Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-299/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2930, ev 70, mənzil 23-də qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 13 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 mart 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 13 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında tanışı X2 20 manat pul müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,540 qram psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami RPİ-nin NMBnin və CAŞ-nin birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində qeyd edilmiş ünvanda şübhəli şəxs qismində saxlanılaraq ünvan 2nvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,540 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. X6 və X3 uşaqlıqdan tanıyır. Rüstəmin yaşadığı ünvan 1 ünvanında yerləşən evinə vaxtaşırı gedib gəlmişdir. 12 mart 2022-ci il tarixdə o, Rüstəmin evinə getmiş, Andrey isə iki gün əvvəldən həmin evə gəlmişdir. Əldə etdiyi narkotik vasitəni adətən Rüstəmdən almışdır. 13 mart 2022-ci il tarixdə axşam saatlarında, səhəri gün evə getmək istədiyi üçün, Rüstəmdən 20 manat pul müqabilində psixotrop maddə metamfetamin almış və gödəkçəsinin cibində saxlamışdır. 13 mart 2022-ci il tarixdə saat 21 radələrində uşaqlıq dostu Anar da Andreyin mənzilinə gəlmiş və onlarla bir qədər oturmuşdur. Təxminən 10-15 dəqiqə sonra qapı yenə döyülmüş, qapını açdıqda mülki geyimdə bir neçə nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxslər onlara özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək Rüstəmin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi güman edildiyindən qərar əsasında mənzildə axtarış keçiriləcəyini izah etmişlər. Polis əməkdaşları evə daxil olduqdan sonra Rüstəm onlara evdə saxladığı özünə məxsus narkotik vasitələrin yerlərini göstərmişdir. Evdə axtarış keçirilən zaman Rüstəm qonaq otağında olan böyük masanın üzərində elektron tərəzini, mobil telefonları, narkotik tərkibli dərmanları, boş tibbi şprisi, “şüşə” kimi tanıdığı metamfetamini, “kokos” kimi tanıdığı narkotik vasitə heroini, “metadon” kimi tanıdığı psixotrop dərmanları və digər psixotrop maddələri, narkotik vasitələri təqdim etmişdir. Axtarış və götürmə keçirilən zaman proses videolentə alınmış və götürülmüş bütün narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq möhürlənmiş, bütün sənədləri iştirakçılar imzalamışlar. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Nizami RPİ-nə aparmışlar. Polis idarəsində ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil təyin edilmişdir. Razılığı əsasında üzərində şəxsi axtarış və götürmə keçirilmiş, o, gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan, Rüstəmdən aldığı “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə mənbənin müəyyən edilməsi məqsədilə verilmiş əməliyyat tapşırığına əsasən həmin cinayət işi üzrə X4 yaşadığı ünvan 1 ünvanında narkotik vasitələrin olması barədə 13 mart 2022-ci il tarixdə Nizami RPİ-nə daxil olmuş əməliyyat məlumatına əsasən idarənin rəhbərliyinə məruzə olunduqdan və əməliyyat qrupu yaradıldıqdan sonra həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 13 mart 2022-ci il tarixdə saat 21:00-da qeyd olunan ünvana yollanmışlar. Həmin vaxt mənzildə Təqsirləndirilən şəxs, X5 və Anar adlı şəxs olmuşdur. Həmin vaxt qeyd olunan mənzildə axtarış və götürmə aparıldıqdan sonra həmin şəxsləri narkotik vasitələrin və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, daşıması və qəbul etməsində şübhəli bilindikləri üçün Nizami RPİ-nə dəvət etmişlər. Həmin şəxslər buna etiraz etməmişlər və birlikdə polis idarəsinə yollanmışlar. Polis idarəsinin xidməti otaqlarının birində həmin şəxslərdən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə və bu prosesin müdafiəçinin iştirakı olmadan aparılmasına etirazının olmamasına dair ərizə ilə müraciət etmişdir. Bundan sonra həmin gün saat 22:40-da videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Bükümün içərisinə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəklində spesifik iyə malik, psixotrop maddə metamfetaminə bənzə maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 13 mart 2022-ci il tarixdə axşam saatlarında tanışı X2 20 manat pulun müqabilində aldığını və öz şəxsi istifadəsi üçün öz üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək içərisi boş olan kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı kriminalist Şahid3 tərəfindən “Samsung” markalı videokamera vasitəsilə çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Şahid3 Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 13 mart 2022-ci il və 14 mart 2022-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə Nizami RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü təhvil verməsi barədə təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən şəffaf sellofana bükülmüş bükülünü təqdim etmiş, bükülü açıldıqda orada ağ rəngli kristal şəklində spesifik iyə malik olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, onu 13 mart 2022-ci il tarixdə axşam saatlarında X2 20 manata aldığını bildirmişdir. Videogörüntüyə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı 13 mart 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 51-52, 70) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2022-ci il tarixli 6/1461 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,540 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,540 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,490 qram qalıq qalmışdır. (i.v. 60-63) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 18 mart 2022-ci il tarixli 1378 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 98-99) - 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,540 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı metamfetaminin 0,490 qram qalıq hissəsi saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 114-121) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 40-41) - 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 86-88) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 90-91) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 fevral 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən 08 may 2013-cü il tarixə çəkilməmiş 01 il 06 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, 14 noyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 4cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, 26 yanvar 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 101-102) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənilmiş olsa da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş cəzadan 30 oktyabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunduqdan sonra, 13 mart 2022-ci il tarixdə hazırkı cinayət əməlini törədənədək iki il keçməmişdir, ona görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 13 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 66 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,490 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 66 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 396 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-299/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-299/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver