Məhkəmə qərarları › İş №1(007)-292/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-292/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-292/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 2002-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də anbardar işləyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 80, mənzil 60-da kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Rich Life” restoranında yemək yeyib spirtli içki qəbul edərək orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində onunla birlikdə həmin restorana gəlmiş X2 ilə mübahisə etdikdən sonra sonuncu restoranı tərk etdikdə o, restoranın birinci mərtəbəsinə düşərək orada heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələri, əxlaq normalanını pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla restoranın normal fəaliyyətini pozaraq əvvəlcə girişdə liftin yanında, saxlanc yerində olan restoranın meneceri Zərərçəkmiş şəxs1 məxsus televizorları təpiklə ardıcıl vuraraq və rəflərdə olan içki şüşələrini əli ilə yerə salaraq 2600 manat dəyərində 1 ədəd “Samsung” markalı və 800 manat dəyərində 1 ədəd “JVC” markalı televizoru, bir şüşəsinin dəyəri 450 manat olan 4 şüşə 700 ml həcmli “Hennesy XO” markalı konyakı, bir şüşəsinin dəyəri 220 manat olan 5 şüşə 1 litr həcmli “Chivas 18” markalı viskini, bir şüşəsinin dəyəri 70 manat olan 6 şüşə “Sierra” markalı tekila içkisini, bir şüşəsinin dəyəri 65 manat olan 4 şüşə 700 ml həcmli "Jack Daniels” markalı viskini, 1 şüşə 1 litr həcmli 60 manat dəyərində “Jagermeister” markalı içkini, 1 şüşə 750 ml həcmli 120 manat dəyərində “Moet Chandon” markalı şərabı, bir şüşəsinin dəyəri 60 manat olan 1 litr həcmli 2 şüşə “Ballantines” markalı viskini, bir şüşəsinin eləyəri 70 manat olan 1 litr həcmli 3 şüşə “Jamesson” markalı viskini sındırıb qəsdən məhv etməklə Zərərçəkmiş şəxs1 7490 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuş və qanunsuz hərəkətlərinə görə sonuncu ona haqlı iradını bildirdikdə o, uca səslə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək mübahisə edən zaman restoranın giriş qapısının qarşısında Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb ictimai borcunu yerinə yetirməklə onu sakitləşdirməyə və oradan uzaqlaşdırmağa çalışaraq içtimai qaydanın pozulmasının və onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, Zərərçəkmiş şəxs2 müqavimət göstərərək yumruqla sonuncunun sifət nahiyəsindən vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çeynəmə aktının məhdudlaşması ilə müşayiət olunan sol çənə bucağının şişkinlik halında əzilməsi xəsarətini yetirdikdən sonra qərəzli hərəkətlərini davam etdirib restoranın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Kia” markalı ** GY *** dövlət nömrə nişanlı avtomobilinin ön buferinin sol tərəfini təpiklə vurub zədələməklə sonuncuya 200 manat maddi ziyan vuraraq qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(007)-292/2025 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışması nəzərə alınaraq, o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 186.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 noyabr 2024-cü il tarixdə Vəfa adlı tanışının Qara Qarayev prospektində olan «Rich life» restoranında Aysel adlı rəfiqəsinin ad günü məclisində olduğu üçün həmin günü saat təxminən 23 radələrindən bir qədər sonra o, təklikdə həmin restorana getmiş, elə birinci mərtəbədə Vəfa ilə rastlaşmışdır. Vəfa da restorana yeni gəldiyindən həmin məclisə qalxmamış, onunla birlikdə restoranın 3-cü mərtəbəsinə qalxmış, zal adamlarla dolu olmuşdur. O, yaxınlaşıb Ayseli təbrik eləmiş, lakin onların masasında yer olmadığından, həm də o, hədiyyə aparmadığından ümumiyyətlə onlarla oturmaq istəməyib Vəfa ilə birlikdə ayrıca masada oturmuşlar. Bir neçə saat ərzində Vəfa ilə birlikdə spirtli içki qəbul edib əylənmişlər. Spirtli içkini həddindən artıq qəbul etdiyi üçün artıq baş verənləri xatırlamırmış və özünü idarə edə bilməmişdir. Sonuncu dəfə xatırlayır ki, təklikdə restoranın tualetinə getmişdir. Lakin tualetdə nə baş verdiyini bilmir, ondan sonra baş verənləri isə xatırlamır. Bir də özünə gələndə artıq səhər saatları olmuş və o, 24-cü Polis şöbəsində olduğunu görmüşdür. Həmin şöbəyə nə vaxt, necə və nə üçün gətirildiyini bilməmişdir. Şöbədə ona deyilmişdir ki, içkili vəziyyətdə o, restorandan çıxanda dava salmış və kiminsə maşınını əzmişdir. Lakin həddindən artıq içkili olduğundan bu hadisələrin heç birini xatırlamır. «Rich life» restoranının meneceri Zərərçəkmiş şəxs1 Bəhrəm oğlu 24-cü Polis şöbəsinə ərizə verərək bildirmişdir ki, qeyd olunan tarixdə restoranın birinci mərtəbəsinə düşüb liftin yanında olan saxlanc yerindəki televizorlara təpik vurmuş, həmçinin orada içi dolu olan spirtli içki şüşələrini təpiklə və əllə aşırdıb sındırmışdır. Lakin o, birinci mərtəbəyə düşüb yəqin ki, bayıra çıxmışdır, o, əgər saxlanc yerində nəsə sındırsa idi, yadına düşmüş olardı. Həmçinin sonradan baxanda da onun paltarı təmiz olub, əgər o, orada spirtli içkilər sındırmış olsaydı, spirt onun üstünə dağılmış olardı. O, tutduğu əməldən peşmandır, həddindən artıq spirtli içki qəbul etdiyi üçün özünü təqsirli bilir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydır ki, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanda yerləşən "Rich Life" adlı restoranda menecer vəzifəsində işləyir, faktiki olaraq həmin restoranı o işlədir. xx.xx.2024-cü il tarixdə işdə olduğu zaman sonradan adının İntiqam olduğunu bildiyi şəxs yanında xanımla birlikdə işlədiyi restorana qonaq gəlmiş, həmin şəxslər bir qədər içki qəbul etmiş, içki qəbul etdikdən sonra yanında olan adını bilmədiyi xanımla sözlə mübahisə etməyə, uca səslə qışqırmağa başlamışdır. O, İntiqama yaxınlaşaraq sakitçiliyə riayət etmələrini, restoranda olan digər müştərilərə maneçilik törətdiklərini izah etdikdən sonra onlar bir qədər sakitləşmişlər. xx.xx.2024-cü il tarixdə, saat təxminən 04 radələrində İntiqam və yanında olan xanım restoranı tərk etməyə hazırlaşan zaman İntiqam yanında olan xanımla yenidən sözlə mübahisə etməyə başlamış, onlar hesabı ödəmədikləri üçün o, onlara yaxınlaşaraq hesabı ödəməsini xahiş etmiş, İntiqam hesabı ödədikdən sonra yenidən yanında olan xanımla mübahisə etməyə başlamış və bir qədər sözlə mübahisə etdikdən sonra restorana məxsus pilləkənlər ilə aşağı düşərək dəhlizdə dayanmışdır. Təxminən 1 dəqiqə sonra restoranın yerləşdiyi obyektin birinci mərtəbəsindən səs gəldiyini eşitdiyi üçün pilləkənlər ilə aşağı düşərək birinci mərtəbəyə çatdıqda onun restoranın yerləşdiyi obyektin birinci mərtəbəsində liftin yanında olan restorana məxsus saxlanc yerinin qapısını açdığını görmüşdür. Həmin saxlanc yerində onlar müxtəlif müştərilərə verilən və şəxsi içkiləri, dəmir pivə çəlləklərini, həmçinin restoranda zalda və kabinetlərdə quraşdırılacaq 6 ədəd televizorları saxlayırlar. O, aşağıya düşəndə İntiqamın həmin televizorlardan birinə təpik vuraraq tam yararsız hala saldığını, digər televizoru isə itələyərək ekranı üstünə yerə saldığını görmüş, bundan başqa intiqam orada rəflərdə olan içkiləri yerə salaraq sındırmış, o, İntiqama yaxınlaşaraq onu sakitləşdirmək istəsə də, İntiqam onun sözlərinə əhəmiyyət verməyərək yenə rəflərə təpik vurmuş, sonra əli ilə içki şüşələrini aşırdıb yerə salmış və nəticədə çoxsaylı içkilər sınmışdır. O, İntiqamı sakitləşdirərək onu restorandan bayıra çıxarmış, restoranın qarşısında olduqları zaman İntiqama restorana məxsus televizorlara ziyan vurduğunu bildirdikdə İntiqam ona qarşı qeyri-etik ifadələr işlətməyə başlamış, o, həmin şəxsin işlətdiyi qeyri-etik ifadələrə fikir verməyərək onu sakitləşdirməyə çalışmış, həmin vaxt əvvəlcədən restoranın müştərisi kimi tanıdığı, eyni zamanda yoldaşlıq münasibətinin olduğu Zərərçəkmiş şəxs2 da pilləkənlərlə aşağı düşmüş, onlara yaxınlaşmış, həmin şəxs eyni zamanda Burkaya qarşı da qeyri-etik ifadələr işlətməyə başlamış, Burkay ondan qeyri-etik ifadələr işlətməməsini xahiş etmiş və onu sakitləşdirmək istədikdə İntiqam anidən bir dəfə yumruqla Burkayın üz nahiyyəsindən vurmuşdur. Baş vermiş mübahisə təxminən 25-30 dəqiqə davam etmiş və restoranın iş fəaliyyəti pozulmuş, həm müştərilərin, həm işçilərin narahatlığına səbəb olmuşdur. 27 noyabr 2024-cü il tarixdə Polis şöbəsinə gedib işlə maraqlananda ona izah olunmuşdur ki, baş vermiş hadisə ilə bağlı şikayəti varsa, rəsmi ərizə versin. O də İntiqamın hərəkətləri ilə bağlı rəsmi ərizə vermişdir. Bundan sonra təhqiqatçı onun iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə təqribən 7490 manat maddi ziyan dəymişdir. İntiqam ona xəsarət yetirməmişdir. İntiqamın restoranın əmlakını məhv etməsinin dəqiq səbəbini bilmir, lakin gördüyü odur ki, İntiqam yanındakı xanımla mübahisə etmiş və ciddi formada sərxoş olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Türkiyə Cümhuriyyətinin vətəndaşıdır. Təxminən 8 ildir ki, Azərbaycan Respublikasında yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 03-04 radələrində “Rich Life” adlı restoranı tərk edərək aşağı düşdükdə restoranın giriş qapısının qarşısında bir nəfər şəxsin Elmarla mübahisə etdiyini, Elmara və ümuiyyətlə ətrafdakılara qarşı qeyri etik ifadələr işlətdiyini görərək onlara yaxınlaşmışdır. Onlara yaxınlaşdıqda Elmarla mübahisə edən şəxsdən qeyri-etik ifadələr işlətməməsini xahiş etdikdə həmin şəxs uca səslə ona qarşı da qeyri-etik ifadələr işlətməyə başlamışdır. O, yaxınlaşıb İntiqamı sakitləşdirmək istədikdə yaranmış qarışıqlıq zamanı İntiqam anidən yumruqla onun sifətindən bir dəfə vurmuş, o çənəsinin sol tərəfindən xəsarət almışdır. Həmin vaxt ətrafda olan şəxslər onu ondan kənarlaşdırmışlar. 27 noyabr 2024-cü il tarixdə Polis şöbəsinə gedib işlə maraqlananda ona izah olunmuşdur ki, baş vermiş hadisə ilə bağlı şikayəti varsa, rəsmi ərizə versin. O da intiqamın hərəkətləri ilə bağlı rəsmi ərizə vermiş, həmçinin o, tibbi ekspertizadan keçmişdir. Hadisənin baş verdiyi tarixdə o, heç bir miqdarda içki qəbul etməmiş, həmin restoranda sadəcə yemək yemişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Əlahiddə X4 5-ci Patrul Bölüyünün polis nəfəri işləyir. 24 noyabr 2024-cü il tarixdə bölüyün digər polis nəfəri Şahid2la birlikdə xidmətdə olan zaman saat təxminən 05:20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən yol kənarında dayanan şəxs onları əl edib saxlatdırmış və bildirmişdir ki, yolun kənarında olan «Rich Life» restoranının qarşısında bir nəfər cavan oğlan ona qarşı xuliqanlıq edib maşınını əzmiş və ondan şikayətçidir. Həmin şəxs bildirmişdir ki, 102 xidmətinə də zəng edilmişdir. Onlar restoranın qarşısına yaxınlaşmış və görmüşlər ki, bir cavan oğlan yüksək səs-küylə nalayiq söyüşlər söyür, ona tərəf yaxınlaşmışlar. Cavan oğlanın yanında bir qız da olmuşdur. Onları saxlatdıran şəxsin, adını sonradan bildikləri Zərərçəkmiş şəxs3 «Kia Rio» markalı avtomaşının ön buferinin zədələnmiş vəziyyətdə olduğunu görmüşlər. Elnur bildirmişdir ki, söyüş söyən cavan oğlan onun maşınını əzmişdir. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu nizam-intizama dəvət etmişlər. Bu vaxt həmin avtomaşının sürücüsü, yəni Elnur da yaxınlaşıb həmin şəxsdən nə üçün onun maşınını əzdiyini soruşanda həmin şəxs sürücünü də nalayiq söyüşlərlə söymüşdür. Həmin şəxs kəskin formada içkili olmuş və ətrafda olan adamlar da onu sakitləşdirməyə çalışmış, lakin həmin şəxs ucadan nalayiq söyüşlər söymüş, qarşısına keçən hamı ilə dalaşmış, heç kim onu sakitləşdirə bilməmişdir. Həmçinin kənarda dayanan başqa bir nəfər şəxsin sifət nahiyyəsindən xəsarət aldığını görmüşlər ki, ətrafdakı tanımadığı adamlardan kimsə səsküy salan şəxsin yumruqla onun sifətindən vurduğunu bildirmişdir. Onlar yenə də həmin şəxsi sakitləşdirib nizam-intizama dəvət edərək araşdırma aparılması məqsədilə onlarla gəlməsini istəsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, bu azmış kimi polis əməkdaşları olaraq onlara qarşı tabesizlik göstərib polisin şərəf və ləyaqətini alçaldan nalayiq söyüşlər söymüş və konkret olaraq onlara tabe olmamışdır. Çətinliklə olsa da, onu avtopatrul maşınına əyləşdirib ərazi üzrə 24-cü Polis şöbəsinə aparmış və şöbə rəhbərliyinə raport vermişlər. Həmçinin həmin şəxsin yanındakı qadını da Pols Şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Əlahiddə X4 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işlədiyi dövrdə 24 noyabr 2024-cü il tarixdə bölüyün digər polis nəfəri Şahid1la birlikdə xidmətdə olan zaman saat təxminən 05:20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən yol kənarında dayanan şəxs onlara əl edib saxlatdırmış və bildirmişdir ki, yolun kənarında olan «Rich Life» restoranının qarşısında bir nəfər cavan oğlan ona qarşı xuliqanlıq edib maşınını əzmiş və ondan şikayətçidir. Həmin şəxs bildirmişdir ki, 102 xidmətinə də zəng edilmişdir. Onlar restoranın qarşısına yaxınlaşdıqda görmüşlər ki, bir cavan oğlan yüksək səs-küylə nalayiq söyüşlər söyür, ona tərəf yaxınlaşmış, həmin oğlanın nalayiq söyüşlərinə və hərəkətlərinə görə ətrafa xeyli insanlar toplaşmışdır. Cavan oğlanın yanında bir qız da olmuş, Zərərçəkmiş şəxs3 «Kia Rio» markalı avtomaşının sol qabaq tərəfinin zədələnmiş vəziyyətdə olduğunu görmüş, dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu nizam-intizama dəvət edib sakit olmasını tələb etmişlər. Bu vaxt sürücü Elnur da yaxınlaşıb həmin şəxsdən nə üçün onun maşınını əzdiyini soruşanda həmin şəxs sürücünü də nalayiq söyüşlərlə söymüşdür. Həmin şəxs kəskin formada içkili olmuş və ətrafda olan adamlar da onu sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs ucadan nalayiq söyüşlər söymüş, qarşısına çıxan hamı ilə dalaşmış, heç kim onu sakitləşdirə bilməmişdir. Həmçinin kənarda dayanan başqa bir nəfər şəxsin sifət nahiyyəsindən xəsarət aldığını görmüşlər ki, həm ətrafdakı tanımadığı adamlar, həm də xəsarət alan şəxsin özü bildirmişdir ki, səs-küy salan şəxsi sakitləşdirmək istəyəndə sonuncu yumruqla onun sifətindən vurmuşdur. Həmçinin söyüş söyən şəxs restoranın içərisində də əşyaları sındırıb ətrafı dağıtmışdır. Onlar yenə də həmin şəxsi sakitləşdirib nizam-intizama dəvət edərək araşdırma aparılması məqsədilə onlarla gəlməsini istəsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, bu azmış kimi polis əməkdaşları olaraq onlara qarşı tabesizlik göstərib polisin şərəf və ləyaqətini alçaldan nalayiq söyüşlər söyür və konkret olaraq onlara tabe olmamışdır. Daha sonra çətinliklə olsa da, onu avtopatrul maşınına əyləşdirib ərazi üzrə 24-cü Polis şöbəsinə aparmış və şöbə rəhbərliyinə raport vermişlər. Hadisə yerində olarkən, o, restoranın içərisinə də nəzər salmış, tam içəriyə daxil olmasa da, restoranın dağıdılmış vəziyyətdə olduğunu şəxsən görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 10 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. O, adətən axşamlar icarə əsasında idarə etdiyi «Kia Rio» markalı ** GY *** dövlət nömrə nişanlı avtomaşınla Nizami rayonu ərazisində yerləşən «Rich Life» restoranının qarşısında dayanıb müştəri gözləyir. 24 noyabr 2024-cü il tarixə keçən gecə, saat təxminən 04-05 radələrində yenə həmin restoranın qarşısında müştəri gözləmişdir. Bir qədər dayanmışdır ki, restoranın qarşısında möhkəm səs-küy eşitmiş və orada qarışıqlıq düşmüş, o görmüşdür ki, bir nəfər cavan oğlan, adını sonradan bildiyi intiqam adlı şəxs restoranın qarşısında ucadan nalayiq söyüşlər söyür, qarşısına keçən hamı ilə dalaşır, heç kim onu sakitləşdirə bilməmişdir. Həmin zaman o maşınından bir qədər aralıda dayanmış, bu zaman İntiqam kiminləsə dalaşa- dalaşa onun maşını tərəfə gəlmiş və ani anda təpiklə və diz zərbəsi ilə onun maşınının ön buferinin sol tərəfini bir neçə dəfə vurub zədələmişdir. O, yaxınlaşıb İntiqama nə üçün onun maşınını əzdiyini soruşanda İntiqam onu da nalayiq söyüşlərlə söymüş və oradan qovmuşdur. İntiqam kəskin formada içkili olmuş, dediyi kimi heç kim onu sakitləşdirə bilməmişdir. O, intiqamla nəsə danışmağın mənasız olduğunu görüb öz telefonu ilə 102 xidmətinə zəng edib maşınının əzilməsi barədə məlumat vermişdir. Həmçinin həmin zaman restoran müdiriyyəti ərazidə olan X4 əməkdaşlarını çağırmış və polis əməkdaşları gəlib intiqamı 24-cü Polis Şöbəsinə aparmışlar. O da Polis şöbəsinə gedib ərizə yazmış, bildirir ki, maşınının əzilməsi ilə bağlı ona 200 manat maddi ziyan dəymişdir. O, İntiqamı əvvəllər tanımamış, onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, intiqamın restoranın qarşısında nalayiq söyüşlər söyməsi və yaxında olan şəxslərlə dalaşması təxminən 30 dəqiqə davam etmiş, heç kim onu sakitləşirə bilməmiş, nəhayət polis əməkdaşları onu gəlib aparmışlar. İntiqamın hərəkətlərinə görə ətrafa xeyli insan yığılmışdır. İntiqam ona zor tətbiq etməmiş, maşınını əzmiş və özünü də söymüşdür. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X5 xx.xx.2024-cü il tarixli, 1083 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 çeynəmə aktının məhdudlaşdırılması ilə müşayiət olunan sol çənə bucağının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də özü boyu hündürlüyündən yıxılması zamanı alınması inkar olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/594 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Özbəkistan istehsalı olan “JVC” markalı, “LT-43N7125” model, 43 düymlü, qara rəngli televizorun yeni vəziyyətdə orta bazar qiyməti 420,00 manatdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2.2-ci maddələrinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024--cü il tarixli, 8İ-7617 reyestr nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 8İ-3307 reyestr nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, gələcəkdə də təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və iddiası olmayacaqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Gülabi oğlunun ibtidai istintaq zamanı verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, gələcəkdə də təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-388/2024 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 02 ay 28 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, hökm çıxarıldığı hazırki vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Özbəkistan istehsalı olan «JVC» markalı, “LT-43N7125” model, 43 düymlü, qara rəngli televizorun qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 ay 29 gün (dörd ay iyirmi doqquz) müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Özbəkistan istehsalı olan «JVC» markalı, “LT-43N7125” model, 43 düymlü, qara rəngli televizorun qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar