Məhkəmə qərarları › İş №1(007)-298/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-298/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-298/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 08 dekabr 2022-ci il tarixdə saat 19:15 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə 1,211 qram çəkidə qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları onu saxlayarkən və polis bölməsində olarkən üzərində narkotik vasitə olmamış, polis şöbəsində üzərindən aşkar olunmuş narkotik vasitə - heroin ona məxsus olmamışdır. Himayəsində 2 uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə, saat 19:15 radələrində 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında olarkən iki nəfərin kənarda dayandıqlarını görərək həmin şəxslərə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmiş, onlar özlərini X6 və Təqsirləndirilən şəxs kimi təqdim etmişlər. Həmin şəxslərə özlərini polis əməkdaşı kimi təqdim etdikdə onların davranışlarında bir qədər fərqlilik hiss etmiş, onlardan narkotik vasitə istifadəçisi olub-olmadıqlarını soruşduqda onlar aradabir istifadə etdiklərini bildirmişlər. Onların bütün bu davranışları üzərində narkotik vasitə olması ilə bağlı əsaslı şübhələr yaratdığından onlara birlikdə Nizami RP-nin 23-cü Polis bölməsinə getməli olduqlarını bildirmiş, onlar da etiraz etmədən bölməyə getmiş, bölməyə çatdıqda onlar barəsində müvafiq raportla məruzə edib onları təhqiqatçı Rəşad Məmmədova təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı Rəşad Məmmədov onun və 23-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Rəşad Qəhrəmanovun iştirakı ilə Mehman Calalovun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış Rəşad Qəhrəmanov tərəfindən videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Mehman Calalovdan üzərində olan qanunla qadağan edilmiş əşya və ya maddələrin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Mehman Calalov əynində olan şalvarın cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim etmiş, həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə, saat 19:15 radələrində 23-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında olarkən iki nəfər zahiri görkəmi narkotik vasitə istifadəçilərinə bənzəyən şəxsi görmüş, həmin şəxslərə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini X6 və Təqsirləndirilən şəxs kimi təqdim etmiş, lakin özlərini polis əməkdaşı kimi təqdim etdikdə onların davranışların da bir qədər fərqlilik hiss olunmuş, onlar həyəcanlı şəkildə danışmağa, hərəkət və jestlərində tələskənlik etməyə başlamış, X6 əlini tez-tez əynindəki şalvarın cibinə aparıb, sanki cibində nəyisə yoxlamış, bu səbəbdən ona cibində nə olması ilə bağlı sual verdikdə Mehman Calalov cibində heçnə olmadığını bildirmişdir. Onlardan narkotik vasitə istifadəçisi olub-olmadıqlarını soruşduqda onlar aradabir istifadə etdiklərini bildirmiş, buna görə də onların bütün bu davranışları onların üzərində narkotik vasitə olması ilə bağlı əsaslı şübhələr yaratdığından birlikdə Nizami RPİ-nin 23-cü Polis bölməsinə getməli olduqlarını bildirmiş, onlar da bölməyə getməyə razılıq vermişlər. Bölməyə çatdıqda onlar barəsində müvafiq raportla məruzə edib onu təhqiqatçı Rəşad Məmmədova təhvil vermişlər. Bir qədər sonra onun və 23-cü Polis bölməsinin əməliyyat müvəkkili Ə.İsgəndərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış Əli İsgəndərov tərəfindən videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan şalvarın cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim etmiş, həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6960 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs (imza)..” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,211 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla -hazrılanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 826 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan AZ-İ 811006 və AZ-İ 497986 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2004-cü il təvəllüdlü X3 adında uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və himayəsində 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə, saat 19:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni 18 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 manat (əlli beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,161 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 186 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar