Məhkəmə qərarları › İş №1(007)-299/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-299/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-299/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 12 oktyabr 2021-ci il tarixdə, saat 10:15-də, Bakı şəhərində, xx xxxx 1980-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsi 12 saylı evin 2 saylı uşaq bağçasında qeydiyyatda olan, barəsində '‘həbs’' qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30.06.2021-ci il tarixdə saat 05:27 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 82F ünvanında yerləşən qeyri-yaşayış binasının həyətində yerləşən istilik otağının plastik pəncərəsini əli ilə mexaniki təsir göstərərək açmaqla qanunsuz otağa daxil olaraq oradan 450 manat dəyərində “SPA" markalı su motorunu hidraforla birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 iyun 2021 -ci il tarixdə təxminən gecə saat 05:00 radələrində yaşadığı evin yaxınlığındakı ‘‘Oba’' marketin yerləşdiyi binanın arxa tərəfində olan otağın qapısını açmaq istəmiş, lakin qapını aça bilmədiyi üçün otağın sağ tərəfində açıq vəziyyətdə olan pəncərədən içəri daxil olaraq, otaqdan su motorunu açıb hidraforla birlikdə götürmüş və “20 yanvar” Metrosunun yaxınlığında tanımadığı şəxsə 60 manata satıb, həmin pula ərzaq məhsulları almışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə olan digər sənədlərlə də tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən və həyat yoldaşı İradə Nəsibovanm əmisi X2 adına olan və baş etibarnamə ilə ona məxsus qeyri-yaşayış sahəsinə italya istehsalı olan “SPA” markalı su motorunu hindraforla birlikdə Nizami rayonu, 8-ci km bazarındakı “SPA” mağazasından 380 manata alıb qeyri-yaşayış sahəsi olan obyektin həyətindəki kombilərin olduğu otağa yerləşdirmişdir. Otağın ayrıca qapısı və sol tərəfdə pəncərəsi olmuş, qapının açarı yalnız onda olmuş və həmin otağa ondan başqa heç kimin girməyə icazəsi olmamışdır. Həmin su motorunu hidraforla birlikdə qiyməti 450 manat olmuşdur. Obyektin 1-ci mərtəbəsində fəaliyyət göstərən “OBA" marketin tanımadığı işçisi 30.06.2021-ci il tarixdə saat 12 radələrində su gəlmədiyini ona demiş, bununla əlaqədar kombi otağına baxarkən, qapının açıq olduğunu və su motoru ilə hidraforun oğurlandığını görmüşdür. Oğurluq barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları gəlmiş və obyektin müşahidə kamerlarına baxış keçirilərkən, 30.06.2021-ci il tarixdə gecə saat 05:27-də tanımadığı şəxsin obyektin həyətinə girdiyi və kombi otağının qapısını açmağa çalışdığı, lakin qapını aça bilməyərək otağın pəncərəsindən içəri daxil olub su motoru ilə hidraforu götürüb otaqdan çıxdığı müəyyən edilmişdir. Oğurluq nəticəsində ona dəymiş 450 manat məbləğində maddi ziyan ödənilməmişdir. İşdə olan 30 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu B.Nuriyev 82F ünvanda yerləşən qeyri-yaşayış obyektinin həyətindəki istilik otağında baş vermişdir. İşdə olan 30 iyun 2021-ci il tarixli “Video-görüntünün götürülməsi və baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixdə gecə saat 05:27-də həmin obyektin daş hasarlarının ətrafı ilə gələrək obyektin dəmir barmaqlı giriş qapısının cəftəsini açaraq həyətə daxil olduğu, sonra obyektin arxa tərəfində olan otağın qapısını açmaq istədiyi, lakin aça bilməyərək qapıdan uzaqlaşdığı, sonra həmin otağın içərisindən əlində qara rəngli torba ilə həmin yeri tərk etdiyi müəyyən olunmuşdur. İşdə olan 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 82F ünvanda yerləşən qeyri-yaşayış obyektindən götürülmüş 30 iyun 2021-ci il tarixli video görüntülər olduğu 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X6 18 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İşdə olan 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkməsinin 06.08.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17.05.2003-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli amnistiya haqqında qərarının 2.3-cü bəndinə əsasən azad olunmuş, 07.12.2011-ci il tarixli Kiyev şəhər Desnyansk rayon Məhkəməsinin hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 82F ünvanda yerləşən qeyri-yaşayış obyektindən götürülmüş 30 iyun 2021-ci il tarixli video görüntülərin olduğu 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 75 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 450 (dörd yüz əlli) manat (75x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 01 avqust 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 75 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 450 (dörd yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar