Məhkəmə qərarları › İş №1(007)-297/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-297/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-297/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Şəmsəddin oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61, mənzil 107-də qeydiyyatda olan, ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbir seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən, ictimai yer olan "Klinika LoğMed” Məhdud Məsuliyyətli Cəmiyyətində asistent Şahid5 Bahəddin oğlu tərəfindən dişinin düzgün müalicə olunmamasını bəhanə edərək özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib asistent Şahid5 iş otağında ucadan qışqıraraq səs-küy salıb klinikanın iş rejimini pozmuş, həmin vaxt onun səsinə gəlmiş klinikanın həkim-stomotoloqu Zərərçəkmiş şəxs onu öz iş otağına dəvət edib dişini müayinə etmək istəyərkən anası Şahid4 otaqdan çıxmasını xahiş etdikdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən əli ilə itələyərək təpiklə ayaq nahiyəsindən vurmaqla Zərərçəkmiş şəxs sağ bazunun və sağ baldırın qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra otaqdan çıxıb qərəzli hərəkətlərini davam etdirərək, klinikanın işçilərinin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə qəbul şöbəsində masa üzərində olan 8 manat dəyərində 1 ədəd şüşə güldanı, 150 manat dəyərində bir ədəd şüşə akvariumu əli ilə vurub yerə salıb, 900 manat dəyərində 1 ədəd resepşn masasını, 200 manat dəyərində 1 ədəd “Orion101-F” markalı kassa aparatını və klinikanın 230 manat dəyərində 1 ədəd fotosel qapı mexanizmini təpiklə vurub qıraraq məhv etməklə ümumilikdə "xxxx" MMC-nin 1488 manat dəyərində əmlakını qəsdən məhv edib xuliqanliq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının əvvəllərində dişində olan problemlə əlaqədar Nizami rayonu ərazisində yerləşən “Loğmed" klinikasına müraciət etmişdir. Həmin klinikada işləyən İntizam adlı həkim onun dişini müalicə edərək dişinə plomb qoymuşdur. Üstündən təxminən 3 ay keçməsinə baxmayaraq dişində olan ağrı aradan qalxmamış və ağrıları daha da şiddətlənmişdir. Bu səbəbdən yenidən həkimə müraciət etmiş, həkimlər dişində olan problemin aradan qalxmadığını bildirərək dişinin çəkilməli olduğunu demişdir. Valideynlərinin işinin olması səbəbindən dostu Riyadla klinkaya getmiş və İntizam adlı həkim onun dişinə təxminən 4 ədəd ağrıkəsici iynə vurmuş, lakin dişi keyimədiyinə görə bir neçə həkim onu digər otağa keçirərək dişinə bir neçə iynə vurmuşdur. Bundan sonra özünü yaxşı hiss etmədiyinə görə dostu Riyad valideynlərinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra valideynləri “Loğmed'’ klinikasına gəlmiş, anası Qəniyeva Elnurə onun müalicə aldığı palataya daxil olaraq həkimdən səhhətinin necə olmasını soruşmuşdur. Adının sonradan İntizam olduğunu bildiyi həkim onun dişinə iynə vurub çəkərkən dişini sındırmış, daha sonra İlqar adlı həkimin onun dişinə baxaraq öz otağına aparmışdır. İlqar adlı həkim kobud formada anasının üstünə qışqıraraq otaqdan çıxmasını tələb etmiş, lakin anası onun səhhətindən narahat olduğunu bildirərək otaqdan çıxmamışdır. Bundan sonra İlqar həkim anasına nalayiq ifadələr işlədərək üzərinə gedərkən, həkimin qarşısında dayanıb mane olan zaman həkim otaqda stolun üzərində olan stamataloqlara aid kəsici tibb bıçağını əlində tutaraq anasını və onu öldürəcəyi ilə hədələmişdir. Anası həkimin qabağına keçmək istəyərkən həkimin əlində olan kəsici alət anasının qoluna xəsarət yetirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Şəmsəddin oğlu ifadəsində göstərmişdir ki, "xxxx" klinikasında hüquqşünas işləyir. 05 avqust 2020-ci il tarixdə “LoğMed" klinukasında işdə olmamış, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı pasiyent 05 avqust 2020-ci il tarixdə dişində olan problemlə əlaqədar klinikaya müraciət etmiş, klinikanın həkim-stomotoloqu İntizam adlı həkim tərəfindən dişinin düzgün müalicə olunmamasını bəhanə edərək həkimlə mübahisə etmişdir. Səs-küyə klinikanın digər həkim stomotoloqu Zərərçəkmiş şəxs Muradı otağına aparmış, bundan sonra Muradın valideynləri İlqarın otağına gələrək hay-küy salmış və mübahisə etmişdir. İlqar həkim Muradın anası Elnarə xanımdan otaqdan çıxmağı tələb etdikdə sonuncu imtina etmiş və bu zaman Murad İlqarla mübahisə etmişdir. Mübahisə zamanı Murad İlqarı əli ilə itələmiş və təpiklə vuraraq sonuncuya xəsarət yetirmişdir. Klinikanın personalı gələrək Muradı və valideynlərini otaqdan çıxarmış, Murad klinikadan çıxarkən foyedə şüşə güldanı, akvariumun şüşəsini, kassa aparatını, resepşin masasını, klinikanın fotosel qapı mexanizmini qırıb zədələmişdir. Klinika rəhbərliyinin göstərişi ilə “Əmlak Ekspert Mərkəzi" MMC-yə müraciət edilmiş, mütəxəssislər klinikaya dəymiş ziyanı hesablamış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 1 ədəd 8 manat dəyərində şüşə güldanı, 150 manat dəyərində 1 ədəd akvarium şüşəsini, 200 manat dəyərində kassa aparatını, 900 manat dəyərində resepşin masasını və 230 manat dəyərində fotosel qapı mexanizmini qırmış və nəticədə klinikaya ümumilikdə 1488 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunarq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “LoğMed" klinikasında həkim stomotoloq işləmişdir. 05.08.2020-ci il tarixdə saat 15 radələrində “Loğmed" klinikasında işdə olan zaman klinikada stomotoloq işləyən İntizamın otağından qışqırıq səsləri eşidib sonuncunun otağına getmiş, nə baş verdiyini soruşmuş, İntizam cavab verməyib başını yelləmiş, sonuncuya iradını bildirərək pasiyentin nalayiq ifadə işlətməsinə icazə verməməsini bildirib otağına qayıtmışdır. Təxminən bir saatdan sonra klinkanın foyesində qışqırıq və nalayiq ifadələr işlədildiyini eşidib, klinikanın foyesinə çıxmış, adının sonradan Elnarə olduğunu bildiyi şəxsin foyedə klinikanın personalının ünvanına söyüş södüyünü görmüş, Elnarə adlı xanım İntizam həkimin otağına getmiş və otaqda İntizamın yaxasından tutaraq hədə-qorxu gəlməyə başlamışdır. İntizamın otağına daxil olub adının sonradan Murad olduğunu bildiyi şəxsə yaxınlaşıb ağzını açmasını və dişinə baxacağını demş, Murad adlı pasiyentin dişinə baxdıqdan sonra öz otağına aparıb dişini çəkəcəyini demişdir. Murad otaqda stulda oturan zaman anası Elnarə otağa gəlmiş və ona "sən kimsən deyə" yüksək səslə qışqırmağa başlamışdır. Elnarədən nə üçün qışqırdığını soruşmuş, sonuncu üstünə gələrək onu və klinkanın rəhbərliyini təhqir etmiş, Elnarəyə otaqdan çıxmasını bildirərkən, Murad adlı şəxs ayağa qalxıb "...Nə üçün mənim anama qışqırırsan..." deyərək onun sinəsinə yumruqla vurmuş, sonra yenidən üzərinə gələrək topuq nahiyyəsinə təpik zərbəsi vurmuşdur. Səs-küyə klinkanın personalı otağa gələrək Muradı ondan ayırmışdır. Onun əlində heç bir bıçaq və ya kəsici alət olmamış, Elnarə adlı xanımı, habelə Muradı vurmamış və sonunculara heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 Bahəddin oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayından avqust ayına qədər Nizami rayonu ərazisində yerləşən “Loğmed’ klinikasında Nadir adlı həkimin köməkçisi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə köməkçisi olduğu Nadir həkimin pasiyenti olan adının sonradan Murad olduğunu bildiyi şəxs ona yaxınlaşıb dişinin ağrıdığını bildirmişdir. Muradın dişinə ağrıkəsici dərman qoyub bir-iki günə yenidən klinikaya gəlməsini demişdir. Təxminən 15 gündən sonra Murad yenidən ona yaxınlaşaraq dişinin çürüdüyünü və çəkdirmək istədiyini bildirmişdir. Sonuncuya dişinin çirk etdiyini və çəkilməsi üçün ağrıkəsici vurulmasının lazım olduğunu və bu vəziyyətdə heç bir ağrı kəsicinin təsir etməyəcəyini demişdir. Lakin Murad israrla dişinə ağrıkəsici vurdurmaq istədiyini bildirdiyinə görə məcbur qalıb sonuncunun dişinə ağrıkəsici iynə vurmuşdur. Muradın dişinə ağrıkəsici vurduqdan sonra sonuncu masadan qalxaraq çölə çıxmış, təxminən 15-20 dəqiqədən sonra adının sonradan Fərid olduğunu bildiyi şəxs Muradın atası otağa daxil olmuş, ondan Muradın dişinə nə olduğunu soruşmuş, sonuncuya Muradın dişinin çirk etdiyini və ağrıkəsicinin təsir etmədiyini, dişinə müəyyən dərmanların qoyulmasının lazım olduğunu bildirərək müalicəyə ehtiyacı olduğunu demişdir. Onlar sağollaşıb gedəndən təxminən 15 dəqiqə sonra adının sonradan Elnarə olduğunu bildiyi Muradın anası, Murad və atası Fərid və dosdu Riyad onun otağına daxil olmuş, Muradın anası Elnarə Muradın dişini nə üçün çəkmədiyini soruşub səs-küy salmış, Muradın dişinin çirk etdiyini demişdir. Təxminən bir neçə dəqiqə sonra klinikanın İlqar adlı digər həkimi onun otağına gəlib səs-küylə maraqlanmış, sonra Murada dişini özü çəkəcəyini bildirib otağına dəvət etmişdir. Bundan təxminən bir neçə dəqiqə sonra İlqarın otağında bərk səs-küy eşitmiş, lakin otaqdan çıxmamış və nə baş verdiyinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Murad dişlərində olan problemlə əlaqədar Nizami rayonu ərazisində yerləşən “Loğmed’ klinikasına müraciət etmiş, klinikada həkim Muradın dişini müalicə edib blomb qoymuşdur. Üstündən təxminən 3 ay keçməsinə baxmayaraq Muradın dişində ağrılar daha da şiddətlənmiş və bu səbəbdən Murad 05 avqust 2020-ci il tarixdə dostu Riyad ilə birlikdə "xxxx" klinikasına getmiş, həkim Muradın dişinə təxminən 4 ədəd keyidici iynə vurmuş lakin, damağının keyiməməsi səbəbindən bir neçə həkim Muradı digər otağa keçirərək onun damağına bir neçə keyidici iynə vurmuşdur. Bundan sonra Murad özünü yaxşı hiss etmədiyi üçün dostu Riyad ona zəng vuraraq Muradın səhhətinin yaxşı olmadığını demişdir. Bundan sonra həyat yoldaşı Fərid ilə birlikdə “Loğmed" klinikasına gəlmiş və Muradın halının yaxşı olmadığını görüb müalicə aldığı palataya daxil olaraq həkimdən oğlunun səhhəti barədə soruşmuşdur. Adının sonradan İntizam olduğunu bildiyi həkim Muradın dişini çəkmək istəyərkən dişini sındırmış və daha sonra İlqar adlı həkim Muradın dişinə özü baxacağını bildirərək Muradı öz otağına aparmışdır. Muradın arxasınca İlqar həkimin otağına getmiş, İlqar həkim kobud şəkildə ona qışqıraraq otaqdan çıxmasını tələb etmiş, lakin otaqdan çıxmaq istəmədiyini dedikdə, İlqar həkim nalayiq ifadələr işlədərək üstünə gəlmiş və bunu görən Murad həmin həkimin qarşısında dayanaraq sonuncuya mane olan zaman həkim otaqda masanın üzərində olan stamatraloqlara aid olan kəsici alətləri əlində tutaraq Muradı və onu öldürəcəyini bidlirmiş, Murad həkimin qabağına keçərkən, İlqar həkimin əlində olan kəsici alət onun sağ qoluna dəydiyindən xəsarət almışdır. Məhkəmə istintaqı zamanı şahidlər – Şahid1, X1 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan 05 avqust 2020-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Klinika LoğMed" MMC-nin inzibati binasıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA və ETT birliyinin Nizami rayon şöbəsi tərəfindən verilmiş 11.08.2020-ci il tarixli 586 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ bazunun və sağ baldırın qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindın törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 05.08.2020-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən verilmiş "Dəymiş maddi ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs 05.08.2020-ci il tarixdə "xxxx" klinukasına məxsus 1 ədəd 8 manat dəyərində stolüstü güldanı, 150 manat dəyərində 1 ədəd akvarium şüşəsini, 200 manat dəyərində Orion-101 F markal kassa aparatını, 900 manat dəyərində 1 ədəd resepşen masasını, 1 ədəd 230 manat dəyərində fotosel qapının mexanizmini məhv edib zədələmiş, həmin avadanlıqların təmir-bərpası üçün 350 manat hesablanmaqla "xxxx" klinikasına ümumilikdə1838 manat məbləğində maddi ziyan vurmuşdur. İşdə olan 19 yanvar 2021-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2020-ci il tarixdə saat 14:05-də "xxxx" klinikasına daxil olur, resepşinə yaxınılaşaraq sonra həkim otağına daxil olur, saat 14:53-də Təqsirləndirilən şəxs anası Quliyeva Elnarə klinikaya gələrək həkim otağına daxil olur, daha sonra Təqsirləndirilən şəxs atası Fərid Əsgərzadə klinikaya gələrək, həmin həkim otağına daxil olur, sonra Əsgərzadə otaqdan çıxaraq əli ilə peserşində masanın üzərində olan şüşə güldanı vurub yerə salır, klinikanın işçiləri Təqsirləndirilən şəxs zorla klinikadan çölə çıxarır, Təqsirləndirilən şəxs yenidən klinikaya daxil olaraq qaçaraq həkim otağına daxil olur, həkim otağında mübahisəni davam etdirir, klinikanın personalı tərəfindən otaqdan çıxarıldıqdan sonra foyedə klinikanın sahibi Nazim Bəydəmirli ilə mübahisə edir, onun əlindən çıxaraq təpiklə klinikanın peserşin kabinəsinə vuraraq dağıdır və klinikanın personalı tərəfindən çölə çıxarılır. İşdə olan 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, “Loğmed" MMC-də quraşdırılan müşahidə kamerası ilə qeydə alınmış videogörüntünü əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan 24 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid5 Bahəddin oğlunun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmamış törətməsi cəzanı yüngülləşdirən hal qismində müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - “Loğmed" MMC-də quraşdırılan müşahidə kamerası ilə qeydə alınmış videogörüntünü əks etdirən 1 ədəd DVD diski cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 31 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 29 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar