Məhkəmə qərarları › İş №1(007)-298/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-298/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-298/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü Nizami Rayon İcra Hakimiyyəti istiqamətində saatda 40 km sürətlə hərəkətdə olarkən Q.Qarayev prospekti 61 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək yolu soldan-sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun sol qasıq və oturaq sümüklərinin qapalı yerdəyişmiş sınıqları, oma sümüyünün sol bayır hissəsinin qapalı yerdəyişməmiş sınığı, diz oynağının travmatik lipo-hemartrozu ilə müşayiət olunan sağ qamış sümüyünün bayır kondilusunun qapalı, impression (sıxılma) sınığı və sağ incik sümüyünün yuxarı 1/3-nin qopma xarakterli sınığı, sağ saidin arxa səthinin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20.02.2021-ci il tarixdə saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü Nizami Rayon İcra Hakimiyyəti istiqamətində saatda 40 km sürətlə hərəkətdə olan zaman “Neftçilər” metrostansiyasının yuxarı hissəsində, yolu soldan sağa keçmək istəyən piyada, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs yolun ortasında, aralarında təxminən 1 metr məsafə qalmış görmüşdür. Həmin zaman yağış yağdığından və görüntü məhdud olduğundan avtomobili yaxın vuran işıqlarla hərəkət etdirmişdir. Bu zaman avtomobilin qabaq hissəsi ilə piyadanı vurmuş, zərbədən piyada yolun ortasında oturmuşdur. O, avtomobildən düşüb piyadaya kömək edərək idarə etdiyi avtomobildə qabaq sərnişin oturacağında əyləşdirmişdir. Mobil telefonunu götürüb hadisə ilə əlaqədar polisə və təcili tibbi yardıma zəng vurmaq istəmişdir. Bu zaman piyada Zərərçəkmiş şəxs qəti olaraq onu evə aparmağını tələb etməyə başlamışdır. O, həyəcanlı olduğundan avtomobil idarə etməkdə çətinlik çəkdiyini, Səidəni evə apara bilməyəcəyini demişdir. Səidənin təkidini nəzərə alaraq bir təhər çətinliklə avtomobili göstərdiyi ünvana sürmüşdür. Səidənin yaşadığı evə çatdıqda anası gəlib avtomobilə oturmuş, bundan sonra o, avtomobili həmin ünvanın yaxınlığında yerləşən təcili-tibbi yardım stansiyasına sürmüşdür. Təcili tibbi- yardım briqadası ilə birlikdə Səidəni 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanada olarkən anası və Səidə həmin xəstəxanada müalicə almaq istəmədiyini, Səidəni digər xəstəxanaya aparmağı tələb etmiş və heç bir müayinədən keçməmişdir. O, etiraz etməmiş, buna görə oradan fərdi taksi avtomobili ilə Səidə və anası ilə birlikdə Travmatologiya Xəstəxanasına gəlmişlər. Xəstəxanada Səidəni müayinə etmiş və sağ ayağına dizdən aşağı gips qoymuşlar. Bundan sonra o, Səidə və anasını taksi ilə yaşadıqları ünvana aparmışdır. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş maddi ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 fevral 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq saat 18:30 radələrində qohumunun evinə getmək istəmişdir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü Rayon İcra Hakimiyyəti istiqamətində gedən yolu piyada keçidi ilə keçmək istəyərkən üzü Nizami Rayon İcra Hakimiyyəti istiqamətində hərəkətdə olan “Chevrolet” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşın onu yolun ortasında, piyada keçidinin üstündə vurmuşdur. Oradan sürücü onu öz istəyi ilə öz avtomobilinə mindirib anasının yanına aparmışdır. Anasını da götürüb 3 saylı xəstəxanaya getmişlər. 3 saylı Xəstəxanaya 6 saylı TTYS-nın maşını ilə gətirilmişdir. Orada olan müayinə xoşuna gəlmədiyi üçün oradan sürücü xanım ilə birlikdə Travmatologiya institutuna getmişlər. Travmatologiya institutunda onu müayinə etmişlər və sağ ayağına gips qoymuşlar. Müayinə zamanı onun sağ ayağının diz hissəsində libiya platosunun sınığı və çanaq sümüyünün sınığı diaqnozu qoyulmuşdur. Həmin gün evə buraxılmışdır. 05 mart 2021-ci il tarixdə “Prime” klinikasında diz nahiyəsindən əməliyyat olunmuşdur. Çanaq nahiyəsində isə qəlpəli sınıq deyil xətli sınıqlar olduğundan heç bir yardıma ehtiyacı olmadığını bildirərək yataqda müalicə alması tövsiyyə edilmişdir. Bundan sonra evdə müalicə olunmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini və təqdim etdiyi iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 07.06.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasına dair 15.03.2021-ci il tarixli, 205 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol qasıq və oturaq sümüklərinin qapalı yerdəyişmiş sınıqları, oma sümüyünün sol bayır hissəsinin qapalı, yerdəyişməmiş sınığı, diz oynağının travmatik lipo-hemartrozu ilə müşayiət olunan sağ qamış sümüyünün bayır kondilusunun qapalı, impression (sıxılma) sınığı və sağ incik sümüyünün yuxarı 1/3nin qopma xarakterli sınığı, sağ saidin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 20.02.2021-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13.04.2021-ci il tarixli, 8/749 saylı rəyinin nəticə hissəsindən görünür ki, “Chevrolet Cruze” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 31.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 04.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 016-31721-1221 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 09.12.2020-ci il tarixdə (09.12.2030-cu il tarixədək müddətə etibarlı olan) BD 000997 nömrəli, “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş 05.10.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş 8000 manat zərəri Təqsirləndirilən şəxs nağd formada almışdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, onlara vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasını geri götürdüyünə görə mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 25 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Zərərçəkmiş şəxs– mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda 25 saat, məhkəmədə 15 saat, cəmi 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi oğluna 240 (iki yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar