Məhkəmə qərarları › İş №1(007)-295/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-295/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-295/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə saat 18:00 radələrində ictimai yer olan ünvan 3 ünvanda 66 saylı xətt sərnişin avtobusunda sərnişin Zərərçəkmiş şəxs həmin avtobusda digər sərnişinlə mübahisə etməsinə etiraz edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla avtobusda olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxslə mübahisə edərək qəsdən yumruqla bir neçə dəfə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla Zərərçəkmiş şəxs alnın hematoması və sıyrığı, hər iki dodağın ön səthinin selikli qişa səthlərinin qansızmaları, sol gözaltı nahiyənin sıyrığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə günü Qaraçuxur qəsəbəsinə getmək üçün 66 saylı sərnişin avtobusuna minmişdir. Avtobusda zərərçəkmiş Zərərçəkmiş şəxs tanımadığı bir şəxslə mübahisə etmişdir. O, onlara iradını bildirib avtobusda camaatın ana-bacısı olduğunu demiş, avtobusda olan tanımadığı bir qadın da mübahisə edənlərə öz iradını bildirmişdir. Zərərçəkmiş şəxs mübahisə etdiyi şəxsə qarşı nalayiq ifadə işlətmişdir. O, təkrarən öz iradını bildirmiş, zərərçəkmiş şəxs isə ona “sən kimsən” demişdir. Zərərçəkmiş şəxsin bu sözlərindən sonra o, əsəbləşərək bir neçə dəfə yumruqla onun sifət və baş nahiyəsinə zərbə endirmiş və onlar əlbəyaxa olmuşlar. O, avtobusun təhlükəsizlik tutacağından tutaraq, təpiklə zərərçəkmiş şəxsin sinə nahiyəsinə bir neçə zərbə endirmişdir. Sürücü avtobusu saxlamış, sərnişinlər polis çağırmışlar. Əməlindən peşmandır və bir daha belə əməl törətməyəcəkdir. Səhvini başa düşür və bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, həmin gün 66 saylı sərnişin avtobusuna minərkən təsadüf nəticəsində tanımadığı bir şəxsə toxunmuşdur. Həmin şəxs ona iradını bildirib onu niyə itələdiyini demiş və bu zaman aralarında mübahisə olmuşdur. Bundan sonra avtobusa minmiş və arxa oturacaqda əyləşmişdir. Həmin şəxs yenə onunla mübahisə edib bildirmişdir ki, “elə eləmə ki, sənə problem yaradım”. O, həmin şəxsə bildirmişdir ki, onun nəvəsi yerindədir gedib işi ilə məşğul olsun, bu zaman Ayxan ona demişdir ki, “tərbiyəsiz danışma burada qadınlar əyləşib”. O da Ayxana “sən səsini kəs sənlik bir iş yoxdur” demişdir. Bu zaman Ayxan oturacaqdan duraraq ona yaxınlaşıb qəflətən sifət və baş nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. O, zərbələrin təsirindən müvazinətini itirib oturacaqların üzərinə yıxılmış, həmin an Ayxan təpiklə sinəsinə bir neçə zərbə endirmişdir. Ayxan təkrar təpik atarkən ayağından tutmuş, bu zaman hər ikisi müvazinətini itirərək yerə yıxılmışlar. Onun sifətindən qan gəlmişdir. Sürücü avtobusu bankın qarşısında saxlamış və polis çağırmışlar. O, mübahisə zamanı hər hansı bir nalayiq ifadə işlətməmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Neftçilər” metrostansiyasının qarşısında idarə etdiyi 66 saylı avtobusa daxil olan Zərərçəkmiş şəxs ilə digər sərnişin mübahisə etməyə başlamışlar. Həmin şəxslər mübahisə etməyə davam etdikdə Ayxan onlara öz iradlarını bildirib avtobusda qadın olduğunu, özlərinə hörmət etmələrini demişdir. Bundan sonra onlar arasında dava düşmüşdür. O, “BTB” bankın qarşısında avtobusu saxlamışdır. Bu zaman polis əməkdaşı gələrək dava edən hər iki şəxsi aparmışdır. Avtobusda dava olsa da o, avtobusu idarə etdiyi üçün onlara baxmamış, onlar bir-birlərinə müxtəlif sözlər demişlər. O, söyüş söyüldüyünü eşitməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xidmətdə olan zaman 66 saylı sərnişin avtobusundan qadınların qışqıraraq polisin gəlməsini tələb etdiklərini görmüşdür. O, dərhal avtobusa yaxınlaşmış və orada zərərçəkmişin sifətindən qan gəldiyini görmüşdür. O, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə 25-ci PŞ-nin əməkdaşları gəlmiş və hər iki şəxsi onlara təhvil vermişdir. O, hadisəni görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 235 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alnın hematoması və sıyrığı, hər iki dodağın ön səthinin selikli qişa səthlərinin qansızmaları, sol gözaltı nahiyənin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, sərnişin avtobusunda xeyli sərnişinlərin olduğu vaxtda Təqsirləndirilən şəxs arxa sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs yaxınlaşıb mübahisə etmiş, yumruq və təpiklə Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə vurmuş, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ayağından tutmuş və hər ikisi oturacaqların arasına yıxılaraq əlbəyaxa olmuşlar. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin nalayiq ifadə işlətməsinə dair ifadəsində göstərdiyi xüsusat tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğuna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 120 (bir yüz yirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar