə olması ilə maraqlanmışdır. Təbriz bildirmişdir ki, sənədləri hazırlanıb kadrlar şöbəsinə göndərilmişdir. 21 fevral 2022-ci il tarixdə Təbriz ona zəng vurub demişdir ki. Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəlib, əmri çıxıb, 24 fevral 2022-ci il tarixdə 3000 manat pulu gətirib versin. O, bu barədə dayısı Ağabəyə və atasına bildirmiş, onlar razılaşmışlar. O, həmin pulu hazırlamış, 24 fevral 2022-ci il tarixdə saat 14 radələrində dayısı Ağabəylə birlikdə olan zaman Tərbizin mobil telefonuna zəng vurub demişdir ki, dayısı ilə birlikdə həmin kafeyə gəlirlər. Təbriz ona demişir ki, o, gələ bilməyəcək, qardaşı Pərviz gəlib onunla görüşəcək. Həmin gün saat 14:20 radələrində o, dayısı Ağabəylə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan kafeyə gəlmişlər. Həmin vaxtı onlar görmüşlər ki, Pərviz kafenin qarşısında gözləyir, Pərviz onlara yaxın gəlib görüşmüş və demişdir ki, çay içməyə vaxtı yoxdur, tələsir. Həmin vaxt o, 3000 manat pulu çıxarıb dayısı Ağabəyə vermiş və dayısı 3000 manat pulu alıb Pərvizə vermişdir. Dayısı Pərvizdən onun nə vaxt işə çıxacağını soruşmuş, Pərviz dayısından 3000 manat pulu alıb demişdir ki, tez bir zamanda o, işə çıxacaqdır. Bundan sonra Pərviz demişdir ki, o, tələsir və onlardan ayrılıb onu gözləyən gümüşü rəngli “Mersedes-Benz markalı avtomobilə əyləşib getmişdi. Təxminən 15 gün sonra o, Təbrizə zəng vurub işi barədə soruşmuş, Təbriz ona demişdir ki. Bakı şəhəri üzrə hansı rayon ərazisinə verəcəklərini dəqiqləşdirirlər, ona görə işi yubanır. 10 aprel 2022-ci il tarixdə Təbriz ona zəng vurub demişdir ki, hərbi biletini və şəxsiyyət vəsiqəni gəlib götürsün, sənədlərinin surətini çıxarıblar və ona metronun “Gənclik” stansiyasının yaxınlığına gəlməsini demişdir. O, həmin yerə gedib görmüşdür ki, Pərviz onu gözləyir. O, Pərvizlə metronun “Gənclik” stansiyasının yaxınlığında görüşüb sənədlərini almış, Pərviz ona bildirmişdir ki, ona 20 aprel 2022-ci il tarixdə işlə bağlı Xüsusi Riskli Xilasetmə Xidmətindən zəng gələcək və o, gedib Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində olan İdarədə işə qəbulla bağlı imza edəcəkdir. Hər ehtimala qarşı 19 aprel 2022-ci il tarixdə ona zəng vurar, vaxtı dəqiq deyəcəkdir. 19 aprel 2022-ci il tarixdə o, Təbrizin istifadəsində olan mobil telefon nömrəsinə zəng vursa da telefon sönülü olmuş, nömrəyə zəng çatmamışdır. Bundan sonra o, əsgər yoldaşı Alimə zəng vurub bu barədə demiş, onun sənədlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinə göndərilib-göndərilmədiyini bibisi qızı Nərmindən soruşmasını xahiş etmişdir. Nərmindən öyrənmişlər ki, onun sənədləri Xüsusi Riskli Xilasetmə Xidmətindədir. Təxminən bir həftə sonra o, Alimə zəng vurub demişdir ki, onu aldadıblar, bu iş düzələnə oxşamır, Nərminin nömrəsini versin ki, özü onunla danışsın. Alim Nərminin mobil telefon nömrəsini vermiş, o, zəng vurub Təbriz və Pərviz haqqında olanları Nərminlə danışmışdır. Nərmin demişdir ki, Təbriz və Pərviz onu da aldadıblar, onları axtarır, tapa bilmir. Buna görə o, Təbriz və Pərviz barəsində polisə şikayət etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, həmin şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 (zərərçəkmiş şəxsin atası) şahid qismində dindirilmiş Şahid2 (zərərçəkmiş şəxsin dayısı) Zərərçəkmiş şəxslə eyni ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Namiq qızı ifadəsində göstərmişdir ki, o, əvvəllər evli olmuş və sonra həyat yoldaşından ayrılmışdır. 2021-ci ildə Şahid5 ilə tanış olmuş və onların yaxın münasibəti yaranmışdır. 2021-ci ilin dekabr ayında Təbriz onunla nişanlanmaq üçün nişan üzüyü vermişdir. Dayısı oğlu Tağıyev X3 Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsində yanğın söndürən işləyir. 2022-ci ilin yanvar ayında o, Təbrizlə birlikdə olan zaman Alim ona zəng vurub demişdir ki, onun əsgər yoldaşı Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinə işə qəbul olmaq istəyir, onu işə düzəltməkdə tanış adamının olub-olmadığını soruşmuşdur. Həmin vaxt yanında olan Təbriz demişdir ki, onun qohumu var, ona deyər, bu işdə köməklik edər. O, Təbrizin sözünü Alimə demişdir. Bundan sonra Alim ondan Təbrizin nömrəsini istəmişdir. O da Təbrizin istifadəsində olan ***-***-**-** nömrəsini Alimə vermişdir. 2022-ci ilin mart ayında Təbrizlə münasibətləri tutmadığı üçün ayrılmışlar. 2022-ci ilin aprel ayında Alim ona zəng vurub demişdir ki, Təbriz və qardaşı Pərviz onun əsgər yoldaşı Zərərçəkmiş şəxs 8150 manat almışlar və söz vermişlər ki, onu Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsində yağın söndürən kimi işə düzələdəcəklər, ancaq Təbriz mobil telefonuna cavab vermir. Bundan sonra o, Təbrizə zəng vurub bu məsələ ilə əlaqədar danışmaq istəmiş, ancaq Təbrizin mobil telefonu sönülü olduğu üçün nömrəsinə zəng çatmamışdır. Pərvizin mobil telefon nömrəsi olmadığı üçün ona zəng vurmamışdır. Bundan sonra o, Təbrizin anası Elza Vəliyevanın yaşadığı Bakı şəhəri, Binəqədi rayonunda olan evinə getmiş və vəziyyəti ona danışmışdır. Elza Vəliyeva ona demişdir ki, Təbrizlə əlaqə saxlayıb ona bir söz deyər. O, bu barədə Alimə zəng vurub demişdir. Sonra Alim yenə ona zəng vurub demişdir ki, Təbriz və Pərvizə desin ki, ya Zərərçəkmiş şəxs pulunu qaytarsınlar, ya da işini düzəltsinlər. Bundan sonra o, yenə Elza Vəliyevaya zəng vurub bu barədə ona demişdir. Elza Vəliyeva demişdir ki, o, pulu düzəldib Zərərçəkmiş şəxs pulunu hissə-hissə ödəyər. O da bu barədə Alimə demişdir. 2022-ci ilin aprel-may aylarında Zərərçəkmiş şəxs ona zəng vurub Təbrizə zəng çatmadığını demiş və onun əlavə nömrəsini bilib-bilmədiyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs demişdir ki, Təbrizin nömrəsi onda yoxdur, ona görə anası Elza Vəliyevanın yaşadığı ünvanı ona demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona demişdir ki, Təbriz və Pərviz onu Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsində yanğın söndürən kimi işə düzəldəcələrinə dair söz verib 8150 manat pulunu alıblar, indi də nə işi düzəldirlər, nə də pulu qaytarırlar. O da Zərərçəkmiş şəxs məsləhət görmüşdür ki, Təbriz və Pərvizin anası Elza Vəliyeva ilə əlaqə saxlasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-2017-ci iləərdə həqiqi hərbi xidmətdə olan zaman Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir bölükdə xidmət etmişlər. Həsənlə münasibətləri yaranmış və həqiqi hərbi xidmətdən sonra da bir-birləri ilə əlaqə saxlamışlar. 2017-ci ildən o, Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinin Xızı rayon Yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsində işləmişdir. Həsən ona arada zəng vurub demişdir ki, işsizdir, adam tapa bilsə onu işə düzəltsin, yəni özünün işlədiyi Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsində. Şahid3 onun bibisi Kəmalənin qızıdır. 2022-ci ilin yanvar ayında bibisi qızı Nərminə ona zəng vurub demişdir ki, Pərviz və Təbriz adlı iki qardaş var, onlar işə adam düzəldirlər, adam olsa xəbər edər. O, Nərminə demişdir ki, onun əsgər yoldaşı var, işə düzəlmək istəyir, Təbriz və ya Pərvizin nömrəsini versin, əsgər yoldaşına versin ki, özləri danışsınlar. Bundan sonra Nərmin ona Təbrizin istifadəsində olan ***-***-**-** nömrəsini vermiş, o da həmin nömrəni əsgər yoldaşı Zərərçəkmiş şəxs vermiş və demişdir ki, Təbriz işə adam düzəldir, onu tanımır, bibisi qızı Nərmin nömrəni verib, özü həmin adamla danışar, işi düzəlməyənə qədər pul verməsin. Həsən nömrəni götürmüş və demişdir ki, Təbrizlə danışar. Təxminən bir həftə sonra Həsən ona zəng vurub demişdir ki, o, atası və dayısı ilə birlikdə Təbriz və Pərviz qardaşları ilə görüşüb danışmışlar, onu Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsində yanğın söndürən vəzifəsinə işə düzəldəcəklər, ilkin olaraq hər ikisinə 5000 manat vermişdir. Bir müddət sonra Həsən ona zəng vurub demişdir ki, Təbriz və Pərviz qardaşları işin yarısını görmüşlər, əlavə 3000 manat istəyirlər. O, Həsənə demişdir ki, “Allah xeyir versin”. Bir müddət sonra Həsən ona zəng vurub demişdir ki, əlavə 3000 manat işə görə, 150 manat da sənədlərin hazırlanması üçün Pərvizə vermişdir. Bir müddət sonra Həsən ona zəng vurub demişdir ki, Təbriz və Pərvizin mobil telefon nömrələrinə zəng çatmır, bibisi qızı Nərminin nömrəsini versin ki, onunla əlaqə saxlasın. O da Nərminin nömrəsini Həsənə vermişdir. Bir müddət sonra Həsən ona zəng vurub demişdir ki, o, Təbriz və Pərvizdən şikayət etmişdir, həmin şəxslər onu aldadıb 8150 manat pulunu ələ keçirmişlər. Onun özü Təbriz və Pərviz qardaşlarını tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid3 ilə taksi şoferi kimi işlədiyi zaman, təxminən 2019-cu ildə tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. O, Sumqayıt şəhərində kirayə mənzil tutmuş və Nərminlə birlikdə həmin evdə yaşamışlar. 2022-ci ilin yanvar ayında o, Nərminlə birlikdə evdə olan zaman Nərminin mobil telefonuna dayısı oğlu Alim zəng edib bir nəfər tanışının Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiyini bildirmiş və tanış adamı olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, Nərminə demişdir ki, tanış adam var, onu işə düzəldəcəkdir. Nərmin bu barədə Alimə demiş və onun mobil telefon nömrəsini Alimə vermişdir. Alim ona zəng vurmuş və o, çoxlu tanışları olduğunu, bu işi həll edə biləcəyini demişdir. Bundan sonra ona Alimin əsgər yoldaşı Həsən zəng etmiş və Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək barədə söhbət etmişlər. O, Həsənə heç bir problem olmadığını və işi həll edəcəyini bildirmişdir. 2022-ci ilin fevral ayının əvvələrində Həsən ona zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Həmin vaxt pula ehtiyacı olmuş, düşünmüşdür ki, işə düzəltmək adı ilə Həsənin pulunu ələ keçirər. O, bununla bağlı qardaşı Pərvizə danışmış, birlikdə plan qurmuşlar ki, Həsəni inandıracaqlar ki, onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəklər və bu yolla Həsənin pulunu alıb ələ keçirəcəklər. Onlar birinci dələ Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən kafedə görüşmüşlər, orada onunla Pərviz, Həsən, onun atası və dayısı olmuşdur. X7 Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə 8000 manata işə düzəldəcəklərinə innadırmışlar, Pərviz də sənədlərin təsdiqi və surətlərinin çıxarılması, sənədləşdirmə xərcləri olaraq 150 manat əlavə pul istəmişdir. Həmin razılaşmaya əsasən bir həftədən sonra, yəni 15 fevral 2022-ci il tarixdə görüşməyi razılaşdırmışlar, həmin gün saat 14 radələrində o və Pərviz Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən kafedə eyni adamlar olmaqla görüşmüşlər. Həsən sənədlərin surətini və 5150 manat pulu Pərvizə vermişdir. Həmin şəxslərdən ayrılandan sonra Pərvizdən 5150 manat pulu və sənədləri almışdır. Həmin puldan 550 manat pul götürərək Pərvizə vermişdir. Bu görüşdən təxminən bir həftə sonra o, Həsənə zəng vurub demişdir ki, işi düzəlib, 3000 manat pulu vermək lazımdır. Həsən ona demişdir ki, 1-2 günə pulu düzəldib, xəbər edəcəkdir. Sonra Həsən ona zəng vurub bildirmişdir ki, 3000 manatı düzəldib, ona görə 24 fevral 2022-ci il tarixə görüş təyin etmişlər. Həmin gün o, Pərvizə demişdir ki, özünün işi var, o, həmin kafeyə gedib Həsəndən 3000 manat pulu alsın. Həmin gün saat 15 radələrində Pərviz ona zəng vurub demişdir ki, Həsənlə əvvəl görüşdükləri kafedə görüşmüş və 3000 manatı almışdır. Həmin gün o, Pərvizlə görüşmüş, 3000 manatı ondan almış, 100 manatını Pərvizə vermiş, qalan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Həsən pulunu geri istədikdə müxtəlif bəhanələr gətirərək işin alınmadığını bildirmişdir. Pərvizlə birlikdə Həsəndən ümumilikdə 8150 manat pul alıb ələ keçirmişlər, özünün barəsində olan işə məhkəmədə baxılarkən müəyyən edilmiş ziyan məbləğini və dövlət büdcəsinə ödəniş etmiş, zərərçəkmiş şəxslə barışmış və barəsindəki işə xitam verilmişdir. Şahid3 onun niyyətindən xəbəri olmamış, əldə etdiyi puldan ona heç nə verməmişdir. O və Pərviz fərdi əməklə məşğul olmuşlar, dövlət orqanında işləməmişlər, qohumlarından və ya tanışlarından vəzifədə işləyən yoxdur. Zərərçəkmiş şəxs guya işə düzəltmək adı ilə 8150 manat pulu alıb kiməsə verməyə dair heç bir söz deməmişlər, əldə etdikləri pulları şəxsi ehtiyaclarına xərcləmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 6) - 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1-2) - 25 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 18-20) - 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 121) - 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (i.v. 210-224) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(007)-259/2023 nömrəli qərarın surətindən görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyib onunla barışıq əldə etdiyinə və dəymiş maddi ziyanın 25%-i miqdarında - dövlət büdcəsinə 1020 manat ödəniş etdiyinə görə) Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 2000 manat cərimə cəzasına məhkum olunmuş, 16 may 2019-cu il tarixdə cəriməni tam ödəmiş; 14 fevral 2022-ci il tarixdə İmişli rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 19 fevral 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPMnin 39.1.12-ci maddəsinə əsasən (Amnistiya Qərarına əsasən) cinayət işinin icraatına xitam verilmişdir. (i.v. 46-47, 51-62) - 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 166) - 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 200-203) -Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X4 05 iyun 2008-ci il tarixdə, X2 06 mart 2012-ci il tarixdə doğulmuşlar. (i.v. 208-209) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Neftçilər” kart mərkəzində 25 avqust 2023-cü il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 8150 manat məbləğində maddi ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında - 1018,75 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 38 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 38 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 228 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar