Məhkəmə qərarları › İş №1(007)-293/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-293/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-293/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1991-ci il tarixdə Beyləqan rayonunun Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Beyləqan rayonunun Eyvazalılar kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2023-cü il tarixli 1(101)- 712/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 07 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 1(103)-1002/2023 nömrəli qərarı ilə hökm dəyişdirilmiş, üzərində qəti olaraq saxlanılmış azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 07 ay 15 gün həddində müəyyən edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmış, hazırkı işlə bağlı 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Naxçıvan şəhəri, Atatürk prospekti, ev 34-də qeydiyyatda olan, 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27 yanvar 2023-cu il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanının qarşısında aralarında olan cinayətkar razılığa əsasən əvvəlcə o, həmin yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb qəsdən bir dəfə başının arxa nahiyyəsindən yumruqla vurub, sonuncunu yerə yıxdıqdan sonra təpiklə baş nahiyyəsindən vurmaqla fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən təpə sərhəddinin sıyrıqlarından ibarət xəsarət yetirmiş, həmin vaxt qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ yan cibindən 04 manat nağd pul vəsaitini və əlində saxladığı üzərində 05 manat dəyərində “Azercell” şəbəkəsində istifadə olunan ***-***-**-** mobil nömrə olan 150 manat dəyərində “İphone 6” markalı mobil telefonu dartıb alaraq açıq talayıb birlikdə hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs cəmi 159 manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27 yanvar 2023-cu il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanının qarşısında aralarında olan cinayətkar razılığa əsasən əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs1 həmin yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb qəsdən bir dəfə başının arxa nahiyyəsindən yumruqla vurub, sonuncunu yerə yıxdıqdan sonra təpiklə baş nahiyyəsindən vurmaqla fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən təpə sərhəddinin sıyrıqlarından ibarət xəsarət yetirmiş, həmin vaxt qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ yan cibindən 04 manat nağd pul vəsaitini və əlində saxladığı üzərində 05 manat dəyərində “Azercell” şəbəkəsində istifadə olunan ***-***-**-** mobil nömrə olan 150 manat dəyərində “İphone 6” markalı mobil telefonu dartıb alaraq açıq talayıb birlikdə hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs cəmi 159 manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cu il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanının qarşısında iki binanın arasında üz-üzə gəldikləri, sonradan tanıdığı Zərərçəkmiş şəxs ilə çiyin-çiyinə dəymişlər, buna görə həmin şəxslə dalaşıb onun başına yumruqla, yerə yıxıldıqdan sonra isə təpiklə vurmuşdur. Nüşabənin həmin şəxsin pulunu götürməsini o, bilməmiş, Nüşabə telefonu götürəndə isə elə bilmişdir ki, onunkudur, dava zamanı yerə düşmüşdür. Həmin şəxsi vurmaq və üzərində olan şeyləri götürmək barədə Nüşabə ilə əvvəlcədən razılaşmamışlar. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 09 fevral 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində, ünvan 1 ünvanında yerləşən “Urfa” adlı kafedə dostu Nurlan və onun yanında olan bir nəfər başqa oğlanla oturub yeyib içmişdir. Həmin vaxt oturduqları masaya Nurlanı tanıyan bir qız, sonradan adını Nüşabə olaraq bildiyi təxminən 30-35 yaşları arası xanım yaxınlaşmışdır. O, bu zaman Nüşabəyə bildirmişdir ki, onlarla əyləşsin. Nüşabə də onlarla eyni masada əyləşmiş və bundan sonra onunla ünsiyyəti formalaşmışdır. Nüşabə bir az yüngül həyat tərzi keçirən bir şəxsə bənzəmişdir. Söhbət əsnasında Nüşabə ilə onun səmimi münasibəti formalaşmışdır. Bu zaman Nüşabə saç ustasına getməli olduğunu demiş və onunla getməsini təklif etmiş, o da razılı olmuşdur. Birlikdə “Xəzər” Univeristetinin yaxınlığında olan kişi salonuna getmişlər,Nüşabə saçını kişi salonunda kəsdirmişdir. Həmin vaxt o, sərxoş olmuşdur. Kişi salonundan çıxdıqdan sonra o, Nüşabəyə onların evinə tərəf getmələrini, evdən pul götürüb çıxmasını təklif etmişdir. Nüşabə onunla birlikdə maşrutla ünvan 2 ünvanına getmişdir. Nüşabə binanın aşağısında onu gözləmiş, o isə evə getmiş və evdən 10 manat pul götürdükdən sonra düşmüş və birlikdə C.Naxçıvanski küçəsi, 55 ünvanında yerləşən “Urfa” kafesinə qayıtmışlar, lakin Nurlanın orada olmadığını görmüşlər. Həmin vaxt Nüşabədə və onda mobil telefon olmamışdır. Onun telefonu evdə olmuşdur. Nüşabə ona bildirmişdir ki, ona qalmaq üçün ev lazımdır. O isə bildirmişdir ki, onda da ev yoxdur. Buna görə razılaşmışlar ki, Nüşabəni metronun “Neftçilər” stansiyasının yaxınlığından “20 Yanvar” stansiyasının yaxınlığına gedən, adamın birini bir manata aparan taksi ilə yola salsın. Nüşabə ilə həmin tarixdə saat 23:30 radələrində qeyd olunan kafedən çıxıb üzü metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən Nizami rayonu İcra Hakimiyyəti tərəfə piyada hərəkət etmişlər. Piyada hərəkət edən zaman sonradan ünvanını bildiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69 ünvanındakı binanın qarşısında bir nəfər, təxminən 50-55 yaşlarında olan, adını sonradan bildiyi Zərərçəkmiş şəxs onunla üz-üzə gəldiyini görmüşdür. Bu zaman Nüşabə ona təklif etmişdir ki, “o, içkilidir, gəl bu kişini vuraq, onun pulunu alıb bölərik”. Həmçinin Nüşabə ona bildirmişdir ki, “sən onu vuracaqsan, mən isə onun üzərində olan əşyaları götürəcəm”. O, Nüşabə ilə şifahi razılığa gəlmiş, bundan sonra həmin şəxsdən, yəni Zərərçəkmiş şəxs pul əldə etmək üçün arxası ilə getmişlər ki, qaranlıq bir yerdə həmin şəxsi əli ilə vuraraq zərərsizləşdirib, üzərində olan pulu götürsün. Həmin şəxs sərxoş olmuş və bu onun yerişlərindən də hiss olunmuşdur. Bu məqsədlə o, Nüşabə ilə birlikdə təxminən 50-60 metr həmin şəxsi təqib etmiş və yeni tikilmiş iki binanın arasında yerləşən digər məhəlləyə keçid olan piyada keçidinə tərəf keçdiyini gördükdə, dərhal hər ikisi həmin şəxsə arxadan yaxınlaşmışlar, o, əli ilə arxadan həmin şəxsin baş nahiyəsinə bir dəfə vurmuş, həmin şəxs müvazinətini itirib yerə yıxılmışdır. Yerdə olan zaman o, həmin şəxsin yaxasından tutmuş və üzərində nə varsa ona verməsini tələb etmişdir. Həmin şəxsin başında “kapuşon”, yəni əynində olan gödəkcənin papağı olduğundan o, həmin şəxsin üzünü görməmişdir. Həmin şəxs ona bildirmişdir ki, heç bir şeyi yoxdur. Həmin zaman Nüşabə də həmin şəxsin üzərini axtarmışdır. Nüşabə həmin şəxsin üzərini axtardıqdan sonra bir anda oradan qaçıb uzaqlaşmış, o da Nüşabənin arxası ilə 20-30 metr qaçıb ona çatmışdır. O, Nüşabədən nə olduğunu və nə götürə bildiyini soruşmuş, Nüşabə isə bildirmişdir ki, cəmi 4 manat pul götürə bilmişdir. Cəmi 4 manat pul olduğundan o, Nüşabəyə bildirmişdir ki, pul onda qalsın, yol pulu edər. Nüşabə ilə birlikdə metronun “Neftçilər” stansiyası istiqamətində getməyə başlamışdır. Həmin vaxt telefon zəngi səsi gəlmişdir. Nüşabə ona bildirmişdir ki, həmin kişinin üzərindən götürdüyü telefondur. Mobil telefon “İphone” 6 markalı, alüminium tozu rəngli mobil telefon olmuşdur. Nüşabə gələn zəngə “adboy” vermis, lakin söndürə bilməmişdir. O, Nüşabədən mobil telefonu almış, onu söndürərək Nüşabəyə qaytamışdır. Nüşabə isə telefonu öz çantasına qoymuşdur. Yola salan zaman Nüşabə ona bildirmişdir ki, “sənə zəng edəcəm, danışıb, görüşərik”. Nüşabənin bunu deməkdə mənası o olmuşdur ki, yəni əldə etdiklərini böləcəklər. Həmin vaxt da cəmi 4 manat pul olduğundan o, Nüşabəyə heç bir söz deməmiş, düşünmüşdür ki, Nüşabə özü ona zəng edəcək və onunla özü böləcəkdir. O, Nüşabəni “Neftçilər” metrostansiyasının yaxınlığından “20 Yanvar” metrostansiyası tərəfə yola salmışdır. Həmin vaxtdan sonra Nüşabə onunla əlaqə saxlamadığı üçün harada olması barədə məlumatı olmamışdır. Nüşabə həmin şəxsin baş nahiyəsinə vurub yerə yıxılanda mobil telefonu yerə düşmüş, mobil telefonu yanında olan Nüşabə götürmüş, hadisə yerindən uzaqlaşan zaman mobil telefon Nüşabədə qalmışdır. Onun Zərərçəkmiş şəxs onun üzərində nə qədər məbləğdə pul olması barədə təsəvvürü olmamışdır. Nüşabə ilə o, sadəcə Zərərçəkmiş şəxs üzərindən nə qədər pul və qiymətli əşya aşkar edilərsə götürməli olmuşlar. Razılaşmalarına uyğun olaraq o, Zərərçəkmiş şəxs vurmuş, Nüşabə Eminin üzərini axtarmış və həmin şəxsin üzərindən 4 manat pul və 1 ədəd “İphone 6” markalı mobil telefonu götürmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, bu ifadəni təzyiq altında verdiyini bildirmiş, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını məhkəmədən xahiş etmiş, lakin bu təzyiqin nədən ibarət olduğunu, kim tərəfindən edildiyini izah etməmiş, son sözlə çıxışında isə əməlindən peşman olduğunu, gəncliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə təxminən saat 22 radələrində ünvan 1 ünvanında yerləşən “Urfa” adlı kafeyə getmişdir. O, rəqqasəlik edib mahnı oxuduğuna görə kafeyə də orada mahnı oxuyub pul qazanmaq məqsədi ilə getmişdir. Həmin vaxt kafedə keçmiş sevgilisi Nurlanı görmüşdür. Nurlan, sonradan adını bildiyi Təhmasib və tanımadığı digər 3 nəfər şəxslə oturub yeyib içmişlər. O da həmin şəxslərin əyləşdiyi masaya yaxınlaşmış, oturub birlikdə çörək yemişlər. Həmin vaxt o, Təhmasiblə tanış olmuşdur. Daha sonra həmin şəxslər durub getmişlər, o, Təhmasiblə tək qalmışdır. O, Təhmasibə birlikdə salona getmələrini, saçını kəsdirməsini demiş və birlikdə kişi salonuna getmişlər. O, salonda saçını kəsdirdikdən sonra birlikdə Təhmasibin yaşadığı “Razin”ə getmişlər. Təhmasib orada pul götürməli olmuşdur. Lakin Təhmasibə evdən pul verməmişlər. Təhmasib evdən pul götürsəydi, gedib bir yerdə oturacaqdılar. Təhmasiblə avtobusa minmişlər, lakin kartda pul olmamışdır. Buna görə orada olan tanımadığı bir şəxs Təhmasiblə onun avtobus pulunu vermiş, onlar metronun “Neftçilər” stansiyasının yanına getmişlər. Onlar Nuruşu axtarmışlar. Belə ki, həmin şəxsi Nurlan deyə çağırsalar da şəxsiyyət vəsiqəsində adı Nuruşdur. Sonra Təhmasiblə birlikdə “Urfa” kafesinə qayıtmışlar, lakin Nurlan orada da olmamışdır. Nə onda, nə də Təhmasibdə telefon olmamışdır. O, Təhmasibə dostu varsa gedib birlikdə qalmalarını təklif etmişdir. Təhmasib isə bildirmişdir ki, pul tapsalar gedib qala biləcəklərini, pul olmasa belə gedə bilməyəcəklərini demişdir. Təhmasiblə piyada gəzmişlər, 27 yanvar 2023-cü il tarixdə saat 23:30 radələrində “Urfa” kafesindən çıxıb üzü metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən Nizami rayon İcra Hakimiyyəti tərəfə piyada hərəkət etmişlər. Piyada hərəkət edən zaman sonradan ünvanını bildiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanında yerləşən binanın qarşısında bir nəfər 50-55 yaşlarında, adını sonradan bildiyi Emin adlı şəxsin onlarla üz-üzə gəldiyini görmüşdür. Təhmasib ona demişdir ki, o, içkilidir, bu kişini vursunlar və onun pulunu alıb bölsünlər. Təhmasib həm də ona bildirmişdir ki, özü həmin şəxsi vuracaq, o isə həmin şəxsin üzərində olan əşyaları götürəcəkdir. O, Təhmasiblə razılaşmış, bundan sonra isə həmin şəxsdən, yəni Zərərçəkmiş şəxs pul əldə etmək üçün arxası ilə getmişlər ki, qaranlıq bir yerdə onu vuraraq zərərsizləşdirib üzərində olan pulu götürsünlər. Emin sərxoş olmuşdur, onun yerişlərindən də hiss olunmuşdur. Bu məqsədlə Təhmasiblə təxminən 50-60 metr Emini təqib etmişlər və yeni tikilmiş iki binanın arasında yerləşən digər məhəlləyə keçid olan piyada keçidinə tərəf keçdiyini gördükdə, təxminən saat 23:50 radələrində dərhal ikisi arxadan Eminə yaxınlaşmışlar, Təhmasib əli ilə arxadan Eminin baş nahiyəsinə bir dəfə vurmuş, Emin müvazinətini itirib yerə yıxılmışdır. Təhmasib yerdə təpiklə Eminin baş nahiyəsindən vurmuşdur. Emin yerdə olan zaman Təhmasib Eminin yaxasından tutmuş və üzərində nə varsa verməsini tələb etmişdir. Emin isə heç bir şeyinin olmadığını bildirmişdir. Həmin zaman o, Eminin üzərini axtarmış, sağ yan cibindən 4 manat pul götürmüş, Emini vuran zaman əlində olan telefon yerə düşmüşdür. O, telefonu da götürmüş və oradan qaçaraq uzaqlaşmağa başlamışdır. Təhmasib də onun arxasınca qaçaraq ona çatmışdır. Təhmasib ondan həmin şəxsin üzərindən nə götürdüyünü soruşmuşdur. O isə həmin şəxsin üzərindən 4 manat pul götürdüyünü bildirmişdir. Həmin pulun iki manatını Təhmasibə yol pulu olaraq vermiş, yerdə qalan iki manatı isə özünə yol pulu olaraq götürmüşdür. Bundan başqa bir ədəd “İphone 6” markalı mobil telefon da götürdüyünü Təhmasibə bildirmiş və demişdir ki, telefonu satıb onun payını da verəcəkdir. Təhmasib də ona öz nömrəsini vermişdir. Onlar metronun “Neftçilər” stansiyası istiqamətində getməyə başlamışlar. Təhmasib onu həmin stansiyanın yaxınlığından yola salmışdır. O, Təhmasibin yanında taksafonla Orxan adlı şəxslə telefonla danışmış və Orxan Nərimanovda olduğunu demişdir. Axşamı Orxanla qalmaq istəmiş, Orxan ona demişdir ki, onu parkda gözləyir. O, bir manatlıq taksi ilə metronun “Koroğlu” stansiyasına, oradan da Nərimanova getmişdir. Orada Orxanla parkda görüşmüşlər, bir az gəzdikdən sonra “Aşkar” otelinə getmişlər. Otelin pulunu Orxan ödəmiş, 303 nömrəli otaqda qalmışlar və orada cinsi əlaqədə olmuşlar. O, baş vermiş hadisəni Orxana danışmış və telefonu ona göstərmişdir. Səhər yuxudan durduqdan sonra Orxana demişdir ki, telefonu açdırsın, özü işlədəcəkdir. Orxan isə bildirmişdir ki, bu telefon problemlidir, bunu özü həll edəcəkdir. Orxanla birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nənəmin təndiri” adlanan obyektin yanına getmişdir. Orxan onu kənarda gözlətmiş, özü telefonu satmağa aparmışdır. O, yarım saat gözlədikdən sonra Orxana zəng edib gəlməsini demişdir. Orxan gəlmiş və ona bildirmişdir ki, telefonu satmağa aparmış, telefonu alan mağazanın işçisi telefonun oğurluq olduğunu demiş və polisə məlumat vermişdir. Orxan telefonda kiminləsə danışmış, həmin şəxs özünü polis əməkdaşı kimi təqdim etmiş və onun barəsində soruşmuş, sonra Orxan Nərimanov rayon polis idarəsinə getmələrini demişdir. Lakin o, Orxanın əlindən qaçmış, telefon Orxanda qalmışdır. Hadisə vaxtı Təhmasiblə onun Zərərçəkmiş şəxs üzərində nə qədər məbləğdə pul olması barədə təsəvvürləri olmamış, Eminin üzərində nə qədər pul və qiymətli əşya aşkar edilərsə onu götürməli olmuşlar. Təhmasiblə aralarında razılaşma olmuşdur ki, Təhmasib Emini əli ilə vuraraq zərərsizləşdirəcək, o isə həmin şəxsin üzərini axtaracaq və üzərindən pul və qiymətli əşyaları götürəcəkdir. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, bir azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Qəbələ” restoranında axşam yeməyi yemək üçün dostları Vado və Maislə orada görüşüb axşam yeməyi ilə birlikdə spirtli içki olan araq qəbul etmişdir. Onlarla həmin restoranda oturub 2-3 saat müddətinə axşam yeməyi yeməklə birlikdə spirti içki qəbul etmişlər. Təxminən 2-3 saat sonra restorandan çıxıb orada taksi fəaliyyəti ilə məşğul olan X1 idarə etdiyi “Volkswagen Bora” markalı **- SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü metronun “Koroğlu” stansiyası tərəfə hərəkət etmişlər. Orada avtomobildən enib yaşadığı ünvana getmək üçün həmin metroya daxil olmuşdur. “Neftçilər” stansiyasında metronun çıxışından çıxıb Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə piyada üzü yaşadığı ünvana hərəkət etmişdir. Q.Qarayev prospekti, 89 ünvanının yaxınlığında, təxminən saat 23:50 radələrində istifadə etdiyi, 150 manat dəyərində “İphone 6” markalı metalik rəngdə olan **********20814 İMEİ kodlu, üzərində dəyəri 5 manat olan ***-***-**-** nömrəsi olan mobil telefonu həmin vaxt sağ əlində olan vəziyyətdə yeni tikilmiş iki binanın arasında olan piyada yolundan keçən zaman anidən arxa tərəfdən başının təpə nahiyyəsi vurulmuş və o, yerə yıxılmışdır. Yerdə olan zaman naməlum şəxs ayağı ilə onun baş nahiyəsinə bir dəfə vurmuş və onun yaxasından tutaraq ondan üzərində olan pul və dəyərli əşyaları verməsini tələb etmişdir. Bir nəfər qadın cinsindən olan şəxs isə onun üzərini axtarmış və üzərində olan 4 manat pulu götürmüşdür. Həmçinin o, yerə yıxılan zaman sağ əlində olan mobil telefonu alıb qaçan həmin şəxslərin iki nəfər olduğunu görmüşdür. Onun yaxasından tutaraq pul tələb edən şəxin simasını görmüşdür. Ona görə sonradan ona təqdim edilən şəxslər arasından Təqsirləndirilən şəxs1 tanımışdır. Hadisə zamanı ona ümumilikdə 159 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti yoxdur, pulun ödənilməsini tələb etmir. Hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə o, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində tanış olmuşlar, Nüşabə ilə şəxsi münasibətləri formalaşmışdır. O, Nüşabə ilə bir neçə dəfə görüşmüşdür. Sonuncu dəfə 28 yanvar 2023-cü il tarixdə gecə saatlarında Nüşabə ona zəng etmiş və onunla birlikdə qalmaq istədiyini bildirmişdir. O, Nüşabəyə demişdir ki, Nərimanov rayonunda parkda gözləyəcəkdir. Nüşabə ilə görüşüb oradan parka getmişlər. Parkdan sonra isə birlikdə Nərimanov rayonunda yerləşən “Aşkar” otelə getmiş və orada gecəni qalmışlar. Həmin vaxt Nüşabə ona bildirmişdir ki, bir nəfər tanışı metronun “Neftçilər” stansiyası tərəfdə bir nəfərin əlindən telefon almış qaçmışdır. Nüşabə ondan xahiş etmişdir ki, o, həmin telefonu ustaya apararaq kodunu açdırsın. Buna görə Nüşabə ilə birlikdə oteldən çıxaraq ustaya getmişlər. Həmin vaxt nömrəsi onda olan, lakin telefonu sındığından nömrəsini xatırlamadığı və adını telefonuna “polis” deyə yazdığı şəxsə “vatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng etmişdir. Həmin şəxs telefonda ona bildirmişdir ki, qızı da götürüb polisə yaxınlaşsın. O, Nüşabəyə bunu demiş və Nüşabə ilə birlikdə polis idarəsinə gedən zaman Nüşabə onun yanından qaçmışdır. O da telefonu özündə saxlamış və düşünmüşdür ki, polisə müraciət edər. Lakin sonradan yadından çıxmış və bununla bağlı polis idarəsinə yaxınlaşmamışdır. Sonradan ona zəng gəldikdə Nizami rayon polis idarəsinə getmiş və telefonu polisə təqdim etmişdir. O, Nüşabənin tutulması üçün onunla bir necə dəfə əlaqə saxlayaraq görüşmək istəmiş, lakin görüş alınmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 28 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanında yerləşən yaşayış binasının yaxınlığıdır. Hadisə yerində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış videogörüntülər diskə köçürülməklə götürülmüşdür. (i.v. 11-14) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 07 fevral 2023-cü il tarixli 125 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs təpə sərhəddinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. (i.v. 22- 23) - 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilən 4 nəfər eyni cinsli şəxslərin foto şəkilləri arasından Təqsirləndirilən şəxs2 foto şəklini göstərərək ifadəsində qeyd etdiyi Nüşabə adlı şəxsin həmin şəxs olduğunu, onu tanıdığını bildirmişdir. (i.v. 87-90) - 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərib soyğunçuluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 93-94) - 09 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən 04 nəfər eyni cinli şəxslərin arasından Təqsirləndirilən şəxs1 göstərərək tanıdığını bildirmişdir. (i.v. 97-100) - 12 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərib soyğunçuluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 155-157) - 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd diskə Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakları ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə bir qadın və bir kişinin qaçması görüntüsü vardır. Təqsirləndirilən şəxs2 həmin görüntüdə olan qadının onun özü olduğunu, digər kişi cinsli şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu, sonuncunun zərərçəkmiş şəxsi vuraraq pulunu və telefonunu ələ keçirdikdən sonra hadisə yerindən qaçdıqlarının video görüntüsü olduğunu bildirmişdir. (i.v. 158) - 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid istintaqa könüllü olaraq təqdim etdiyi 01 ədəd “İphone 6” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (i.v. 163) - 13 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ona təqdim olunan 04 ədəd mobil telefon aparatları arasında 2-ci yerdə olan “İphone 6” markalı mobil telefon aparatını göstərərək özünə məxsus olduğunu, həmin telefon aparatını xarici görünüşünə, marka, model və rənginə görə tanıyaraq özünə məxsus olduğunu və 27 yanvar 2023-cü il tarixdə soyuğunçuluq yolu ilə ələ keçirildiyini bildirmişdir. (i.v. 164-165) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 13 fevral 2023-cü il tarixli 389 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Onda hər hansı bir pisixi xəstəlik müəyyən edilmir və məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 208-210) - 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, 01 ədəd “İphone 6” markalı mobil telefon maddi sübut kimi tanınaraq sahibi olan Zərərçəkmiş şəxs qaytarılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nnın barələrində Azərbaycan Respublikası CM-nin 181.2.5 və 182-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 27 yanvar 2023-cü il tarixdə baş vermiş soyğunçuluq hadisəsinin görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 240-249) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmədə son sözündə əməlini etiraf edərək peşman olduğunu bildirmiş, müvafiq halların nəzərə alınıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Ona görə məhkəmə həmin halı təqsirləndirilən şəxsin əməlini etiraf etməsi kimi qiymətləndirir. Həmçinin, nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı həmin təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə Təqsirləndirilən şəxs2 ilə yanaşı, məhz Təqsirləndirilən şəxs1 aidiyyəti olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 68-69) - 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 114-117) - 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 134-135) - 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 191-194) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2023-cü il tarixli 1(101)-712/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 07 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 1(103)-1002/2023 nömrəli qərarı ilə hökm dəyişdirilmiş, üzərində qəti olaraq saxlanılmış azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 07 ay 15 gün həddində müəyyən edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 197-198, 229-139) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli hökmü ilə 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (i.v. 226-227) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir, Təqsirləndirilən şəxs1 münasibətdə isə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 valideynlik hüququndan məhrum edilmədiyi əsası ilə onun bir azyaşlı uçağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Lakin bu zaman qeyd etməyi zəruri hesab edir ki, baxılan iş üzrə məhkəməyədək icraat zamanı onun barəsində prosessual məcburiyyət tədbirinin tətbiqi zamanı müəyyən edilmişdir ki, həmin uşaq uzun illərdir ki, təqsirləndirilən şəxsin bacısının himayəsindədir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə həmin təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi müəyyən edilmiş müddəaya uyğun oğlaraq onun həmin iş üzrə 24 mart 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq, cəmi 10 ay 15 gün hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə həmin təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmiş, şikayət və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, mobil telefonun isə məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdiyi müddətlərə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 1(103)-1002/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, onun həmin iş üzrə 24 mart 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq, cəmi 10 (on) ay 15 (on beş) gün hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “İphone 6” markalı 01 ədəd mobil telefonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar